Page 1 of 11

Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.

Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.

Quranın elə birinci «Fatihə surəsi» insanın belə bir müraciəti, belə bir inamı və istəyi ilə başlayırdı:

«Rəhm edən, bağışlayan Allahın adı ilə (başlayıram).

(Allah) rəhm edən, bağışlayandır.

Cəza gününün sahibidir.

Ancaq Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.

Bizi doğru yola yönəlt!»

Bunu insan özü istəyir, bu istək insanın bütün içindən axıb gəlir, bunu insan şüuru da dərk edir: «Bizi doğru yola yönəlt!» Bəs, nə üçün Allah həmişə hamını doğru yola yönəltmir və nə üçün əyri yol da mövcuddur ki, insan özü özünü o yoldan sapındırmağı xahiş edir, məgər hər şey Allahın əlində deyilmi? Quranın ki «Bəqərə surəsi»ndə insana müraciətlə deyilir:

«Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Ondan başqa bir haminiz və yardımçınız yoxdur?»

Bir halda ki, göylərin və yerlərin səltənəti Allaha məxsusdur və Allah da Quranın dəfələrlə yazdığı kimi, adildir, bəs, nə üçün bu səltənətdə doğru yolla bərabər, əyri yol da mövcuddur və Allah nə üçün belə bir mövcudluğu qəbul edir, bununla barışır? Yenə də «Bəqərə surəsi»ndə deyilirdi:

«Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə və ya şeyə) «OL!» deyər (fövran), o da olar».

Bəs, nə üçün, nə üçün o həmin əyri yolları doğru yollara çevirmək üçün bir dəfə «OL!» demir? Axı, belə olsa, o zaman heç cəhənnəmə də ehtiyac olmaz, Cəza günündə, yəni Qiyamət günündə, pis əmələ qarşı pis əvəz, yaxşı əmələ qarşı yaxşı əvəz verilməz, çünki, ümumiyyətlə, pis əməl olmaz və hamı cənnətlik olar. Quranın «Nisa surəsi»ndə deyilirdi:

«Yaxşı əmələ yardım göstərən şəxsə ondan (o işin savabından) bir hissə, pis əmələ yardım göstərənə isə ondan (o işin günahından) bir pay veriləcəkdir. Əlbəttə, Allah hər şeyə qadirdir!»

Bir halda ki, belədir, bir halda ki, belə bir qadirlik var, bəs, nə üçün O kiminsə pis əmələ yardım göstərməyinə və ümumiyyətlə, pis əməlin mövcudluğuna imkan verir? Yalnız ona görə ki, Qiyamət günündə həmin günahların əvəzi veriləcək, günah işlədən insanlar cəzalanacaq? Bəlkə tələbə bütün bunları öz insan ağlı ilə fikirləşir və mahiyyətdən xəbəri yoxdur? Yəqin elə belədir...

Yəqin, yəqin elə belədir...

Günaşırı Bayıldakı o şəxsi dayanacaqda qarovul çəkdiyi gecələr tələbə Murad İldırımlı üçün ayıqlıqla yuxu arasında keçirdi, nə yata bilirdi, nə də ayıq qalırdı, mürgü içində zehni işləyirdi, tələbəni yorurdu və elə ki, səhər açılırdı, tələbə birbaşa universitetə gedirdi, dərsdən sonra evə qayıdırdı, o yazıq Xədicə arvad kirayənişininə baxıb: «– Anan ölsün sənün, bu nə gündü düşmüsən belə?! – deyirdi.

– Nöş əziyyət çəkirsən sən belə, ay fağır? Nöş canuva cəfa eləyirsən belə?!» Əlbəttə, tələbə cavab verə bilmirdi ki, bu əziyyətin səbəbi ayda gətirib sənə 70 manat verməkdən ibarətdir... Yuxusuzluqdan tələbənin gözləri yumulurdu, amma elə ki, öz otağında dəmir çarpayıda uzanıb o göyümtül adyalı üstünə çəkirdi, heç cürə yuxuya gedə bilmirdi; ya qatmaqarışıq bir xəyal aləminə qapılırdı, ya heç vaxt həyatda görmədiyi, amma təsəvvür etdiyi erotik görümlər universitetdə bir yerdə oxuduqları qızların simasında gözlərinin qabağına gəlirdi və bütün görümlərin, xəyalların, kin-küdurətin əzabından canını qurtarmaq üçün durub M. F. Axundov adına Respublika Dövlət Kitabxanasına gedirdi, sessiya imtahanlarına hazırlaşırdı, köhnə qəzetjurnalları vərəqləyirdi, bədii əsərlər oxuyurdu, ingilis dilini öyrənməyə çalışırdı və hekayələr yazırdı. O hekayələr isə heç harada çap olunmurdu (indiyə qədər bir yazısı da dərc edilməmişdi!), illərlə qəzetlərin, jurnalların Muxtar Xudavəndə kimi ədəbiyyat şöbəsi müdirlərinin mizlərinin gözündə yatıb qalırdı... Muxtar Xudavəndə havayı yerə hekayə çap etmirdi, ya gərək tapşırılaydın, ya gərək pul tapıb bir-iki dəfə restorana aparaydın, ya da ki, gərək kənddən ətdən, toyuqdan, motaldan, baldan bir pay gətirib Muxtar Xudavəndənin evinin qapısını döyəydin... Düzdü, indi kənddəkilər özləri yeməyə bir şey tapmırdılar, gəlib Bakıdan ucuz hökumət pendiri, hətta marqarin yağı alıb kəndə aparırdılar, amma bunun mətləbə dəxli yox idi...

Dünən Xosrov müəllimlə birlikdə Tülkü Gəldi Qəbiristanlığından qayıdanda və məlum olanda ki, o yazıq Xədicə arvadı torpağa tapşırmaq üçün yer ala bilməyiblər, məhəllə camaatı narazılıqla gah Xosrov müəllimə, gah də tələbəyə baxa-baxa bir-biri ilə pıçıldaşdı, çörəkçi Ağabalanın əsgərlikdən təzə qayıtmış oğlu dodaqaltı söyüş söyə-söyə yerində qurcalandı və həmin anlarda tələbə Murad İldırımlı başa düşdü ki, iyirmi yeddi illik ömrünün ən məsul dəqiqələrini yaşayır, çünki birdən-birə heç vaxt bu dərəcədə hiss etmədiyi bir qətiyyət bu cavan adamın bütün varlığına hakim kəsildi: tələbə Murad İldırımlı Tülkü Gəldi Qəbiristanlığının müdirini öldürməli idi və öldürəcəkdi!

Həmin dəqiqələrdə bir-biri ilə pıçıldaşan, bir-biri ilə məsləhətləşən məhəllə kişilərinə, dünyadakı pis-pis adamların qarasına qarğış eləyən məhəllə arvadlarına baxa-baxa tələbə başa düşdü ki, əslində, dörd il bundan əvvəl uzaq dağların qoynundakı o kimsəsiz, o miskin kənddən də elə bu qətldən ötrü Bakıya gəlib, elə bu qətl naminə dörd il Bakıda tələbəlik edib, bəlkə də elə bu qətl naminə təkcə Bakıya yox, ümumiyyətlə, dünyaya gəlib və o yazıq Xədicə arvad elə bu qətl naminə vəfat edib; hətta tələbəyə elə gəldi ki, Xədicə arvad vəfat etməyib, bu qətl yolunda həlak olub...

Məhəllə camaatı məsləhətləşib bu qərara gəldi ki, yox, o qoca arvadı, o mömin arvadı aparıb Bakı Şəhər Sovetinin çöllü-biyabanda açdığı Təzə Qəbiristanlıqda basdırmaq günah bir işdir və məhəlləyə yaraşmaz, Xədicə arvadı dədə-baba qəbiristanlığında dəfn eləmək lazım idi; sonra Molla Əsədulla belə bir məsləhət verdi ki, məhəllədə pul yığmaq lazımdır və o pulu aparıb Tülkü Gəldi Qəbiristanlığının sahiblərinə vermək lazımdır ki, mərhuməyə torpaq ayırsınlar və bu gün daha keçdi, arvadı sabah Tülkü Gəldi Qəbiristanlığında dəfn etsinlər. Çörəkçi Ağabalanın əsgərlikdən təzə qayıtmış oğlu tələsik quru buz dalınca getdi ki, Xədicə arvadın cənazəsinin üstünə düzsünlər, meyit sabaha kimi ağırlaşmasın.

– Gərək elə əvvəldən belənçinə ələyəydik!.. Day bunnarı da əliboş ora göndərmiyəydik!.. – Bu sözləri də Molla Əsədulla dedi, bütün təqsirlər Xosrov müəllimlə bu yöndəmsiz tələbə kirayənişindəymiş kimi, kinlə onlara baxıb təsbehinin dənələrini daha artıq bir sürətlə çevirə-çevirə bu dəfə də gözlərini Balaniyaza zillədi, elə günorta oturduğu yerdə oturmuş Balaniyaz, elə bil ki, bütün bu hadisələrdən qat-qat uca, ali bir məqamda idi və iti gözlərini artıq qaranlıq düşmüş həyətin günc-bucağında gəzdirirdi; Molla Əsədulla özünü saxlaya bilmədi, sol əlini havada yellədi, yəni ki, ay-hay...

Molla Əsədullanın o sözlərinin də, gözlərindəki o ədavətin də, həyətə toplaşmış məhəllə camaatının pıçhapıçı da, hətta lal sükut içində dayanmış Xosrov müəllimin gözlərində hələ də keçib getmək bilməyən o ağrının da daha tələbə Murad İldırımlı üçün heç bir təsiri və mənası yox idi; hər şey tam dəqiqliyi ilə qət edilmişdi: Tülkü Gəldi Qəbiristanlığının müdiri qətlə yetirilməliydi və tələbə bütün varlığıyla hiss edirdi ki, belə də olacaq, o çeşməkli və dəhşətli adamı öldürəcək; hərgah belə eləməsə, öldürməsə, özü, yəni tələbə Murad İldırımlı bu həyatda yaşaya bilməyəcək.

Məsələ yalnız o müdirdə deyildi, yəni yalnız onun şəxsiyyətində deyildi – tələbə bu adamı bütün ömründə birinci dəfə görürdü – məsələ onda idi ki... nədə idi? – tələbə bunu özü üçün dəqiqləşdirə bilmirdi, amma o adam ölməli idi və bu qətli məhz tələbə Murad İldırımlı yerinə yetirməli idi. İstintaqda, əlbəttə, cavab verə bilməyəcəkdi, bu adamı nə üçün öldürdüyünün səbəbini izah edə bilməyəcəkdi, çünki Tülkü Gəldi Qəbiristanlığındakı o təhqirə görə, hesabla daha artıq dərəcədə milis mayoru Məmmədovu öldürməli idi, amma müdiri öldürəcəkdi və o anlarda tələbəyə elə gəlirdi ki, müdir həmin adamdır, daha doğrusu, cəmiyyətdəki həmin qüvvədir ki, insanları «Əzizimin cəfası» romanını oxutmağa məcbur edir, çünki o yazılmamış romanın müəllifi elə Tülkü Gəldi Qəbiristanlığının həmin müdirinin özüdür...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 min
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 min
IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 min
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 min

Poems by other poets