Page 1 of 3

T.G.Kalyaginaya

Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.

Mərdan kənddən xeyli aralıda – bayaqdan oxuyub, hüştürək çalıb, daşına-torpağına qan uddurduğu dağın kəlləsində dayandı. Kəndə baxdı. Bacısı Səfurənin damından qalxan tüstünü tüstülərin içində çox asanlıqla ayıra bildi, ancaq axşamın düşdüyünə görə sevindiklərindənmi, qorxduqlarındanmı, nədənsə, səs-səsə verib, can-dildən hürüşən itlərin səsi içində öz itinin səsini eşidə bilmədi. Qanı qaraldı. Üzüaşağı – kəndə sarı gedə-gedə Mərdan ürəyində iti məzəmmət elədi, çünki ay yarım idi ki, Mərdan kənddə yox idi və onun fikrincə, məhz bu ayyarımda it daha bərkdən hürməli idi, hürüb kənddəki itlərin səsini batırmalı idi və o vicdansız Səttar oğlu Məhəmməd bu səsi hər axşam eşitməli idi; bilməli idi ki, Mərdan sağ-salamatdır, Mərdan yaşayır və Mərdanın əvvl-axır bu kəndə qayıdacağını həmin Səttar oğlu Məhəmməd hər gün, hər dəqiqə bilməli idi... Bu “məsul” iş isə məhz köpəyin boynuna düşürdü və Mərdanın fikrincə, itin buna mütləq qanacağı çatmalı idi...

Ancaq it hürmürdü. İtin bu dönüklüyü nə qədər qanını qaraltsa da, kəndə yaxınlaşıb, dərədəki pətək-pətək evləri yaxından görəndə Mərdanın ürəyi tab gətirmədi. Sevindiyindən qışqırmaq istədi, ancaq qışqırmadı. İstədi ki, ucadan bir fit versin, ancaq fit də vermədi. Bunların hamısının əvəzində Mərdan haçansa quraşdırdığı, klubun divarına, kolxoz tövləsinin dirəyinə, məscid qapısının tağına yazıb, aləmə car elədiyi şeiri ilhamla, avazla dedi:

Ana yurdum, doğma kəndim Buzbulaq,
Çöllərində bitər yarpız, quzqulaq.
Bu diyarda heyf ki var bir dənə də uzunqulaq,
İsmi olsun Səttar oğlu Məhəmməd.

Ferma müdiri Məhəmmədin evi kəndin lap yuxarı başında idi. Ordan da tüstü qalxırdı. Şeiri deyib qurtaran kimi Mərdanın qanı qaraldı.

Özü də ona görə yox ki, nifrət elədiyi, görmək istəmədiyi bir adamın evini görmüşdü, adını yadına salmışdı. Ona görə ki, nifrət elədiyi, görmək istədiyi bu adamın adını (nə qədər təəccüblü olsa da) Mərdan öz itinə qoymuşdu. İt isə hürmürdü ki hürmürdü...

Evinin həyət qapısını Mərdan birdən açmadı. Əvvəl qapının halqasını lap ehmalca çıqqıldatdı. Çıqqıldatdı ki, görsün it həyətdə barı sayıqmı oturub. Ancaq itdən səs-səmir gəlmədi. Bu dəfə Mərdan yavaşca qapıya toxundu. Qapı çırıldadı: yenə də nə səs, nə hənirti. Və birdən-birə Mərdan qapıya elə bir təpik qoydu ki, qapı az qaldı çərçivəsindən oynasın; həyətə girdi, dörd tərəfə boylandı: itin bu həndəvərdə heç izi-tozu da yox idi.

– Məhəmməd! Qaplan! Qaplan! Ay it, ham-ham-ham...

Mərdan hirsindən it kimi hürdü və yalnız bu vaxt haradasa bir küçük zingildədi. Səs deyəsən eyvanın altından gəlirdi – otun arasından (Mərdanın bacısı oğlu Fərrux yayda həyətin otunu biçib, qurudub ora yığmışdı).

Axşamın ala-toranında, eyvan altının qaranlıq bir küncündə otun arasına qısılıb, zəiflikdən hürməyə belə gücü çatmayan iti görəndə Mərdan gözlərinə inanmadı (boynuna zəncir salmışdılar, zənciri eyvanın dirəyinə bağlamışdılar). “Qaplan” da, “Məhəmməd” də bu idi, ancaq itdən bir dəri, bir də sümük qalmışdı.

– Sənsən? Sənmisən, ay it?!

Əvvəl Mərdan qəzəbindən əlini gəmirdi, dodaqlarını çeynədi, dişlərini qıcırdatdı, sonra özü öz alnına elə bir yumruq ilişdirdi ki, bir anlığa gözləri qaraldı və həmin anda da Mərdanın gözlərindən gilə-gilə yaş töküldü...

Sonra zənciri açdı, iti qucağına alıb işığa çıxartdı. Eyvanın qabağındakı hinin qapısına bir güclü təpik vurub, oradakı toyuqları cikkildətdi. Toyuqlar yerlərində idilər, deməli, elə bu axşam Fərrux burada olmuşdu (toyuqları hinə salmışdı, hinin qapısını bağlamışdı). Həyətin səliqə-səhmanı da yerbəyerində idi, deməli, Səfurə də gəlib-gedirdi... Bəs bu zalımlar bu iti niyə bu günə salmışdılar?.. Mərdan, it qucağında, əyilib çərçivənin altındakı deşikdən evin açarını çıxartdı. Qapını açıb dəhlizə girdi. İti dəhlizdə yerə qoymaq istədi. Qoymadı. Yer nəm idi. “Olmaz, – dedi, – üşüyürsən, donursan, yazıq heyvan... Ə, sən lap acizinavaranın biriymişsən ki, Məhəmməd! Mən səni belə bilməzdim. Ayyarım nədir ki, cəmi ay yarım. Ay yarım başını saxlaya bilməmisən. Bəs onda mən yazıq neyləyim? On ildir ki, atasız-anasız bu dünyada baş girləyirəm... Zəncirləmişdilər deyirsən? Nə olsun ki, zəncirləmişdilər, qoymayaydın zəncirləsinlər, möhkəm duraydın... Allahın Fərruxuycan da ağlın olmayıb. Aldadıb səni – zənciri boynuna keçirib... Yaxşı, Fərrux, yaxşı, padles, sənnən mənimki sonraya qalsın!” Evin içi də tərtəmiz silinib-süpürülmüşdü, üstəlik, sobanı da qurmuşdular, yandırmışdılar, altında odun vardı. Mərdan iti sobanın qabağına salınmış köhnə palaz parçasının üstünə qoydu. İşığı yandırdı, ancaq tez də söndürdü, çünki evə gələndə onu yolda-rizdə heç kəs görməmişdi və burası Mərdanın lap ürəyindən olmuşdu: hər halda, bir gecəlik də olsa, o, bacısının danlağını eşitməyəcəkdi, sorğu-sualına cavab verməli olmayacaqdı. Bayaq kəndə girəndə Mərdanın birinci arzusu bu gecə danlaqsız, sorğu-sualsız yatmaq idi. İndi bu məsələ Mərdanı o qədər də qorxutmurdu. Mərdanı qorxudan Fərrux idi: “Birdən, – dedi, – işığı görüb cumarsan, padles. Öldürrəm, qana bataram...”

Və itə baxdıqca Mərdan yalnız Fərruxu görürdü, zənciri görürdü. Bacısı oğlunu döymək üçün Mərdanın əli gicişirdi, ürəyi əsirdi. Ancaq bu gün yox. Bu gün Mərdanın əlindən xata çıxa bilərdi. Buna görə sobanı da yandırmadı, bir köhnə pencək tapıb itin üstünə saldı. İt vurnuxdu, narahat oldu, ancaq pencəyin altından çıxmağa gücü çatmadı. Mərdanın özü pencəyi itin üstündən götürdü. “Özün bilərsən, – dedi, – mən səni məcbur-zad eləmirəm. Ancaq incimə məndən, hələ peçi yandıra bilməyəcəyəm. O padles hələ yatmayıb, tüstü çıxsa, cumub gələ bilər... Yemək istəyirsən? Nə istəyirsən?.. Qoy baxım görüm nə var”.

Mərdanın bütün azuqəsi dəhlizdəki böyük divar şkafının müxtəlif gözlərində idi: yuxarı gözdə bir dəstə quru lavaş, o biri gözlərdə küpədə duzlu suya qoyulmuş pendir, ərinmiş yağ, Səfurənin bişirdiyi mürəbbələr... Burada ayyarım əvvəl nə vardısa, hamısı yerində idi. Mərdan bir parça lavaş isladıb yağa batırdı. Əlindəcə itin ağzına tutdu. İt yemədi. Yazıq-yazıq zingildədi. Sonra yağlı çörəyi burnunun ucu ilə sürüşdürüb, bilə-bilə yerə saldı və hədsiz-hüdudsuz bir acgözlüklə Mərdanın quruca əlini yalamağa başladı. İt yalayırdı və sevinclə zingildəyirdi. Və bu sevincək zingilti ilə itin nə dediyini Mərdan aydın başa düşürdü. Həm də Mərdan tam əmin idi ki, it bayaqdan eyni sözü deyir, eyni şeyi soruşur. Və məhz sorğu-sualdan zəhləsi getdiyi üçün Mərdan itə cavab vermirdi. Nəhayət, dözmədi: “Harda olacağam – dedi, – cəhənnəmdə-gorda idim. Öz gicliyimdən gedib türməyə düşmüşdüm... Bu zəhrimarı niyə yemirsən? Ölmək istəyirsən? Nə olar, özün bilərsən. Ancaq az zarı, az çərənlə, bəsdir, baş-beynim getdi...”

O, yalanmış yaş əlini palaz parçasına silib, özünü tappıltı ilə çarpayının üstünə atdı. Çarpayı cırıldadı, xeyli vaxt çırıldadı və qəribə burasındadır ki, çarpayının cırıltısı kəsiləndə, itin səsi də eşidilməz oldu. Otaqda sükut qaldı. Soyuq. Qaranlıq. Bir it və bir adam.

Papiros çəkə-çəkə və bir dünya zülmətin içində yeganə işartı kimi qalmış dördgöz pəncərə şüşəsinin soyuq bozartısına baxa-baxa Mərdan səbirlə axşamın sovuşmasını gözlədi. Gözlədi ki, camaat yatsın, durub işığı yandırsın, sobanı qalasın, bir ovuc un götürüb it üçün yal düzəltsin.

Mərdanın ürəyinə dammışdı ki, it öləcək, onun əvvəlki gur, sağlam səsi bu həyətdə bir də heç vaxt eşidilməyəcək və o səsin həmişəlik kəsiləcəyini fikirləşdikcə Mərdan dəhşətə gəlirdi. O səsdə çox şey vardı, bunu təkcə Mərdan bilirdi. Küçədə, çöldə, çayxananın qabağında – kəndin harasında olsa, Mərdan o səsi eşidəndə sevinirdi, ürəklənirdi, çox vaxt evə də onu elə o səs çəkib gətirirdi. O səsdə o qədər ümid, o qədər inam vardı ki,.. Bir də mehribanlıq, heç vaxt azalmayan, heç nədən dəyişməyən mehribanlıq... Bir də o səs ömrünün ən xoşbəxt bir gününü Mərdanın yadına salırdı: məktəbin həyətini, Zəhranı, bir vaxt məktəb həyətində açmış yasəməni... O gün Qaplan bapbalaca bir küçük idi. O gün Qaplan heç hürə də bilmirdi. Ancaq elə ki böyüdü, elə ki hürməyə başladı, özünün ümid dolu, sevinc dolu səsi ilə it o günəşli-yasəmənli yaz gününü Mərdanın yadına salmağa başladı. May günü idi. Məktəbin həyətində tar-kamança çalırdılar... Zəhranı da oynamağa çağırırdılar. Zəhra oynamadı. Mərdanın üzünə baxıb utana-utana qırağa çəkildi. Üç il sərasər onlar yalnız baxışmışdılar, ancaq Mərdan belə baxış görməmişdi. O baxış elə bil ürəyə düşüb ömürlük qalmaq üçün idi, ürəyi ömür boyu isitmək, ağrıtmaq üçün idi... O istini, işığı Mərdan bütün günü ürəyində gəzdirdi. Günorta onuncu sinfin şagirdlərindən beş-altı nəfər bir yerə yığışıb, dükandan çaxır aldılar, evdən pendir-çörək götürüb meşəyə getdilər. O gün meşədə sevincdən necə nərə çəkməyi Mərdanın yadında idi, həm də nəinki yadında, içində idi, qulağında idi... Oxuya-oxuya, sevinə-sevinə onlar gedib qonşu kəndə çıxdılar. O gün Qaplanı da Mərdan qonşu kənddəki bir qoca bostançıdan aldı. Bir cüt təptəzə çəkməsinin bahasına aldı və oradan Buzbulağa ayaqyalın qayıtdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 h 5 min
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 min
Güllü paltar mövsümü

I**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.

197651 min

Poems by other poets