Page 2 of 2 · 50%

Professor qadın bütün məclis boyu (hər halda, Əlipaşa bu məclisdə iştirak etdiyi vaxtdan bəri) ilk dəfə ağzını açıb Züleyxaya müraciətlə:

– Buyurun, gəlin bura, mənim yanımda oturun, – dedi.

Əlipaşa:

– Yox! – dedi. – Çox üzr istəyirəm hamınızdan, amma Züleyxa xanım mənim yanımda oturacaq!..

Züleyxa ömründə Əlipaşanı bu cür coşğun, bu cür həvəs içində görməmişdi və ərinin belə bir coşğunluğu, həvəsi və ümumiyyətlə, bütün bu məclis Züleyxanı elə tutmuşdu ki, buraya nə üçün gəldiyini yadından çıxartmışdı, özünü tamam itirmişdi, heç nə deyə bilmirdi, gülümsəyirdi, soyuqdan gəldiyi üçün, ya məclis tutduğu üçün sifəti alışıb-yanırdı.

Şair Səlim Sürəyya mizin üstündəki qədəhini götürüb Əlipaşa və həyat yoldaşına baxa-baxa gur səsi ilə:

– Mənim bir sözüm var, dostlar! – dedi.

Əlipaşa tələsik:

– Yox! Yox! – dedi. – Söz özümündür! Bu sağlığı gərək mən özüm deyim! – Və şairin razılığını gözləmədən dedi. – Əziz dostlar! Mən bunu sidq ürəkdən deyirəm! İçirəm bunu, içirəm bunu mənim ailəmin sağlığına! Mənim ailəm dünyanın gözəl bir ailəsidir! Mən içirəm bunu Züleyxa xanımın sağlığına!

Əlipaşa bu sözləri elə ürəkdən dedi ki, bu sözlər o qarlı cümə günü o «Sağlamlıq» restoranında elə səmimi səsləndi ki, hamı bir ağızdan:

– Sağ olun!

– Sağ olun!

– Sizin sağlığınıza!

– Həmişə beləcə xoşbəxtlik içində olun!.. – deyib içdi və səhərdən bəri, demək olar ki, içki içməyən o professor qadın da bu sağlığın şərəfinə qədəhindəki konyakı axıracan içdi.

Müdir Əlimuxtar müəllim də növbəti qədəhini boşaldıb üstündən bir dişdəm şoraba pomidor yedi; bayaq ki, Züleyxa yaş şuba ilə içəri girdi və redaktor Əlipaşa dedi ki, bu arvad onun arvadıdır, Əlimuxtar müəllimin ürəyi döyünməyə başladı, elə bil ki, bir balaca silkələnib həmişəki bədbinliyinin içindən çıxdı, çünki Əlimuxtar müəllim əvvəlcə elə başa düşdü və Züleyxanın qəzəbli gözləri də əvvəlcə belə deyirdi ki, indicə ər-arvadın arasında dava-mərəkə başlayacaq; yox, müdir Əlimuxtar müəllim küpəgirən qarı deyildi, amma, hər halda, ürəyində bir maraq baş qaldırdı, sonra o maraq yenə söndü, ürəyinin döyünməsi kəsdi, bədbinlik yenə kişini ələ aldı.

Səlim Sürəyya əlini qaldırdı, orkestr uzaqdan-uzağa şairin ürəyindən keçən hissləri oxudu və «Gəlin havası» çalmağa başladı; klarnetçalan mikrofonun qabağına gəlib «Gəlin havası»nın kövrək xallarını elə vururdu ki, elə bil, bu da Əlipaşanın dediyi sağlığın davamı idi.

Əlipaşa ayağa qalxdı, əllərini qaldırıb Züleyxanın qabağında oynaya-oynaya başı ilə, gözləri ilə arvadını rəqsə dəvət eləməyə başladı və bütün məclis də əl çaldı, Züleyxanı əri ilə oynamağa çağırdı və Züleyxa başa düşdü ki, mütləq durmalıdır, oynamalıdır, yoxsa Əlipaşa oturmayacaq, başa düşdü ki, ömründə birinci dəfə bu cür şövq içində, həvəs içində gördüyü Əlipaşanın ürəyi sına bilər və Züleyxa da ayağa qalxdı, özü qabaqda, Əlipaşa da arvadının ardınca oynaya-oynaya restoranın meydançasına getdilər, meydançanın ortasında bir-birinə baxa-baxa üz-üzə oynamağa başladılar.

Züleyxa oynaya-oynaya Əlipaşaya baxdıqca, Əlipaşanın gözlərinin dibinə çökmüş o sevinci gördükcə yavaş-yavaş özünə gəlirdi, sifətində alışıb-yanan o süni istilik yavaş-yavaş soyuyurdu, daha doğrusu, o süni istilik təbii bir hərarətlə əvəz olunurdu.

Züleyxa:

– Yaxşı oynayırsan... – dedi.

Əlipaşa:

– Mən? – soruşdu. – Mən heç... Amma sən, doğrudan, əntiqə oynayırsanmış...

– Eh, qız vaxtı yaxşı oynayırdım, indi day yadırğamışam...

– Züleyxa...

– Hə?

– Züleyxa...

– Nədi?

– Sənə qurban olum!

– A-a-a... Nolub sənə?

– Heç nə... Amma sənsiz bir günüm olmasın!..

– Bəsdi. Baxırlar...

– Baxsınlar də... İndi öpəcəyəm səni!

Züleyxa qorxdu ki, Əlipaşa, doğrudan da, bir belə camaatın içində onu öpər.

– Qayıdaq, – dedi.

Əlipaşa:

– Yox, oynayaq, – dedi.

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...»

Züleyxa, düzdü, qorxdu ki, birdən Əlipaşa onu bu qədər camaatın içində öpər, amma o qorxuda nəsə elə bir şey də vardı ki, adamın ürəyinə sevinc gətirirdi.

«Gül dedi bulbülə: – «Bağıma gəlmə...».

– Züleyxa...

– Nədi?

– Bağışla məni...

– Nə?

– Deyirəm, bağışla məni, Züleyxa...

– Nəyə görə?

– Hər şeyə görə... Ümumiyyətlə, Züleyxa... Ümumiyyətlə, bağışla məni...

Züleyxa o dəm Əlipaşanın gözlərində bir yaş işıltısı gördü və qorxdu ki, indi özü Əlipaşadan beşbetər başlayar hönkür-hönkür ağlamağa, amma həmişəki kimi, özünü ələ aldı, gülümsədi və pıçıldadı:

– Sənsiz biz kimə lazımıq? Allah həmişə sənin canına sağlıq versin, Əlipaşa... Bu dəm bu «Sağlamlıq» restoranında çalınan bu «Gəlin havası» uzun-uzun illər bundan əvvəl ikiotaqlı balaca bir evdə tələbəlikdən təzəcə çıxmış və ürəyi böyük arzularla, böyük istəklərlə dolu olan bir oğlanla lap cavan və gözəl bir qızın toyundan xəbər verirdi...

O balaca ikiotaqlı evdəki o toy gününün hissləri, həyəcanlı günləri, aylar, illər bir-birini əvəz etdikcə, o günlərin, o ayların, o illərin qayğılarının əlindən çox xəlvətlərə, çox dərinlərə düşüb qalmışdı, amma kirəc bağlamamışdı və indi Züleyxa ilə Əlipaşa bir-birinin gözünün içinə baxdıqca, elə bil, o baxışlar gedib o dərinlərə çatırdı, o xəlvətləri aşkar edirdi...

Züleyxa dedi:

– Uşaqlar evdə nigaran qalacaq...

– Qoy gedim onları da gətirim bura!

– Yox, yox, Əlipaşa, lazım deyil.

– Niyə?

– Soyuqdu, qoy otursunlar evdə.

– Yaxşı paltarları yoxdu, ona görə?

– Yox, Əlipaşa, vallah yox. Niyə yoxdu paltarları? Soyuqdu ona görə.

– Sən necə deyirsən, elə olsun...

Züleyxa açıq-aşkar təşəkkür dolu nəzərlərlə ərinə baxdı.

Əlipaşanın ürəyi sözlə dolu idi, Əlipaşa Züleyxaya çox söz demək istəyirdi, amma bir də baxıb gördü ki, professor qadın da gəlib qoşulub onlara, kök əndamını sındıra-sındıra onların qabağında oynayır, sonra Səlim Sürəyya da gəlib onlara qoşuldu, sonra Məlik, yüksək vəzifəsini yadından çıxartdı, gəlib onlara qoşuldu, sonra məclisin bütün üzvləri bir-bir gəlib onlara qoşuldu, üstü yarımçıq şüşələrlə, yeyilib boşalmış boşqablarla dolu o uzun mizin arxasında təkcə müdir Əlimuxtar müəllim oturmuşdu, gözlərini restoranın meydançasında oynayanlara zilləyib dərin qullablar vura-vura, tüstünü bütün ciyərinə çəkə-çəkə siqaret sümürürdü.

Hamı rəqsi başa vurub mizin arxasına keçəndə Səlim Sürəyya Züleyxa xanım üçün təmiz çəngəl-bıçaq, təmiz boşqablar gətirtdi, bircə dəqiqənin içində isti kabab, qıpqırmızı qızardılmış və içi ləvəngi ilə doldurulmuş çolpa gəldi və Əlipaşa o təmiz çəngəl-bıçağa fikir vermədən öz çəngəli, öz bıçağı ilə Züleyxaya qulluq edə-edə yavaşdan soruşurdu:

– Onu tanıyırsan?

– Yox, kimdi ki?

– Televizorda görməmisən?

– Hə... hə...

Bu adamlar bir-bir Züleyxanın yadına düşürdü, onları televizorda görmüşdü, əvvəllər boş vaxtı olanda bir-iki yazılarını oxumuşdu.

– Züleyxa...

– Hə?

– Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e...

Züleyxa qızardılmış toyuq döşünə batırdığı çəngəli bir an əlində saxladı, sonra Əlipaşaya baxdı, sonra bir-bir məclisdə oturmuş adamlara baxdı və bir söz demədi.

«Gül dedi bülbülə: – «Bağıma gəlmə».

Əlipaşa ağzını Züleyxanın qulağına yaxınlaşdırıb:

– O qızı görürsən? – soruşdu.

– Hansı qızı?

– Ode, o stolda oturub, üç nəfərlə bir yerdə...

– Hə gördüm... – Züleyxa pıçıldadı.

– Bayaq o qıznan oynayırdım.

– A-a-a... – Züleyxa maraqla o qıza – son dəblə geyinmiş o gözəl qıza baxdı, sonra yenə Əlipaşaya baxdı və gülə-gülə həmin pıçıltı ilə: – Doğrudan? – soruşdu.

– Hə! – Əlipaşa da güldü və Əlipaşaya o da çox ləzzət elədi ki, o gözəl qızla oynamağı Züdeyxaya bu cür maraqlı, bu cür xoş gəldi, hətta, elə bil, Züleyxa indi onunla, yəni Əlipaşa ilə fəxr edirdi...

O gözəl qız da, deyəsən, başa düşdü ki, söhbət ondan gedir və Züleyxa bu boyda məsafədən görməsə də, hiss etdi ki, o gözəl qızın qulaqları qızarır.

O qız bir daha Əlipaşaya tərəf baxmadı.

Züleyxanın saçları Əlipaşanın alnına, gicgahına, yanağına dəyirdi və Züleyxanın o xurmayı saçlarının yüngüllüyünü, o toxunuşunun xəfifliyini Əlipaşa elə bil təkcə alnında, təkcə gicgahında, sifətində hiss etmirdi, o saçların zərifliyini bütün bədəni ilə duyurdu, o zəriflik indi qanına yayılmışdı, bütün bədənindən axırdı.

Züleyxanın saçlarının xüsusi ətri var idi və elə bil ki, o ətir çox-çox keçmişlərdən gəlib çıxdı, elə bil ki, unudulmuşdu, yaddan çıxmışdı, bir-birini əvəz edən o günlərin, o ayların, illərin arxasında qalmışdı və Əlipaşa o ətri yalnız indi tanıdı; necə olmuşdu ki, o xurmayı saçların ətri, bax, bu ətri beləcə yaddan çıxmışdı və görəsən, indi Züleyxanın özünün xəbəri var saçlarının ətrindən?

Professor qadın ayağa qalxdı:

– Bu dəfə söz mənimdir! – dedi, amma professor qadın sağlığı deməmişdən əvvəl Əlipaşa yenə dilləndi:

– Züleyxa...

– Hə.

– Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e...

Züleyxa:

– Yaxşı eləyəcəksən!.. – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XVII fəsil

Rayon prokurorluğunun bircə pəncərədən başqa, qalan bütün pəncərələrinin işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu – mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor Cabbarov.Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı.

1 min
XVIII fəsil

Fəttah dayı bir ayağını altında büküb kürsüdə oturmuşdu və qəlyanını tüstülədə-tüstülədə deyirdi:– Qoca nənəm vardı, Nabat qarı deyirdi ona böyük də, kiçik də, Nadiri taxtda görmüşdü, yüzü çoxdan keçmişdi! Qış vaxtı belə havalarda axşamlar yığılırdıq başına. Bilmirəm bu arvadın sinəsi dəryaydı-nəydi! Gecənin yarısına kimi nağıl danışardı. Məlikməmməddən tutmuş, ovçu Nəzərdən tutmuş, Şah Abbasın xalça toxumağınacan, danış ki, danışasan!.. Pəh...

3 min
XIX fəsil

Zibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında addımlamağa başladı.Qaranlıqda onu tanımaq mümkün deyildi.

1 min
XX fəsil

Neçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi.Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki, beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında gümüş kimi parıldayırdı.

23 min

Poems by other poets