Page 1 of 5

«Çiçək pasaj»da Tamara akkardeonu sinəsinə sıxdı, elə bil yüzillik həsrətdən sonra siqaret tüstüsünü ciyərlərinə çəkirdi, adamın atasını yandıran, yurduna od vuran bir majorla not götürüb:

Yusif, beni al!..

Kollarına sal!..

Gel yanımda yat...

Sonra beni at!..

– oxudu və şübhəsiz ki, bu gözəl sözləri də, bu gözəl havanı da «Çiçək pasaj»ın bu gecəki əhli birinci dəfə eşidirdi, çünki yenə Tamaranın yaradıcılığı ilə bağlı növbəti gözəl və gözlənilməz bir prezentasiya günü idi, amma bu prezentasiyanın başqa prezentasiyalardan fərqi ondan ibarət idi ki, müəllifin, yəni vəfasız dünyamızın hər üzünü görmüş Tamaranın özü də yüz illik sənət həyatının spirtindən (gözəl spirtindən!) və siqaret tüstüsündən cinsini tamam itirib naməlumlaşmış səsiylə oxuduğu bu sözləri, indicə mənimlə birlikdə «Çiçək pasaj»a gəlmiş Yusif Borşun şərəfinə tələm-tələsik quraşdırdığı bu havanı birinci dəfə eşidirdi və Tamara elə yüz il də bundan əvvəlki şövqlə də alışıb yanan göy gözləriylə Yusif Borşa baxdı, «Çiçək pasaj»a car çəkdiyi o bir bənddən sonra gözgörəti büzüşüb arıq və ürkək, qulaqları səksəkəli dovşana dönmüş bu yazığa göz vurdu, yenə o naməlum cinsli səsiylə uzada-uzada:

Sonra-a-a-a beni a-a-a-t!..

– dedi və mən də Yusif bəyin bu iztirabları azıymış kimi:

– Yusif bəy, borş ruslarda kələm-çuğundur şorbasına deyirlər,– dedim.

Yusif bəy:

– Təbii, əfəndim, təbii!.. Təbii!.. – dedi və əlbəttə, hörmətli Yusif bəy rus kulinariyasının bilicisi deyildi və belə məlum olurdu ki, Tamaranın (amansız madamın!) o bədahəti bu biçarəni tamam məhv edib.

Bir saat bundan əvvəl (sən mənim nömrəmdən çıxandan cəmi yarım saat sonra! hələ sənin ətrin o qırmızı qərənfil güllərinin ətri ilə birlikdə o otaqda olanda...) Türk Yazarlar Birliyi adından Yusif bəy «Pera Palas»a gələrək tüstüdən sapsarı saralmış arıq və uzun barmaqları arasında tutduğu filtrsiz siqareti siqaret dalınca çəkə-çəkə məni axşam gəzintisinə dəvət etdi.

Belə məlum oldu ki, Türk Yazarlar Birliyi yad şəhərdə (İstanbulda?!) tək qalıb darıxmamağım üçün, bu axşam mənimlə məşğul olmağı bu gözəl insana həvalə edib və əlbəttə, sağ olsun Türk Yazarlar Birliyi, amma, mənim üçün qəribə və maraqlı bir cəhət də var idi: sənin yaraşığın, sənin geyim-kecimin, sənin zövqün, ətriyyatın, sağlamlığın, ehtirasın, cəsarətin, ərköyünlüyün, tənbəlliyin, iti zehnin, həssaslığın, bir az snobluğun, bir az da eqoistliyin, açıqlığın (daha nə?)... baxışın, zarafatın, sevimli olmağın, varlı olmağın, iddialı, hökmlü olmağın, vəzifəpərəstliyin (görürsən, bunu da yazdım!), özünə korluq verməməyin, macəraçılığın... sonra... yadda saxlamağın, gizli soyuqluğun (bəlkə özündən də gizlətdiyin... amma cismani yox!), həvəsin, bağışlamazlığın, çoxbilmişliyin, risqə getməyin və əslində risqi sevməyin, kompromissizliyin (bəsdi?) ilə bu hörmətli Yusif bəyin vücudu və görkəmi arasında elə bir təzad var idi ki, bu təzad məndə (axı, mən sənə demişdim ki, bir tipəm, amma heç özüm də bilmirəm ki, necə tipəm?) Yusif bəylə birlikdə İstanbulda axşam gəzintisinə çıxmağa çoxdan hiss etmədiyim bir ruh yüksəkliyi və həvəs oyatdı.

(Sonralar, «Pera Palas»dakı o nömrə də, o nömrədəki o qırmızı qərənfil gülləri də xatirəyə çevriləndən sonra, biz Bakıda telefonla danışanda bir dəfə sən dedin: «– İstanbul romanlar şəhəridir.» Tez də əlavə etdin: «– Zarafat edirəm.» Mən dedim: «– Hər zarafatda bir həqiqət var.» Sən bərkdən güldün: «– Hər zarafatda yüz həqiqət var, bir zarafat!»).

İndi budur, Yusif bəyin dəvətilə «Çiçək pasaj»da üz-üzə oturmuşuq, o rakı dalınca rakı içir, mən yekə şüşə parçda pivə dalınca pivə içirəm (əvvəlcə öz araq normamı içmişəm, sonra yenə normamı vuracağam və ümumiyyətlə, mənim normam ölçüsüz corab kimi bir şeydi, balaca ayağa da geymək olar, böyük ayağa da), Yusif bəy siqaret dalınca siqaret də çəkir, amma mən siqaret çəkmirəm, çünki düz on il bundan əvvəl axmaq bir iş görmüşəm, özüm özümə söz vermişəm ki, siqareti tərgidim və tərgitmişəm. (Hərdən ürəyimdən nigaran bir hiss keçir ki, birdən yenə axmaqlığım tutar, özümə söz verərəm ki, içgini də tərgidim və tərgidərəm; bəs, sonra nə edərəm?)

Qara, boz, sarı, kürən və hamısı da kök və ərköyün pişiklər ərinə-ərinə «Çiçək pasaj»da gəzişirlər, Tamara isə, Yusif bəyi görəndən bəri şeytandan gələn atəşin bir vəhy ilə bu qocaman qələm əhlinin şərəfinə qoşduğu unudulmaz məhəbbət şərqisini akkardeonunun müşaiyətilə elə hey söylə ki, söyləyir:

Yusif beni al!..

Bu karmon gibi,

Canımı çal!..

Çal, çala bilsen!

Al, ala bilsen!..

Bilse-e-e-en eger!..


O, iri və zil qara gözləriylə «Pera Palas» nömrəsində, televizorun üstündə, güldandakı qırmızı qərənfil güllərinə baxdı və soruşdu:

– Doğrudan, bu gülləri Bakıdan gətirmisiniz?

– Əlbəttə! – dedim.

Yenə «siz» və bu «siz» mənim ona (yəni sənə!) olan hisslərinmin müqabilində o qədər yad səslənirdi ki, bu «siz»də o hisslərin müqabilində o qədər şüşə soyuğluğu var idi ki, mən əlimə keçəni vurub o şüşəni çilik-çilik sındırmaq istəyirdim.

O yenə o qırmızı qərənfil güllərinə baxdı, sonra iri və zil qara gözlərini düz mənim gözlərimin içinə zillədi:

– Düz deyirsiniz?

Birdən-birə mənə elə gəldi ki, o iri və zil qara gözlər mənə yox, güldandakı qırmızı qərənfil güllərinə etibar etmir, amma bu fikir, əlbəttə, gün işığı kimi aydın (!) bir səfsəfə idi və mən and-aman etdim (və həqiqətən də belə idi!):

– Bakı pasajındakı alverçilər Allahın şahididirlər ki, mən aeroporta gedəndə, yolüstü əvvəlcə ora döndüm, bu gülləri orada aldım, sonra da uçub gəldim bu gözəl İstanbula... (sənin yanına!)

O iri qara gözlər bir müəllim ciddiliyi ilə:

– Bu mənim üçün çox vacibdir! – dedi.

Bu sənin üçün niyə belə vacib idi?

Və ümumiyyətlə, niyə mən o qırmızı qərənfil güllərini Bakıdan alıb sənin üçün gətirmişdim?

Bəyəm üçüncü minillikdə İstanbulda qərənfil gülləri satmırlar?


Həyatımın Moskva ilə bağlı çağlarında ora növbəti səfərlərimdən birində yaşda məndən xeyli böyük (təxminən indiki mən yaşda, hətta, bir az da böyük!) köhnə tanışım, həmişə qaşı-qabağı yerlə sürünən, həmişə də hamıdan və hər şeydən narazı olan, stajlı kommunist və Lenin mükafatı laureatı bir dramaturqun Mərkəzi Ədəbiyyatçılar Evinin məşhur restoranında (o gözəl restoran bütün ab-havası ilə sosializmin əleyhinə nəfəs alan bir yer idi, amma Sovet İttifaqı o cür şərəfsizcəsinə dağılandan sonra əbləh bir vəziyyətə düşdü...) oturub araq içə-içə təzə yaz çiçəyi tək açdığını, yerində dayana bilməyən xırda və girdə gözlərinin güldüyünü gördüm.

Bu məşhur dramaturq gəncliyinə qayıtmışdı, ya da – elə doğrusu da yəqin budu

– gənclik geri qayıdıb onun yaxasından yapışmışdı.

Sonra elə həmin restoranda bir yerdə araq içəndə və mən özümü saxlaya bilməyib bu qəribə təbəddülatın səbəbini soruşanda, o dramaturq, elə bil ki, bu sualın həsrətindəymiş kimi, böyük bir həvəs və ruh yüksəkliyi ilə yeni sevgisindən danışdı və: «Znayeş, moy molodoy druq, ya ne pomnyu druqoqo takoqo sluçaya v svoyey jizni, ili poçti ne pomnyu... Mne vsyo vremya xoçetsya qovorit o ney... Vsyo vremya dumat o ney... Ona iskuşennaya v lyubvi, nemnoqo isporçennaya, nemnoqo proçnaya, no lyubimaya mnoyu (oçen!) i lyubyaşaya menya malenkaya feya!..» – dedi.

Bu sözlər yəqin ona görə hafizəmdə ilişib qalıb ki, sonralar mən o qızı gördüm və o qız dünyanın ən məsum mələyinə oxşayırdı, gənc Lolitta çoxbilmişliyindən tamam uzaq, balaca, zərif...

amma mən nə üçün indi bunu xatırladım?..

bilmirəm...

bəlkə bilmək istəmirəm?..


Mən bunu sənə deməməliydim və indi də bunu yazmamalıydım, amma dedim, daha doğrusu, bir az dedim, demədiyimdən də bir az indi yazıram, çünki səninlə mənim aramda birdən-birə qəribə bir şey (nə? bu saat deyəcəyəm!) yaranmışdı və mən çox da baş sındırmadan bu şeyin adicə, sadəcə həqiqət olduğunu başa düşdüm və bir şey ki, falş deyil, həqiqətdi, o zaman mən niyə onu təkrar-təkrar özümdən uzaqlaşdırmalı (onsuz da bu mümkün olmur!) və səndən (!) gizlətməliyəm? – və biz «Pera Palas»dakı o nömrədə üzbəüz kürsülərdə oturduğumuz vaxt (hələ çarpayıdan əvvəl, amma çarpayıya hazırlaşdığımız dəqiqələrdə) sən birdən-birə, mənim üçün qəflətən, gözlənilmədən anana oxşadın və mən onun ölüm xəbərini eşitdiyim o günü bütün təfərrüatınacan xatırladım və eləcə də gözlənilmədən başa düşdüm ki, biz səninlə bir-birimizi sevə biləcəyik, olsun ki, bu lap gecikmiş Leyli-Məcnun sevgisinə dönsün, amma mən səni çarpayıda axıra qədər, yəni mənim istədiyim (sənin də!) qədər o dərəcədə sevə bilməyəcəyəm, çünki o bir anlıq bənzəyiş məni çəkib öz içimə apardı, mənə elə gəldi ki, biz səninlə birgə, xəyanətlə məşğul oluruq, mən ona xəyanət (!!) edirəm... yox... onunla mənim aramda heç nə olmamışdı... demək olar ki, heç nə olmamışdı... bəlkə də ola bilərdi... amma olmamışdı... və məndə belə duyğu var (və onu tanıdığım uzun illər boyunca həmişə də var idi...) ki, mənə görə olmamışdı, yəni mən istəsəydim, cani-dildən bu işlə məşğul olsaydım, olardı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets