XXII fəsil
Page 1 of 2
Əhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün də
yaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,
innabınacan ağac əkdirib bağ saldırmışdı və hər dəfə yay qurtaranda özü də, arvadı da söz verirdilər ki, gələn yay mütləq Bilgəhə köçəcəklər, amma elə ki, yay gəlib çıxırdı, o söz də yaddan çıxırdı, Əhməd Ağayeviç məzuniyyət götürə bilsəydi, bir yerdə, götürə bilməsəydi, özü Bakıda qalırdı, ailəsi isə ya Antalyada, ya Karlovı- Varıda, ya da başqa bir yerdə – sovet hökumətindən sonra azadlıq idi və kim hara istəyirdi, ora da gedirdi – istirahət edirdilər və illər də beləcə ötüb-gedirdi.
Bilgəhdəki bağ Əhməd Ağayeviçin klassik daşınılmaz əmlakına çevrilmişdi və o əmlakın etibarlı gözətçisi də Vasili Kuzmiç idi.
Həmin gün idarədə iş çox gərgin keçdi (haçan gərgin olmurdu ki?) və Əhməd Ağayeviç işdən sonra bir az yeyib-içib istirahət etmək, həm də Cavanşirin klarnetinə qulaq asmaq üçün dostlarıyla «Şən həyat» restoranına getdi və içkini çox xoşlamasa da, Cavanşir onun şəxsi sifarişi ilə klarnetdə elə bir «Segah» çaldı ki, Əhməd Ağayeviçin heç xəbəri olmadı neçə qədəh konyak içdi.
Cavanşir klarnetin ağzını tavana tutub sidq-ürəkdən «Segah» çalırdı və o «Segah» Əhməd Ağayeviçi «Şən həyat» restoranından çıxarıb haralara apardı?– o yerin adı yox idi, amma görünməz-bilinməz bir uzaqlıqda olan o məkan çox kövrək və çox qəmgin bir yer idi, orda Əhməd Ağayeviç həyatın ötüb-getdiyini və sonun yaxınlaşdığını tükürpəşdirən bir aydınlıqla hiss edirdi, o məkanda bir əlacsızlıq var idi, yaşanmış ömrün və ümumiyyətlə, həyatın, dünyanın mənasızlığı oranın hər tərəfinə hopmuşdu və Əhməd Ağayeviçi «Şən həyat» restoranında nəfəs almağa qoymurdu.
Hamı Əhməd Ağayeviçi sərt, hətta daşürəkli və təhlükəli bir adam kimi
tanıyırdı, amma heç kimin xəbəri yox idi ki, axır vaxtlar, hərdən, gecə yuxuya
getməzdən əvvəl, bəzən də hansısa bir iclasda, rəsmi konsertdə birdən-birə xəyal Əhməd Ağayeviçi – bu «sərt, daşürəkli və təhlükəli» adamı həmin o naməlum,
amma tamam qüssəli məkana aparırdı və Əhməd Ağayeviç o məkanda özünü, elə bil, hava əvəzinə kədər doldurulmuş bir çəkisizlik içində hiss edirdi, həyatın
amansız bir sürətlə sona doğru getməsi, 3 ildən, 5 ildən, lap 15 ildən – onda 75-76 yaşı olacaqdı – sonra heçə dönəcəyi, torpaqda çürüyəcəyi onu dəhşətə gətirirdi,
pulları da, arvadının çox nadir daş-qaşları da, hətta oğlunun məktəbi bitirəndə aldığı qızıl medalı, qızının bəstələdiyi və iki ilin içində bütün Azərbaycanda məşhur olan mahnıları da tamam mənasız bir şeyə çevrilirdi və yaxşı ki, bu duyğular tez də
keçib-gedirdi, yoxsa ki, onlara dözmək mümkün deyildi, amma bu dəfə – «Şən
həyat» restoranındakı bu axşam Əhməd Ağayeviçin düşüncələri, hissiyyatı o kədərli məkandan geri qayıda bilmirdi, elə bil, yapışıb orada qalmışdı, qopa bilmirdi və bu azmış kimi, Əhməd Ağayeviç növbəti qədəhi içəndə, mədəsi bu qədər konyaka
öyrənmədiyi üçün, az qaldı ürəyi bulansın, onu soyuq tər basdı, ayağa qalxıb tualet bəhanəsi ilə eşiyə çıxdı.
