Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.

Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

Buradakı qəbirlərin başdaşı həmin yarımçıq tikintinin divarlarından sökülübqoparılıb gətirilmiş kubik daşlar idi və divarların köhnə suvağı adda-budda üstündə qalmış o kubik daşlar bu kiçik qəbiristanlığa elə bir ab-hava gətirmişdilər ki, elə bil, bu qəbirlərin özləri də qaçqın idi, hardansa qaçıb gəlmişdilər...

Gözlə-Gəlirəm Məmməd kişini də bu qəbiristanlıqda basdırdılar və Buzovna Fəhlə Yataqxanasından bura gətirilən o 17-ci şuşalının – Şuşada doğulan, Şuşanın dağlarında, meşələrində böyüyən, erməni gələndən qaçqın düşənəcən Şuşadan başqa bir şəhər görməyən, ayağını Şuşadan kənara basmayan məşhur çayçı Gözlə-Gəlirəm Məmməd kişinin – əlbəttə, heç vəchlə ağlına gələ bilməzdi ki, bərkdən öz-özünə danışa-danışa sınıq-salxaq bir skamyada öləcək və Abşeronun çöllü-biyabanında

torpağa tapşırılacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets