İkinci hissə, VII
Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.
Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:
– Mən sənin əzablarını hiss edirəm, Nicat, – dedi. – Bütün yoldaşların, dostların kimi, atan da məni düşmən hesab edir. Burax məni çıxım gedim...
Nicat tamamilə qeyri-şüuri:
– Hara gedəsən? – soruşdu.
– Uzaqlara... Heç kəsin məni tanımadığı bir yerə...
Nicat onun saçlarını qatışdırdı:
– Uşaqsan sən?.. Yat. Atamdan da incimə.
– Heç kəsdən incimirəm mən... Amma çıxıb getmək istəyirəm... Baş götürüb qaçmaq istəyirəm... Suçlu adamlar kimi heç kəsin üzünə baxa bilmirəm... Elə bil, nədəsə, təqsirkaram. Bilmirəm nədi bu, Nicat... Adamların baxışı məngənə kimi sıxır ürəyimi... İstəmirəm ki, atanla da düşmən kəsiləsən mənim üstümdə...
Nicat:
– Vaxt gələr, – pıçıldadı, – atam da başa düşər öz səhvini. İnqilabın mənasını, qanunlarını hamıya birdən başa salmaq çətin işdi. Qınama atamı. Çar üsul-idarəsi, ağalıq dünyası sümüklərinə qədər yandırıb-yaxıb onu... Fikirləş də, bir... – Nicat yavaş-yavaş qızışırdı. – Öz vətənimizdə vətənsiz idik. Ana dilimiz belə işə keçmirdi. Dövlət işlərinə yaxın buraxmırdılar bizi. Bizim nə xarici siyasətdən xəbərimiz olurdu, nə də daxili siyasətdən. Milli vüqarımızı ayaqlar altına salıb tapdalayırdılar.
– İndi sizin yaratdığınız təzə dövlətdə bunların hamısına son qoyulacaq?
– Şübhəsiz! Çünki biz deyirik: bütün cinayətlərin, haqsızlıqların kökü bir sinfin o birisinin üzərindəki ağalığıdı. Biz zəhmətkeş xalqla birlikdə elə bir cəmiyyət quracağıq ki, orada kim zəhmət çəkirsə, o da yaxşı yaşasın. Hər bir vətəndaş öz hökumətinin nə elədiyini, nə işlə məşğul olduğunu bilsin. Örtülü qapılar dalında heç nə həll edilməsin. İstismara son qoyulacaq, Şahnaz!
Şahnaz xanım bir müddət heç nə demədi, sonra pıçıldadı.
– Kaş sənin bu gözəl arzuların bir xam xəyal olmayaydı, Nicat!..
Nicat dərin bir inamla:
– Vaxt gələcək, özün görəcəksən öz gözlərinlə bu arzuların həqiqət olduğunu.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-vii
Use ← → keys to move, R for a random poem
More by this author
Yavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi.Mürşüd ayaq saxlayıb qonağa baxdı.
«Qarabağ şikəstəsi»(Fransız ətri və Ağadadaş iləBalacaxanımgilin Qırmızı
I fəsil... sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana, Şüvəlana, oradan da Hidro-Elektrik Stansiyası qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı və hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda isə, durub gedib haradansa araq tapıb içmək istəyirdi.
Iı fəsilİzabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin İzabelin bütün bədəninə yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı.Ziba – İzabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və həmin 1989-cu ildə İzabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə İzabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox olmurdu.
Poems by other poets
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
ƏylaKonqul qalx ayağa, məclisi şingan əyla,Səfəni sııruban əşqindan fuğan əyla.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,