Page 1 of 7

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həmin

qəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

yollarına nəzər salmağa sövq edir; ən qəribəsi isə burasındadır ki,

özlərinin bundan xəbəri olmur, yəni xəbərləri olmur ki, əslində o gecə

onları düşündürən ən əsas məsələ dünyada kiminçün və nə üçün

yaşamaqlarıdır.

Güldəstə «Bakı-Voronej» qatarında bələdçi işləyirdi və üç gün evdə olurdu, beş gün səfərdə. Məsməxanım birinci sinifdən internat məktəbdə oxuyurdu və anasının bu səfərləri onun ürəyini sıxmırdı, həftədə bir dəfə, ya iki dəfə anası yanına gəlirdi və Məsməxanım da elə bilirdi ki, elə belə də olmalıdı, amma gün keçdi, ay dolandı, yeddinci sinfi qurtardı və Güldəstə bu qərara gəldi ki, daha qızı böyüyüb, özü özünə qulluq edə bilər, evdə tək qalmaqdan qorxmaz; Məsməxanım internat məktəbdən çıxıb evə gəldi, adi uşaqlar kimi dərslərini evdə hazırladı, adi uşaqlar kimi də gecələr evdə yatdı və bu zaman anasının səfərləri hərdənbir onun ürəyini sıxmağa başladı.

Güldəstə Məsməxanımı təkcə ona görə evə gətirməmişdi ki, qızını çox istəyirdi; əlbəttə, qızını çox istəyirdi və burasını da fikirləşirdi ki, daha gərək gözü onun üstündə olsun, çünki Məsməxanımın elə vaxtıydı ki, onu özbaşına buraxmaq olmazdı; Güldəstə həm də ona görə qızını evə gətirmişdi ki, istəyirdi səfərdən qayıdanda onu da evdə gözləyən olsun, onunçun da sevinən olsun və səfərə çıxanda onun da ardınca bir parç suatanı olsun.

Məsməxanım hər üç gündən bir beş günün anasızlığına, təkliyinə get-gedə elə öyrənmişdi ki, başqa arvadları gündə öz uşaqları ilə bir yerdə görəndə az qalırdı təəccüb etsin və onun ürəyinin sıxılmağı da yavaş-yavaş çıxıb gedirdi, əvəzində ikinci bir dünyası yaranırdı, böyüyürdü, gözəlləşirdi, adam da istəmirdi oradan çıxsın.

Məsməxanımın iki dünyası var idi: birincisində dərslərini hazırlayırdı, məktəbə gedirdi, özünə xörək bişirirdi, köhnə paltarlarını söküb təzədən tikirdi, anasının əyninə olmayanları öz əyninə düzəldirdi, axşamlar klubda kinoya baxırdı, anasının yolunu gözləyirdi, hərdən anası ilə birlikdə Bakıya gedib mağazaları gəzirdi və başqa bu kimi işlərlə məşğul olurdu, yəni o işlərlə ki, hamı bunlarla məşğul olur; Məsməxanımın ikinci dünyası isə təkcə onunku idi, yavaş-yavaş əmələ gəlmişdi və yavaş-yavaş da böyümüşdü, bu dünyada istədiyin vaxt yağış yağırdı, qar yağırdı, gün çıxırdı, istədiyin vaxt uşaq olurdun, istədiyin vaxt böyük olurdun, öz uşağın olurdu, bu uşağı əzizləyirdin, ona layla deyirdin və ürəyində dediyin bu layla ilə özün də yuxuya gedirdin.

Məsməxanımın iki dünyasından başqa bir də bir «nə isə»si var idi. O, bu «nə isə»nin nə olduğunu bilmirdi, amma bunu bilirdi ki, dünyada bir «nə isə» var və bu «nə isə»ni gözləyirdi; bilirdi ki, gün geçəcək, ay dolanacaq, «nə isə» olacaq.

Onda yaz idi və yaz gələndə Məsməxanımın ikinci dünyası da ağacların, güllərin, çiçəklərin rəngini alırdı, burada da günəş səbəbsiz sevinc yayırdı aləmə və beləcə yaz günlərindən birində evə gələn Məsməxanım otaqlarında tanımadığı bir kişi gördü; kişi ağ süfrə salınmış girdə mizin arxasında oturub anası ilə söhbət edirdi; bu ağ süfrə hərdən evə gələn qonağa xüsusi hörmət əlaməti olaraq mizin üstünə salınardı və indi də Məsməxanım başa düşdü ki, qonaqları hörmətli qonaqdı.

Məsməxanım ikinci dəfə idi evlərində yad kişi görürdü; birinci dəfə görəndə hələ internatdan evə təzəcə köçmüşdü; onda səkkizinci sinifdə oxuyurdu, küləkli bir payız günüydü, coğrafiya müəllimi Əzizov xəstələnib dərsə gəlməmişdi, Məsməxanım da məktəbdən tez çıxmışdı, öz açarı ilə qapını açıb evlərinə girəndə yad bir kişini otağın ortasında dayanan görmüşdü. Yad kişi tələm-tələsik şalvarını geyib əkilmişdi, Güldəstə isə bir müddət başını yorğanın altından çıxarmamışdı.

Budəfəki yad kişi çesuça kostyum geymişdi və Məsməxanımı görəndə nə anası, nə də bu kişi özünü itirdi, üz-üzə oturub çay içdilər: çayı nəlbəkiyə töküb hortuldada-hortuldada içdikcə bu yad kişinin kök sifətindən tər damcıları axırdı və o, xudahafizləşib gedəndə Güldəstə mənalı-mənalı:

– Yaxşı oğlandı... – dedi.

Bundan sonra Məsməxanım bu kök kişini evlərində tez-tez gördü və belə başa düşdü ki, anası bu kişiyə ərə gedir; Məsməxanım evə gələndə daha qapını öz açarı ilə açmırdı– zəngin düyməsini basırdı; Məsməxanımın ürəyində bir qorxu əmələ gəlmişdi, qorxurdu ki, birdən bu kök kişini də pis vəziyyətdə görər. Bu kişi birincidən xeyli cavan görünürdü, birinci kişi uzun, arıq idi, bir növ, milisioner Səfərə oxşayırdı, başı da onunku kimi daz idi; bu oğlan isə pota idi.

Məsməxanım anasının ərə gedəcəyi günü gözləyirdi və həmin gecələr onun ikinci dünyasında yetim bir qızın getməyə yeri olmurdu, çovğuna düşürdü, borana, qara düşürdü, soyuqdan dişləri dişlərinə dəyirdi və günlərin bir günündə nağıllardakı şahzadələrə oxşayan bir oğlan gəlib onu soyuğun əlindən qurtarırdı; butün bu hadisələr gecələr baş verirdi, Məsməxanım yuxuya getməzdən əvvəl, gündüzlər isə kök kişi gəlib ağ süfrə salınmış mizin arxasında otururdu, çayı nəlbəkiyə töküb hortuldada-hortuldada içirdi, içdikcə də yağlı sifətindən tər damcıları yuvarlanıb axırdı.

Əlbəttə, Məsməxanım daha yekə qız idi və başa düşürdü ki, anasının sinəsi dərdlidi, bütün tanış-bilişin, qonşuların evində bir kişi xeylağı var, kiminin əri, kiminin atası, kiminin də qardaşı – Məsməxanım bütün bunları başa düşürdü, amma bircə başa düşə bilmirdi ki, anası bu kök kişidə nə görüb: nə yaraşığı bir yaraşıqdı, nə də danışığı bir danışıqdı.

Bir müddət beləcə keçdi və yenə də günlərin bir günündə dünyanın ən gözlənilməz hadisəsi baş verdi: Məsməxanıma məlum oldu ki, həmin kök kişi anası üçün yox, Məsməxanımın özü üçün onlara gəlib-gedirmiş.

– Ağəz, sən hələ ayılmamısan? Sənin tayların şeytana papış tikir!.. Səndən ötrü gəlir də, Mirzoppa, day kimdən ötrü gələcək?.. Pis oğlan döyül, əli də çatıb çörəyə, şəhərə avtobus sürür, evi də var özünün ayrıca. Adam gərək ayağını yorğanına görə uzada. Elə bizim babımızdı... – Bu sözləri Güldəstə gözlərini bərəldib ona baxan Məsməxanıma dedi və beləcə də xeyir-duasını verdi.

Mirzoppagil Bakıdan Zuğulbaya köçəndən sonra Əliabbas kişinin tiyanı bu yerlərdəki qır damlı evləri bir - bir gəzmişdi, amma bu tərəflərdə də həmin evlərin sayı yavaş - yavaş azalırdı. Buralarda da üçmərtəbəli, sonralar beşmərtəbəli üstü taxtapuşlu şəhər evləri kimi dövlət evləri tikilirdi. Köhnə binalar uçulur, sökülür, qır damlı təzə evlər isə tikilmirdi. Əliabbas kişi öz işinin ustası idi, bir dəfə üstünə qır basdığı ev bir də yeddi-səkkiz ildən sonra dammağa başlardı; müştərilər get-gedə azalırdı.

Bir dəfə Mirzoppa atasına dedi:

– Bu damlara qırı elə bas ki, gələn il səni bir də çağırsınlar də!..

Əliabbas kişinin öyüd-nəsihət ilə arası yox idi, oğluna baxdı, baxdı və başa düşdü ki, Mirzoppanın kündəsi başqa xəmirdən yoğrulub.

Zuğulbaya köçəndən on bir il sonra, Əliabbas kişi tiyanını qaynatdığı yerdə qəflətən vəfat etdi və günlərin bir günündə Mirzoppa atasının tiyanını avtobusuna qoşub metalloma apardı (daha tiyan müştərisi tapmaq mümkün deyildi) və onu on manat yetmiş qəpiyə satıb üç şüşə araq aldı, həmin gecə kinomexanik Ağagüllə birlikdə möhkəm vurdular.

Aydın məsələdir ki, bütün bunlardan nə Güldəstənin xəbəri vardı, nə də Məsməxanımın. Mirzoppa Məsməxanımı kinoda görmüşdü, bəyənmişdi. Məsməxanım kinoya tez-tez gəlirdi, Mirzoppa da tez-tez Ağagülün yanında olurdu. Ağagül Mirzoppanın divarın kino göstərən gözündən Məsməxanıma baxdığını görüb göz vurdu:

– Güldəstənin qızıdı... Yaxşı şeydi, anasından geri qalmaz!..

Mirzoppa Ağagülün söhbətini davam etdirmədi, günlərin bir günündə gəlib Güldəstənin qapısını açdı və özü özünün elçiliyini elədi; bundan sonra Mirzoppa tez-tez onlara gəlib-getməyə başladı.

Güldəstə üç səbəbə görə Mirzoppaya «yox» demək istəmirdi: birincisi ona

görə ki, Güldəstənin fikrincə, Məsməxanım nə qədər tez ərə getsəydi, bir o qədər yaxşı idi, çünki başına gələn başmaqçı olar deyiblər, Güldəstə istəmirdi ki, qızı

günlərlə evdə tək qalsın, pis yola düşməyindən qorxurdu; ikincisi ona görə ki,

Mirzoppa Məsməxanımın atasının kim olub, kim olmadığı barədə maraqlanmırdı və ümumiyyətlə, bu barədə heç bir söhbət salmırdı; nəhayət, üçüncü gizli bir səbəb də vardı ki, Güldəstə həmişə bunu öz başından qovurdu: o, illərdən bəri tək yaşamağa, ürəyindən keçəni eləməyə o qədər öyrənmişdi ki, qızı internatdan çıxandan sonra, elə bil, Güldəstəni yavaş-yavaş qəfəsə salırdılar, qızı ilə gizlənpaç oynamağa məcbur olurdu, darıxırdı, sıxılırdı, günlərinin əvvəlki sərbəstliyi, azadlığı hərdən lap

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qış nağılı

Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.

23 min
Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 min
Talvar

Akademik Məmməd Arif Dadaşzadəninxatirəsinə

26 min
Bülbülün nağılı

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

13 min

Poems by other poets