Xııı fəsil
Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.
Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.
Həmin sentyabr günü Sovet İttifaqı dağıldıqdan sonra özəlləşdirdiyi bufetində qışqabağı təmir işləri getdiyinə, bu təmir işlərinə də bir vaqon Zirə qarpızını Moskva bazarlarında satıb təzə qayıtmış oğlu Ağasəlim cani-dildən rəhbərlik etdiyinə görə, Bolelşik Bufetçi İbadulla həmin sentyabr günü bufetə getməmişdi, küçələrinin həyət qapısı ağzında, builki meyvəsi də dərilib qurtarmış qoca xartut ağacının kölgəsində nərd oynamaqla məşğul idi və elə ki, Avtobus Ağadadaşgilin Qırmızı xoruzunun itməyi xəbəri gəlib ona da çatdı, gombul barmaqları arasında tutduğu balaca sədəf zərləri xüsusi bir həvəslə atıb:
– Alə, – dedi. – Ağadadaş xoruzu neyniyir?.. – Və zərlərin gətirdiyi növbəti «şeş qoşa»nı görüb gülə-gülə: – Bir evdə neçə xoruz olar?.. İki xoruzun başı bir qazanda qeyniyər begəm?– deyə zarafat etdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qarabag-sikestesi-xiii-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Axund Mirmöhsün ağa içəri daxil olanda İbrahim xan pəncərənin qarşısında dayanmışdı.İbrahim xan ona sarı çönmədən:
İkinci hissə, 7Xan sarayının həyəti qaynayırdı. Bir tərəfdə kabab bişirdi, bir tərəfdə ocağın üstündə böyük qazan qaynayırdı, bir tərəfdə hind quşu, toyuq, turac yonulurdu… Xanəndənin zilə çəkdiyi «Qarabağ şikəstəsi"nin səsi həyətə yayılmışdı:Əzizinəm, Qarabağ,
İkinci hissə, 8Şuşa bazarında şıdırğı alış-veriş gedirdi.… Bir nəfər müştəri:
İkinci hissə, 910 iyun 1804-cü il. Tehran. Şah sarayı.Fətəli şah məşvərət çağırmışdı.
Poems by other poets
Dərdin karvanıyam, qəmin suvarı,Üzüm gülməyəcək nə vaxta kimi?!
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,