Page 1 of 2

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.

Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

Məlik tamam yaddan çıxartmışdı ki, bir müddət bundan qabaq az qalmışdı Əlipaşanın ürəyini sındırsın, hirslənməyini-zadını da tamam unutmuşdu və damağındakı siqareti şəstlə tüstülədə-tüstülədə iki əlini də qabağa uzadıb Əlipaşanın, Səlim Sürəyyanın, o gözəl qızın oynamaqlarına keflə əl vururdu.

Məclisin bütün iştirakçılarının kefi kök idi, heç kim heç hara tələsmirdi, məclis səmimi keçirdi, təkcə Əlimuxtar müəllim bədbin fikirlərin əlindən yaxa qurtara bilmirdi, xoruz kimi döşünü irəli verib restoranın meydançası boyu o baş-bu baş gedən, oynaya-oynaya o qızı – gözlərindən dünyanın min bir bicliyi tökülən o nazlı-qəmzəli qızı müşayiət eyləyən redaktor Əlipaşaya baxa-baxa fikirləşirdi ki, anadan olduğu gündən bəxti ondan, yəni müdir Əlimuxtar müəllimdən küsmüşdü, bütün ömrü boyu hansı bir iclasa, hansı bir məclisə gedibsə, həmişə də mütləq nəsə elə bir hadisə olub ki, bütün içini iztirablar bürüyüb, sarsılıb; kim deyərdi ki, bu redaktor Əlipaşa bu boyda məclisin pulunu vermək imkanındaymış? Kim deyərdi ki, redaktor Əlipaşanın belə dostları varmış? Kim deyərdi ki, redaktor Əlipaşa beləcə oynayan imiş? Əlimuxtar müəllim heç vaxt bu cür oynamamışdı, xəyallarında o nazlı-qəmzəli qızı çox görmüşdü, amma ömründə heç vaxt o nazlı-qəmzəli gözəl qızla beləcə oynamamışdı və yaxşı bilirdi ki, heç vaxt da oynamayacaq. Nə isə, dəhşət idi...

Qız, nəhayət ki, gülə-gülə meydançadan çıxıb öz mizinə tərəf getdi və Əlipaşa da şair Səlim Sürəyyanın qolundan tutub:

– Sağlıq var! – dedi.

Şair əlini qaldırdı, klarnet səsini kəsdi, orkestr də susdu, Əlipaşa ilə Səlim Sürəyya məclisə qayıtdı və Əlipaşa araq dolu qədəhi əlinə alıb:

– Bunu da qaldıraq qadınların sağlığına! – dedi.

Məclisdə cəmi iki qadın var idi, biri ədəbiyyat üzrə professor idi və Əlipaşa o qadını uzaqdan-uzağa tanıyırdı (çox ciddi qadın idi, dinib-danışmırdı və hərdənbir məzəmmət dolu nəzərlərlə restoranın meydançasında oynayan adamlara baxırdı), o biri qadını isə tanımırdı; məclisin bütün kişiləri ayağa qalxdı, hay-küylə qadınların sağlığına içdi, kənardakı mizdə üç nəfərlə birlikdə oturmuş o gözəl qız da Əlipaşaya ötəri bir nəzər saldı...

Doğrudan nə gözəl yağırdı bayırın qarı...

Səlim Sürəyya, düzdü, ayağa qalxdı, qadınların sağlığına içdi və ümumiyyətlə, şairin qadın xeylaqları ilə arası saz idi, amma necə oldusa, Əlipaşanın o sağlığından sonra, birdən-birə bu yay gəlib instituta girəcək, daha doğrusu, instituta girmək üçün Bakıya gələcək yeddinci bacısı yadına düşdü və şairin kefi tamam pozuldu; bu yeddinci bacı idi (şair bacılarının adlarını yaxşı bilmirdi və onları sayla yadına salırdı), bundan sonra cəmi biri qalırdı – səkkizinci bacı, amma Səlim Sürəyyada elə bir hiss var idi ki, inanmırdı səkkizinci bacı ilə canı qurtarsın, şairə elə gəlirdi ki, o səkkizinci bacı da Bakıya gəlib institut həngaməsinə başlayandan sonra, atası təzədən səkkiz nəfər yekəpər qız gətirəcək ki, bunlar da təzə bacılarındandı... Bütün bunlar bir tərəfə, indi o bacılar ərə getməyə başlayırdı və onların hər birinin toyu şairə bir yeni kitabının qonorarı hesabına başa gəlirdi: yaxşı ki, bacıları çox yekəpər idilər və buna görə də, söhbətin, hətta, şair Səlim Sürəyyanın bacılarından getməsinə baxmayaraq, ər çox çətin tapılırdı...

Əlipaşaya, elə bil, ömründə heç vaxt hiss eləmədiyi bir iştah gəlmişdi, köynəyinin həmişə bağlı olan və həmişə də boynunu sıxan düyməsini açmışdı, pencəyinin də yaxası açıq idi, hər şey gözəl idi, o musiqi də gözəl idi, dostlar da gözəl idi. Əlipaşanın heç vaxt özündən gözləmədiyi o sərbəstliyi, deyib-gülməyi, bu hörmətli məclisin, az qala, tamadası olması yağ kimi ürəyinə yayılırdı, amma bütün bunlarla bərabər, yenə də... nəsə çatışmırdı...

Nə çatışmırdı?

Müdir Əlimuxtar müəllim ayağa qalxıb bir balaca sıxıla-sıxıla sağlıq deməyə başladı, hamının Məliyə böyük hörmətindən danışdı, Məliyin dostlarının hörmətindən danışdı, Məliyin ən yaxşı dostlarından biri olan Əlipaşanın heç vaxt işə gecikməməyindən, həmişə səliqəli olmağından, həmişə öz vəzifəsini yerinə yetirdiyindən, tapşırılan işin öhdəsindən gəlməyindən ağız dolusu danışdı, amma – dünyanın qəribə işləri var idi – müdir Əlimuxtar müəllimin bu sözləri Əlipaşaya təsir etmədi.

Orkestr uzaqdan-uzağa o saat gördü ki, şair Səlim Sürəyya nəsə fikrə gedib və orkestr burasını da yaxşı bilirdi ki, şair fikirli vaxtlarında aşıq havalarına qulaq asmağı çox xoşlayır, buna görə də aşıq havası çalmağa başladı və Səlim Sürəyya da bunu o saat qiymətləndirdi, orkestrə tərəf gülümsəyib, başını tərpətdi, yəni ki, çox sağ olun, sonra sağ əlinin iri baş barmağını qaldırıb Əlipaşaya göstərdi, yəni ki, əladır!

Əlipaşa da şairə gülümsəyib başını tərpətdi, yəni ki, elədir, əladır; Əlipaşa musiqini bir o qədər də bir-birindən seçmirdi, amma indi o saat bildi ki, çalınan aşıq havasıdı və Əlipaşa şer də bilmirdi, amma indi birdən-birə hansı bir aşığınsa haçansa oxuduğu, ya eşitdiyi qoşmasından bir misranı xatırladı:

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...»

Nə çatışmırdı?

Və bu zaman dünyanın ən qəribə hadisələrindən biri baş verdi: Züleyxa əynində qarı hələ əriməmiş yaş şuba, başında üstünə qar yığılmış yun şal içəri girdi və girən kimi də, o boyda zalda, bir o qədər camaatın içində gözü o saat Əlipaşanı aldı.

Asqıçı kişi də əsəbi halda əllərini, qollarını oynada-oynada Züleyxanın ardınca restorana girdi:

– Ay bacı, necə adamsan sən? Deyirəm sənə ki, paltoynan olmaz içəri girmək!

Züleyxa asqıçı kişiyə fikir vermirdi, elə bil, asqıçı deyinmirdi, milçək vızıldayırdı qulağının dibində; iti addımlarla zalın içindən keçib birbaşa Əlipaşagilin məclisinə tərəf gəldi, asqıçı kişi də əl-qolunun köməkliyilə etiraz edə-edə Züleyxanın ardınca gəldi və aydın məsələdir ki, restoranın camaatı gözünü dörd eləyib təəccüblə onlara baxdı.

Orkestr dayandı.

Əlipaşa əvvəlcə elə bildi ki, çox içib, çox oynayıb, çox həyəcan keçirib və buna görə də indi Züleyxa beləcə gözlərinin qabağına gəlir, amma bu cəmi bir an çəkdi: yox, vallah, Züleyxa xəyal-zad deyildi, Züleyxa elə, həqiqətən də, restorana gəlmişdi və Əlipaşa bayaqkı o quş yüngüllüyü ilə ayağa sıçradı:

– Nə yaxşı oldu sən gəldin! Nə yaxşı oldu sən gəldin! – Əlipaşa sürətlə mizin arxasından çıxıb, gəlib arvadının qabağında dayandı. – Heç bilirsən sən nə qiyamət iş görmüsən?! Bilirsən?! Nə yaxşı oldu ki, gəldin! – Əlipaşa heç cür sakitləşə bilmirdi. – Nə yaxşı! Tez elə! Tez çıxart şubanı, gəl otur! Gəl! – Və Əlipaşa ağzını açıb bir kəlmə də deməyə macal tapmamış Züleyxanın əlini qaldırıb sevinclə məclisdəkilərə xəbər verdi: – Əziz dostlar! Mənim həyit yoldaşımdı! Züleyxa xanımdı!

Məclisin iştirakçıları bayaqdan bəri bir şey başa düşməyib təəccüblə gah bu şubalı, şallı qadına, gah da sevindiyindən, az qala, quş kimi uçmaq istəyən Əlipaşaya baxırdı və elə ki, məlum oldu bu qadın Əlipaşanın həyat yoldaşıdı, elə ki, Əlipaşa tələsik Züleyxanın şubasının soyuq düymələrini açmağa başladı, məclis birdən-birə cana gəldi, kişilərin hamısı ayağa qalxdı, Məlik:

– Xoş gəlmisiz! Xoş gəlmisiz! – deyə Əlipaşanın həyat yoldaşını salamladı.

Şair Səlim Sürəyya gəlib Əlipaşanın həyat yoldaşı ilə əl tutuşdu:

– Həmişə siz gələsiniz! – dedi. – Buyurun!

Və məclisin başqa iştirakçıları da:

– Buyurun!..

– Buyurun!..

– Buyurun!.. – dedilər.

Əlipaşa Züleyxanın yaş şubasını çıxartdı, qarlı şalını başından aldı, Səlim Sürəyya şubaya, şala işarə edərək asqıçı kişiyə:

– Götür apar! – dedi və sifətində bayaqkı hirsdən əsər-əlamət qalmamış asqıçı itaətlə gülümsəyə-gülümsəyə şubanı da, şalı da ehmallıca Əlipaşadan alıb apardı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XVII fəsil

Rayon prokurorluğunun bircə pəncərədən başqa, qalan bütün pəncərələrinin işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu – mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor Cabbarov.Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı.

1 min
XVIII fəsil

Fəttah dayı bir ayağını altında büküb kürsüdə oturmuşdu və qəlyanını tüstülədə-tüstülədə deyirdi:– Qoca nənəm vardı, Nabat qarı deyirdi ona böyük də, kiçik də, Nadiri taxtda görmüşdü, yüzü çoxdan keçmişdi! Qış vaxtı belə havalarda axşamlar yığılırdıq başına. Bilmirəm bu arvadın sinəsi dəryaydı-nəydi! Gecənin yarısına kimi nağıl danışardı. Məlikməmməddən tutmuş, ovçu Nəzərdən tutmuş, Şah Abbasın xalça toxumağınacan, danış ki, danışasan!.. Pəh...

3 min
XIX fəsil

Zibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında addımlamağa başladı.Qaranlıqda onu tanımaq mümkün deyildi.

1 min
XX fəsil

Neçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi.Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki, beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında gümüş kimi parıldayırdı.

23 min

Poems by other poets