31 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.

Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi.

Yavər içəri girdi:

– Zat-aliləri, Aşot Karapetyan adlı bu adam yenə sizin qəbulunuza gəlməyi təkid edir.

– Dünən dedim ki, göndərin, polkovnik Koryagin onu qəbul etsin. Mənim vaxtım yoxdur, kapitan! Bir də ki, Pavel Mixayloviç ermənilərin dilini yaxşı bilir…

Yavər:

– Üzr istəyirəm, zat-aliləri,– dedi.– Getmir. Üç gündür ki, şəxsən sizinlə görüşməyə çalışır. Deyir ki, xüsusi olaraq bu görüş üçün Tehrandan qeyri-leqal Tiflisə gəlmişəm. Deyir ki, son dərəcə əhəmiyyətli məsələdir.

Knyaz Sisianov qarşısındakı kağızları könülsüz halda kənara itələyib:

– Yaxşı, buraxın, gəlsin,– dedi.

Yavər çıxdı və bir neçə andan sonra Aşot Karapetyan otağa daxil oldu.

– Zat-aliləri, nəhayət ki, məni qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm.

– Oturun, cənab Karapetyan. Xahiş edirəm, bir başa mətləbə keçəsiniz. Mənim vaxtım çox azdır.

– Mənim də vaxtım azdır, zat-aliləri.– Karapetyan əlini syurtukunun yaxasından içəri saldı və bir dəstə kağız çıxardı.– Mən bunları şəxsən sizə təqdim etmək üçün üç gündür gözləyirəm.

Knyaz Sisianov açıq sezilən bir rişxəndlə o bir dəstə kağıza baxdı:

– Bunlar nədir? Yenə erməni qardaşlarınızın cürbəcür xahişnamələridir?

Aşot Karapetyan başını dik tutub:

– Xeyir, knyaz!– dedi.

– Bəs nədir?

Aşot Karapetyan sözləri bir-bir dəqiq tələffüz edərək:

– Bunlar Gəncə qalasının bütün lağımlarının, oradakı yeraltı yolların, gizli kəhrizlərin, gizli ərzaq və silah anbarlarının xəritəsidir, – dedi.– Bunu Gəncədə yaşayan erməni qardaşlarımız bizə çatdırıb.

Knyaz Sisianov bir anın içində bütün vücudunu bürümüş həyəcanı gizlətməyə çalışaraq, kağızları alıb mizin üstünə qoydu və soruşdu:

– Bəs nə üçün onlar bunu mənim özümə çatdırmayıblar?

– Onlar Cavad xanla müttəfiqliyə söz veriblər. Cavad xandan ehtiyat edirlər, Tiflisə gələ bilmirlər.

– Onlar Cavad xandan qorxur, ancaq siz Fətəli şahdan qorxmursunuz?

– Söhbət millətin taleyindən gedəndə, onlar da qorxmur, biz də qorxmuruq, zat-aliləri. Biz bilirik ki, arxamızda Rusiyanın ikibaşlı qartalı dayanıb!

– Siz şiri-xurşid haqqında da bu sözləri deyirsiz?

– Lazım olanda, bəlkə də deyirik. Lazım olduğu üçün deyirik.

– Mən nə bilim ki, siz indi də ikibaşlı qartal haqqında bu sözləri lazım olduğu üçün demirsiz?

– Bunu tarix sizə göstərəcək, zat-aliləri.

Knyaz Sisianov güldü:

– Mənim tarixi gözləməyə vaxtım yoxdu, cənab Karapetyan!..

– Ona görə də, sübut sizin mizinizin üstündədir, knyaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets