Page 2 of 11 · 9%

Tələbə Murad İldırımlı sözləri heç zaman bu cür tələffüz etmədiyi bir səlistliklə deyə-deyə, heç zaman bu dərəcədə (və ümumiyyətlə!) hiss etmədiyi bir sakitlik və qətilik içində məhəllə kişilərini inandırmağa çalışdı ki, pul yığmaq lazım deyil, sabah Tülkü Gəldi Qəbiristanlığında mütləq yer verəcəklər, səhər tezdən yenə ora gedəcək və mütləq yer alacaq.

Həmişə sıxılan, həyəcanlanan bu yöndəmsiz kirayənişinin birdən-birə belə bir sakitliklə, arxayınlıqla, inamla danışması, hətta, deyəsən, Balaniyaza da təsir etdi və Balaniyaz gözlərini həyətin künc-bucağından çəkib heyran-heyran tələbəyə baxdı və özünü saxlaya bilməyib:

– Molodçik! – dedi.

Molla Əsədulla bu dəfə açıq-aşkar bir nifrətlə Balaniyaza baxdı, sonra tələbəni başdan ayağacan süzdü, gözlərinin ifadəsi ilə, dodaqlarının acı bir rişxəndlə dolu təbəssümü ilə, elə bil ki, tələbənin miskinliyini bir daha məhəllə camaatına göstərdi və dedi:

– Nəlbəki boyda boyun var sənün!.. Sən gedib oradan necə yer alacaqsan, hə?!. Belə yer alanuydun, alaydun də! Avara ələmə camaatı!..

Bu qədər adamın içində onu bu dərəcədə kiçildən, alçaldan həmin sözlər o dəm tələbə Murad İldırımlıya qətiyyən təsir etmədi və eyni sakitliklə, qətiyyətlə bir də təkrar etdi ki, sabah səhər Tülkü Gəldi Qəbiristanlığında Xədicə arvad üçün mütləq yer götürəcək. Rayondan gəlmiş bu cavan adamın, bu yöndəmsiz kirayənişinin beləcə bir qətiyyəti Molla Əsədullanı da, görünür, şübhəyə saldı və kişi pul yığmaq məsələsini daha təkid etmədi; molla bilirdi ki, ilk baxışda bu cürə nəzərə çarpmayan adamlardan nə desən gözləmək mümkündü; vaxtıyla məhəllədə kirayənişin olmuş bir beləsi indi Mərkəzi Komitədə işləyirdi və dəniz kənarında beşotaqlı mənzili var idi... Bir də ki, əgər pul yığsaydı, əvvəlinci elə gərək Molla Əsədullanın özü pul verəydi...

O yazıq Xədicə arvadın evinin həyətə baxan pəncərəsindən – tələbənin kirayənişin qaldığı otağın pəncərəsindən gözlərini həyətə dikmiş və kişilərin görəcəkləri tədbirdən, gələcəkləri qərardan xəbərdar olmağa çalışan məhəllə arvadları da ərlərinin artıq xərcə düşməyəcəkləri üçün açıq-aşkar bir fərəhlə tələbə Murad İldırımlıya baxa-baxa səhər Molla Əsədullanın dediyi sözləri təkrar eləməyə başladılar:

– O rəhmətlik arvad sənün xətrüvü o qədərnə çox istəyirdi ki!..

– Səni oğlunnan çox istəyirdi, vallah!..

– Allah sənün canuvu sağ eləsin!..

– Allah sənün kimi oxumuşları bizim başımızın üstünnən əskik eləməsin!.. Süz ağıllı olursuz!..

Balaniyaz da başını tərpədə-tərpədə məhəllə arvadlarının dediklərini təkrar edirdi:

– Əl-əlbət belədür!.. Əl-əlbət!..

Xosrov müəllim isə eləcə lal sükut içində tələbəyə baxırdı.

Tələbə məhəllədən çıxıb Bayıldakı şəxsi maşın dayanacağına gələndə yolda avtobusdan düşüb Bayıl tərəfə gedən marşrutla ikinci dəfə avtobusa minməzdən əvvəl təsərrüfat malları dükanına girdi və iki günlük yemək-içməyinin pulunu verib bir manat doxsan qəpiyə uzun və iti bir çörək bıçağı aldı. İndi o köşkə bənzər yerdə şala bürünüb taxta kətilin üstündə oturmuş tələbəyə elə gəlirdi ki, pencəyinin döş cibində gizlətdiyi o uzun çörək bıçağının soyuğu hərdən bu «kerosinka»nın istisini kəsir və o zaman tələbə bıçağın o buz soyuğunu bütün bədəni ilə hiss edirdi, amma bu hiss tez də keçib gedirdi, Bayıl tərəfin həmin gecə qaranlığı və sakitliyi içində əriyib yox olurdu.

Tələbə Bayıldakı bu şəxsi avtomobil dayanacağının iyini buraya iki-üç tin qalmış hiss edirdi və əvvəllər benzin, yağ, dəmirqarışıq bu dayanacaq qoxusunda tələbəni hərdən həyəcanlandıran sirli bir gecə ovqatı olurdu, çünki bəzən gecələr dayanacağa gələn maşınlarda maşın sahiblərindən – sürücü oğlanlardan, kişilərdən başqa, yanlarında oturmuş və maşının pəncərəsindən görünüb tanınmasınlar deyə çox zaman sifətlərini gizlətməyə çalışan qızlar, qadınlar da olurdu. Həmin maşın dayanacaqdakı başqa maşınların arasında dayanırdı, amma oğlanla qız, yaxud kişiylə qadın maşından çıxmırdı və lap sakitlik olanda tələbə həmin maşından gələn səsləri eşidirdi... Sonra o maşın ya təzədən dayanacaqdan çıxıb gedirdi və bir muddətdən sonra yenə qayıdırdı, daha içində qız, qadın olmurdu, ya da ki, maşın eləcə dayanacaqda qalırdı, içindəkilər çıxırdı, oğrun-oğrun maşınların arasından keçib qarovulçu köşkünün yanından ötürdülər və qaranlıqda gözdən itirdilər. Ürəyi döyünə-döyünə köşkdəki gözlüyə bənzər açıqlıqdan o kişiyə, o qıza, qadına baxan tələbə o saat müəyyən edirdi ki, bu, pul qazanan fahişədir (onların bir qismini axşamlar şəhərdə «Azərbaycan» kinoteatrının qabağında görmüşdü, hətta bir-iki dəfə tələbəyə göz vurub sataşmışdılar da, tələbə də həyəcandan boğula-boğula addımlarının sürətini daha da artırmış, çıxıb getmişdi), yoxsa gizli məhəbbət qurbanlarıdı; bəzən qaranlıqda onların sifətlərini, geyimlərini aydın görmürdü, amma yerişlərindən, hərəkətlərindən bunu o saat müəyyən edirdi (hər halda, tələbəyə belə gəlirdi...). Bu cür vaxtlar bəzən şəxsi maşın sahibi qadını irəli ötürürdü, özü isə, köşkün əldəqayırma qapısını açıb heç bir söz demədən tələbənin cibinə üç manat, beş manat pul basırdı və belə hallar o qədər sürətlə baş verirdi, gecənin qaranlığı, sakitliyi ilə, dayanacağın qoxusu ilə o qədər həmahəng olurdu ki, tələbə özündən çıxmağa, etiraz etməyə macal tapmırdı, hər dəfə həyəcanlanırdı, hirs və pərtlik onu boğurdu, amma səsini çıxartmırdı. Əvvəllər həmin üçlüyü, beşliyi uzun müddət eləcə cibində gəzdirirdi, bilmirdi ki, nə eləsin, tələbəyə elə gəlirdi ki, cibində nəsə murdar bir şey gəzdirir və o murdar şey içinə girəcək, bütün içini murdarlayacaq, sonra həmin üçlükləri, beşlikləri aparıb Bakının Təzə Pir məscidinin ətrafındakı küçələrdə oturmuş dilənçilərə verməyə başladı... Şəxsi maşın sahibləri arasında orta yaşlarında, hündür, iri sümüklü bir qadın da var idi (deyirdilər guya hardasa Mənzil İstismar İdarəsinin rəisidir) o qadın bura hərdənbir cavan oğlanlar gətirirdi...

Tələbə indi də o dayanacaq qoxusunu hiss edirdi, o qoxu «kerosinka»dan gələn nöyüt iyindən fərqlənirdi, amma o dayanacaq qoxusunda daha heç bir həyəcanlı və sirli şey yox idi və məsələ bunda deyildi ki, həmin aprel gecəsi Bayıldakı o şəxsi maşın dayanacağında heç kim yox idi; məsələ onda idi ki, axşamüstü məhəllədə birdən-birə bütün varlığına hakim kəsilmiş o qətiyyət, elə bil ki, tələbə Murad İldırımlının bütün dünyasını dəyişmişdi, o dünyanın hisslərinə, görümlərinə, bütün çalarlarına elə bir sərtlik gətirmişdi ki, daha əvvəllərdə olduğu kimi, dəqiqədə-bir həyəçanlanmırdı, əsəbiləşmirdi, kövrəlmirdi; elə bil ki, haçansa divara vurulmuş və illərdən bəri qurumaq bilməyən suvaq indi birdən-birə qupquru qurumuşdu, bir zərrə belə nəmi qalmamışdı.

Sonrakı nə idi? Mürgü idi?.. Yuxu idi?.. Qarabasma idi?..

Hamı tülkünün ardınca qaçırdı...

hamı qışqırırdı...

–...tülkü gəldi!..

–...tülkü gəldi!..

–...tülkü gəldi!..

tülkü özü görünmürdü, amma hamı onu təqib edirdi, hamı tülkünün ardınca qaçırdı və hamının üstünə par-par parıldayan kürən-sarımtıl bir işıq düşmüşdü, ucu-bucağı görünməyən bir kütlə bu kürən-sarımtıl işıq altında çığır-bağır sala-sala tülkünü axtarırdı...

–...tülkü gəldi!..

–...tülkü gəldi!..

–... tülkü gəldi!..

və Xədicə arvad da küpəgirən qarı kimi, bir sümükdən, bir dəridən ibarət idi, vaxtı ötmüş xınadan qıpqırmızı qızarmış saçları pırpızlaşıb çiyinlərinə, sinəsinə tökülmüşdü və Xədicə arvad da tülkünün ardınca qaçırdı...

qaçmırdı, elə bil, uçurdu...

Xədicə arvad uçurdu...

Balaniyaz... Əməkdar incəsənət xadimi Ərəstun Bozdağlı... Molla Əsədulla... çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu... ədəbiyyat şöbəsinin müdiri Muxtar Xudavəndə... milis mayoru Məmmədov... gənc yazıçı Səlim Bədbin... ağsaçlı, ağsaqqallı Süleyman peyğəmbər... milisioner Əsgər... Mənzil İstismar İdarəsinin rəisi qadın...

–...tülkü gəldi!..

–...tülkü gəldi!..

–...tülkü gəldi!..

və Xosrov müəllim yanpörtü çiynini dirəyib Tülkü Gəldi Qəbiristanlığı müdirinin otağının içi pambıqla dolu meşin qapısını tutub saxlamışdı...

o meşin qapı da kürən-sarımtıl tülkü rəngində idi...

birdən-birə bir sükut çökdü, o saysız-hesabsız izdiham lal oldu və hərəkətsiz dayandı...

və tələbənin beyni bu sözləri pıçıldamağa başladı: tülkü burdadı!.. tülkü burdadı!.. tülkü burdadı!.. bax!.. bax!.. o kürən-sarımtıl tülkü rəngli meşin qapı taybatay açıldı... içəri izdihamla dolu idi...

içəridə o qədər insan var idi ki, daha o izdihamın arasında heç kimi tanımaq mümkün deyildi, heç kimin sifəti yox idi...

Yalnız əyninə keşiş paltarına bənzər bir libas geymiş Əbdül Qafarzadə ortada dayanıb yoğun bir səslə Sovet İttifaqının himnini oxuyurdu və Əbdül Qafarzadənin başının çevrəsində par-par parıldayan kürən-sarımtıl rəngli qövsi-müqəddəs var idi... Tülkünü təqib edənlər də, içəridəkilər də – hamı bir-birinə qarışdı...

Hər tərəf qırmızı transparantlar idi, qırmızı çit üstündə; iri ağ hərflərlə yazılmış şüarlar idi: «On birinci beşilliyin planlarını rəşadətlə yerinə yetirək!» «Yaşasın sovet xalqlarının sarsılmaz dostluğu!» «Sov.IKP-nin XXV qurultayının tarixi qərarlarını həyata keçirək!» «Sovet İttifaqı Kommunist Partiyasının leninçi Mərkəzi Komitəsinə eşq olsun!»...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 min
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 min
IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 min
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 min

Poems by other poets