Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı

– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi… Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb çığır-bağır saldı:

– Karvan gəlir!..

– Karvana bax!..

– Bizimkilər deyil!..

– Tehran karvanıdı!..

– İrandan gəlir!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

V fəsil

Elə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...

1 min
Vı fəsil

Şuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə- Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.

2 min
Vıı fəsil

O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı, gün yalnız o demək deyil ki, günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün – heç cürə gün sözünün içinə sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın cavabını tapa bilmirdi.Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı nəfər – Cümü idi, anası Güllü arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi – yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.

1 min
Vııı fəsil

İzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.

1 min

Poems by other poets