Qumarbazın arvadı
Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»
Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.
Süreyyə yavaşca pəncərəni örtüb, ayağının ucunda əvvəlki ehmallıqdan qayıdıb, yatacağında uzandı.
Sabah gün orta, Süreyyənin qayın atası, bazardan hirsli qayıdıb, düz gəlin otağına hücum gətirdi və ağzına gələn latayılı (latayir) söylədi:
– Bu gün Səməd yenə dükana niyə gəlmiyib? Dahı nə vaxtacan bu mənim malımı, pulumu aparıb, uduzacaq? Nə vaxta kibi əlinə düşəni urus arvadlarına yedirdəcək? Tahı bəsdir. Adamda da bir həya gərək. Mən səni gəlin gətirdim ki, oğlumun ayağını qumarxanalardan, yava yollardan çəkəsən. Gətirmədim ki sən də mənə bir tərəfdən yağı olub, oğlumun əməllərini məndən gizliyəsən. Bütün işlər başı sənsən; çörəyimi yeyib, mənə xiyanət eliyirsən. Baba, gözüm, canım niyə itilib dədəyin xarabasına getmirsən? Dədən biqeyrət oğlu gərək zibilini öz başından rədd eliyib, mənim qapıma tökəydi....
Kişi ağzına gələn söyüşü gəlinə dedi və sonra da qolundan yapışıb, darta-darta:
– Canım, çıx get mənim evimdən, daha mən sənə çörək verməkdən təngə gəldim – dedi.
Biçarə Süreyyə qayın atası dartdıqca, yaylığı ilə bərk-bərk bürünüb, səsini bilmərə çıxartmırdı. Ancaq qorxusundan tir-tir əsib, gözlərinin yaşını tökürdü.
Bir il idi ki, Süreyyənin ömrü belə keçirdi. Əri Səməd bir gecə evdə tapılmazdı; peşəsi neçə günlər ilə dükana getmiyib, qumarxanalarda; pis yerlərdə eyş-işrətə məşğul olmaq idi. Arvad isə qayın ana və qayın ata boyunduruğunun altında töhmətzədə olub, cavan ömrünə balta çalırdı. Səməd nə günah eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Süreyyəyə toxunacaq idi. Qayın ana axşamadək onun üzünü danlayırdı, qayınlar söyürdülər və çox vaxt acıqları dutanda ev əşyalarını bir-bir başına yağdırırdılar. Qayın ata isə arvadı ilə namısa xətər yetirən sözlər icad edib, gəlinə min bohtanlar isnad verirdilər. Vicdansızlıq o dərəcəyə yetirdi ki qoca bu bohtanları bazarda hər ötüb keçənə nağıl etməkdən də çəkinmirdi.
Bu söz və söhbətlərin, müamələ və rəftarın nə qədər Süreyyəyə acı tə’siri olurdusa da, səbr eliyirdi. Səbr etmiyib də nə edə bilərdi? Müslimələrin səbirdən başqa əllərində bir silahları yoxdur. Bunlar üçün azadəlik, öz diriliyi yolunda mübarəzə yaranmıyıb; hamısı əsir, tərbiyəsizlik əsiri...
Bir gün Süreyyənin cehizlərini qayın atası çıxardıb, evdən bir-bəbir həyətə səpdi və dedi:
– Mənim bundan sonra Səməd adlı oğlum və Süreyyə adlı gəlinim yoxdur. Gedin mənim evimdən hara kefinizdir.
O gündən Süreyyə əri ilə şəhərin bir kənarında otaq kirə edib, sakin olurdular. Səməd valideyninin təhti-nəzarətindən qurtarıb, avara gəzməyə daha da meydan vermişdi. Süreyyə yalnız damlarda, tənha həyətlərdə ömrün ağır əziyyətlərinə davam edirdi. Səməd neçə günlər ilə naməlum yerlərdə özü üçün ləzzət aparanda, Süreyyə ac və yuxusuz onun yolunu gözlüyürdü. Gəlib çıxanda da arvadın cehizlərindən bir şey alıb, aparmamış əl çəkməzdi.
– Ay balam, axır belə olmaz – Süreyyə bir gün ərinə dedi: Sən mənim cehizlərimi tamam aparıb, uduzdun.
Səməd arvadın cavabında dinmədi (Səməd tək-tək arvadı ilə danışardı, həmişə evdə sakit və qaş-qabaxlı oturardı) və başladı, döşənən xalçanı yığıb, aparmağa. Süreyyə gözləri yaşlı yeriyib, onun üstə çıxdı, və istədi götürülməyinə mane’ olsun, bir də əri sinəsinə bir yumruq çırpıb, dedi:
– Çəkil oyana, rədd ol. Sən mənim vəzir-vəkilim olmamısan.
Süreyyə ağlaya-ağlaya yaxın gəldi:
– Mən onu barmaqlarım tökülə-tökülə toxumamışam ki, aparıb uduzasan. Bu da o biri şeylərim olmuyacaq: paltarım getdi, palazım getdi, qızılım getdi, vallah qoymayacağam daha bunu aparasan.
Süreyyə Səmədin əlindən xalçanı dartdıqda, Səməd təpik ilə arvadını vurdu yıxdı, və xalçanı götürüb, qapıdan çıxdı. Üç gün Səməd itdi. Onu şəhərdə «gördüm» deyən olmadı. Dördüncü gün nahar vaxtı, qoltuğunda bir çörək gəlib, çıxdı. Süreyyə çörəyi aldı, və yarı acıqlı, yarı sızıltılı bir səs ilə dedi:
– Balam, nə vaxtacan gedib, batıb gələcəksən; mən də qalacağam damın altında ac, susuz. Bircə adamım olmuyacaq ki, bazarlıq eləsin. Pulum olmuyacaq qənddən, çaydan alım... Balam axır, mən də insanam – yemək istiyirəm, içmək istiyirəm. Bunu allah götürərmi, sən mənim başıma bu müsibəti gətirirsən...
Səməd qaş-qabaxlı içəri daxil olub, otağı nəzərdən keçirməyə başladı.
Süreyyə sözlərində davam edirdi:
– Mən bu evdə yemiyəcəyəm, geymiyəcəyəm, gün görmüyəcəyəm nəyə məni avara qoyursan? Bir üzüm qız, bir üzüm gəlin tək evlərdə qalıram, axırda adıma da söz desələr yaxşıdırmı? Arvad saxlıya bilmirsən kağızımı ver məni zindandan qurtar!
Səməd arvadının sözlərini kəsib, acıqlı:
– Yenə zəhləmi tökmə, bircə sandığın açarını mənə ver görüm. Süreyyə «sandıq» sözü eşitcək filfövr dəyişilib, bir ayrı hala düşdü; kədərdən rəngi qaçıb, dodaqları yarpaq kibi əsdi.
– Açarı nə edəcəksən? – dedi: qalan qızılları mamı gözünü tikmisən? Vallah boynuma diri ilan salasan onları vermərəm. İmanım, dinim bir qızıldır, onu da aparıb uduzmaqmı istiyirsən?
Səməd bir az ehmal səsilə:
– Axmaq olma, sabah yenə gətirib, özünə verəcəyəm.
– İstəmirəm. Elə xalımı, qəbələrimi də sabah gətirirdin; üzüklərimi, qızıl yaxalığımı da gətirirdin... İstəmirəm, bircə ətəkliyim qalıb, tahı onu verməyəcəyəm.
Səməd hirsli bir halda sandığa tərəf yeridi:
– Məni yenə dindən, məzhəbdən çıxartma, açarı ver!
Süreyyə ərinin sandığa doğru getməyinə mane’ olub, deyirdi:
– Vallah verməyəcəyəm. Qızıl mənim yaraşığımdır, adımdır.
Səməd arvadını acıqlı kənara itələdi:
– Sənin yenə döyülməyin yetişib, iki üç gündür ki döyülməmisən deyən havalanmışsan.
– Döyülməyim yetişib, döy! Tahı nəyim qalıb ki: başımda yolunmaqdan bir tük qalmayıb, dişlərimi vurub, salmısan.
Səməd yerindən qalxıb, arvadına bir zapalaq çəkdi ki, zərbdən gözlərindən od parladı. Biçarə ağlaya-ağlaya ərini qarğış eləməyə başladı:
– Qolların qurusun! Sənin gücün məni döyməyə çatırsa, mən də allaha sığınmışam. Allah bu zülümü götürməsin!
Səməd otaqdan çıxdı, və neçə dəqiqədən sonra əlində balta içəri daxil olub, sandığa tərəf getdi. Süreyyə qollarını sandığın üstə gərdi və ağladı:
– Vallah qoymayacağam sındırasan. Mənim göz tikəcəyim bircə qızıldır, onu da aparsan nəyim qalır?
Səməd arvadını zor ilə kənar edib, baltanı sandığa çırpmağa başladı. Süreyyə yenə ilərliyib, gözlərinin yaşlarını tökə-tökə ərinin əllərini dutdu. Səməd acıqdan rəngi qaçmış:
– Ölümü yetişib ha!
– Ölümüm yetişibsə, öldür. Bu gündənsə ölüm yaxşıdır.
– Ölümün yetişməsin, oyana qaç!
– Qaçmıyacağam.
Səməd bir də güc elədisə arvadın əhdəsindən gələ bilmədi. Baltanı qovzadı, sandığa çırpsın, yenə Süreyyə özünü qabağa verib, ağlaya-ağlaya yalvardı. Səməd arvadını döydü, ona söydü, üstünə çığırdısa da, Süreyyə qızıllarından əl çəkməmək fikrilə sandığı qucaqladı. Bir də balta ildırım kibi havadan endi. Süreyyə əllərini başına atıb, sandığın qabağına sərildi....
Al qan gəlinin göz yaşları ilə qarışıb, soyuq yanağı aşağı axırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qumarbazin-arvadi
Use ← → keys to move, R for a random poem
More by this author
– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!Deyəsən, allah eləməmiş, lap qarışıb.
Dərdli ZüleyxaYarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!
Yuxu– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!