II hissə
Page 6 of 7 · 71%
Onun çəkmələrinin içi qumla dolmuşdu; qayaya söykənib çəkmələrini çıxartdı və bir-bir içindəki qumu boşaltdı. Məsməxanım Məmmadağaya baxıb güldü və:
– Bu saat görəcəksən, – dedi.
Bu yerdə qayalar bir-birindən aralı idi və Məsməxanım dağ keçisi kimi bir qayadan o biri qayaya atıla-atıla addımlarını daha da tezləşdirdi. Bir az da beləcə getdilər və birdən Məmmədağaya elə gəldi ki, qarşıdakı qum təpənin aşağısında gün çıxır; elə bil ki, bütün Abşeronda yox, təkcə bu qum təpənin aşağısında səhər açılırdı.
Məsməxanım dedi:
– Çatdıq.
Qum təpənin aşağısında iri sal qaya vardı və qayanın üstündə kərtənkələ yuvalarına oxşayan deşiklərdən göyümtül alov qalxırdı; elə bil, qayanın altına qaz trubaları çəkilmişdi və kibrit ilə bu trubaların hamısını yandırmışdı. Ətrafdan qəribə səslər gəlirdi və Məmmədağa da göyümtül alovla yanan bu iri sal qayaya baxa-baxa, qəribə səslərə qulaq asa-asa elə bildi ki, üstündə «Pnevmatiçeski tir» yazılmış furqondan cəmi dörd-beş kilometr aralıda yox, sehrli bir nağıl aləmindədi və bu sehrli nağıl aləminin sahibəsi də Yanarqayanın işığında qara gözlərini göyümtül alova zilləyib nəsə fikirləşən Məsməxanımdı.
Sonra birdən-birə Məmmədağanın yadına düşdü ki, bu saat bu sehrli nağıl aləminin sahibəsinin çiynində qapqara bir qançır var; onun ovcunun içi göynədi, elə bil bu qapqara qançır yenə də ovcunun içini yandırırdı, sonra o, yenə də sərin və quru, qalın dodaqları çənəsində hiss etdi və ona elə gəldi ki, təyyarədədi, təyyarə uça-uça enir-qalxır, onun da ürəyi uçunur, uçunur.
– Bu səsləri eşidirsən? – Bunu Məsməxanım soruşdu.
– Eşidirəm. – Bunu da təbii ki, Məmmədağa dedi.
– Bilirsən nəyin səsidi o?
– Yox... Bayquş səsinə oxşayır...
– Yarasadı. İşıqdan qorxur, çığır-bağır salır.
Bir müddət Yanarqayanın qarşısında beləcə dayandılar; Məsməxanım gözlərini alova zilləmişdi; Məmmədağa Məsməxanıma baxırdı.
– Bir belə vaxt öyrəşməyib bu işığa?
– Öyrəşməyib də... Yəqin öyrəşə bilmir işığa...
Yenə bir müddət beləcə dayandılar.
Məmmədağa soruşdu:
– Sən bura tez-tez gəlirsən?
Məsməxanım dedi:
– Hərdənbir...
Məmmədağa soruşdu:
– Tək gəlirsən?
Məsməxanım ona baxdı və Məmmədağa bu baxışlarda bir təəccüb oxudu; Məmmədağa özü də bu əbləh sualına mat qaldı: əlbəttə, Məsməxanım tək gəlirdi bura, lap tək-tənha olanda gəlirdi bura; Məsməxanımın kimi vardı ki, onunla gəlsin?
– Gedək mənimlə Bakıya. – Bu sözlər öz-özünə gəldi, elə bil, bu sözləri Məmmədağa yox, bu Yanarqaya dedi, bütün bu ətraf dedi, dedi ki, Məsməxanım, bir halda ki, «Məsməxanım Məsmədi, əl-ayağı əsmədi», sənin gecənin yarısı tək-tənha burada işin yoxdu.
Məsməxanım lal-dinməz Məmmədağaya baxırdı.
– Eşitmirsən nə deyirəm? Gedək Bakıya mənimlə!
Bu dəfə Məmmədağanın səsi lap bərkdən çıxdı və bu bərk səs bu yerlərə heç yaraşmırdı. Məsməxanım gözlərini ondan çəkib yenə də Yanarqayaya baxdı və dedi:
– Məndən Tamilla olmaz...
Yarasalar, elə bil, qəflətən adam səsləri eşidib daha da bərkdən çığır-bağır saldı və Məmmədağa bir an təəccüblə hiss etdi ki, yarasa səsindən, lap uzaqdan gələn dəniz uğultusundan başqa, yenə də nə isə qəribə bir səs gəlir, sonra başa düşdü ki, bu onun ürəyinin döyüntüsüdü.
Bəzən elə olur ki, adam nə deyəcəyini, nə edəcəyini bilmir, adama elə gəlir ki, hər sözü, hər hərəkəti artıqdı; adama elə gəlir ki, ümumiyyətlə, yer üzündə artıq vücuddu, gərəksizdi, lazımsızdı, dərisi bir qəpiyə dəyməz; adamın özünün özündən zəhləsi gedir: həmin qəribə yay gecəsi Məmmədağa Yanarqayanın qarşısında dayanıb nə edəcəyini, nə deyəcəyini bilmirdi və ümumiyyətlə, bu dünyaya nə üçün gəldiyindən də xəbəri yox idi; ona elə gəldi ki, başdan-ayağa bir miskinlik içindədi; sonra başa düşdü ki, Məsməxanım səhərdən bəri ona baxır.
Məsməxanım birdən-birə güldü:
– Elə sən də bir az bəbəsən ha, deyəsən... – dedi.– Gəl bura. Otur, bax, bu daşın üstündə. Bu saat sənin üçün çörək qızdıracağam. Bilirsən nə əntiqə iyi gələcək çörəyin?.. Gəl bura.
Məsməxanım Yanarqayanın qabağındakı balaca qaya parçasının üstündə qəzet açıb pendiri, üzümü səliqə ilə yerbəyer elədi, çörəyi götürüb Yanarqayanın kənarına qoydu və həmin qəribə yay gecəsi Yanarqayanın hər tərəfinə odda bişən çörək iyi yayıldı. Ən qəribəsi isə bu oldu ki, hər tərəfə yayılmış bərəkət iyi Məmmədağanın əhvalını dəyişdi, o, Yanarqayanın yanında çöməlib qayanın üstündəki təndir çörəyini o tərəf-bu tərəfə çevirən Məsməxanıma baxdı, sonra Yanarqayanın odlu gözlərinə baxdı, sonra da Abşeronun həmin gecəki aylı-ulduzlu göyünə baxdı və fikirləşdi ki, bu dünya ki, bu qədər böyükdü, bu dünyada ki, bu cür yanarqayalar var, bu cür çörək iyi var, adam niyə gərək həmişə sevinməsin, həmişə kefi kök, damağı da çağ olmasın? Bir halda ki, dünyada Məsməxanım adlı bir qız var və həmin qızın sərin və quru, qalın dodaqları sənin çənənə toxunur, niyə gərək özünü dünyanın ən birinci xoşbəxti hesab eləməyəsən? Və bir halda ki, sən düz adamsan, heç kimə xainlik eləməmisən, qolunda güc var, yerin üstündə möhkəm dayanmısan, niyə sənin işin müşkülə düşməlidi, niyə nə istəyirsən o da olmamalıdı?
Və Məmmədağa ulduzların arasında Məsməxanımın işığı güclə sezilən ulduzuna baxdı. Məsməxanım da qayanın üstündən götürdüyü isti çörəyi əlindən əlinə atıb tuta-tuta öz ulduzuna baxdı və Məmmədağa qızdan soruşdu:
– Ulduzun day bir söz demir sənə?
– Deyir.
– Nə deyir?
Məsməxanım Məmmədağanın Yanarqayanın işığında daha da açılmış göy gözlərinə baxıb:
– Deyim nə deyir? – dedi.
– Hə, de nə deyir.
– Deyir ki, Məsməxanım, sənin başının üstündən Humay quşu uçub, kölgəsi bu gecə üstünə düşüb...
...Yanarqayanın dörd tərəfinə bu cür çörək iyi nə qədər yayılmışdı, Yanarqaya nə qədər bu cür gecələrin şahidi olmuşdu? Əlbəttə, bunu nə Məmmədağa bilərdi, nə də Məsməxanım. Yanarqayada nə qədər çörək bişiriblər? Bəlkə çox-çox illər bundan əvvəl, o vaxtlar ki, bu yerlərdə, ancaq dəniz idi, ancaq təbiət idi və insan da hələ təbiətin qənimi deyildi, ov əti qızardılardı bu qayada?..
...Dan yeri yavaş-yavaş sökülürdü. Buradan dəniz görünmürdü, amma bir azdan günəş dənizin üzərindən qalxacaqdı, qıpqırmızı şəfəqlər hər tərəfə işıq saçacaqdı və o zaman təkcə bu Yanarqayanın ətrafı yox, hər tərəf işıqlanacaqdı.
Məsməxanım qaya parçasının üstündə oturub üzümlə pendir-çörək yeyən Məmmədağanın Abşeron yollarında yanıb qaralmış üzünə baxırdı və elə bil ki, onun bütün cizgilərini, təbəssümünü, gözlərinin ifadəsini əzbərləmək istəyirdi. Məsməxanıma elə gəlirdi ki, Yanarqaya onun ocağıdı və həmin qəribə yay gecəsində bu ocağı Məmmədağa üçün qalayıb. Ona elə gəlirdi ki, bu çörəyi də özü yoğurub bişirib, üzümü də özü becərib dərib, pendiri də özü tutub və bütün bunların hamısını ona görə edib ki, günlərin bir günündə bu göygöz oğlan bu ocağın qırağında oturub bu üzümü, pendiri, çörəyi bu cür şirin-şirin yesin; günlərin həmin günündə ki, Humay quşu uçub kölgəsini Məsməxanımın üstünə salmışdı; amma bir məsələ vardı ki, kölgənin ömrü qısadı yaman – adam kölgəsinin də, ağac kölgəsinin də, Humay quşunun kölgəsinin də; yavaş-yavaş səhər açıldıqca bu kölgə də çəkilib gedəcəkdi. Bu saat Məsməxanımın da, Məmmədağanın da Yanarqayanın işığında qumluğun üstünə kölgələri düşmüşdü və bir azdan səhər açılanda Humay quşunun kölgəsi də bu kölgələr kimi yox olacaqdı. Bu hiss adamın ürəyinin ən dərin yerinə, o yerinə ki, Yanarqayanın üstündə qızdırılmış bu çörəyin iyi gedib ora çatmırdı, bax, ürəyin həmin yerinə nisgil gətirirdi; səhərin açılmasına lap az qalmışdı və gərək bu nisgilin üstü açılmayaydı; amma burası da vardı ki, Məsməxanım da bunu çox yaxşı bilirdi: bir nisgil ki, bu cür çörək iyinə bürünmüşdü, ona dözmək yaman olacaqdı.
Sonra Məsməxanım yadına saldı ki, bu saat Zuğulbanın dəniz sahilində alüminium örtüklü bir furqon hələ də alaqaranlıqda gümüş kimi ağarır və həmin furqon indi bütün sahildə tək-tənhadı, amma bu furqon canlı olsaydı, başa düşən olsaydı, onda bilərdi ki, bu dünyada Məsməxanım adında bir qız var, bu Məsməxanımın göydə bir ulduzu var və indi həmin ulduz göydən həmin furqona baxır və həmişə də baxacaq, fərqi yoxdu, istəyir gecə olsun, istəyir gündüz olsun, həmişə baxacaq.
Səhər açıldıqdan sonra həmin alüminium örtüklü furqon daha gümüş kimi ağarmayacaqdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bir-gorusun-tarixcesi-ii-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Bülbülün nağılıDan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Poems by other poets
“Biz indi hardayıq Məmməd İsmayıl” şeirinin müəllifinə.*Yazdın, sorağını aləm eşitdi,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
پر گذشتم به تماشاگه انسان و ملَکسیر کردم همه خوبان جهان را یک یک
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,