9 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.

İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.

Xidmətçi bərkdən elan etdi:

– Naxçıvan xanı əlahəzrət Kəlbəli xan!

Kəlbəli xan içəri girdi, İbrahim xanla qucaqlaşdılar, Axund Mirmöhsün ağa ilə əl tutuşdular.

Xidmətçi yenə də bərkdən elan etdi:

– İrəvan xanı əlahəzrət Məhəmməd xan!

Məhəmməd xan da içəri daxil oldu və o da İbrahim xanla qucaqlaşdı, Axund Mirmöhsün ağa ilə əl tutuşdu.

Xidmətçi dişarı çıxdı.

İbrahim xan:

– Qarabağa təşrif buyurmağınız məni çox şad edib, qardaşlar, – dedi.– Dünən xəbər çatdı ki, gəlirsiniz. Xoş gəlib, səfa gətiribsiniz. Bütün Qarabağ sizin öz doğma el-obanızdı. Buyurun, əyləşin.

Qonaqlar taxtlara sərilmiş döşəkcələrin üstündə əyləşdilər. İbrahim xan da onlarla üzbəüz əyləşdi. Axund Mirmöhsün ağa bir az kənarda oturdu.

İbrahim xan:

– Necəsiniz?– soruşdu.– Nə var, nə yox? Çoxdandı görüşmürük…

Kəlbəli xan:

– Necəliyimiz, güman edirəm ki, cənabınıza yaxşı məlumdu,– dedi və bir başa mətləbə keçdi.– Məhəmməd xan qardaşımızla qərar verdik ki, səninlə məsləhətləşməyə gələk, İbrahim xan. Cavad xana da sifariş göndərmişik ki, münasib bilsə, məşvərət üçün təcili bura gəlsin. Sizin, bir ağsaqqal kimi, qapınızın həmişə bizim üzümüzə açıq olduğunu biz yaxşı bilirik, İbrahim xan.

İbrahim xan:

– Təşəkkür edirəm, – dedi.

Kəlbəli xan:

– Məsələ vacib, zaman məhduddur, – deyə sözünə davam etdi.– Padşah Aleksandrın böyük generalı Sisianov daha gəlib Tiflisdə əyləşib.

Məhəmməd xan əsəbi halda dilləndi:

– O, bizim İrəvan xanlığından da, Naxçıvan xanlığından da tələb edir ki, rus padşahına tabe olaq!..

İbrahim xan:

– Mən bunu iki gün bundan qabaq eşitmişəm,–dedi.– Bəs siz nə fikirdəsiniz?

– Naxçıvan xanlığı heç bir padşaha tabe olmaq istəmir. Ancaq təhlükə çox ciddidir,– Kəlbəli xan dedi.

Məhəmməd xan:

– İrəvan xanlığı da heç bir padşaha tabe olmaq istəmir,– dedi.– İbrahim xan, nə siz, nə də biz heç vaxt xaçpərəst tayfasına düşmən münasibət göstərməmişik. Yekatrinanın vaxtında onun böyük generalı Qafqaza gələndə, sən, İbrahim xan, hörmətli elçilərlə generala hədiyyələr göndərdin. Öz ixlasını bildirdin. Mən də Osmanlıdan, İrandan axışıb İrəvana gələn ermənilərin heç birini rədd etməmişəm. Nə olsun ki, xaçpərəstdirlər? Göydə Allah birdir! Lakin indi xanlıq istiqlaliyyətimizi itirə bilərik…

Axund Mirmöhsün ağa yavaşdan ösgürdü.

Kəlbəli xan:

– Axund Mirmöhsün ağa mötəbərin deyəsən sözü var, – dedi.

Axund Mirmöhsün ağa:

– Müsaiddirsə?– soruşdu.

Məhəmməd xan:

– Buyursunlar,– dedi.– Biz bilirik ki, Axund ağa İbrahim xan qardaşımızın ən yaxın və məhrəm, ən sədaqətli adamıdır. Ağanın sözləri bizimçün də qiymətlidir. İbrahim xan da başının işarəsi ilə razılığını bildirdi.

Axund Mirmöhsün ağa yenə bir-iki dəfə astaca öskürüb:

– Mütəşəkkirəm,– dedi.– İbrahim xan neçə dəfə Azərbaycan xanlarına təklif etdi ki, gəlin, şərtləri işləyək, xanlıqları birləşdirib vahid Azərbaycan dövləti yaradaq, hətta onu da buyurdu ki, biz də Nadir şah Əfşarın Muğanda çağırdığı kimi bir qurultay çağırıb bu məsələni orada həll edək. Amma əqil-səlimlə edilmiş bu təklifə qol qoyulmadı. Yoxsa ki, indi güclü bir orduya malik olardınız. Peyğəmbər əleyhissəlam yüzlərcə yerə bölünmüş ərəb qəbilələrini birləşdirməsəydi, İslam dünyası o qədər vüsətli qələbələrə nail ola bilməzdi.

Məhəmməd xan:

– Cənab Mirmöhsün ağa, – dedi.– Sizin sözlərinizdə həqiqət var, ancaq indi təqsirkar axtarmaq vaxtı deyil. Rus generalı başımsızın üstünü alıb, tabeçiliyimizi tələb edir.

Kəlbəli xan:

– İbrahim xan,– dedi.– Sən Fətəli şahla qohum olmusan. Oğlun Əbülfət ağa da hal-hazırda onun sarayında yüksək mənsəbdədir. Deyirlər, Fətəli şah qızınız Ağabəyim Ağanın əqil-fərasətinə valeh olub, hətta dövlət tədbirlərini də onunla məsləhətləşir. Əgər Fətəli şah xanlıqlarımızı saxlamaq şərtilə bizə kömək edərsə, biz də Sisianovun təklifini rədd edərik. Mən rus padşahının cəngindən qurtarmağın başqa bir yolunu görmürəm.

Bu zaman qapı açıldı və xidmətçi elə eşikdəncə elan etdi:

– Gəncə xanı əlahəzrət Cavad xan!

Və Cavad xan özünə xas olan cəldliklə içəri daxil oldu.

Xanlar ayağa qalxdı, Cavad xan əvvəlcə İbrahim xanla, sonra Kəlbəli və Məhəmməd xanla qucaqlaşdı, Axund Mirmöhsün ağa ilə əl tutuşdu.

İbrahim xan əli ilə yer göstərdi:

– Buyurun.

Xanlar döşəkcələrin üstündə əyləşdi və İbrahim xan Cavad xana müraciətlə:

– «Necəsiniz» soruşmuram, xan cənabları. Xəbər mənə çatıb. General Sisianov Gəncə qalasının təcili təslim olmasını səndən tələb edir.

Cavad xan acıqla:

– Bəli, tələb edir… – dedi.– Bu, rus padşahlarının həmin siyasətidi ki, davam edir. Yekatrinanın əmri ilə general Zubov Qafqaza yeriyib Dərbəndi mühasirə eləyəndə, mən sizə dedim ki, təcili qoşunlarımızı birləşdirib Dərbəndin köməyinə gedək. Heç kəsdən səs çıxmadı. – Cavad xan bir an nəfəsini dərdi və İbrahim xana baxıb təkrar etdi.– Heç birinizdən səs çıxmadı.

Cavad xan susdu, amma açıq-aydın hiss olunurdu ki, bu ehtiraslı adam özünü güclə saxlayır, içi doludu.

Və bunu, əlbəttə, İbrahim xan da hiss etdi, yüngülcə gülümsəyərək:

– Buyurun, davam edin…– dedi.

Cavad xan sözünə davam etdi:

– Zubov Dərbəndi alandan sonra, mənim qardaşım, ağsaqqalımız İbrahim xan ona hörmətli elçilərlə qiymətli hədiyyələr göndərib rus padşahına ixlasını bəyan etdi. O hədiyyələrin hesabına, əlli dənə top əldə etmək olardı. İndi də budu, Sisianov ağa təşrif buyurub… Qardaşımız İbrahim xanın Zubova o cürə ixlası, o hədiyyələri rus padşahının qəyyumçuluğunu qəbul eləmək kimi bir şey idi, bu da Ağa Məhəmməd şaha fürsət yaratdı ki, Qarabağa gəlsin, Şuşa kimi bir qalanı alsın. Nə oldu? Yekatrina kömək əlini uzatdı İbrahim xan qardaşımıza? Yox. Qardaşımız da məcbur oldu xanlığı buraxıb Balakənə getsin. Ağa Məhəmməd qətlə yetiriləndən sonra, ağsaqqalımızın qardaşı oğlu Məhəmməd bəy burada nə fəsadlar törətdi?! Allah vəzir Molla Pənaha rəhmət eləsin, onun da, oğlunun da başını üzdürdü Cıdır düzündə. Amma Yekatrina Molla Pənaha bir əsa hədiyyə etmişdi… Nə isə!.. Allaha min şükür ki, Axund Mirmöhsün ağanın tədbirləri və qoşunbaşı Saday bəyin sədaqətinin və igidliyinin nəticəsində ağsaqqalımız İbrahim xan yenə Qarabağ taxtına qayıda bildi. Bütün bunlar ki, bu yaxınların söhbətidir, nə üçün bunlar yaddan çıxır?

Araya ağır bir sükut çökdü və o sükutu yenə Cavad xan özü pozdu:

– Məni məzur tutun, ağalar! Mən qızışıb bəzən lüzümsüz sözlər də deyirəm. Ancaq ağalar,– Cavad xan barmağını yuxarı qaldırdı,– o başımızın üstündəkinin dərgahına and olsun ki, bunların hamısı sizə, o cümlədən əziz qardaşım və ağsaqqalımız İbrahim xana məhəbbətimin ifadəsidir. Əlbəttə, hər birimizin səhvi var və burası da həqiqətdi ki, indi oturub bu səhvlər barədə mübahisəyə başlasaq, çox uzun çəkər. Vaxt isə gözləmir. Gəlin, bir dəqiqə belə itirmədən, nə döyüş qüvvələrimiz varsa, birləşdirib Sisianova cavab verək. Mən sizi inandırıram ki, rusun qoşununun köməyi gəlib çıxana qədər biz Sisianovu Dərbənddən də o tərəfə qovub, Azərbaycanın sərhədlərindən xeyli uzaqlaşdıra bilərik.

Yenə araya ağır sükut çökdü və bu dəfə o sükutu İbrahim xan pozdu:

– Qardaşım Cavad xan mənə ağır ittihamlar verir… Ancaq, ağalar, gəlin, ədalətlə danışaq. Biz, hər cürə silahı, böyük qoşunu, böyük sərvəti olan iki dövlətin arasındayıq. Bu dövlətlərin ikisinin də kürreyi-ərzin xəritəsi miqyasında maraqları var. Mən istəyirdim, çalışırdım ki, millətimiz qırılmasın, xanlığımız viran qalmasın… Mən indi də istəyirəm ki, hər şeyi danışıqlarla, sülhlə, tədbir və təmkin ilə qaydasına qoyaq. Ona görə də, indi biz bu iki dövlətdən birinə iltiza etməliyik. Çox fikirləşəndən sonra mən bu qərara gəlmişəm ki, biz rus padşahıyla daha tez dil tapıb dost ola bilərik.

Cavad xan heç cürə gizlədə bilmədiyi bir acıqla:

– Nəyə görə?– soruşdu.

İbrahim xan:

– Ona görə ki, – dedi,– bütün Azərbaycan torpağına sahib olmaq İran şahlığının çoxdankı arzusudur, son dövrlərin tarixi boyu bu istək gah yerinə yetir, gah da əldən çıxır… Azərbaycan xanlıqları rus padşahına iltiza etsə, düşünürəm ki, bir dövlət kimi daha tez istiqlaliyyət ala bilərik…

Cavad xan özünü saxlaya bilmədi və:

– Ağsaqqal,– dedi,– İran padşahlığının dediyin o arzusu ki, var ha, yəni o arzu, o istək Rusiya padşahlığı üçün bu qədər uzaqdır?!

Kəlbəli xan:

– İran şahının özü də türkdü, – dedi. – Bizim adət-ənənələrimiz, dinimiz birdi. Elə güman edirəm ki, biz İranla, xüsusən Baba xanla daha tez dil tapa bilərik.

Məhəmməd xan başının hərəkəti ilə Kəlbəli xanın sözlərini təsdiq etdi:

– Biz, demək olar ki, bir torpaqda yaşayırıq. Gediş-gəlişimiz var, söz deməyə imkan tapacağıq. Rus padşahlığının paytaxtı ilə bizim aramızda üç min verstə qədər məsafə var. Dinimiz ayrı, dilimiz ayrı…

Cavad xan qızğın halda:

– Ağalar,– dedi,– mənə qulaq asın! Əgər siz öz xanlıqlarınızın müstəqilliyi, gələcək birləşmiş milli istiqlaliyyət haqqında düşünürsünüzsə, bu, xam xəyaldır! Gəlib torpağımıza kök salan, qalalarımıza hakim olan heç bir dövlət bizi saya salmaz, təzədən bizə istiqlaliyyət verməz! Ona görə də mənim fikrim qətidir: nə rus padşahı, nə də İran şahı! İbrahim xan, bağışla, ancaq deyəcəyəm. Hərgah sənin Rusiyaya meylinin arxasında o fikir gizlənirsə ki, Rusiya sənə toxunmayacaq, Fətəli şahla da qohum olduğun üçün, İran şahlığı sənə toxunmayacaq, səhv edirsən, qardaşım! Çox böyük səhv edirsən!

İbrahim xan sərt hərəkətlə ayağa qalxdı:

– Siz uzaq yoldan gəlib yorulmusunuz, qardaşlarım. Buyurun, bir az istirahət eləyin, sonra söhbətimizi davam etdirərik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vııı fəsil

İzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.

1 min
Ix fəsil

Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.

2 min
X fəsil

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...

1 min
Xı fəsil

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.

4 min

Poems by other poets