Dörd-beş rus soldatının, deyəsən, kefi kök idi, gözəl bir rus mahnısı oxuya-oxuya Şuşanın küçələrini gəzirdilər.

… Və onlar eləcə gəlib bazara çıxdılar.

… Şuşa bazarında əvvəlki alış-veriş, əvvəlki səs-küy, əvvəlki ovqat yox idi.

Şuşa bazarı, elə bil, sınıxmışdı.

… Qəssab Məşədi Abışın da müştərisi yox idi.

Soldatlar gəlib onun dükanının qabağında dayanıb, qarmaqdan asılı düzülmüş təzə-tər ətlərə baxdılar və soldatlardan biri əlini uzadıb:

– Myaso xoçu!– dedi.

Qəssab Məşədi Abış:

– Köpək uşağı!– dedi.– Ermənilərin arağını dümləyib yenə gəliblər!

Soldat:

– Çto on qovorit?– soruşdu.

O birisi:

– A çert yeqo znayet?– dedi, sonra: – Day nam myaso!– qışqırdı.

Qəssab Məşədi Abış dükanın yuxarıdan açılıb-örtülən qapısını soldatların burnunun ucundan aşağı salıb dükanı bağladı.

Soldat:

– Day nam myaso, svoloç!– bağırdı və çiynindəki tüfəngi çıxarıb dükanın qapısına atmaq istədi.

O biri soldat:

– Ne nado! – deyə ona imkan vermədi.– Çort s nim! Poşli!..

… Və soldatlar yenə o gözəl rus mahnısını oxuya-oxuya, keflə Şuşanın küçələrini gəzirdi…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets