3 yanvar 1804-cü il. Tiflis. Sərdar iqamətgahı.

Sübh tezdən knyaz Sisianov başda olmaqla bir dəstə rus hərbçisi Tiflisin hələ yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı.

Atlılar iqamətgahın həyətinə girdi və Sisianov atın belindən yerə sıçrayıb:

– Şampan!..– qışqırdı.– Şampan!..

… Xidmətçilər qədəhlərə şampan süzdü.

Knyaz Sisianov qədəhini yuxarı qaldırıb:

– Cənablar!– dedi.– Bunu qaldıraq yeni və əbədi rus şəhəri Yelizavettapolun şərəfinə!– Və qədəhi sonuncu damlasınacan başına çəkdi.– Nəhayət ki, Gəncəni,– bir an ara verib güldü,– keçmiş Gəncəni aldıq! Cavad xan da, oğlu Hüseynqulu ağa da it kimi gəbərdi!

General Portnyakin indicə içib boşaltdığı qədəhi xidmətçinin uzatdığı sininin üstünə qoyub:

– Zat-aliləri, onlar qəhrəman kimi həlak oldu!– dedi.– Düşmən olsalar da, biz igidliyin qiymətini verməyi bacarmalıyıq!..

Knyaz Sisianov sərt bir ötkəmliklə:

– Onlar it kimi gəbərdi, general!– dedi. – Gəncə bizim olmalıydı, bizim də oldu! Qarabağ da bizim olacaq! İrəvan xanlığı da, Bakı xanlığı da, o biriləri də bizim olacaq! Bütün Gürcüstan da artıq bizimdir!

Knyazın ötkəmliyi general Portnyakinin açıq-aşkar xoşuna gəlmədi və o:

– Bizim?– soruşdu.

Knyaz:

– Bəli, bizim!– dedi.

General Portnyakin içəridən axıb gələn və bu dəm heç gizlətməyə də cəhd etmədiyi bir rus kini və kinayəsi ilə:

– Siz kimsiz ki?– soruşdu.– Gürcü knyazı Sisişvili, yoxsa rus generalı Sisianov? Knyaz Sisianov düz generalın qarşısına gəldi və onun gözlərinin içinə baxa-baxa:

– Mən rus əsilli general Portnyakinin komandiriyəm!– dedi.– Bildiz, general, mən kiməm?

General Portnyakin susdu.

Knyaz Sisianov:

– Və bunu heç vaxt yadınızdan çıxarmayın! Hətta çoxlu şampan içəndə də!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets