İkinci hissə, 11
Fətəli şah və Ağabəyim Ağa üstünə cürbəcür meyvələrlə dolu qab qoyulmuş kiçik mizin arxasında üzbəüz oturmuşdular.
Ağabəyim Ağa:
– İbrahim xan sənin qaynatandır,– dedi.– Onun yurdunu kor qoymaq olarmı?
– Bir Allah şahiddir ki, mənim onunla heç bir qərəzim yoxdur! Ancaq onun əməlləri İranın əleyhinə çevriləndə, mən buna dözə bilmərəm! Sən mənim üçün çox əzizsən, Banu! Bunu bütün İranda bilməyən yoxdu. Mən öz canımı sənə qurban edə bilərəm, ancaq İranın maraqları mənim üçün öz canımdan artıqdır!
– İbrahim xan Qarabağı qorumaq istəyir. O hər vasitə ilə çalışır ki, Azərbaycan vahid bir dövlət olsun. Axı, sən də azəri türküsən…
– Bəli, mən azəri türküyəm. Ancaq mən Şahənşaham! İran kimi bir məmləkətin başında duran adamam! Mənim bu məmləkət qarşısında məsuliyyətim var! İranın yarısından çoxu azəri türküdü. İndi mən nə etməliyəm, deməliyəm ki, gedin, şimaldakı xanlarla birləşin, ayrıca bir Azərbaycan dövləti yaradın? Belə şey ola bilməz, Banu! Mən imkan verə bilmərəm ki, azəri xanlıqları ikişaf etsin, böyüsün, sonra da birləşib məmləkətimizi parçalasın, vahid bir dövlət olsun! Biz heç zaman belə şeylə barışa bilmərik. İndi də, yüz illərdən sonra da! Mənim möhtərəm qaynatam isə xam xəyallara düşüb ruslarla dil tapmaq istəyir. Ruslarla ha!.. Bu təkcə İrana yox, bütün İslama xəyanətdir!– Fətəli şah ayağa qalxdı.– Mənim işlərim çoxdu, Banu.– Və otaqdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-11
Use ← → keys to move, R for a random poem
More by this author
Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
IV fəsilYenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:– Leyli! Leyli!
V fəsilBəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi.Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi.
VI fəsilƏminə xanım nə qədər səbrli-qərarlıydısa, nə qədər hərəkətsiziydisə, Bəşir müəllim bir o qədər səbrsiz və bir o qədər də bir yerdə qərar tuta bilməyən, civə kimi ora-bura diyirlənən bir adam idi və günortalar evdə olanda və heç bir qonaqları olmayanda, Bəşir müəllim zolaqlı pijama şalvarını əyninə geyib tez-tez həyətə düşürdü, dənizə gedirdi, evdə isə gen trusiklə gəzirdi. Bu kişinin şakəri hinin qabağında dayanıb toyuqlara çörək vermək idi və hər dəfə evdən təzə, yekə təndir çörəyi götürüb gəlib dururdu hinin qabağında və başlayırdı çörəkdən didib:– Cib-cib-cib-cib... – deyə-deyə toyuqların qabağına atmağa və toyuqların çörək qırıqlarını dənləməyinə tamaşa eləməyə.