... sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...

Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana, Şüvəlana, oradan da Hidro-Elektrik Stansiyası qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı və hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda isə, durub gedib haradansa araq tapıb içmək istəyirdi.

O vaxt – söhbət it əyyamında qalmış o gözəl illərdən gedir – Cümü Şuşada orta məktəbi bitirib, anasının yığıb qabladığı balaca çamadanı da götürüb həyatında ilk dəfə səfərə çıxdı, avtobusa minib Şuşa dağlarından endi, bu ilk səfərin möcüzəsi içində Xankəndinin böyründən ötüb Ağdamdan, Bərdədən keçdi, iyul günəşi altında od tutub yanan Yevlaxa gəldi, orada da qatara minib ümumi vaqonda qatar çarxlarının heç vaxt yadından çıxarmayacağı tuqqa-tuku ilə Bakıya – universitetə imtahan verməyə getdi.

Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxların səsini sədası Şuşa dağlarından gələn bir «Qarabağ şikəstəsi» müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı və o başqa dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa dünya – işıqlı, hərarətli, sirli-sevincli bir gələcək idi və əlbəttə, o zaman Cümü hardan biləydi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyli-üfunətli olacaq...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets