Page 7 of 7 · 86%

Yanarqayanın istisindən Məmmədağanın alnına, burnuna xırda tər damcıları düzülmüşdü və Məsməxanım əlini uzadıb Məmmədağanın alnındakı tər damcılarını sildi.

Sonra Məsməxanım soruşdu:

– İstidi sənə?

Məmmədağa dedi:

– Hə, istidi bir az.

– Bu saat yağış yağsaydı yaxşı olardı, hə?

– Hə.

– İstəyirsən yağış yağdırım bu saat?

– Yox.

– Qorxdun ki, yağdıra bilmərəm, hə? – Məsməxanım güldü, amma bu gülüş başqa gülüş idi, bunu Məmmədağa yaxşı bilirdi, bu gülüş bu qara gözlərə bir gölgə salmışdı və kölgə, təbii ki, Humay quşunun kölgəsi deyildi – Qorxdun, hə?.. – Məsməxanım əlini Məmmədağanın əlinin üstünə qoydu...

...Çayçı Qəzənfər həmişəki kimi sübh tezdən çayxanaya girib yekə samovara od salmışdı, indi də taxta döşəməyə saldığı palazın üstündə bardaşqurma oturub çəkiclə qabağındakı tabaqçada kəllə qənd sındırırdı, hərdən də başını qaldırıb Bakıya gedən asfalt yola baxırdı və alüminium örtüyü gün işığında par-par parıldayan tir furqonunu Bakıya tərəf gedən görəndə kişinin ürəyi arxayın oldu ki, bu gün daha müştəriləri heç hara dağılmayacaq...

...Xanım qarının böyük oğlu Əbülfəz Binədə bağban işləyirdi, evi-eşiyi də orada idi. Xanım qarı hərdən Buzovnadakı həyətlərindən əncir, üzüm vaxtı əncir, üzüm; nar, heyva vaxtı nar, heyva dərib Binəyə aparırdı. (Əbülfəz deyirdi: « – Neynirsən, ay arvad, bunları özünə yük eləyib gətirirsən bura? Görmürsən nə qədər əncir, üzüm var burda?» Xanım qarı deyirdi: « – Bunların ağacını, meynəsini atan, baban əkib. Dadı gərək ayrı olsun səninçün bunların. Səninçün də, uşaqlarınçın da»).

Xanım qarı lap sübh tezdən gedirdi ki, oğlunu da evdə görsün. Buzovnada magistral yolun kənarında dayanıb Bakıya gedən avtobusa minirdi, yolüstü Binədə düşürdü. Abşeron yollarındakı sürücülərin qoca arvadlara hörmət etməsi məlum bir məsələ idi; sürücülər marşrut avtobuslarını yolun ortasında saxlayırdılar ki, Xanım qarı minsin.

Budəfəki yekə maşın onun yanında dayananda qarı baxıb gördü ki, bu maşın başqa maşındı, avtobus deyil.

– A-a-a... Bu neçə maşındı belə? Xaladelnikdi?

Bu maşın soyuducu maşın yox, Məmmədağanın alüminium örtüklü furqonu idi ki, üstündə alabəzək hərflərlə «Pnevmatiçeskiy tir» sözləri yazılmışdı.

Məmmədağa kabinkanın qapısını açıb:

– Xaladelnik döyül, ay xala, – dedi. – Hara gedirsən?

– Binəyə gedirəm, elə bildim avtobusdu bu, əl elədim...

– Gəl otur.

Xanım qarı əvvəlcə furqonu əməlli-başlı nəzərdən keçirdi, sonra yəqin bu qərara gəldi ki, bu boyda böyük maşında gedəndə adamın başına heç bir iş gəlməz və əlindəki əncirlə dolu iki tor zənbili yuxarı qaldırıb kabinkaya minmək istədi. Kabinka asfaltdan xeyli hündür idi və Xanım qarının cəhdləri boşa çıxırdı. Məmmədağa asfalta düşüb qarıya kömək elədi və furqon yerindən tərpənəndə Xanım qarı ovurdlarını çəkib qayırma dişlərini ağzında yerbəyer edə-edə dedi:

– Cavanlığım bu yerlərdə keçib mənim, qırğı kimi burdan vurub, ordan çıxırdım. İndi Allahın maşınına minə bilmirəm... Yaxşı deyiblər, vallah, lap mükəmməl deyiblər ki, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır...

Məmmədağa qabağındakı güzgüdə bu qarının rəngini itirmiş xırda gözlərinə, heyva kimi büzüşmüş qırışlı sifətinə, qara kəlağayısının altından çıxan və xınadan qızarmış ağ saçlarına baxdı və fikirləşdi ki, bəlkə bir vaxt bu qarı da dənizlə danışıb, bəlkə bir vaxt bu qarı da Yanarqayanın üstündə çörək qızdırıb? Məmmədağa bunu fikirləşdi və ürəyindən lap həzin bir ağrı gəlib-keçdi: illər quş olub ötüb-gedəcəkdi və Zuğulba sahilindəki həmin qəribə yay gecəsi də quru bir xatirə olub qalacaqdı...

Yəni doğrudan bu cür olacaqdı?

Səmədullanın oğlu Fazil universitetin fizika fakültəsində oxuyurdu. (Qabaqlar Məmmədağagilin məhəlləsindəki uşaqların çoxunun arzusu bu idi ki, böyüyüb şofer olsunlar və böyüyəndə də arzularına çatırdılar. Şoferlikdən başqa bir də diş texnikliyi ilə ayaqqabı tikmək dəbdə idi. Amma indi zaman dəyişmişdi, məhəllənin uşaqları məktəbləri qurtarıb institutlara girirdi, kimi həkim olurdu, kimi mühəndis olurdu, hətta benzinsatan Meyranqulunun oğlu Əliqulu şair olmuşdu və Mayakovski kimi misraları qırıq-qırıq şerlər yazırdı; Alxas bəy taxta kətili evlərinin qabağındakı səkiyə qoyub otururdu və qalın şüşəli çeşməyini taxıb qəzetlərdə Əliqulunun şerlərini oxuya-oxuya deyirdi: «– Əhsən! Bərəkallah!»).

Fazil bu yay üçüncü kursu bitirmişdi və hərdən elə qəribə şeylər danışırdı ki, Fazilin gələcəkdə böyük alim olacağına məhəllədə heç kimin şübhəsi qalmırdı. Belə qəribə bir şey də danışırdı Fazil: hamar bir yerdə bir dəmir parçasının qabağına cürbəcür maneələr düzürsən, bu maneələrin arasından sürüşüb keçmək çətin olur; yuxarı başda maqnit tuturlar, dəmir parçası maqnitə tərəf gedəndə maneələrə ilişib qalır, amma bir dəfə belə, iki dəfə belə, üç dəfə, dörd dəfə belə, beşinci dəfə dəmir parçası, elə bil, gözü varmış kimi, heç nəyə ilişməyib maneələrin arasından özünə yol tapır və gedib maqnitə yapışır.

Məmmədağa birdən-birə Fazilin danışdığı bu söhbəti yadına saldı və fikirləşdi ki, dəmir parçası dəmir parçasıdı, amma o da öz maqnitinə yol tapır. Bunu fikirləşdi və maşının qazını artırdı və burasını da arzuladı ki, kaş bu günlərdə axşamlar Zuğulbada həmişə gilavar əsəydi.

Xanım qarı isə illərin qarasına deyinə-deyinə yerindən dikəlib asfalt yola baxdı və fikirləşdi ki, bu maşın avtobusdan rahat gedir...

...Meyvə-tərəvəz köşkünə səhər-səhər təzə pomidor gəlmişdi və köşkün qabağına xeyli adam yığılmışdı. Ağ çitdən pencək geymiş satıcı qız pomidorları plastmas ləyənə yığıb tərəziyə qoyurdu və alıcıları bir-bir yola salırdı.

Milisioner Səfər asta addımlarla köşkə yaxınlaşıb bir-birinin üstünə yığılmış pomidor yeşiklərinə baxdı və fikirləşdi ki, bu il meyvə-tərəvəz yaxşıca boldur. Milisioner Səfər burasını da fikirləşdi ki, kim nə deyir-desin, amma dünyada Abşeron pomidoruna çatan pomidor olmaz.

Milisioner Səfər həmişəki kimi, formasının dəmir düymələrini diş tozu ilə silib təmizləmişdi və indi pencəyindəki, papağındakı düymələr yenə də çıraq kimi hər tərəfə işıq saçırdı.

Milisioner Səfər tərəzinin yanına gəldi və əlini uzadıb yeşikdən bir pomidor götürdu, orasına-burasına baxıb öz-özüylə danışırmış kimi yavaşdan:

– Sənə yazığım gəldi, – dedi. – Şikayəti şikayət kimi eləmədim... İkicə ili vardı azı... On beş sutka yatacaq yenə...

Satıcı qız pomidorları plastmas qaba yığıb tərəzinin gözünə qoydu və işindən ayrılmayıb:

– Çox nahaq yerə! – dedi. – Mənə minnət qoyma.

Milisioner Səfər əlindəki pomidoru yenə o tərəf-bu tərəfə çevirib:

– Sənə minnət qoymuram, – dedi və bir az sıxıla-sıxıla əlavə etdi: – Nə qədər ki, cavansan, özünə bir gün ağla. Gec olacaq sonra... Adam deyil o... deyil...

«İtdir, it!» – bu sözləri isə milisioner Səfər ürəyində dedi.

Sonra yeşikdən götürdüyü pomidoru yerinə qoyub meyvə-tərəvəz köşkündən uzaqlaşdı.

Satıcı qız pomidorları plastmas ləyənə yığıb tərəzinin gözünə qoyurdu.

Alıcılar pomidorun yaxşısını istəyirdilər, pul verirdilər, xırdasını alırdılar, amma heç kim bilmirdi ki, bu gecə onlar şirin yuxuda olanda Zuğulbanın göyündə Humay quşu uçmuşdu və həmin Humay quşunun kölgəsi indi də, həmişəki kimi, pomidorsatan bu ağ pencəkli qızın üstünə düşmüşdü...

2 avqust – 12 noyabr 1974.

Zuğulba – Bakı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qış nağılı

Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.

23 min
Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 min
Talvar

Akademik Məmməd Arif Dadaşzadəninxatirəsinə

26 min
Bülbülün nağılı

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

13 min

Poems by other poets