Page 5 of 7 · 57%

Gülzar bu oğlanı da birinci oğlan kimi öpürdü və heç özü də bilmədi necə oldu ki, birdən-birə Məsməxanımın ürəyi kövrəldi, başını pəncərədən çəkib çarpayısının yanına gəldi, oturub gözlərini döşəməyə dikdi, dünyadakı vəfasızlıq onu yandırıb-yaxdı və bu zaman iki damla göz yaşı onun ayaqlarının yanına düşdü; Məsməxanım bir də heç vaxt pəncərənin qabağında dayanıb Gülzarın yolunu gözləmədi.

Gün keçdi, ay dolandı, bir qız bir oğlanındı deyiblər, iş belə gətirdi ki, Məsməxanımın da bəxtinə Mirzoppa çıxdı, yenə illər keçdi, amma Məsməxanım axırıncı dəfə Mirzoppanı nə vaxt öpdüyünü yadına gətirə bilmirdi və ona elə gəlirdi ki, heç ömründə öpməyib Mirzoppanı; Mirzoppanın da axırıncı dəfə onu nə vaxt öpdüyü Məsməxanımın yadına gəlmirdi. Mirzoppa araqdan zəifləmiş kişiliyini ört-basdır eləmək üçün:

– Qısırsan! Doğub-törəməzsən! – deyirdi və guya buna görə həftələrlə Məsməxanıma yaxın düşmürdü. Hərdənbir spirt iyi verə-verə gecələr Məsməxanımı qamarlayırdı, amma bu vaxt nə öpmək məsələsi olurdu, nə də əzizləmək.

Məsməxanımın uşağı olmurdu və bir dəfə o, hamının təriflədiyi həkim Mesropyanın yanına getdi. Mesropyan ona baxıb yoxladı və dedi ki, gərək ərinizi də müayinə edək. Axşam Məsməxanım Mirzoppaya dedi:

– Sabah get Mesropyanın yanına.

Mirzoppa əvvəlcə elə başa düşdü ki, Mesropyan yenə də milisdə işləyən kiminsə familidir və yenə də onu milis idarəsinə çağırırlar; araqdan qıpqırmızı qızarmış gözlərini bərəldib soruşdu:

– Mesropyan hansıdı?

– Doxtur Mesropyan də, tanımırsan?

– Doxturun yanında nə ölümüm var mənim?

– Get yanına, baxsın sənə, görsün niyə uşağım olmur də!..

Mirzoppa qulaqlarına inanmadı:

– Nə?! Gedib Mesropyanın qabağında soyunacağam ki, nə var – mənə bax?! Hə? Öz ayıbını mənim üstümə tökürsən?

Və həmin gün evlərində yenə də qiyamət qopdu. Qonşular da onların belə işlərinə öyrənmişdilər...

...Məsməxanım bağlamanı kətilin üstündən götürüb furqondan çıxdı:

– Getdik.

Məmmədağa hələ də Məsməxanımın sərin və quru, qalın dodaqlarını öz çənəsində hiss edə-edə qızın ardınca furqondan çıxdı.

Məsməxanım əlini qaldırıb qayalığı göstərdi:

– Ode, o tərəfə gedəcəyik, – dedi. – Qayalığın lap aşağı başına.

Həmin qəribə yay gecəsi Məsməxanım Məmmədağanı Zuğulba qayalarının üstünə çıxartdı və buradakı hər çuxuru, hər yarığı tanıyırmış kimi, bir dəfə də sürüşmədən, büdrəmədən tez-tez addımlamağa başladı; Məsməxanım tələsirdi, elə bil ki, səhərin açılacağından qorxurdu.

Abşeronda elə bir asfalt yol yox idi ki, Məmmədağa onu tanımasın, amma bir belə illər ərzində birinci dəfə idi ki, qayaların üstü ilə bu cür gedirdi; o, hara getdiklərini bilmirdi və özünü güclə saxlayırdı ki, bığ yeri tərləməmiş yeniyetmə kimi, əlini çənəsinə aparıb Məsməxanımın sərin və quru, qalın dodaqlarının yerini oxşamasın.

Məsməxanım arxaya çevrilib gülümsədi və:

– Az qalıb, – dedi. – Darıxma.

Qayaların çala-çuxuruna su dolmuşdu, üstünü də çox yerdə mamır basmışdı; çuxurlara dolmuş su ilıq idi.

Məsməxanım yenə arxaya çevrildi:

– Sürüşkəndir a, yavaş ol...

– Qorxma...

Sonra qayalıqdan qumluğa düşüb dənizdən xeyli aralandılar. Buralar tamam çılpaq idi, bütün ətraf ay işığında bomboz bozarırdı, nə bir ağac, nə bir kol vardı. Onlar balaca bir gölün yanından keçdilər, o qəribə yay gecəsi Abşeron göyünün ayı, bütün ulduzları həmin kiçik gölün üzündə idi.

Məsməxanım gölün yanında dayanıb bu yerlərin köhnə bələdçisi kimi dedi:

– Duzlu göldü bu.

– Adı Duzlu göldü?

– Hə. Müharibə vaxtı gəlib buradan duz aparırmışlar. Deyirlər, yaxşı duzu olur buranın.

Elə bil bura bu saat ay işığında gümüş kimi ağaran furqondan cəmi üç-dörd kilometr aralı yox, dünyanın tamam başqa bir yeriydi və bu yerlərin bircə bilicisi vardısa da Məsməxanım idi; birdən-birə yenə də Bakı, məhəllələri Məmmədağaya çox uzaq gəldi və indi o heç cürə ağlına sığışdıra bilmirdi ki, bir neçə saat keçəcək, hər şey yenə əvvəlki adiliyinə qayıdacaq, evdə oturub anasının çayını içəcək, Dar dalanın qabağına çıxıb məhəllənin cavanları ilə söhbət edəcək və bütün bu yerlər, ancaq xatirə olub qalacaq– bütün bu yerlər və bu yerlərdə ona bələdçilik edən Məsməxanım.

– Qurbağalara qulaq asırsan? - Bunu Məsməxanım soruşdu.

Burada dənizin səsi uzaq bir uğultu kimi gəlirdi, burada qurbağalar quruldayırdı və qurbağaların bu qurultusu, dəniz uğultusunun uzaqlığı birdən-birə Məmmədağanın ürəyinə bir tənhalıq gətirdi; o, qızın əlindən tutub:

– Məsmə... – dedi və özü öz səsinə təəccüb etdi; təəccüb etdi ki, bu Duzlu gölün sahilində qurbağa qurultusundan, uzaq dəniz uğultusundan başqa, insan səsi də eşitmək olarmış və ən təəccüblüsü də bu idi ki, həmin səs onun öz səsi idi.

Həmin qəribə yay gecəsində Məmmədağa dənizlə danışan, külək dayandıran qızın adını birincə dəfə beləcə çəkdi: Məsmə...

Məsməxanım əlini onun əlindən çəkib barmağını dodaqlarına apardı və:

– S-s-s!.. – dedi, sonra pıçıldadı: – Burada səs salmaq olmaz...

Əlbəttə, bu saat bu Duzlu gölün kənarında səs də salmaq olardı, oxumaq da olardı lap, amma bunu başa düşmək çox da çətin iş deyildi ki, Məsməxanım onun sözlərindən yayındı, onun deyəcəklərinə qulaq asmaq istəmədi. Əslində Məmmədağa özü də nə deyəcəyini bilmirdi, təkcə bunu bilirdi ki, nəsə deyəcəkdi və bu qurbağa qurultusu ilə, uzaq dəniz uğultusu ilə bərabər onun səsi də bir müddət bu Duzlu gölün kənarında eşidiləcəkdi; o, elə bil, özü öz səsini eşitdi və bir dəqiqənin içində ikinci dəfə təəccüb içində qaldı ki, bu yerlərdə bu səs haradan dolanır.

Və Məmmədağanın xəbəri olmadı ki, Məsməxanım bu saat qorxur, qorxur ki, Məmmədağanın Duzlu gölün kənarında deyəcəyi sözlər hər şeyi tamam həqiqətə çevirər və onun həmin qəribə yay gecəsindəki sehrli nağıl aləmi tamam-kamal çıxıb gedər işinin dalınca.

Bayaq bomboz qumluqla addımlayanda, Məsməxanım hiss etdi ki, səhərin açılmasına az qalır, bunu hiss etdi və başa düşdü ki, həmin qəribə yay gecəsi sona yetir, səhər yenə ağ çit pencəyini geyib pomidor köşkündə tərəzinin arxasında dayanacaq; yadına saldı ki, Mirzoppa bu saat milis idarəsində yatır və onu yenə də, ən azı, on beş sutka dustaq edəcəklər, bəlkə bu dəfə milisioner Səfərin tərsliyi tutacaq və iş lap çətinə düşəcək.

Bu vaxt çox gözlənilməz bir hadisə baş verdi: birdən-birə Məsməxanıma elə gəldi ki, Mirzoppa tamam uzaq bir aləmin adamıdı, ona heç bir dəxli yoxdu; o, inana bilmədi ki, doğrudan da, bir belə il Mirzoppa ilə bir yerdə yaşayıb, bir belə il ər-arvadlıq ediblər Mirzoppa ilə, bir yastığa baş qoyublar; Mirzoppanın içməyi də, davaları da, nakişi hərəkətləri də indi ona çox cılız, çox əhəmiyyətsiz, çox məzmunsuz göründü və Məsməxanım başa düşdü ki, həmin qəribə yay gecəsi nəsə elə bir hadisə baş verib ki, o daha əvvəlki Məsməxanım deyil; yəni burası məlum idi ki, onun adı yenə də Məsməxanım idi, əvvəlki sifəti, əvvəlki bədəni idi, amma məsələ burasında idi ki, bütün bunlarla bərabər, nəsə baş vermişdi və o, daha əvvəlki adam deyildi.

Məmmədağa onun əlindən tutub adını çəkəndə Məsməxanım bildi ki, bu saat elə sözlər eşidəcək ki, bu sözlər həmin «nə isə»dən xəbər verəcək, bu sözlər həmin qəribə yay gecəsinin büründüyü sehri çatladıb tamam sındıracaq və qız qorxdu, çünki yenə də hər şeyi yadından çıxartmaq istəyirdi – səhər ki, hələ açılmamışdı, hələ qalmışdı səhərin açılmasına.

Məsməxanım pıçıldadı:

– Yorulmusan?

Məmmədağa da pıçıltı ilə cavab verdi:

– Yox...

– Gəl, az qalıb...

Duzlu göldən sonra topuğacan quma bata-bata yoxuşu qalxıb yenə də sal

qayaların üstünə çıxdılar. Birinci mərtəbə qayalar arxada, dəniz sahilində qalmışdı və indi o qayalar yəqin hələ də yüngül qayıq olub dənizdə üzmək istəyirdi; amma həmin qayalar heç vaxt əsl qayıq olub dənizdə üzə bilməyəcəkdi; o qayaların yeri əbədi idi, nə qədər ki, qaya idilər, nə qədər ki, külək, yağış onları toz eləməmişdi, əritməmişdi. Bura isə ikinci mərtəbə qayalar idi və yəqin vaxtilə bu yerlər də dəniz olmuşdu və bu qayalar da kiminsə gözlərində yüngül qayıq olub dənizdə üzmək

istəmişdi.

Məmmədağa bilirdi ki, Xəzərin suyu azalır; Alxas bəy məhəllədə taxta kətilin üstündə oturub eynəyinin qalın şüşəsindən qəzetlərə baxa-baxa deyirdi ki, alimlər bu saat bu məsələ ilə məşğuldurlar. Xəzərin suyu azalırdı, yəni bu o demək idi ki, məsələn, min ildən sonra aşağıdakı qayalar da dənizdən uzaqlaşacaqdı, daha heç kimin gözündə qayıq olub üzmək istəməyəcəkdi; amma bütün bunlar min ildən sonra olacaqdı, bu min ilin özündə isə, bir həmişəlik, bir əbədiyyət, daimilik vardı və bu daimiliyin müqabilində insan ömrü Məmmədağaya lap miskin göründü; o belə fikirləşdi və qorxdu ki, birdən Məsməxanım da bu miskinliyi hiss edər, qorxdu ki, Məsməxanımın kövrək ürəyi bu hissə tab gətirə bilməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qış nağılı

Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.

23 min
Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 min
Talvar

Akademik Məmməd Arif Dadaşzadəninxatirəsinə

26 min
Bülbülün nağılı

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

13 min

Poems by other poets