«Şən həyat» restoranı Pirşağıda, dəniz kənarında idi və Əhməd Ağayeviç tualetə yox, sahilə getdi, əyilib dənizin dayaz qum sahilindən bir ovuc durulmuş su götürdü və o suyu sifətinə çırpdı, amma su ilıq olduğu üçün Əhməd Ağayeviçin əhvalına heç bir sərinlik, heç bir təravət gətirmədi, əksinə, ilıq dəniz suyunun damcıları sifətindən axıb boğazından ağ köynəyinin altına süzüldükcə, ürəyi daha artıq sıxılmağa başladı, elə bil, o adi dəniz suyu da damcı-damcı o kədərli, qəmli-qüssəli, uzaq məkandan (əslində naməkandan!) damırdı.
Klarnet ağzını tavana yox, elə bil, həmin məkandan (naməkandan) düz Əhməd Ağayeviçin üzünə (ürəyinə... içinə...) tuşlayıb deyirdi ki, ay səfeh insan, yox, daha da açıq ünvanlı deyirdi, deyirdi ki, ay səfeh Əhməd Ağayeviç, hər şeyin var, otuz ildi cürbəcür vəzifələrdəsən, pulun var, yaxşı övladların var, nəvən var, ev-eşiyin var, amma nə olsun? bunun mənası nədi? hər şeyin var, amma öz içində, öz ürəyində, heç olmasa, bir kvadratmetrlik balaca adan da yoxdu ki, üstünə çıxıb özünü boğulmaqdan xilas edəsən və Əhməd Ağayeviç hiss etdi ki, bu saat bu aydınlıq gecədə, dənizin kənarında arvad kimi hönkürüb ağlayacaq, tez geri çevrilib iri addımlarla «Şən həyat» restoranına qayıtdı.
Cavanşirin klarneti bu dəfə hansısa bir xalq mahnısı çalırdı və süfrə arxasında oturmuş dostlar ləzzətlə ona qulaq asırdılar, amma Əhməd Ağayeviçin indi, hətta Cavanşirin klarnetinə də qulaq asmağa taqəti yox idi və: «– Gərək gedib bağa baş çəkim...»– bəhanəsi ilə dostlardan ayrıldı və qəribəsi də bu oldu ki, «Şən həyat» restoranından çıxıb maşına minəndə, doğrudan da, sürücüyə dedi:
– Bilgəhə sür!
Sürücü (tatar balası Şövkət):
– Oldu! – dedi və fikirləşdi ki, dünyada kiminsə sürücüsü olmaqdan da əbləh bir iş yoxdu.
O isti iyun günü Şövkətin qızının 10 yaşı tamam olurdu və axşamdan bəri «Şən həyat» restoranının qabağında Əhməd Ağayeviçi gözləyən sürücünün evə gedib qızını hələ yatmamış görmək ümidi tamam boşa çıxdı.
Maşın gün istisindən yumşalıb dalğalanmış əyri-üyrü asfalt yolla «Şən həyat» restoranından uzaqlaşdıqca, elə bil, o «Segah»ın səsi də yavaş-yavaş Əhməd Ağayeviçin qulağından uzaqlaşırdı, arxada qalırdı, hətta Əhməd Ağayeviç fikrindən keçirdi ki, əvvəllər kolxozlara «Şən həyat» adı verirdilər, indi isə restoranlara və gülümsədi də, sonra fikirləşdi ki, bu gecə vaxtı nə var Bilgəhdə, bəlkə geri – Bakıya qayıtsın, amma bu vaxt, elə bil, kimsə qəflətən Vasili Kuzmiçin sifətini Əhməd Ağayeviçin gözlərinin qabağına gətirdi və Əhməd Ağayeviç bu rus kişisinin sifətində heç vaxt görmədiyi bir əzab, iztirab gördü, hiss etdi.
Elə bil, uzaqdan yenə də o «Segah»ın sədaları yavaş-yavaş eşidilməyə başladı və Əhməd Ağayeviç ürəkdən gələn səmimi bir tənə və peşmançılıqla fikirləşdi ki, beş ildən artıqdı bu bədbəxt rus kişisinə həftədə otuz beş, qırx mindən artıq pul
vermir. Otuz beş, qırx minə üç kilo ət almaq olardı, vəssalam. Yaxşı, ət yeməsin bu bədbəxt oğlu, nə zirzibil keçir əlinə, onu yesin, bir həftə otuz beş, qırx minə necə yaşamaq, geyinmək, siqaret çəkmək olar? Axı, it deyil, pişik deyil, insandı bu
bədbəxt oğlu Vasili Kuzmiç... Günə nə qədər düşür? Beş min... İnsanla belə rəftar eləyərlər? Bu adamın, bu bədbəxt oğlu Vasili Kuzmiçin sənin ona verdiyin o puldan başqa bir gəlir yeri yoxdu. Onu o cür ac saxlamağının günahını Allah elə bilirsən, bağışlayacaq sənə? Elə bilirsən, bunun altını çəkməyəcəksən?
Əhməd Ağayeviç Bakıda təzə qəbiristanlıqda (köhnə qəbiristanlığın arxasında) geniş bir sahə almışdı, orada ağac əkdirmişdi, oranı mərmər üzlüklü hasara almışdı və indi, «Şən həyat»dan çıxıb Bilgəhə getdiyi bu dəqiqələrdə həmin qəbiristanlıq sahəsi onun gözlərinin qabağına gəldi və elə bil, gözəgörünməz bir əl Əhməd
Ağayeviçin boğazından tutub onu boğmağa başladı: ay səfeh oğlu, səfeh, ora nə qədər bərbəzək vurdurursan, vurdur, özün qara torpağın içinə girəcəksən... nə
aparacaqsan o qara torpağa? pul aparacaqsan özünlə, qızıl aparacaqsan?..
Və bu vaxt, elə bil, pencəyinin sol tərəfdən iç cibi öz-özünə tərpənməyə başladı, Əhməd Ağayeviçin döşünü qapı kimi tıqqıldadıb kişinin ürəyinə: «– Aç qapını!»– dedi...
Əhməd Ağayeviçin pencəyinin sol cibində səliqə ilə ağ kağıza bükülmüş on min dollar var idi. Bu pulu bu gün gətirib onun mizinin üstünə qoymuşdular və hələ evə aparmamışdı, dollar dəsti eləcə pencəyinin cibində idi. Bu on min dollara, əslində, Əhməd Ağayeviçin heç bir ehtiyacı yox idi, amma, bax, bu gecə vaxtı həmin dəsti cibindən çıxarıb Vasili Kuzmiçə bağışlasaydı... nə olardı? o bədbəxtin başına hava gələrdi? dəli olardı? hər halda o bədbəxtin bütün həyatı dəyişərdi, yəni haçanacansa (bəlkə də elə ömrünün axırınacan!) insan kimi yaşaya bilərdi...
– O nəydi elə?– Bunu Əhməd Ağayeviç soruşdu.
Sürücü maşının qabağından qaçıb qaranlığa girən heyvanın ardınca baxıb:
– Çaqqalıydı... – dedi.
Əhməd Ağayeviç istədi: «– Dünya çaqqallar dünyasıdı!»– desin və bu sözlərlə özü özündən bir az intiqam alsın, amma özünü saxladı və fikirləşdi ki, bilirsən, nə var, özünü ələ al, bəbə deyilsən... Vasili Kuzmiç kimsəsiz yazıq bir adamdı, on min dolları o nə edəcək? bundan sonra evlənən deyil ki, özünə təzə həyat qursun, ya maşın sürən deyil ki, gedib bir maşın alsın, nə edəcək? Bilgəhin bütün qarovulçuları yığışacaq onun başına, bir ayın içində on min dolları içəcəklər, çıxıb gedəcək. Kim bilir, bir də gördün o pulun üstündə cinayət də törətdilər – ola bilən işdi... Yox, on min yox, mincə dollar Vasili Kuzmiçin dədə-babasına da bəs idi, gedib özünə bir kostyum alar, ayaqqabı alar – Allah bilir dəyişəyi nə gündədi? – özünə dəyişək alar, ehtiyat azuqə yığar və bütün qışı xan kimi dolanar...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bayraqdar-xxii-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
31 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi.
Birinci hissə, 241804-cü il yanvarın 2-dən 3-nə keçən gecə. Gəncə qalası.Gəncə uğrunda vuruş gedirdi.
Birinci hissə, 253 yanvar 1804-cü il. Tiflis. Sərdar iqamətgahı.Sübh tezdən knyaz Sisianov başda olmaqla bir dəstə rus hərbçisi Tiflisin hələ yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı.
İkinci hissə, 1İbrahim xan bağçada kiçik uşaqları – Abbasqulu ağa, Gövhər ağa, Hacı Hacan ağa, Səltənətbəyim, Əli ağa ilə oynayırdı.Abbasqulu ağa:
Poems by other poets
Ərş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,