1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə. Gəncə qalası.

Gəncə uğrunda vuruş gedirdi.

… Gəncə qalasını mühasirəyə almış rus qoşunları toplardan qala divarlarını atəşə tutmuşdu.

… Gəncəlilər qalanın bürclərindən tüfənglə əsgərləri nişan alıb atırdı, yapıncıları əyinlərindən çıxarıb neftə bulayırdı və od vurub qaladan əsgərlərin başına yağdırırdı. … Bir-neçə zabitin əhatəsində atın belində oturmuş general Sisianov durbinlə Gəncə qalasına baxırdı.

… Rus topçu zabitinin bağırtısı o ah-nalənin, o gurultunun, haray-həşirin içində güclə eşidilirdi:

– Oqon!.. Oqon!..

… Cavad xan tez-tez barıdan dişarı baxırdı, sürətlə addımlayaraq bürcdən-bürcə keçirdi, adamlarından tüfəngi dartıb alıb sinəsinə sıxırdı, barıdan boylanıb nişan alırdı, atırdı:

– Düşmən ayağı Gəncəyə dəyməyəcək!– deyirdi. – Haydı, igidlərim!..– deyirdi.– Qeyrət vaxtıdı!..

… Bu vaxt Kərbəlayı Sadıq təngnəfəs qalanın yuxarısına qalxdı:

– Xan!.. Xan!..– qışqırdı.– Ruslar yeraltı yollarla, lağımlarla şəhərə girir!

Cavad xan:

– Bizi satıblar!..– bağırdı.– İçimizdən satıblar bizi!..

… Əsgərlər qala divarlarının ətrafında yeraltı yolların, lağımların üstünü açırdı və zabitlərin:

– Vperyod!..– qışqırıqları altında şəhərə girirdi.

… Hüseynqulu ağa bürclərdən birinin aşağısında qılıncını sağa-sola işlədib, qalanın üstünə çıxmaq istəyən soldatları irəli buraxmırdı.

… Şəhərin qalaətrafı küçələrində qılıncların, süngülərin, güllələrin savaşı gedirdi. … Cavad xan əlinə qılınc alıb qalanın üstündə soldatlarla vuruşurdu.

… General Sisianov durbinlə Gəncə qalasına baxırdı.

… Bu vaxt Saday bəy başda olmaqla bir dəstə atlı çapıb özünü yetirdi və ruslara hücum çəkdi.

… Rus topçu zabiti:

– Oqon!..– qışqırdı.

Toplar qala divarlarını uçururdu.

… Vuruşa-vuruşa qalaya doğru irəliləmək istəyən Saday bəyin dəstəsi güllənin, mərmilərin qarşısında get–gedə seyrəlirdi.

… Cavad xan:

– Hüseynqulu hardadır?– qışqırdı.

– Sol bürcdə vuruşur!– dedilər.– Hüseynqulu ağa möhkəm dayanıb!– dedilər.

… Kərbəlayı Sadıq haray qopardı:

– Rus bütün lağımların, keçidlərin ağzını açır!.. Hamısının yerini bilirlər!..

… General Sisianov qışqırdı:

– Gəncədən bir adam da çıxa bilməsin!

… Rus zabitinin tüfəngin titəyini basması ilə sinəsindən vurulmuş ağ atın kişnəyib şahə qalxması və yerə sərilməsi bir oldu.

Saday bəy gözləri bərəli yerə sərilmiş ağ atın altından çıxıb ayağa sıçradı və yerə düşmüş qılıncını götürüb indicə tüfəng atan zabitin üstünə cumdu.

Zabitin ikinci gülləsi Saday bəyin sinəsini deşdi və Saday bəy bir an dayandı, sonra səndələyib üzüqoylu zabitin ayaqlarının altında yerə sərildi.

Zabit ayağı ilə Saday bəyin başını kənara itələdi:

– Axmaq müsəlman,– dedi.– Qılıncla tüfəngin üstünə gəlir.

… Qan-tər içində vuruşan Cavad xan Kərbəlayi Sadığı gördü. Kərbəlayi Sadığın da əlində qılınc var idi.

Cavad xan acı bir heyrətlə:

– Kərbəlayı Sadıq, sən də vuruşursan?– soruşdu.

Kərbəlayı Sadıq:

– Bu bürcün memarı mənəm,– dedi.– Rus mənim meyidimin üstündən keçib bu bürcü ala bilər!

… Hüseynqulu ağa qılıncı növbəti dəfə başının üstünə qaldıranda qarşıdakı soldatın süngüsü onun sinəsini deşdi. Hüseynqulu ağa bir an yerində dondu. Soldat süngünü daha da dərinə soxub, geri dartdı. Hüseynqulu ağa arxası üstə yıxıldı, gözləri göyə zilləndi, dodaqlarının kənarından qan süzüldü və oğlan pıçıldadı:

– Atam sizdən mənim intiqamımı alacaq…

… General Sisianov:

– Toplar ara verməsin!..– qışqırdı.

… Soldat Kərbəlayı Sadığın qılınc həmləsini tüfənginin süngüsü ilə dəf etdi və bir göz qırpımında süngünü altdan yuxarı kişinin boğazına soxdu.

Kərbəlayı Sadıq yıxıldı və soldat onun üstündən addımlayıb:

– Starıy çort!..– dedi və Kərbəlayı Sadığın boğazından qan axan donmuş sifətinə tüpürdü.

… Və əlində qılınc irəli atılmaq istəyən Cavad xan güllə ilə sinəsindən vuruldu, qılınc əlindən düşdü və xan son nəfəsində:

– Bayrağı ver!.. Bayrağı ver!..– qışqırdı. – Bayraqdarın uzatdığı bayrağın dəstəyindən tutub kürəyi bürcün divarını sıyıra-sıyıra yerə çökdü.– Hüseynqulu sizdən mənim intiqamımı alacaq…– pıçıldadı və Cavad xanın da gözləri dondu.

… Ruslar artıq Gəncə qalasına doluşmuşdu.

Gəncə qalası alındı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qızıl diş

(Göy üzünün ulduzlu vaxtları)Əliqulu filosof idi, yəni bu mənada yox ki, özü özünü filosof hesab edirdi, yox və əslində Əliqulunun filosof olmasından heç özünün xəbəri yox idi, çünki filosofluq yemək kimi, evdən çıxıb pul dalınca getmək kimi, kiməsə bir söz demək, kiminləsə görüşmək kimi, onun gündəlik həyatının, güzəranının bir hissəsi idi və Əliqulu üçün qətiyyən əhəmiyyəti yox idi ki, onun kəşflərini kimsə ondan əvvəl kəşf etmişdi, ya yox, onun fikirlərini kimsə ondan əvvəl düşünmüşdü, ya yox; əhəmiyyəti yox idi bir də ona görə ki, Əliqulunun o keçmiş kəşflərdən, o keçmiş yazıpozulardan heç xəbəri də yox idi.

39 min
«Sarı gəlin»

... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların yarpaqları, dibində ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən, əvvəlsizliyindən və axırsızlığından xəbər verdi...... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı:

25 min
Araba

(Şairin ölümü haqqında)olduqca...

33 min
Proloq

İlyas Əfəndiyevin «Hökmdar və qızı»faciəsinin motivləri əsasında yazılmışdır.

1 min

Poems by other poets