Gəl mənim “qul” balam, “qul” pəhləvanım,qullar bazarında necəsən oğlum?O yandan qovdular, bu yana qaçdın,bu yandan hayana qaçasan, oğlum.

Azadlıq olalı, sən qul olmusan,dövlətin varlıdı, yoxsul olmusan.Pulsuzluq dərdindən pul-pul olmusan,bir qalıb, canından keçəsən, oğlum.

O kürək səndədi, əzələ səndə,bir hünər görməyir göz hələ səndə.Hardandı bu qədər hövsələ səndə,sanma ki, tənhasan, təkcəsən, oğlum?!

Sən yaşamaq üçün əlsən-ayaqsan,nə vaxt ölmək üçün yaşayacaqsan?Nə vaxt şəhidlərə qovuşacaqsan,nə vaxt gedəcəksən öncə sən, oğlum?!

Spartak qul idi, dilində cahat,o qalxdı, diz çökdü Romada senat.Qulları döyüşə çağırır həyat,qısılma daldaya, küncə sən, oğlum.

Çamadan götürmə, get silah götür,bağında-bağçanda bayquşlar ötür.Sənə qul deyəni qul kimi öldür!gərək torpaq andı içəsən, oğlum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets