Page 1 of 2

Ömründə mənə zəng eləyən deyil, o gün gördüm ki, zəng eləyib: «– Nə var, nə yox, ay Mürşüd məllim? Heç görükmürsən...» Guya ki, məni görməkdən ötrü gözünün ucu axır... «– Sağlığın. – dedim. – iş-güc qoyur ki...» « – Əşşi, – dedi, – bəsdi bu qədər yazdın-pozdun da, başuva dönüm sənin!.. Hara baxırsan, maşallah, elə sənin kitablarındı... Fəxrimizsən də!.. Amma bir az istirahət elə, ay Mürşüd, canına bax!» Gərək mütləq bir işarə vursun, heç olmasa, bir balaca sancsın, yoxsa Əbdül Qafarzadə olmaz axı... Bizim nəşriyyatın müdiri İslamzadə ki, var, bunun dostudu, özü də tamahkarın, əliəyrinin biridir, lakin iyirmi ildir o boyda nəşriyyata rəhbərlik eləyir. Əvvəllər heç beş ildə bir dəfə mənim kitabımı plana salmırdı, sarı, seyrək dişlərinin arasından tüpürcək sıçrada-sıçrada: « – Yaxşı deyil! – deyirdi. – Özün nəşriyyatda redaktor işləyirsən. Sonra deyəcəklər ki, özünüz özünüzü çap eləyirsiniz. Yazıların da, bilirsən də, camaatı cəlb eləmir, alan olmur. – Lap elə üzümə beləcə deyirdi vicdansız. – Çıxanda da gözlərinə döndüyüm tənqidçilər başlayırlar bizi tənqid eləməyə ki, istedadlar qalıb bir tərəfdə, nəşriyyatlar Mürşüd Gülcahaninin romanını çap eləyir... İncimə e, sən də kommunistsən, mən də. Sənnən bir kommunist kimi danışıram!» Yalançının atasına lənət! Səndən kommunist olar, ay alçaq?! Əxlaq pozğunusan, bu, day, bütün Bakıya məlumdur, rüşvətxorsan, rüşvətlə kitab buraxırsan, bunu da ki, Allaha şükür, Bakıda bilməyən yoxdur! Lakin nə edəsən, deyəcəkdim bunları üzünə, heç olmasa, yenə beş ildən-bir kitabımı buraxırdı, vicdansız onu da buraxmayacaqdı, özümü də nəşriyyatda pisikdirəcəkdi. Bir qırmızı sifəti var ki, nə abır-həya bilir, nə yaşa baxır. Bir dəfə düz gözlərimin içinə dedi: « – Bilirsən nə var, Mürşüd Gülcahani, istəyirsən sənin kitabını buraxım, onda nəşriyyatdan işdən çıx, bir də buralara gəlmə!» Lakin, elə ki, bununla, bu Əbdül Qafarzadəylə qohum oldum (Allah kəssin belə qohumluğu!), o boyda İslamzadə ki, böyük-böyük yazıçılar əlindən qan ağlayırdı (elə indi də ağlayır!), çönüb oldu başqa adam, hər il kitabımı salır plana. İndi bəs nə olub, ay vicdansız, bəs niyə qorxmursan ki, deyərlər özünüz özünüzü çap eləyirsiniz? Hə? Noldu bəs sənin kommunistliyin, ay riyakar?! İşə bax də, nəşriyyat müdiri hara, qəbiristanlıq müdiri hara, lakin vicdanım haqqı, elə ki, o Ömər binəva Əbdül Qafarzadənin bu atbalaxanım qızına rast gəldi, elə ki, bununla qohum olduq, gördüm ki, o İslamzadə ilə bu Qafarzadə canbir qəlbdirlər, çünki ikisi də bir yuvanın quşudur. Özü də dünyanın işinə bax ki, İslamzadə Qafarzadəyə yaltaqlanır, öz nazirindən elə çəkinmir ki, Qafarzadədən çəkinir. Hərdən görürsən ki, çağırdı məni, İslamzadəni deyirəm, yalandan hal-əhval tutdu, bilirəm axı, fırıldaqdı, gözləyirəm görüm sözünün canı nədi, o da keçir mətləbə, qızımı institutda filan müəllim kəsib, daha mənim üzüm gəlmir (səndə üz varıydı ki, gəlməsin?!), sən Allah, Mürşüd müəllim (əvvəllər mənə müəllim-zad deməzdi, elə-eləcə Mürşüd deyərdi, vicdansız), de Əbdül qardaşımıza, qızı tapşırsın. Mən də gəlib deyirəm. Neyləyim. Neyləyim, özümü alçaldıram, lakin əlac nədir, zəmanə pis zəmanədir, mənim kimi adamı, mənim kimi yazıçını belələrinə möhtac eləyir. Bizdə adını cavan yazıçı qoymuş sırtığın biri var, adı Səlim Bədbindir (bir adam ki, təxəllüsünü «Bədbin» qoysun, daha ondan nə gözləyəsən?), utanıb-qızarmır, üzümə hırıldaya-hırıldaya deyir ki, Mürşüd müəllim, Azərbaycanda ən böyük vəzifə nazir-zad deyil, hamısı boş şeydir, ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Nə deyəsən bu vicdansıza? Eh, deyirəm, çölüm yandırır, demirəm, içim. Viranə qalsın belə vəzifə! Mən boyda adamın gedib oğlumun – yeganə ovladımın evində bir stəkan çay içməyə ixtiyarı yoxdur. Gedib otururam, o saat bunun o atbalaxanım qızı: « – Tixo, – deyir. – Abdulçik zanimaetsə!» Özü də yanımızda oturub başlayır kitab oxumağa. Kitab da bir kitab ola, dərd yarıdı! Hamısı cuhudların yazdıqlarıdı... Ömər yazıq cıqqırığını çıxartmağa qorxur, məlul-məlul mənə baxır, mən də ona, sonra da durub çıxıb gedirəm evimə. Uşağa da bunun adını qoyublar, hər dəfə «Abdulçik» eşidəndə, vicdan haqqı, elə bil, başıma bir vedrə qaynar su tökürlər. Kimə deyəsən?.. İş o yerə çatıb ki, heç uşaq da məni vecinə almır, məni görəndə heç oturduğu yerdən tərpənmir də, lakin elə ki, bunu görür: «–Dedulya!» – deyib cumur üstünə. Uşaqda nə təqsir var?.. Bir dəfə uşağın saqqızını oğurladım, aldım qucağıma, oturduq pəncərənin qabağında. Axşam idi, göydə ulduzlar bərq vururdu. Mənim daxili aləmimdə lirik hisslər baş qaldırdı. Uşağa da istədim romantika aşılayım. Dedim: « – Bax, balası, o ulduzları görürsən? O ulduzlardan hansını istəyirsən, göydən götürüm, verim sənə!.. Olsun sənin ulduzun!..» Uşaq ağzını açmağa macal tapmamış, o saat ifritə anası çımxırdı: « – Yaxşı olardı ki, Mürşüd əmi, siz özünüz hökumətdən bir ulduz alıb taxaydınız döşünüzə! Nəvəniz də fəxr eləyərdi ki, babası başqa yazıçılar kimi, geroydur! Heç Allahın medalı da yoxunuzdur! Ona görə də heç kim tanımır sizi!» Uşağın əlindən dartıb götürüb apardı o biri otağa. İfritədir də, ifritə!.. Əbdül Qafarzadənin qızı nə bilir ki, romantika nədir?! İkinci budur ki, düz demir, dörd dənə medalım var, bir dəfə də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını almışam. Üçüncüsü də, indi mənim kimi adamlara, mənim kimi sənətkarlara qiymət qoyan kimdir? Brejnev deyiləm ki, əlimi salım torbaya, ulduz çıxarıb taxım döşümə, ay ifritə! Nə gedib Moskvada oturub redaktorları qonaq edirəm, nə burdan onlara başqaları kimi ərməğanlar göndərirəm, nə də MK-da dostum, tanışım var! Öz vicdanımla və istedadımla yazıram! Lakin indi kimdi vicdana və istedada qiymət qoyan?! Bir ölkədə ki, Stalin boyda bir dahini gorbagor eləyələr, daha kimə nə deyəsən? O Stalin ki, bu ölkəni yaratdı! Bir də ki, niyə məni heç kim tanımır?! Özüm təvazökaram, lakin bunu Əbdül Qafarzadənin qızı hardan başa düşsün? Uşağın istedadını da Ömərdə görmür, atasında görür. Deyir, bu uşaq ki, çalğıya bu qədər meyl göstərir, guya, babasına, yəni Əbdül Qafarzadəyə çəkib, ona görə: «Moy papa oçen muzıkalnıy çelovek! Mı vse v neqo poşli!.. I Abdulçik toje!» Uşağın familini də, deyəsən, dəyişdirib Qafarzadə eləmək istəyir, Ömər bizdən gizlədir. Yazıq Ömər... Bu atbalaxanım, Öməri hər üzünə aldada bilər, bunlardan nə desən çıxar, bəlkə də elə aldadır... Görmürsən gözlərindən cin yağır? O gün o sırtıq Səlim Bədbin nəşriyyatda, camaatın içində mənə deyir: «– Mürşüd müəllim, gəlinivi gördüm...» Özü də çox mənalı-mənalı deyirdi. Mən də daha camaatın içində ucundan tutub, ucuzluğa getmədim. Soruşacağam harda gördün? Nə bilim nə deyəcək? Allah bilir, harda görüb, o ifritədən nə desən çıxar, atasının qızıdır! Soruşacağam sən hardan tanıyırsan mənim gəlinimi, nə bilim nə cavab verəcək?! Üstündən keçdim, guya, mənə heç nə demədi... Yazıq Ömər... Gül kimi tərtəmiz, başıaşağı, üzüyola, fağır uşaqdı, incə qəlblidi, düşüb bu canavarların cənginə... Bunların da, Əbdül Qafarzadəgili deyirəm, bir oğlu varıydı Orduxan adında. Cavan oğlanıydı, lakin arvadbazın biriydi. İşi-peşəsi camaatın arvadını əlindən almaq idi, camaatın arvadına sataşmaq idi. Əbdül İraq konsulunun «Mersedes»ini mənim adıma alıb – beləcə mənim adımdan o qədər istifadə edir ki, heç özümün də xəbərim olmur – vermişdi oğluna, o da maşını Bakının küçələrində 100-lə sürürdü, özü də idmançı idi, voleyboldu – nədi, onnan oynayırdı. Əbdül onu yığma komandaya saldırmışdı, həftə səkkiz, mən doqquz – Türkiyədə idi, Braziliyada idi, Yaponiyada idi. Mən boyda yazıçı ömrümdə bircə dəfə Bolqarıstanda turist olmuşam, lakin bunun o Orduxan oğlu Hindistandan vurub ABŞ-dan çıxırdı. Bir həftənin içində qripdən getdi, çünki göydə Allah gördü bu ədalətsizliyi, atanın da, oğulun da pozğunluğunu, cəzalandırdı onları. Düzdür, mən ateistəm, lakin görünür, hansı bir qüvvəsə var, cəzalandırır... Başımda onun ölməyi haqqında bir roman var, lap hazırdı, oturub qələmə almaq lazımdı, lakin qorxuram, yazaram, Əbdül də oxuyub başa düşə, ondan sonra di gəl də... Lakin daha oxuya bilməyəcək... Orduxan öləndən sonra, Yeni il ərəfəsində ölmüşdü, o atbalaxanım qız, yəni mənim o gəlinim hər il Yeni ildə yazıq Öməri məcbur eləyir ki, yeddi gün səhərdən axşamacan pianinoda ölü havaları çalsın. Kimə deyəsən?.. Nə isə... Hə, o gün zəng eləyib deyir ki, «–Hara baxırsan, sənin kitablarındı». Yəni ki, mənə görə nəşr eləyirlər sənin kitablarını. Mən də yaxşı cavab verdim, belə lap möhkəm cavab verdim, özümün də xoşuma gəldi, dedim: «–Yazıçının gərək kitabı olsun də!»

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets