IV fəsil
Page 1 of 2
Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:
– Leyli! Leyli!
Sonra qız kişi səsinə oxşayan yoğun səsiylə soruşdu:
– Nədi. Məcnun?
Sonra ikisi də bir yerdə oxumağa başladı:
– Bəs, biz axı, neyləyək?
İbn-Səlam elçi gəlir,
Dərdi kimə söyləyək?
Oğlan təzədən səsini zildə köklədi:
– Çiçəyim, mələyim,
Ey gözəlim mənim, qəşəng Leylam,
Sənsiz həyatda yaşamaq mənə olar haram!
Ağabacı bu dəfə özünü saxlaya bilməyib ürəyində fikirləşdi ki, ağıllı olub başqalarının dərdini çəkincə, gic ol, qoy elə hamı sənin dərdini çəksin; kül bunların başına! Ağabacı bunu fikirləşdi, amma məlum olmadı ki, kimin qarasınca deyinir: bu oxuyanların, yoxsa ki, kirayənişinlərin. Dünən gecə yerlərinə girəndə və Ağababa deyəndə ki, bu kirayənişinlərdən gözü su içmir, Ağabacı Ağababanı sakit elədi: «– Armud saplaqsız, adam nöqsansız olmaz, ay Ağababa...» – dedi, amma Ağababa hələ dörd gün idi gündüzlər evdə olmurdu və bu işlərdən bir o qədər də xəbəri yox idi.
Düz beş gün idi ki, bu konsert davam edirdi, düz beş gün idi ki, bu cır səsli oğlan Leylini çağırırdı və yoğun səsli qız da: «– Nədi, Məcnun?» – deyirdi (Ağabacı da ürəyində: «– Boyuvu elə qara yerə soxum sənün!» – deyirdi), sonra da ikisi bir yerdə oxumağa başlayırdı.
Düz beş gün idi ki, günorta çağı bu konsert başlayan kimi, yəni Əminə xanım valı patefonun üstünə qoyub səsi axıracan qaldırandan sonra, özü gəlib şüşəbəndin pəncərəsi ağzında dayanıb gilas yeməyə başlayırdı.
Allah, adam bu qədər gilas yeyər? Bəs, deyirlər gilas adamın qarnını ağrıdır, bəs, bunun qarnına niyə bir şey eləmir? Bu boyda qarına gilas neyləsin? Ağabacı çox çalışırdı ki, ürəyində kirayənişinlərinə qarşı kin-küdurət yaranmasın, amma heç cürə mümkün deyildl.
Ağabacı kirayənişinləri ilə açıq-aşkar düşmənçiliyə başlamışdı, amma məlum səbəbdən ürəyində düşmənçilik eləyirdi və belə bir minval ilə səsini içinə salıb düşmənçilik aparmaq Ağabacının gününü lap qara eləmişdi (atalar elə bu yerdə deyiblər ki, deyirəm, çölümü yandırır, demirəm, içimi; atalar yaxşı kişi olublar və həmişə də yaxşı sözlər deyiblər).
Düz beş gün idi ki, Ağabacı ilə Ağababa evlərini kirayə vermişdilər, özləri birinci mərtəbədəki yarımzirzəmi mətbəxə və mətbəxin yanındakı balaca otaqkimiyə (qışda bura odun yığırdılar) köçmüşdülər. Ağababa şüşəbəndin altını brezentlə örtüb bağlamışdı və qızlar burda yatırdı; Ağabacı şüşəbəndin altına palaz döşəmişdi və qızların yerini də palazın üstündən salmışdı. Dünən gecə o qədər isti oldu ki, Ağababa ilə Ağabacı bu istiyə tab gətirmədi və mətbəxdən çıxıb bütün ömürlərində birinci dəfə, yəni ikisi də evdə ola-ola, ömürlərində birinci dəfə bir-birilərindən ayrı yatdı, özü də uşaqlarla bir yerdə yatdı: Ağabacı Ağababanın yerini şüşəbəndin altında o başdan, özününkünü də bu biri başdan saldı, arada da qızlar yatmışdı.
Və düz beş gün idi ki, Nuhbala da evə gec gəlirdi, kirayənişinləri yatıb işığı söndürəndən sonra gəlirdi, çünki Nərgiz Nuhbalaya demişdi ki, and iç ki, bütün
ömründə məndən başqa heç kimi sevməyəcəksən; Nuhbala da böyük qardaşı
Baladadaşın canına and içmişdi ki, qara torpağın altına gedən günə kimi, ömründə Nərgizdən başqa heç kimi sevməyəcək və başqa bir qadın xeylağına gözünün ucuyla da baxmayacaq, buna görə də Nuhbala evə gec gəlirdi, gec gəlirdi ki, talvara
qalxanda ikinci mərtəbənin pəncərəsindən Əminə xanımın soyunmağını, südlə dolu inək yelininə oxşayan döşlərini, yekə dalını görməsin, bu arvadın, ərinin yanında otaqda tumançaq gəzməyini görməsin (Nuhbalanın Əminə xanımdan çox, Bəşir
müəllimə hirsi tuturdu: «Əri – oğraş, niyə işığı söndürmür, pərdəni çəkmir heç
olmasa?!»).
Dörd nəfər idi, Ağababagilin həyət-bacasında fironluq eləyən bu kirayənişinlər dörd nəfər idi: Bəşir müəllim idi, əlli yaşı olardı, bəlkə əllidən də çox olardı,
ortaboylu, qarayanız, qıvrım qara saçlı bir kişi idi, amma sonra məlum oldu ki,
saçına da, nazik bığına da rəng qoyur. Ağababa diqqətlə baxanda bunu başa düşdü və bundan sonra Bəşir müəllimin üzünə baxa bilmirdi, bir də ki, Bəşir müəllimdən həmişə ətir iyi gəlirdi. Əminə xanım idi, yaşı qırx olmazdı hələ, yumurta kimi
ağappaq idi, saçları xurmayı, gözləri ala idi, özü də ding-ding dingildəyirdi;
oğlanları Adil idi, Adik deyirdilər və bu Adik məktəbi bu il qurtarmışdı; qızları
Ofelya idi, Ofa deyirdilər, altıncı sinfə keçmişdi və bütün bu ailəni birləşdirən bir şey tamam göz qabağında idi ki, o da bunların hamısının köklüyü idi: ata da kök idi, ana da kök idi, balalar da kök idi, hamısı kök idi. (Əmirqulunun arvadı Xeyransa qonşularının bu kirayənişinlərini birinci dəfə görəndə az qaldı gülməkdən uğunub getsin, çünki bu kök adamları görən kimi, bütün kənddə məşhur olan, kişilərin də öz aralarında deyib-güldüyü, arvadların da öz aralarında deyib-güldüyü bir söhbət
yadına düşdü: qarovulçu Həsənulla İrtışın, Obun sahillərindən qayıdıb gələndən
sonra, bir müddət tək yaşadı kənddə, sonra evlənmək fikrinə düşdü və kəndin
ağsaqqallarından qəssab Ağakişi soruşanda ki, qarovulçu Həsənulla kimi almaq istəyir, qarovulçu Həsənulla demişdi ki, kim olur-olsun, kimi alırsız mənim üçün alın, amma kök olsun! Qəssab Ağakişi kənddəki tay-tuşları ilə klubun həyətindəki çayxanada oturub çay içə-içə: «Alə, – demişdi, – bu üftadə elə bir ailə qurmaq
istəyir ki, üssü köklük olsun. Bu arvad istəmir evə, istifadə üçün mal istəyir». Və bu xəbər kəndə yayılandan sonra, məlum məsələdi ki, qarovulçu Həsənullaya gedən bir arvad olmadı və qarovulçu Həsənulla da axırda: «– Çort poberi!» – dedi və gedib Bakıdan dul bir arvad alıb gətirdi, özü də kök arvad.)
Hə, Ağababagilin kirayənişinlərinin dördü də kök idi, amma əslində onlar dörd yox, beş nəfər idi, çünki bunların bir dostu var idi, adı Kələntər müəllim idi və bu Kələntər müəllim də Allahın hər verən günü Ağababagilin evində idi, yəni ki, kirayənişinlərin yanına gəlirdi. Amma Kələntər müəllim arıq və uzun idi, boğazının hulqumu çıxırdı və uzunluqda, əyri-üyrülükdə bu kişi dəvə boynuna oxşayırdı, həm də yaman qayışbaldır kişi idi.
Yoğun səsli qız indi də o biri mahnısına başladı və bu mahnı yazılan valın ortası çatdaq olduğu üçün, ortada ilişə-ilişə bütün bu həyət-bacanı başına aldı:
«Volqa»sı yaşıl oğ-ğ-ğ-lan, Qəni, Qəni!
Ağzı qızıl diş oğ-ğ-ğlan, Qəni, Qəni!
Gəl sən mənə sataş-ş-şma.
Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni!..
«Mürdəşir üzüvü yusun sənin! «Qəni» deyə-deyə qara yerə girəsən elə!» – Ağabacı ürəyində bu sözləri deyə-deyə, yoğun səsli qızın qarasına deyinə-deyinə çayniki elə hirslə samovarın dəmkeşinə basdı ki, çaynik yanı üstə əyildi və qaynar su çaynikdən tökülüb Ağabacının baş barmağını yandırdı. «– Mənə bu da azdı! – dedi öz-özünə Ağabacı. – Guya ki, bunlardan sezonun axırında iki yüz manat alıb bəxtəvər olacağam!»
Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni...
Bu dəfə də valdan «Ay can! Ay can!» səsləri gəldi. Bu əldədüzəltmə valları hansı bir toy məclisindəsə yazmışdılar və bu cür valları Bakıdakı «Nərgiz» kafesinin yanında əldə çox baha qiymətə satırdılar, çünki bu cür valların öz azarkeşləri var idi və bu cür azarkeşlərin də cibi həmişə dolu olurdu; Əminə xanım da bu valları «Nərgiz» kafesinin qabağından aldırıb gətirmişdi və ümumiyyətlə, Əminə xanım «Nərgiz» kafesinin qabağında satılan bu cür valların birini də buraxmazdı, hamısını aldırıb səhərdən-axşama kimi ləzzətlə qulaq asardı.
Sonra həmin cır səsli oğlan yenə qışqıra-qışqıra cavab verdi, guya ki, Qəni bu başıbatmışdır:
Dəm, dəm olmuşam, ay gözəl,
Gözləri xumar olmuşam, ay gözəl!..
Allah lənət eləsin dəllal Zübeydəyə, Zübeydə ürcah elədi bu kirayənişinləri Ağabacıgilə, «– Yaxşı adamlardı – dedi, – çox kulturnu adamlardı!», yalansa bir qara daş düşsün dəllal Zübeydənin başına, kirayənişin tapdığı üçün, Allah bilir, nə qədər almışdı bunlardan, dəysin öz başına, amma bunları gətirib Ağabacıgilə ürcah eləməyi elə bil ki, azmış, beş manat da tutub Ağabacıdan aldı ki, kirayənişin tapmışam səninçün! Lap əcəb elədi dəllal Zübeydə, əlinin də içindən gəldi, çünki dəllal Zübeydə kimi anasının əmcəyini kəsənin sözünə baxanda axırı da belə olar. Sonra Ağabacı fikirləşdi ki, gərək evin kişisi bir nəfər olsun, kişi nə dedi, gərək elə də olsun, necə ki, Ağababa deyirdi ki, kirayənişin lazım deyil bizə, elə də olmalı idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-dolca-iv-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Qış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Axı, nə oldu ki, birdən hamı güldü?Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar.Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi, özü də lap təzəcə keçmişdi.
AyıcaAyıca Aysunun ən birinci dostu idi.Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı.
Gilas qızAysunun adı Aysu idi, amma güllər, çiçəklər, yaşıl, yamyaşıl otlar öz aralarında Aysuya «Gilas qız» deyirdilər, öz aralarında pıçıldayırdılar:– Gilas qız gəldi...
Poems by other poets
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
AriflərEşqin şərabından bir qətrə içən,Əlbəttə, od tutub yanar, ariflər!
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır