8 fevral 1806-cı il. Bakının ətrafı.

Knyaz Sisianov ilə polkovnik Eristavi at belində astadan çapa-çapa yanaşı gedirdi.

Knyaz Sisianov:

– Bu gün mənim həyatımda ən xoşbəxt günlərdən biridir, polkovnik,– dedi və güldü.– Görünür, Allah belə buyurub ki, mənim gələcəkdə yazacağım memuarlarda bu cür xoşbəxt günlərimin səhifələri çox olsun… Bakı da Rusiya təbəəliyini qəbul etdi. Bakı da bizim oldu! İndi baxarsız, polkovnik, Hüseynqulu xan it kimi qabağımızda sülənəcək! Nə qədər aldatdı bizi?! Nə qədər bizə yalançı vədlər verdi?! İndi güc görüb, qorxusundan muma dönüb! Sukin sın! Bunların hamısı it tayfasıdı!

Polkovnik Eristavi:

– Dönə-dönə üzr istəyirəm, zat-aliləri! Ancaq onlarla belə rəftar etmək olmaz…

Knyaz Sisianovun həmin gün kefi, görünür, həqiqətən kök idi və o yenə güldü:

– Əzizim Eristavi!.. Siz yalnız mənim yavərim deyilsiniz, eyni zamanda, mənim dostumsunuz! Deyəsən, sizin babalarınızın Qafqaz qanı hərdən içinizdə bu yerlərin təəssübkeşliyini etmək istəyir…

– Bəs sizin?

– Sizə doğrusunu deyim, polkovnik? Patetikadan kənar həqiqəti? Yox, heç zaman!.. Eşidirsiniz? Heç zaman! Və mən bununla fəxr edirəm, polkovnik! Mən fəxr edirəm ki, mənim içimdə vəhşi Qafqazdan heç bir əsər-əlamət qalmayıb!..

… Və elə bu vaxt Hüseynqulu xan bir dəstə atlı ilə Bakının Qoşa Qala Qapısı ağzında onları gözləyirdi.

Hüseynqulu xan:

– Allah kafirlərin böyük generalı bu məlunla mənim ilk görüşümü xalqımız üçün xeyirli etsin! – dedi.– Bunların bəlası millətimizin başının üstündən iraq olsun!

Xan ilə yanaşı dayanmış İbrahim bəy:

– Kafirlər bizim xalqımıza necə xeyir gətirə bilərlər, əmioğlu? – soruşdu.– Bunların bəlası millətimizin başının üstündən necə iraq ola bilər ki, sən onlara itaətini bildirirsən? İndi də Bakının açarını ona təqdim etməyə hazırlaşırsan?!

– Bəs nə edim? Başımızın üstünü almış bu bəladan millətimizi necə qurtarım? Fətəli şahdan kömək istədim, Şeyxəli xan o tərəfdən kömək vəd etdi, nə oldu? Kafir topuyla, tüfəngiylə gəlib oturub qulağımızın dibində! Gəmiləri də dəryadan bizə baxır! Bu div boyda bir kafir məmləkəti ilə mən hansı dildə danışım, hə?

– Cavad xanın danışdığı dildə.

– Bəs, o dilin axırı nə oldu? İbrahim xan müdrik adamdı, nə qədər dedi, Cavad xan rəhmətlik qulaq asmadı, özü də qurban getdi, şir kimi oğlunu da qurban verdi! Bəs, Gəncə nə oldu? Tarmar oldu Gəncə! Yoxdur Gəncə! Yeli… Yelizavetta… Yelizavettapol var! Tfu!.. – Hüseynqulu xan atın belindən yerə tüpürdü. – İt uşağının sözləri də dilimə yatmır!.. Heç adını da deyə bilmirəm!.. İndi sən istəyirsən ki, Bakı da Aleksandrapol olsun? Yaxşı, bəsdir, əmi – oğlu!.. Vallah, cavan olmasaydın, cəzalandırardım səni.–Sonra Hüseynqulu xan acıqla əlavə etdi.–Ancaq sən də hər dəfə cavanlığına salma!

Uzaqdan atlılar göründü.

İbrahim bəy:

– Cəmisi iki nəfərdi…– dedi.

Hüseynqulu xan tənə ilə:

– Görürsən?– dedi.– Bunun mənası odu ki, mənim arxamda div boyda nəhəng bir məmləkət durur.

– Yox, bunun mənası odur ki, mən sizi adam hesab etmirəm!..

Hüseynqulu xan bu dəfə əməlli-başlı hirsləndi:

– Bəsdir, İbrahim bəy! Qurtar bu uşaq-muşaq söhbətini! Özün də atdan düş, get, onları qarşıla, hörmət-izzətlə hüzurumuza gətir. Mən o gələndən sonra atdan düşəcəyəm.

İbrahim bəy atdan düşüb o iki atlıya tərəf getdi.

… Knyaz Sisianov atın belindən yerə sıçradı və ətrafa baxıb:

– Gəncənin çinarlarından, Qarabağın meşələrindən sonra, o dağlardan sonra buralar çox misgin görünür, polkovnik…

Polkovnik Eristavi də atdan düşdü və:

– Ancaq Qafqazda belə misginlik, bəzən, aldadıcı olur, zat-aliləri… – dedi.

Knyaz Sisianov yenə güldü:

– Siz belə müdrik kəlamlar söyləməkdənsə, məşhur Bakı qalasının qoca divarlarına baxın… – dedi və əlavə etdi: – Bakı kimindirsə, Xəzər də onundur!

İbrahim bəy onlara yaxınlaşdı.

Knyaz Sisianov onu başdan ayağa süzüb:

– Sən kimsən?– soruşdu.

Polkovnik Eristavi sualı tərcümə etdi.

İbrahim bəy:

– Mən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəyəm.

Polkovnik Eristavi tərcümə etdi.

– Bəy?– Knyaz Sisianov gülümsədi.– Bundan sonra kimin bəy olub, olmadığını biz müəyyən edəcəyik!

Polkovnik Eristavi bu sözləri tərcümə etmək istəmədi:

– Knyaz…

İbrahim bəy də, elə bil, nəsə hiss etdi və:

– O nə deyir?– soruşdu.

Eristavi:

– Heç… Sənə aid deyil…– dedi.

Knyaz Sisianov narazılıqla:

– Siz mənim sözlərimi tərcümə edirsiz, yoxsa özünüz bu adamla söhbət edirsiz?– dedi. – Sonra atlılara tərəf baxıb:– Hüseynqulu bəy o boz atın belindəkidi?– soruşdu. Eristavi tərcümə etdi.

İbrahim bəy:

– Bəli,– dedi.

Və bu zaman knyaz Sisianov gülümsədi:

– Qorxusundan başına o qədər atlı yığıb?

Polkovnik Eristavi:

– Zat-aliləri, bu sizə hörmət əlamətidi…

Knyaz əsəbiləşdi:

– Həddinizi aşmayın, polkovnik!– dedi.– Mən sizinlə söhbət etmirəm. Dediklərimi bu adama tərcümə edin!

İbrahim bəyin görkəmi, dik duruşu, baxışı, gözlərinin ifadəsi açıq-aşkar knyaz Sisianovun xoşuna gəlmirdi.

İbrahim bəy yenə:

– O nə dedi?– soruşdu.

Eristavi tərcümə etdi.

İbrahim bəy bu dəfə də:

– Bəs, siz necə, heç kimdən qorxmursuz ki, görüşə ancaq tərcüməçi ilə gəlmisiz?– soruşdu.

Knyaz sözləri xüsusi olaraq aramla tələffüz etdi ki, Eristavi olduğu kimi tərcümə etsin:

– Mən kimdən qorxacağam? – Sisianov İbrahim bəyin qarşısına gəldi.– Səndən?– Sonra lap yaxınlaşıb gözlərini cavan oğlanın düz gözlərinin içinə zillədi.– Mən heç kimdən, birinci növbədə də səndən qorxmuram!

İbrahim bəy:

– Nahaq yerə!– dedi və bu sözləri deməyi ilə belindən asılmış xəncəri qınından sıyırıb knyaz Sisianovun ürəyinə soxmağı bir oldu.

Bir anın içində heyrətdən gözləri bərəlmiş knyaz bir söz deməyə macal tapmadı və üzü üstə torpağa sərildi.

Polkovnik Eristavi:

– Knyaz!– qışqırdı və özünü Sisianovun üstünə atdı.

…At belində dayandığı yerdən bütün bunları görən Hüseynqulu xan:

– Sən neylədin, ay köpək oğlu?!–qışqırdı.–Bizi bəlaya saldın!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qırmızı ayı balası

Rəhman BədəlovaC. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?

16 min
On ildən sonra

Sonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.

36 min
İki Çal Papağın və bir Qara Kepkanın nağılı

Çox şilaşı yemişəm, amma belə yalan deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan savayı heç kəs yox idi, təkcə iki nəfər Çal Papaq var idi, bir nəfər də Qara Kepka və Qara Kepkanın da bir sevimli həyat yoldaşı var idi ki, adı Çadra xanım idi.Bu Çal Papaqlar elə Çal Papaqlar idi ki, hörmətləri dağ boyda – həm bu ətrafda yeganə Çal Papağıydılar, həm də ki, cəmi-aləm bunların arasındakı dostluqdan, mehribanlıqdan danışırdı, çünki bu dostluq, ayrı dostluq idi, söz ilə deyiləsi deyildi.

8 min
Gümüşü, narıncı, məxməri...

Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb müharibədənqalma şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı və sidq-ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi.Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik şıdırğı yağmırdı ki, adamın canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı.

24 min

Poems by other poets