Vanya yüzbaşı Şuşa qarnizonunun yerləşdiyi binaya gələndə rus gözətçilər onu tanıyıb heç nə soruşmadılar:

– Proxodite.

Yüzbaşı içəri girdi və onu görən rus zabiti:

– Yenə nə olub, Vanya yüzbaşı?– soruşdu.

Vanya yüzbaşı şikayət etdi:

– Ara, nə olacaq? Ara, mən söküldüm daha! Məzhəb haqqı, mən lümlüt olmuşam! Hardadı cənab mayor?

– Öz kabinetində!

Vanya yüzbaşı arakəsmə ilə gedib qapılardan birini açdı.

Mayor Lisaneviç iş masasının arxasında əyləşmişdi və Vanya yüzbaşını görən kimi, ayağa qalxıb gülümsədi:

– Xoş gəlmisiz, cənab yüzbaşı!

– Sağ olun…

– Necəsiz?

– Çox pisəm!

Mayor təəccüb etdi:

– Niyə?

Vanya yüzbaşı:

– Siz İbrahim xanla müqavilə bağladız,– dedi.– Belədi?

– Bəli.

– Orada birinci yazdız ki, İbrahim xan bütün dövlətlərlə əlaqəsini qəti kəsib, tamam dünya miqyasında təkcə rus dövlətinə tabe olsun. Belədi?

– Belədi.

– İndi İbrahim xan kiminlə hansı əlaqəni kəsib-kəsməyib, bilmirəm. Bu sizin işinizdi! İkinci, yazdız ki, xan qonşu ölkələrlə, ancaq rus sərdarının icazəsi ilə münasibət saxlaya bilər. Onların məktublarına ancaq rus sərdarının icazəsi ilə cavab verə bilər. İndi İbrahim xan gündə Ağabəyim Ağa ilə məktublaşır-məktublaşmır, bilmirəm. Bu sizin işinizdi. Üçüncü, yazdız ki, Qarabağda olan rus qoşunu üçün xan ucuz qiymətə buğda almalıdı. Belədi?

Mayor Lisaneviç səbr və açıq-aydın hiss olunan bir maraqla qulaq asa-asa yenə:

– Bəli, elədir!– dedi.

– Ara, təkcə ucuz qiymətə buğdayla 500 əsgər saxlayarlar?! Ara, vallah-billah, mən söküldüm! Araq ver, donuz ver, yağ ver, pendir ver!..

Mayor güldü:

– Nə olar? Siz bizim varlı dostumuzsuz!

– Ara, hansı türkün həyətinə girsən, məndən on dəfə varlıdı!

– Özünüzü kasıb göstərməyin, cənab yüzbaşı! Darıxmayın!

– Ara, darıxmayım, bəs nə edim? Kimdi Qarabağın sahibi? Türklərdi, ruslardı?

– Türklərin gözəl bir atalar misalı var.

Vanya yüzbaşı:

– Türklərin bütün atalar misalı gözəldi,– dedi.– Hansını deyirsiz?

– Xəstə tələsər, armud vaxtında dəyər.

Vanya yüzbaşı yenə şikayət etdi:

– Ara, bu armud bəs nə zaman dəyəcək? Bizim ömrümüz çatacaq buna?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets