Talış-xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamıyan bir adam, elə istiyirdi ki, qarşısına çıxana açıb, dərdini desin. Bir də xan fikir eliyirdi: «Hər sözü adam özgələrə deməz. İşdir, birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olacaq, adamı elə itirərlər ki heç yeri, yurdu da mə’lum olmaz».

Xan özünə bir az öyüd və nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. «Yoxsa arvada deyim-xan yenə özü ilə söhbət edirdi: arvad gedib, mənim sözümü özgələrə deyib, sirrimi açmıyacaq ki, qubernat da məndən kəm iltifat olsun. Deməz... ağzı da nədir desin; bir dəqiqə də nəkərlərə öldürdüb, meyitini itirdərəm».

Bir də Talış-xan fikrini dəyişdi: «Arvad tayfası, ağılsız olur. Bunlara e’tibar edib, söz demək olmaz. O da qan bahalı söz. Yox, yaxşısı budur ki gedib, dostum Paşa bəyə deyim. Özü də elə gedim ki, heç kəs xəbərdar olmasın»....

Bu fikir xanın ağlına batdı. Nəkərləri çağırdı ki, paltarını gətirsinlər. Talış-xan paltarını geyib və rəfi-iştibah üçün Kars davasında aldığı «Georgi» xaçını döşünə taxıb, qarğısını da qoluna alıb getdi.

Xan Paşa-bəyin darvazasına yetişdikdə, küçəyə zənn elədi və şübhəli adam olmamağını görüb, içəri girdi. Böyük həyəti də nəzərdən keçirib, kəhnə imarətin pilləkənindən yuxarı çıxmağa başladı. Paşa-bəy yenicə ayaq barmaqlarına həna yaxıb, ocağın qırağına uzatmışdı, ki Talış-xan qapıdan girdi:

– Xeyirdimi a qoduq-deyə: bəy gülümsündü (xan ilə bəyin zarafatı var idi: Həmişə bir birini «qodux» deyə çağırırdılar).

– Xeyir olmamış nə var, ölkə bir birinə desin, sən də ayağına həna yax.

Paşa-bəy xanın üzündə ciddi və mühüm bir xəbər olmasını anlayıb, yavaş bir səs ilə:

– Doğrudan nə olub?

Bəyin cavabında xan bir az duruxub və otağı da nəzərdən keçirib, qayət yavaş bir səs ilə Paşa-bəyin qulağına pıçıldadı:

– Deyirlər... qubernatın ayağına çıban çıxıb.

Bəy bu sözdən dik atılıb, az qaldı ürəyi getsin. Xan da çəkilib, bədbənzi qaçmış bir tərəfdə toxdadı. Bir az keçmiş xan cəsarətsiz:

– Bəlkə (allah eləməmiş) Evo prevasxoditelstvonun başına bir iş gəldi, onda nə təhər olacaq. Deyəcəklər ki, xanlar, bəylər günahkardırlar.

Bəy yavaş səs ilə:

– Bəs nədir, elə urus da şiltağa gəzir...

Xan Paşa-bəyin sözlərin kəsib, dedi:

– Başına dönüm, Paşa, urus adı çəkmə, nə lazım... biz həmişə urus padşahının itaətində olmuşuq, yenə hazırıq. Ancaq... adamdır dayna, ürəyinə xovf gələr... İmdi nə bilim, çibandır vurdu birdən... başına dönüm, Paşa, gəl heç bu sözü danışmayaq.

Paşa-bəy bir az cürətli:

– A kişi imdi danışanda bizi sürməyəcəklər ki, sözdür...

Talış-xan əlilə Paşa-bəyin ağzını dutub, yenə sözünü kəsib dedi:

– Paşa, allah xatırına xataya salma, qələt eləmədim bir söz dedim. Küçəyə salacaqsan gedib, qubernatın qulağına çatacaq, ondan oyana di ol Talış-xan!

Paşa-bəy xandan xilas olub, yenə danışmaq fikrində idi. Bir də xan qulaqlarını dutub, «allah xatırına məni xataya salma» deyə-deyə otaqdan çıxdı. Balkonda qulluqçular ağaların paltarını şəlitə sərib, havaya verirdilər. Bunların içində qırmızı boyunlu bir kəhnə polis paltosu var idi. İttifaqən Talış-xan otaqdan çıxdıqda, gözü bu polis paltosuna sataşdı. Biçara xan belə güman elədi ki piristov Paşa-bəy güldə qonaq imiş və qubernatın çıbanı barəsində olan söhbətləri tamamən eşidib. Bu güman ilə xan aram tapa bilməyib, qorxulu gözləri paltoya baxa-baxa yıxılıb, özündən getdi.

Bir dəqiqədə nəkərlər töküldülər. Paşa-bəy də içəridən çıxdı. Su gətirdilər Talış-xanın üzünə və sinəsinə su səpib, ovmağa başladılar. Xan bir az özünə gəlib, bir də göz elədi. Yenə üzünə su çiliyib, ayıltdılar; durub oturdu.

Paşa-bəy soruşdu:

– Ay dadaş, axır sənə nə olub?

Xan buna cavabən titrək səs ilə.

– Nə olacaq, piristovu evə gətirirsən mənə demirsən. Məndə... olur da, adam artıq-əysik danışır.

– Ay dadaş, piristov burada yoxdur. Vallah bilmirəm bunu sənə kim xəbər verdi?

– Niyə özüm görmürəmmi, paltosu da orada asılıb.

«Palto» sözündə xanın rəngi qaçdı. Paşa-bəy and içə-içə: ay, Talış, vallah, billah, palto özümündür. Çıxardıb günə verirlər.

Xan inanmaq istəmədi. Bəy sözündə davam edirdi:

– İstiyirsən dürüst bax, kəhnə paltodur. Belə paltonu piristov geyməz, onunku həmişə təzə olur. Mən bunu kəhnə paltar satandan almışam.

Paltonun kəhnəliyini sübut etmək üçün biçarə Paşa-bəy bir çomaq götürüb, paltoya çırpdı, toz qalxıb, duman kibi ətrafı dutdu. Xülasə Paşa-bəy və nəkərləri nə qədər dəlil və sübut ilə sə’y edib, paltonun rəvayətindən nağıl etdilərsə də, xanı şübhədən çıxarda bilmədilər. Belə şübhəli və bir az da rəncidə-xatır xan durub, darvazadan çıxdı.

Yol ilə gedərkən, xan belə fikirdə idi: «Necə ola bilər ki, mənim otuz illik əməyimi bir piristov zayil eliyə. Mən otuz ildir padşahıma nəkərçilik eləmişəm, Kars davasında qan tökub, rəşadət göstərmişəm... Necə ola bilər ki... mən bilirəm ki bu saat işlər qubernata mə’lum olacaq. Ondan sonra... mən necə qubernatın gözünə görünə bilərəm... bircə çara var: gərək bu saat qubernatın yanına gedib, ayaqlarına yıxılam; deyəm: «Məni balalarımın başına çəyür!»


Axşam xan ovqatı təlx evə qayıtdı. Qapıçılar cavab veriblər ki, qubernat yatıb, heç kəsi qəbul etmir. Qapıçıların sözləri Talış-xanı odluyurdu. Xan yəqin eləmişdi ki, qubernat piristovun sözlərindən kədərlənib, qapını açdırmıyıb. Bu işlərdən şiddətli bir nəticə hasil olmağı xana aşkar idi.

Arvad ərini bu halda görcək soruşdu.

– Niyə bikefsən, xan?

Xan arvadının boynunu qucaqlayıb, ağladı.

– Ay arvad, qubernatın qəzəbi dutub, necə olacağıq? Bizi sürdürsə başımızın ağarmış vaxtı Sibirdə nə qayıracağıq?

Arvad işdən dürüst xəbərdar olduqda ərini qucaqlayıb hökürdü:

– Ay Talış, kaş elə idim bu günü görməyə idim!

Xan ağlaya-ağlaya:

– Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə.

– Halalın olsun, yazıq kişi, mənə nə eləmisən ki halal eliyim?

Ər və arvad neçə dəqiqələr otağın ortasında qalıb, ağlaşdılar və sonra arvad yanğılı bir səs ilə:

– Talış,-dedi: qoyarammı səni sürgün gedəsən: saçlarımı döşərəm qubernatın ayağına. Səndən vəfa görmüşəm, ay kişi.

Bir dəqiqədə arvad nəkər və qulluqçudan bir neçəsini götürüb, izhari-übudiyyət və əfv diləmək üçün qubernatın evinə rəvan oldular. Talış-xan da məhəllə ağ saqqallarının dalınca getdi ki, bunları da qubernata minnətçi göndərsin. Məscidin yanından keçdikdə hələ xanın gözlərinin yaşı qurumamışdı. Biçara tez-tez göyə baxıb, allahdan qubernatın könlünə rəhm salmağı diləyirdi. Bir də... heyhat!.. xanın qarşısında bir polis paltosu durmuşdu.

– Sənə fəda olum,-boğunuq və titrək bir səs ilə xan-deyirdi: Mən otuz ildir padşahıma nəkərçilik eləmişəm. Kars davasında can ilə qulluq eləmişəm; velikiy kinyazın özündən «Barakallah» almışam. Padşahın cəmi nəkərlərinin nəkəriyəm; dəftərxana qulluqçularından tutmuş uryadnikə dək-hamısının quluyam, hamısının itiyəm...

Polis paltosu quya xanın nitqinə e’tina etmiyib, irəli yeriyirdi. Xanın dili dutula-dutula:

– Cəmi divan adamları mənim böyüyümdürlər; hər nə buyursalar başım üstə əmələ gətirərəm. Ağ saqqal vaxtımda cəhənnəmə də göndərsələr, gedərəm...

Palto bir az da yavıqlaşdı.

Xan sözünü tə’sirsiz gördükdə, dili qorxudan daha da dutuldu və üzünü döndərib, qaçmağa üz qoydu. Xan qaçdıqca, palto da onun dalınca düşdü. Xan nə qədər bərk yüyürdü, palto da onun ilə ayaqlaşdı. Axırda lap çatırıb, üstünü kəsdirdi. Qılçaları qurumuş xan başının üstə polis paltosunu hiss etdikdə, zəhrəçaq olub, yerə yıxıldı və buradaca canını əzrayıla tapşırdı.

Məscid mücaviri yüyürüb, xanın ölmək xəbərini arvadına vermək istədikdə, onu da orada bağrı çatlayıb vəfat etmiş gördü. Qubernat xanımı qəbul etməyib: yatmış imiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 min
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 min
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 min
Molla Pənah Vaqif haqqında

MOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.

7 min

Poems by other poets