Qızıl diş
Page 1 of 6
(Göy üzünün ulduzlu vaxtları)
Əliqulu filosof idi, yəni bu mənada yox ki, özü özünü filosof hesab edirdi, yox və əslində Əliqulunun filosof olmasından heç özünün xəbəri yox idi, çünki filosofluq yemək kimi, evdən çıxıb pul dalınca getmək kimi, kiməsə bir söz demək, kiminləsə görüşmək kimi, onun gündəlik həyatının, güzəranının bir hissəsi idi və Əliqulu üçün qətiyyən əhəmiyyəti yox idi ki, onun kəşflərini kimsə ondan əvvəl kəşf etmişdi, ya yox, onun fikirlərini kimsə ondan əvvəl düşünmüşdü, ya yox; əhəmiyyəti yox idi bir də ona görə ki, Əliqulunun o keçmiş kəşflərdən, o keçmiş yazıpozulardan heç xəbəri də yox idi.
Bu isti iyul gecəsi də ayaqlarını çəkə-çəkə tərin-qanın içində, yorğun-arğın, Bakının dağlıq məhəlləsindəki evinə gedə-gedə fikirləşirdi ki, bu dünyada nə birinci adamdı ki, əzab-əziyyətlə çörək pulu qazanır, nə də axırıncı adamdı, dünyanın öz qanunları var və bu qanunlar nə kommunizmə – Əliqulunun əvvəllər, yəni, ömrünün böyük hissəsini yaşadığı dövrə – baxır, nə də kapitalizmə – indi, ömründən nə qalmışdısa, onu yaşadığı dövrə və nə qədər dünyanın qarasına deyin, bunun mənası yoxdu. Kim görüb, dünyanın hansı böyük alimi bunun şahidi olub ki, misal üçün, ərik ağacı əkmisən, əvəzində armud bitib, ya elə ərik ağacı əkmisən, üstündə əriklərlə bərabər, bircə dənə də armud, ya alma, ya nəsə naməlum bir meyvə bitib?
Əlbəttə, bunu heç kim görməmişdi və yəqin, bundan sonra da heç kim də görməyəcəkdi ki, Əliqulunun bu sualının cavabında: «– Hə!– desin.– Mən görmüşəm!» və əslində bu cavaba bir ehtiyac da yox idi və ümumiyyətlə, Əliqulu bu sualı başqalarına yox, özü özünə verirdi və gecənin qaranlığında da onun üçün gün işığı kimi aydın olan həmin cavabı da özü verirdi.
Və o bürkülü iyul gecəsi Əliqulu gəlib evlərinə girəndə, təzə çörəyi, az qala, bir kilo pendiri mizin üstünə qoyanda, hələ cibindəki dörd mini də yadına salanda ürəyində Allaha şükür elədi, çünki sabah sübh tezdən Əliqulu evdən çıxanda arvad da bazara gedib o pula çiy tum alacaqdı, gətirib evdə qovuracaqdı və həyətin küçəyə açılan qapısı ağzında həmişəki kətilində oturub o qovrulmuş tumu köhnə yüzqramlıq stəkanla müştərilərə – məhəllə uşaqlarına, yoldan ötən qız-gəlinə satacaqdı və bütün bu gözəl işlərdən sonra arvadı deyəndə ki, bu gecədən daha yerlərini damda salacaq, Əliqulunun kefi əməlli-başlı duruldu, elə bil, yorğunluğu da azaldı, ayaqlarının ağrısı-sızıltısı da; elə bil, bir az toxdadı və arvadı bir kasa isti soğanbozbaşını gətirib onun qabağına qoyanda və o da o təzə çörəkdən bir yekə loxma kəsib kasanın içinə doğrayanda, fikirləşdi ki, hələ bilmək olmaz ki, dünyada kimin dərdi-səri çoxdu: hansısa böyük bir padşahın, yoxsa onun, yəni, Əliqulunun?
Əliqulunun ikiotaqlı, birmərtəbəli evini ulu babası, yəni, babasının atası Əlinəcəf (yoxsa Nəcəfəli?) tikdirib övladlarına yadigar qoyub getmişdi və hərdən Əliqulu fikirləşirdi ki, Allah o kişiyə rəhmət eləsin, dünyanın işinə bax, bu qədər illərdə, Nikolayın vaxtından tutmuş Lenindən, Stalindən üzü bəri Sovet hökumətinin yetmiş ilində bu nəsildən bir nəfər fərli adam çıxmamışdı ki, gedib özünə fərli-başlı bir ev tiksin, ya Sovet hökumətindən bir ev alsın və orada da yaşasın. Bu evin daha hay-hayı getmişdi, vay-vayı qalmışdı və xüsusən payızda, qışda yağışlar başlayanda, sulu qar yağanda damın nazik qır örtüyü daha o şırhaşıra tab gətirmirdi, dammağa başlayırdı, Əliqulu dama çıxıb qırın kənarlarına, ortasına sellofan sərirdi, üstünə daş yığırdı, amma elə bir fərq eləmirdi və arvad o iki balaca otağın ikisində də gah o başa, gah bu başa, gah ortaya, gah o qırağa, gah bu küncə tas, vedrə qoyurdu. Əliqulu bir-iki dəfə istəmişdi ki, dama təzə qır saldıra, amma qırçılar elə qiymət demişdilər ki, o məbləğə lap asanca bilet alıb Barnaula getmək olardı.
Bütün bunlar ən çox payızın, qışın əziyyətləri idi, yayda isə, düzdü, günorta vaxtı bu otaqlar elə havasız, elə isti olurdu, elə bil, içində cəhənnəm ocağı qalayırdılar, amma iyulun ortalarından başlamış, elə ki, gecə düşürdü və elə ki, yatmaq vaxtı gəlirdi, arvad yerlərini damda salırdı və sübh tezdən günün istisi dama şığısa da, hərdən ağcaqanadlar hücum çəksə də, gecə damda yatmaq, o divarsız, tavansız genişlik içində əlini-qolunu uzatmaq, göyün yeddinci qatına baxa-baxa yuxuya getmək Əliqulu üçün bu əzab-əziyyətli dünyanın gözəl işlərindən biri idi.
Göyün üzü başdan-başa ulduz idi, böyük, kiçik, lap cıqqılı, hamısı da alışıb-yanırdı və o qədər ulduz idi ki, bunu sayıb qurtarmaq mümkün deyildi, bu ulduzları heç böyük alimlər də sayıb qurtara bilməzdi, heç Moskvanın, Moskvanın yox, lap Amerikanın da böyük cihazları bu ulduzları sayıb qurtara bilməzdi, amma lap saysaydı da, nə olsun? mənası nə idi? çünki əsas məsələ bunda deyildi, yəni, əsas məsələ ulduzun sayında deyildi, əsas məsələ onda idi ki, bu ulduzları yüz il bundan qabaq yaşayan insanlar da, o cümlədən, Əliqulunun ulu babası Əlinəcəf də, yox, Əlinəcəf yox, Nəcəfəli də, bax, beləcə göy üzündə görmüşdü, min il bundan qabaqkı insanlar da və o cümlədən, Əliqulunun əcdadları da bunları beləcə görmüşdü...
Yaxşı də... Görmüşdü, görmüşdü, Allah onların hamısına rəhmət eləsin, amma niyə, bu əsas məsələdi? Bunun əsas məsələ olmasının mənası nədi ki?– Əliqulu bu sualların cavabını bilmirdi, amma orası tamam dəqiq idi ki, bu fikir, yəni, əcdadlarının o qədimliyi (indi sümükləri də çoxdan çürüyüb qatışıb torpağa), babası Nəcəfəlinin (Nəcəfəlinin, yoxsa Əlinəcəfin? nə isə...) adını beləcə səhv salması işım-işım işıldayan bu aylı-ulduzlu gecənin bürküsünə, bu gecənin hər tərəfi bürümüş ölü sakitliyi içində hərdən vızıltısı gələn ağcaqanadın pis əməlinə qarışıb Əliqulunun ürəyinə kədər dolu bir nigarançılıq gətirirdi.
Bəlkə də bu, nigarançılıqdan daha artıq bir nisgil idi, amma inanmıram ki, Əliqulu «nisgil»in dəqiq mənasını bilirdi və yəqin ona görə də isti yay gecəsinin o aylı-ulduzlu çağında bu sözü fikrinə gətirmirdi, hər halda – nigarançılıqdı, ya nisgil idi, ya da bunun adı başqa bir şey idi,– o hissiyyat Əliqulunun içinə, elə bil ki, bir çəkisizlik gətirmişdi və onun ürəyi də o çəkisizlikdə, elə bil ki, lap yavaş-yavaş vurmağa başlamışdı və o yavaşlıq, o lənglik o nigarançılığı (nisgili?) bir az da artırırdı, o kədəri, elə bil, kömür kimi, daha da qaraldırdı, quyunun dibinə aparırdı.
Elə həmin gecə idi, göyün üzü eləcə başdan-başa ulduz idi və o gecə, yuxusu tamam qaçmış diş həkimi Müseyib yatağından qalxıb otağın dənizə açılan pəncərəsinin qabağına gəldi və kondisionerin işləməsinə baxmayaraq, pəncərəni açdı, içərinin sərinindən sonra eşiyin bürküsü bircə anın içində onun bütün sifətini bürüdü və elə bil, o bürkü bayaqdan bəri kişinin içində yaranmış qüssəni bir az da artırdı, amma elə ki, Müseyib göyün üzündəki o ulduzları gördü, elə bil, onların işıltısı o bürkünü yarıb içindəki o qüssəyə nəsə bir balaca yüngüllük gətirmək istədi...
Və elə o anda da əlli il, bəlkə daha da artıq bir müddətdə heç vaxt yadına düşməyən bir görüntü birdən-birə, tamam qəflətən Müseyibin yadına düşdü: onda hələ məhəllədə yaşayırdılar, on dörd-on beş yaşı olardı, bax, beləcə bir aylı-ulduzlu isti yay gecəsi idi, anasının birmərtəbəli evlərinin damında saldığı döşəyin üstündə arxası üstə uzanıb yatmaq istəyəndə göydə, o ulduzların arasından işım-işım işıldayan bir ulduz uçub getdi...
yox oldu...
hara uçdu o ulduz?..
o biri ulduzlar isə bu uçuşun fərqində deyildi, göyün üzündə eləcə işıldayırdılar...
Bu nəslin, yəni Əliqulunun nəslinin bir qəribə xüsusiyyəti var idi: bir oğlan olurdu, qalanı da qızlar və qızların hərəsi bir yerə köçüb gedirdi, oğlan isə qalırdı anadan olduğu bu ikiotaqlı, birmərtəbəli binada, burda yaşayırdı, burda qocalırdı və burda da Allahın rəhmətinə gedirdi və Əliqulunun da qızları orda-burda ərdə idi: biri Sumqayıtda, biri Fizulidə, biri də Mingəçevirdə. Sumqayıtdakı ilə Mingəçevirdəkilərin ikisinin də əri fəhlə idi, birtəhər dolandırırdılar ailələrini, amma Fizulidəkinin kefi kök idi, qəssab işləyirdi, özünün bir xeylaq qoyun-quzusu, mal-qarası var idi, düzdü, belə məlum olurdu ki, deyəsən, bir az xəsis idi, – ancaq Novruzdan Novruza Əliqulugilə iki-üç kilo ət göndərirdi, vəssalam,– amma onda da təqsir yox idi, çünki yeddiydi? səkkiz idi? uşağı var idi və o uşaqları, əlbəttə, oxudub bir yerə çıxarmaq istəyirdi, amma deyir, sən saydığını say, gör fələk nə sayır, erməni rusla əlbir oldu, bizimkilər də əfəl çıxdı və erməni gəlib Füzulini aldı, onlar da qaçqın düşdü, indi Muğanın ilan mələyən çöllərində çadırda yaşayırdılar, o qoyun-quzu da, o mal-qara da ermənilərə qismət oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qizil-dis
Use ← → keys to move, R for a random poem
More by this author
Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..
XVI fəsilGözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə
XVII fəsilÇəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi: