Birinci hissə, 4
Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi…
… Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur səslə car çəkirdi:
– Camaat!.. Əlahəzrət hökmdarımız İbrahimxəlil xan taxt səltənətin ildönümü münasibətilə xalqa əfvi–ümumi əta eləyib! Zindandakı məhbusların azadlığı barədə sərəncam verib! Camaat!..
… Bu xəbər Bazar başında alış-verişlə məşqul olan adamların arasına bir çaxnaşma saldı…
… Xəbəri evə tez çatdırmaq üçün biri dükanı bağladı…
… O biri aldığı arşın malı yarımçıq piştaxtanın üstünə atıb qaçdı…
… Bir başqası atın belinə sıçradı…
… O biri eşşəyi dartdı...
… Və bazar əhli xana dua edirdi:
– Allah xanın ömrünü uzun eləsin!..
– Allah xanı həmişə öz taxt-səltənətində bərqərar eləsin!
– Allah Pənah xana rəhmət eləsin!..
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-4
Use ← → keys to move, R for a random poem
More by this author
Divarlarına təzəcə göyümtül əhəng çəkilmiş bu dalan ensiz, adamsız, səliqəli və yay kimi isti o aprel günündə kölgəli idi. Güclə seziləcək əhəng iyi, elə bil ki, bu dar dalandakı sakitliyin, rahatlığın və təmizliyin daimiliyindən xəbər verirdi, yəni elə bil ki, bu qısa və dar dalandakı həmin sakitlik, rahatlıq və təmizlik həmişə olmuşdu – min il bundan əvvəl də belə idi və min il bundan sonra da belə olacaqdı; dalana tünd sarı rəngli üç həyət qapısı açılırdı və tünd sarı rəngli o üç həyət qapısı da, elə bil ki, həmişə beləcə kip örtülü olmuşdu və heç zaman açılmayacaqdı; qənbər döşənmiş ensiz küçədə ötən o maşınların səsi də o aprel günü bu dalana hay-küylə, sürətlə yox, ahəstə gəlirdi, o maşın səsinin özündə də bir yumşaqlıq, bir mülayimlik vardı.Gicbəsər, dalanda, az qala, divara bitişik basdırılmış elektrik dirəyinin dibində, asfaltda qarnıüstə uzanmışdı və itin qara gözləri mürgü döyürdü. Gicbəsər Tülkü Gəldi Qəbiristanlığından çıxdığı iki gün ərzində Bakının dağlıq məhəllələrini dolaşa-dolaşa gəlib bu balaca və sakit dalana çıxmışdı; bura rahat və təmiz idi, bu sakitlik, bu rahatlıq və təmizlik iki günlük didərginlikdən sonra, itin ürəyincə idi.
7. Qonaqlıq1939-cu ilin qış günlərindən biri idi və havalar uzun müddət mülayim keçəndən sonra, birdən-birə həmin gün bütün gecəni qar yağmışdı, Bakının küçələrini, binaların damını, eyvanını, xüsusən, gediş-gəlişin az olduğu yuxarı məhəllələri (Ələsgər müəllimin ikiotaqlı, mətbəxli mənzili Bakının dağlıq hissəsindəki belə məhəllələrdən birindəki birmərtəbəli kiçik binada idi) qar basmışdı və qəribə idi, bu gözlənilməz soyuq həmişə rahatlığı, istini xoşlayan Ələsgər müəllimi nəinki narazı salmışdı, narahat etmişdi, əksinə, hər tərəfi bürümüş o tərtəmiz qar ağlığı Ələsgər müəllimin bütün içinə bir coşğunluq, bir ruh yüksəkliyi, hətta – nə qədər ağlasığmaz olsa da – bir hərarət gətirmişdi (qar və hərarət!); elə bil ki, o qış günü qarın o tərtəmiz ağlığı, ümumiyyətlə, daha dünyanın qara yox, ağ günlərindən xəbər verirdi, elə bil, o ağlıq, o təmizlik əməllərin bundan sonrakı salehliyindən deyirdi və Ələsgər müəllim mətbəxdə divardan asılıb altına da girdə tas qoyulmuş əlüzyuyanda həmin coşğunluq, həmin gözəl ovqatla əllərini tərtəmiz yuyub:– Gətir o toyuqları bura, mən doğrayım!– dedi.
8. QəbulHəmin günün axşamı saat 9 radələrində Azərbaycan K(b) P MK-nın birinci katibi Mir Cəfər Bağırov iş otağında pəncərənin qarşısında dayanıb şəhərə baxırdı. Bakının bütün aşağı hissəsi, dənizkənarı bulvar və dənizin özü buradan yaxşı görünürdü və Mir Cəfər Bağırov səhərdən gecənin yarısına kimi – həddən artıq işləyib yorulanda, xüsusən, yaz çağları, bəzən bu pəncərənin qarşısına keçib dənizə baxmağı xoşlayırdı. Dənizin genişliyi, təmkini və daimiliyi ilə Mir Cəfər Bağırovun yaşadığı və işlədiyi gündəlik həyatın tələsikliyi, sürətlə hadisələrdən hadisələrə adlaması, kompaniyaların, əməliyyatların biri qurtarmamış o birisinin başlanması, əsəb gərginliyi və yorğunluğu arasında elə bir qəribə təzad var idi ki, bu təzad onu qıcıqlandırmaq əvəzinə, əksinə, sakitləşdirirdi. Yoldaş Stalinin iş saatı, az qala, günortadan başlayıb gecənin yarısına kimi davam edirdi və bütün bu müddət ərzində, təbii ki, Mir Cəfər Bağırov da işdə olurdu – lap gecə saat birdə də Stalin zənf eləyə bilərdi; səhərlər isə tezdən durmağı uşaqlıq çağlarından adət etmişdi, iş də çox idi, iş qurtarmaq bilmirdi, Mir Cəfər Bağırov isə iş olan yerdə sakit dayana bilmirdi və buna görə də çox zaman yuxusuz olurdu, dənizin bu pəncərədən görünən o genişliyi, o təmkini, o daimiliyi isə, elə bil ki, bu əsəbi adamın yuxusuzluğuna da təsir edirdi, uzaqdan-uzağa bir dinclik gətirirdi. Amma həmin qış axşamı Mir Cəfər Bağırov Xəzərə yox, küçələrlə ora-bura gedən, dayanacaqlarda tramvay gözləyən adamlara baxırdı və o adamların, əlbəttə, heç ağlına da gəlmirdi ki, bu dəqiqələrdə Mir Cəfər Bağırovun eynəkli gözləri onları müşayiət edir.Bu fikir Mir Cəfər Bağırovun qalın, kobud dodaqlarından bir təbəssüm qaçırtdı və vaxtından xeyli əvvəl ahıllaşmış qırx üç yaşlı bu adam iki əli arasında tutduğu bir dəstə karandaşı şaqqıldada-şaqqıldada bir-birinə sürtdü; onun əllərində ekzema xəstəliyi var idi, buna görə də çox zaman əlində bir dəstə karandaş olurdu və iri əllərini bu karandaşlara sürtdükcə ekzemanın qaşıntısını sakitləşdirirdi; sonra gözlərini o adamlardan çəkib dənizə tərəf baxdı, binaların qar basmış damlarını nəzərdən keçirdi.
9. «Ölüm, ya ölüm?»Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...