Şuşa dağlarını duman bürümüşdü…

Və o duman içindəki yaşıl yamacda iki atlı gedirdi…

Ağabəyim Ağa qumral kəhərin belində yanpörtü oturmuşdu, bir az arxada isə ağ atın belində Saday bəy gəlirdi.

Ağabəyim Ağa başını arxaya çevirib:

– Nədi? – soruşdu. – Yenə ağzına su alıbsan?

Saday bəy duman içində boz-yaşıl kölgə kimi güclə sezilən dağlara baxdı, ayaqlarını üzəngiyə basıb, elə bil, başqa nələr də görəcəkmiş kimi, atın belində dikələrək ətrafa boylandı və:

– Vallah, – dedi, – belə vaxtlarda sənnən danışmağa qıymıram… İstəyirəm ki, elə eyzən o dağlara baxasan…

Bu sözlər açıq-aşkar Ağabəyim Ağanın ürəyinə yayıldı və qız:

– Bəsdi, sən Allah…– dedi. – Amma o gözəl sözlərin sevdasını heç cürə gizlədə bilmədi.

Qumral kəhərlə ağ at duman içindəki o yaşıl yamacda bir müddət də eləcə addımladı.

Ağabəyim Ağa bu dəfə başını arxaya çevirmədən – elə bil, sözlərini qarşıdakı dumanlı dağlara deyirdi – bir az da şıltaqlıqla:

– Həmişə deyirsən ki, məni çox istəyirsən… – dedi.– Bəs mənnən çox istədiyin bir şey yoxdu?

Saday bəy cavab vermədi.

Ağabəyim Ağa:

– Nə oldu, qoşunbaşı?– soruşdu.– Düzünü deməkdən qorxursan?

– Mən heç nədən qorxmuram!

– Onda de! Var, ya yox?

Saday bəy:

– Var…– dedi.

Bu dəfə ikisi də susdu.

Bəlkə bu söz, Saday bəyin bu təsdiqi Ağabəyim Ağa üçün gözlənilməz oldu?

Və o sükutu Saday bəy pozdu:

– Qarabağ!– dedi.

Ağabəyim Ağa aşkar bir qısqanclıqla:

– Pah!..– dedi.– Yaman özündən razısan!

– Sən soruşdun, mən də dedim!

– Onda çap, Cıdır düzünə! Görək sənin ağ atın nə deyir, mənim kəhərim nə deyir!?

– Belə dumanda Cıdır düzündə cıdıra çıxmazlar, a xan qızı! Bir də görərsən ki, sıldırımdan qopub Daşaltının dibinə düşübsən!

Ağabəyim Ağa bərkdən gülüb:

– Ay ağ at!..– dedi.– Gör, sənin belindəki bu qoçaq sənin barəndə nə fikirdədi ey!..

Saday bəy:

– İndi ki, belə oldu, onda gəl, görüm, xan qızı!– dedi və irəli çapdı.

Ağabəyim Ağa:

– Baxaq, qoşunbaşı!– dedi və o atlıların ikisi də çapıb Şuşa dağlarının dumanı içində görünməz oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xıı fəsil

Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o «Qarabağ şikəstəsi» idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də yeyib adda-budda dəlik-deşik etmişdi.Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümünün üzünə bir lopa tüpürüb:

1 min
Xııı fəsil

Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.

2 min
Xıv fəsil

Bir dəfə, səfeh giləvar əsən bir payız axşamı idi və o səfeh giləvara baxmayaraq, Məmməd kişi yenə həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox, başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə onlara qəhmər çıxacaqdılar?

1 min
Xv fəsil

Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova onu izləyir və səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.

2 min

Poems by other poets