İkinci hissə, 31
Axşamçağı yüngül bir külək əsirdi və Xəzərin sularını yüngülcə bir dalğa kimi də sahilə çıxarıb, geri qaytarırdı…
Bakıya axşam düşmüşdü.
Hüseynqulu xan Xan sarayında yaxın ətrafını bir yerə cəm etmişdi.
– Bu əclaf oğlu, əclaf İbrahim bəy bizi zibilin içinə soxub! Fikirləşdikcə, dəhşət məni basır! – Bir neçə anlıq sükutdan sonra Hüseynqulu xan sözünə davam etdi:– Elə bilirəm ki, İbrahim bəyi tutub qəfəsə salmaq lazımdı. Molla Fərəculla başda olmaqla bizim ağsaqqallar mənim oğlanlarımla bilikdə Sisianov gorbagorun nəşini götürüb hörmət-izzət ilə ruslara qaytarmalıdı. Necə ki, Ağa Məhəmməd şah Şuşada qətlə yetiriləndən sonra, İbrahim xan onun cəsədini böyük hörmət-ehtiramla Tehrana göndərdi. Biz də elə etməliyik. İbrahim bəyi də qəfəsin içində ruslara təslim etməliyik…– Yenə bir neçə anlıq sükutdan sonra, üzünü ağsaqqala tutdu.– Nə deyirsən, Molla Fərəculla?
Molla Fərəculla:
– Çox ağır məqamdı…–dedi.–Amma bir çıxış yolu tapmalıyıq... Hüseynqulu xan, sən mənim gözlərimin qabağında böyümüsən. Bakı taxtı uğrunda apardığın bütün mübarizələrdə mən sənin yanında olmuşam. İndi də, Allah qoysa, sənin yanında olacağam… Ona görə də, mən fikrimi deyirəm, amma mənim fikrim tamam fərqlidi. Rus bizimlə daha heç vaxt barışmaz və heç vaxt da bizi bağışlamaz. Onun böyük generalını biz öldürmüşük. Özü də davada öldürməmişik, təkcanına danışığa gələndə öldürmüşük. İndi nə qədər boğazımızı yırtsaq ki, and-aman etsək ki, biz onu öldürmək istəmirdik, kim bizə inanacaq? Heç kim! Rus ilə bizimki ömür-billah qurtardı! O biri tərəfdən, İbrahim bəyi ruslara təslim etsən, millət ayağa qalxacaq. Bu saat Bakı camaatı toy-bayram içindədi ki, rusun böyük generalı öldürülüb. İbrahim bəy bu saat qəhrəmandı, onu ruslara təslim etsən, Bakı camaatının qabağında dura biməyəcəksən…– Molla Fərəculla susdu.
Hüseynqulu xan:
– Bəs, sən nə təklif edirsən? – soruşdu.
Molla Fərəculla:
– Rusların təbəəliyini qəbul etdiyin üçün, Fətəli şah səndən çox incikdi. Onunla barışmaq və ona sığınmaq lazımdı…– dedi.
– Mən bu iki daşın arasında Fətəli şahla necə barışım ki, ruslarla xosunlaşmağa başlamışdım?..
– İbrahim xanın adını çəkdin… O Ağa Məhəmməd şahın nəşini İrana qaytardı. Sən də belə bir iş gör…
Hüseynqulu xan darıxdı:
– Molla Fərəculla, mən səni başa düşmürəm. De, görək, fikrin nədi?
– Sən də Sisianovun başını Fətəli şaha hədiyyə göndər!
Molla Fərəcullanın bu sözləri çox gözlənilməz səsləndi və bunu, elə bil, özü də hiss edib:
– Onsuz da, rus ilə bizimki qurtardı! – dedi.– Nə qədər ki, sən Hüseynqulu xan varsan, nə edirsən, et, rus sənin ən qəddar düşmənin olacaq! Belə olan təqdirdə axıracan getmək lazımdı. Divin biri getdi, o birisindən yapışaq!
Hüseynqulu xan Molla Fərəcullaya baxıb əvvəlcə bir söz demədi, sonra qarşısında oturanları bir-bir gözdən keçirib:
– Nə deyirsiniz?– soruşdu.
Heç kim cavab vermədi.
Hüseynqulu xan:
– Allah baiskarın cəzasını versin!– dedi və dərindən köks ötürdü:– Molla Fərəculla ağsaqqalın dediyi olsun!
Məclis iştirakçıları razılıq əlaməti olaraq başlarını tərpətdilər.
Hüseynqulu xan ayağa qalxdı:
– Cəllad İbadullaya deyin, işini səliqəli görsün!
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-31
Use ← → keys to move, R for a random poem
More by this author
Aysu yenə deyir ki, nağıl danış.– Nə qədər nağıl olar, ay Aysu?
I fəsil(Eysebionun faciəli ölümü haqqındakədərli povest)
II fəsilÇox illər bundan əvvəl – onda hələ Azərbaycanda sovet hökuməti qurulmamışdı– bütün bu yerlər – Buzovnadakı Fəhlə Yataqxanasının həyətinin yuxarı başından üzüaşağı, Yataqxana binasının özünün də tikildiyi ərazi daxil olmaqla, neftxuda
III fəsilSurxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..
Poems by other poets
می خورد به پاییز درخت از ژالهشد مست و شکوفه میکند یک ساله
Yedəkdə gələn qayıqMingəçevir dəryaçasında bizi gəzdirən gəminin yedəyində bir qayıq gəlirdi.*Suları sənmi yarırsan
Aşıq Pərinin Cəfərqulu xana cavabıEşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
Birdi, birBizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir,Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir.