Yusif Vəzirovun məruzəsi
Page 2 of 2 · 50%
– Əgər məni cəhənnəmə də sürüyüb salsanız, mən yenə tataram.
Vaxtımız az olduğundan bu qədərə kifayət edirəm. Bir qədər də
Denikin haqqında sizə məlumat vermək istəyirəm.
Almanların zamanında Denikinin qüvvəsi yoxdu. Krım müdiriyyətində sabiq İstanbul səfiri Çarıqov da var idi. Bu, hər nə qədər maarif vəziri idisə də, lakin tamamilə xarici siyasətlə məşğul idi. Çarıqov, Sazanovun fikrinə qarşı bir fikir çıxarmış idi. Bu da ədəmi-mərkəziyyət fikri idi. O, Rusiyanı ədəmi-mərkəziyyət üsulu ilə idarə etmək istəyirdi.
Çünki, sabiqdə Rusiyada yaşayan bütün qeyri-ruslar get-gedə Rusiyadan ayrılmaqda və Rusiya ilə birləşmək istəməməkdə idilər.
Çarıqov bunları yalnız ədəmi-mərkəziyyət üsulu ilə əski Rusiyanı əhya etmək fikrinə düşmüş idi. Bununla bərabər Rusiyanın paytaxtını da Petroqraddan Kiyevə köçürmək fikrində idi. Bununla da tam şiddətlə Ukraynada qaynamaqda olan milliyyət fikrinin əleyhinə çıxmaq istəyirdi.
Alman vəkilləri ilə tatar vəkilləri buna etiraz etdilər. Çarıqov ən nəhayətdə Denikini dəvət eylədi. Denikin Krıma gəldikdə şiddətli fəaliyyətə başladı. Onların fikri bu idi ki, hər zaman Rusiyaya sadiq qalan tatarlardan və müsəlmanlardan qüvvə toplayıb bir ordu təşkil etsinlər. Bu ordu vasitəsilə Rusiya inqilabına bir xatimə çəksinlər. Krımın əsilzadələri, varlıları Denikinin ətrafına toplaşdılar. Tatarlardan əsgər cəm etmək istədilər.
Bunun üçün bir qurultay dəvət edib, onunla bütün Krımın fikrini bilmək xahişində bulundular.
Qurultay açıqdan-açığa Krım müdiriyyətinə etimad etdiklərini, yalnız müdiriyyətə inanıb, onun qərarlarına əməl edəcəklərini bildirdi və əsgərlikdən imtina etdi. Bundan sonra Denikin qurultayın əleyhinə çalışmağa başladı. Bu tarixdən başlayaraq şiddətlər və təzyiqlər icra edildi. Bu hərəkət yalnız Krım tatarları əleyhinə deyil, bütün Rusiyada zühur edən milliyyət məhsullarının əleyhinə idi. Denikin və onun başına toplaşanlarda yanlış bir zehniyyət vardı. Onlar Rusiyanın bütün inqilabını təsadüfi bir şey bilirdilər. Onun üçün də bunu yatırıb, əski Rusiyanı bütün əzəmət və həşəmətilə yenidən əhya etmək istəyirdilər.
Qəribədir ki, bunu da hər kəsdən artıq Rusiyada milliyyət cəhətincə əzilib təzyiq edilməkdə olan tatarların və müsəlmanların əli ilə yapmaq istəyirdilər. Budur ki, bir müsəlman korpusu təşkili fikri doğdu.
Necə ki, məlumunuzdur inqilabın əvvəllərində hər yerdə əsgərlərin arasında təşkilat düzəlməyə başladı. Bununla bərabər, bir də milli polklar vücudə gəldi. Bu cümlədən olaraq Rumıniya sərhədlərində bulunan tatar əsgərlərinin də arasında bir təşkilat əmələ gəlmişdi. Krım tatarları bundan istifadə etmək istəyirdi. Hətta o zaman Kiyev müsavatçıları istəyirdilər ki, bu əsgərlərin bir qismini Qafqaza göndərtsinlər.
Sonra anlaşıldı ki, bu milli tatar polkunun bir də iç üzü varmış. Bu təşkilatı məşhur Kaledin düzəldirmiş. Kaledinin fikri bu idi ki, bu əsgərlər vasitəsilə Rusiyanın cənubunda qaynamaqda olan milliyyət fikrinə ağır bir zərbə vursun. O zaman altı yüz nəfərədək rus zabiti Krıma toplanmışdı.
Onların fikri bu idi ki, ibtida Krımdan əsgər toplasınlar. Sonra Şimali Qafqaz və Azərbaycandan əsgər cəm edib bolşeviklər ilə müharibəyə başlasınlar. Onlar deyirdilər ki, rus soldatının əxlaqı pozulmuş, bolşeviklik fikri onlara sirayət etmişdir. Budur ki, rus soldatlarına etibar etmək olmaz. Müsəlmanların isə sədaqətlərinə şübhə yox idi. Bu fikirdən onlar çəkinməyirdilər. Əl altından Kaledin və onun həmməsləkləri iş görürdülər...
Zahirdə isə buna milli bir rəng verilirdi. Hətta bu barədə tatar ziyalılarından bir neçəsini İstanbula göndərdilər. Türklərin də hüsnü-təvəccöhünü təşkil edilmək istənilən müsəlman qol ordusunun əleyhinə qalxızmaq istədilər. Sonradan bu işin üstü açıldı. Budur ki, müvəffəq olmadılar.
Qol ordu dağıldı. Bütün silah və ləvazimatı-hərbiyyə Denikinə həvalə edildi. Bu uğurda sərf edilən altı milyon para da hədər getdi.
Bununla vahid rusiyaçıların Krımdakı planları baş tutmadı.
Sizə bir qədər də bolşeviklərdən məlumat vermək istəyirəm. Bən birinci dəfə olaraq bolşevikləri Kiyevdə görmüşdüm. O zaman bolşeviklərin yeni iş başına keçərək Rusiya ömrü-idarəsini əllərinə alan vaxt idi. Ukraynaya hücum edib onların təşkil etdikləri milli hökuməti dağıtmışdılar. O vaxt bolşeviklər Kiyevdə yapmadıqları dəhşət buraxmadılar. Üç-dörd gün içərisində yalnız Kiyevdə beş min nəfərdən artıq adam qırdılar. Şəhərin küçələrində qan adəta su kibi axırdı. Kimsəyə fərq qoymayır, müqəssir və günahsızı yeki digərindən ayırmayırdı. Hətta məktəb çocuqlarınadək belə qırırdılar. İyirmi beş günə şəhərdə qalmaqla Kiyev kibi bir şəhəri xarabazara döndərdilər.
Sonradan nemes qüvvəsi Kiyevə gəldiyindən çəkilib getdilər.
Tale məni ikinci dəfə də bolşeviklərə rast gətirdi. İki ay yarım bundan əvvəl mən bolşevikləri Odessada gördüm. Bu kərrə bolşevikləri büsbütün təsəvvürümün xaricində tamaşa etdim. Mən bolşevikləri Kiyevdə gördüyüm kimi təsəvvür edirdim. Bolşevik əsgərlərini bir taqım cındır əlbəsəli nizamsız əsgər kütləsindən ibarət bilirdim. Lakin yanıldığımı anladım. Bu kərrə Odessanı işğal edən Qırmızı Orduda bir intizam müşahidə etdim. Bolşeviklər adəta burjuy misalı yeni və təmiz əlbəsə ilə məlbəs idilər. Bununla bərabər Odessada bolşeviklərin vürudundan əvvəl, hökumət dabrovollarda olan zaman bir hərc-mərclik ar idi. Şəhərin həyatı büsbütün alt-üst olmuş, hər zaman, xüsusa gecələr kefli əsgərlər güllə atır, xalqın hüzuri-rahatlığını pozurdular. Əksəra soyğunçuluqlar vaqe olurdu. Şəhərdə yek digərinə zidd iki dürlü tərzi-həyat var idi. Birisi kefdə, işrətdə son dərəcə ifrata varmış, digəri səfalətdən, aclıqdan son dərəcə təfərrüata uğramışdı. Hər küçə başında acından yerə yıxılıb qəşş edən qadın və çocuqlara əksəra təsadüf edilirdi. Adəta bu, bir adi şey olmuşdu. Bununla bərabər hərneçə gündən bir qəzetələrdə səfil bir ailənin tamamilə acından qırılıb öldüyü və kimsənin ondan xəbəri olmadığı oxunurdu. Aclıq və səfalət bu dərəcəyə çıxdığı bir halda digər tərəfdən qənnadı dükanlarında gözəl şəkərləmələr, restoranlarda ləziz xörəklər və yeməklər öz qaydası ilə satılır. Şəhərin ikinci sinfi – zəngin və sərvətdar qismi əbəda öz istirahətini pozmayırdı. Şəhərin bir hissəsi işsizlikdən və yoxsulluqdan qırılır, tələf olur, digər hissəsi hər cür klublarda, əyləncə yerlərində eyş-işrətdə milyonlar sərf edirdi. Görülən acı və səfalətli mənzərələrdən əbəda mütəəssir olmayırdı. Budur ki, yek-digərinə düşmən, heç bir təriqlə barışmayan iki cərəyan müşahidə edilirdi. Bu da adi bir həyat surətini almışdı. Mən bolşevikliyin nə olduğunu, onun qüvvətini o zaman hiss etdim. Hiss etdim ki, Rusiyada bolşevizmi doğuran Rusiyanın tərzi-həyatı olmuşdur. Bolşevizmin qüvvəti Rusiyadakı ədalətsizlikdən nəşət etmişdir.
Çünki səfalətin müdhiş qaranlıqları içərisində əzilən, inləyən və can verən böyük bir kütlənin yeganə bir ümidi düşdüyü fəlakətdən xilas olmaq üçün yalnız bir çarəsi var idi. Yəni özünün xilası, nicatını yalnız bir şeydə görürdü. O da bolşevikdən ibarət idi.
Mən, əsasa, bolşevizmə ziddəm. Bolşevizm heç bir millət üçün, xususa, bizim kimi, əsəratdən yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq. Bunun qarşısını almaq üçün bolşevizmi doğura biləcək ədalətsizliyi məmləkətimizdən rəf və dəf etməliyiz. Bolşevizm aclıqdan və səfalətdən çıxır. Bunun üçün millətimizin əksəriyyətini təşkil edən fəhlə və kəndçi sinfinin iqtisadi həyatını yoluna qoymalı, topraq məsələsini onlara əlverişli bir surətdə həll edilməlidir.
Odessada, ərz etdim ki, bolşeviklikdən əvvəl bir hərc-mərclik müşahidə edilir, ehtikar gündən-günə şiddətlənirdi. Bazarda açıqdan-açığa pul alış-veriş edilirdi. Bolşeviklərin vürudundan sonra şəhərin intizamsızlığına bir xitamə çəkildi. Ehtikarçılıq ləğv edildi. Bolşeviklərin bir nöqsanı oldu ki, o da çörəyə məzənnə qoymalarıdı. Onlar elan etdilər ki, çörək gərək üç manatdan satılsın. Bu elan çörəyin tamamilə qəhətliyinə səbəb oldu. Hətta girvənkəsi yüz manata çörək axtardım, tapa bilmədim.
Şəhərdə zahirdə nizam var idi. Güclə xalqdan bir şey almayırdılarsa da, lakin tədriclə hər şeyi milliləşdirməyə başladılar.
Odessada bolşeviklərin süqutuna başlıca səbəb onlarda məruf olan (den bedneta) füqəra günü oldu. Məlumunuzdur ki, bolşeviklər ayda bir kərə (füqəra günü) adı ilə kasıblar faydasına ev əşyası və əlbəsə toplayırlar. Hər kəsin iki dəst əlbəsəsi ayaqqabı və sairəsi var isə birisini alırlar. Odessada dəxi böylə bir gün tərtib verdilər. Birinci olaraq Puşkin küçəsindən yığmağa başladılar. Bu küçə bir o qədər də burjuy küçəsi deyil. Arabaları o küçəyə sövq edilərək o günə məxsus seçilmiş şəxslər evlərə soxularkən məhlə əhlində onların əleyhinə bir həyəcan başladı. Ən nəhayəti arvad, uşaq, gənc və ixtiyar ağac ilə, daş və isti su ilə, hətta balta ilə onlara hücum etdilər. Şiddətli bir çarpışma vaqe oldu.
Nəhayət, Den Bednatanı o gün ləğv etdilər. Sonradan şəhərdə bolşeviklərin əleyhinə, o cümlədən yəhudilərin əleyhinə şiddətli fitnəamizə şayələr nəşr edilməyə başladı. Guya, Məruf Qriqorev bir yəhudi talanı salmaq fikrində imiş. Bu fikri bilən Odessanın komissarı ki, kəndisi də yəhudi idi, bunun qarşısını almaq qəsdilə bu işi görürmüş.
Bolşevikləri yıxmaq üçün vahid rusiyaçılar rus əfkari-ümumiyyəsini yəhudilərin əleyhinə qaldırırlar. Mən şəxsa yəhudi əleyhinə deyiləm. Lakin burası var ki, bolşevik komissarlarının 99 faizi yəhudidir. Sağlar böylə rəng verirlər ki, yəhudilər Rusiyadan intiqam alırlar.
Məşhur rus ədiblərindən Dostayevski öz dnevnikində demiş ki, Rusiyanı yıxacaq bir amil olacaqsa, o da yəhudilər olacaq.
Sağlar bolşevikliyi yəhudiliyə istinad verirlər. Bundan ötrü əllərində bir çox dəlillər də var. Əvvəla, bolşeviklərin rəsmi nişanlarını yəhudiliyə istinad verirlər. Məlumunuzdur ki, bolşeviklərin nişanı qırmızı yıldızdır. Budur ki, sağların qəzetələri açıqdan-açığa bolşevikliyi yəhudi balası adlandırırlar. Bir də bolşeviklər ümumi dinlərin əleyhinədirlər. Onlar deyirlər ki, din millətlərin tiryəkidir.
Moskvada məruf kəlisaların birində bulunan məşhur bir IKONA
İsanın rəsminin üzərində cəli xətt ilə yazmışlardır: “Din millətlərin tiryəkidir. Onları qəflət uyğusunda yatırmaqdan başqa bir xidməti yoxdur”.
Habelə, hər kəs evində Səlib və İsanın rəsmini saxlasa, hökumətə müəyyən bir xərc verməlidir. Bununla bərabər ruslarda bir etiqad var idi; müqəddəslərin meyiti hər zaman sağ və salamat qalar, onlar başqa adi insanlar kibi çürüməzlər. Bolşeviklər bunun yalan olduğunu isbat etmək üçün bütün Rusiyada bulunan müqəddəslərin qəbirlərini camaatın gözü qabağında açıb, bunların yalan olduğunu aləmə isbat etdilər. Budur ki, ruslar bolşevikləri xristianlığın düşməni kimi tanıyırlar.
Hətta bolşeviklər ilə mübarizə edən Kolçak orduları müqəddəslərin adları ilə adlanmışlar. Onların başında rəhbanlar durmuşlardır.
Bu gün dindar Rusiyada dinlər tamamilə qaldırılmış. Kəbin və talaq məsələsini də ləğv etmişlərdir. Onlar tamam şeyləri əsasdan uçurub, yerində istədikləri kibi yenidən bir şey bina etmişlər. Onlar hər şeyə ancaq zəhmət nöqteyi-nəzəri ilə baxırlar.
1919
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-yusif-vezirovun-meruzesi
Use ← → keys to move, R for a random poem
More by this author
Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...
Üç gecəMir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»
Bir qəpikSərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.
Kənddən şəhərə göndərilən bir kağızNuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.
Poems by other poets
Ləpələr qanlıdır Arazda yenə,Nalə var çaldığım bu sazda yenə.
GedərAyaq kəsmə dost kuyindən, nazlı yar əldən gedər,Naşı bağban bağ bəsləyib heyva, nar əldən gedər.
Ölümə həcvEy ölüm, oy, nə yaman siman var:Qaşqabaqlı, qara, çirkin, yassar.
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər