Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.

Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

Oğlanlardan biri dedi:

– Ziba xala, yaxşı peraşkidi bugünkü peraşki.

Peraşkisatan Ziba mürgüsünü döyə-döyə gülümsədi, sonra köhnə «Araz» radioqəbuledicisində Qədir Rüstəmovun səsi eşidiləndə arvad gözünün birini açıb baxdı və Qədir Rüstəmov oxuyanda ki:

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Ziba özünü saxlaya bilməyib:

– Sözə bax e! – dedi. – Pah atonnan!.. Küçələrə su səpib ki, sevgilisinin ayağı toza batmasın!.. Hanı indi elə kişi?

Peraşki yeyən bayaqkı oğlan bu sözlərdən bir mətləb qanmayıb soruşdu:

– Nə deyirsən, Ziba xala?

Ziba o biri gözünü də açıb oğlana tərəf baxdı və yenə də gülümsəyib dedi:

– Sən bilən işlər deyil bu, a Mürşüd!... Balacasan e, sən hələ... Böyüyəndə biləssən ki, nə sözlərdi bu sözlər...

Qəribə iş idi – bu arvad beləcə gülümsəyəndə peraşkisatan Zibadan çox, uşağın könlünü almaq istəyən bağça müəlliməsinə oxşayırdı.

Qədir Rüstəmov oxuyurdu:

Elə gəlsin, elə getsin,

Aralıqda söz olmasın.

Bu dəfə Ziba xalis peraşkisatan Ziba idi, əlini bulaya-bulaya radioqəbulediciyə dedi:

– Ay olmadı ha!..

Və yenə də həmişəki kimi, əvvəlcə parovozun səsi gəldi, sonra qatar göründü və qatar gəlib vağzalda dayananda peraşkinin axırıncı tikələrini az qala diri-diri udan oğlanlar vaqonlara tərəf qaçdı. Mürşüd qaça-qaça yoldaşına dedi:

– Sən o yandan, mən bu yandan!

Uşaqlardan biri parovoza tərəf, o birisi qatarın axırına tərəf götürüldü.

Ziba Mürşüdün sözlərini mahnının bir misrası kimi dodaqaltı zümzümə etdi:

«Sən o yandan, mən bu yandan».

Bizim tanışımız cavan oğlan qatardan düşüb əvvəlcə göyə baxdı, sonra əynindəki kürkün boynunu qaldırıb isti yerdən çıxdığı üçün üşüyə-üşüyə vağzalın çıxacağına tərəf addımladı və Mürşüd də onu elə burada haqladı:

– Əmi, əmi, spiçkanız var? Dəyişək?

Cavan oğlan ayaq saxlayıb:

– Spiçka kağızı yığırsan? – soruşdu.

– Hə.

Cavan oğlan ürəkdən təəssüf etdi:

– Hayıf... Papiros çəkmirəm...

Uşaq da kor-peşman qatara tərəf baxdı və başqa bir adam gözünə dəymədiyi üçün onun yanınca addımlamağa başladı.

– Çoxdan yağır belə?

– Üç gündü başlayıb.

– Soyuqdu yaman. – Və cavan oğlanın bədənindən bir üşütmə keçdi; kürkün içində bədənini silkələdi.

– Bakıda yağıb-eləmir? – Mürşüd böyüklər kimi xəbər aldı.

– Bakıda yaz havasıdı.

Onlar vağzaldan çıxanda cavan oğlan soruşdu:

– Adın nədi sənin?

– Mürşüd.

– Ünvanını ver mənə, Bakıdan sənə spiçka kağızı göndərim.

Sevindiyindən Mürşüdün gözləri parladı:

– Doğrudan? – Amma sonra gözlərindəki bu sevinc çəkilib getdi. – Yox, belə olmaz, – dedi.

– Niyə?

– Mən də gərək spiçka verim axı sizə.

– Mən neynirəm spiçkanı, nə papiros çəkənəm, nə də spiçka kağızı yığanam.

– Nolsun... – Havayı istəmirəm mən...

– Yamansan ha, sən!.. Kitab mağazası haradadı burda?

Mürşüd diqqətlə Bakıdan gələn qonağa baxdı:

– Yoxlayacaqsız oranı?

Qonaq güldü:

– Nədi ki?

– Atam işləyir mənim orada.

– Hə... Qorxursan ki, atanı yoxlayım?

Mürşüd çiyinlərini çəkdi:

– Eh, atamın nəyini yoxlayacaqsız? – Sonra da əlini uzadıb göstərdi. – Bude, bu küçə ilə düz gedin, sonra da dönün sağa...

– Sən burada qalırsan?

– Hə, yoldaşımı gözləyirəm.

– Yaxşı, Mürşüd kişi, çox sağ ol. – Bakıdan gələn qonaq Mürşüdlə əl tutuşdu, sonra küçəboyu addımlamağa başladı.

Havanın belə bir bozluğundan idi ki, yəqin, küçədə adam tək-tək gözə dəyirdi. Sulu qar, təbii ki, yerdə qalmırdı, orda-burda sucuqlar, gölməçələr əmələ gətirmişdi, palçıq, zığ var idi və bu sucuqlar, balaca gölməçələr, addımladıqca çəkmənin altından sıçrayan palçıq adamı lap üşüdüb islanmış cücəyə döndərirdi.

Bakıdan gələn qonaq boynunu kürkün içinə qısıb, üstündən su süzülən qara portfeli əlində yellədə-yellədə Mürşüdün göstərdiyi tindən sağa dönüb bir müddət də getdi və təzə tikilmiş ikimərtəbəli kitab mağazasının qabağında dayandı.

Mağazanın qapısı ağzındakı kiçik girişdə yaşlı bir kişi üstü qurama döşəkçəli taxta kətildə oturub qəlyanını tüstülədə-tüstülədə girdə elektrik plitəsini qurdalayırdı. Kişi yəqin ki, mağazanın qarovulçusu idi və uzun qış gecəsinin hazırlığını görürdü.

Axşam hələ təzəcə düşürdü.

Bakıdan gələn qonaq kitab mağazasının yanından keçib qapısında iri hərflərlə «Rayon prokurorluğu» – yazılmış ikimərtəbəli qədim binaya girdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets