Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı
Page 3 of 5 · 40%
– Öylemi? – dedi. – Ne gözel...(ay lotu!.. əslində dilxor olmusan ki, ləzzətli Borşu dolaya bilmirsən...) Can Azerbaycanda durum nasıl? Çok üzüldük... Ermenilere çok kızdık... Biz sizinleyiz...
Əlbəttə, bu adamın xəbəri yox idi ki, mən həmişə öz-özümlə danışan bir tipəm və bu dəfə də ürəyimdə: «– Hə, – dedim. – «Çiçək pasaj»da bizimlə olmağa nə var ki?». Sonra bərkdən:
– Təşəkkür edirəm, – dedim.
– Bir şey deyil, canım... O koca kahbenin kafası pozulmuş. Ne laflar söylediyini özü de bilmez. Sayın ağabeyimiz Yusif beyin hizmetleri çox böyük!
Xoşbəxt Yusif bəy:
– Estehfürullah!.. – dedi və titrəyən barmaqları ilə tutduğu qədəhdən bir qurtum rakı içdi.
– Evet!.. Evet!.. Yusif bey bizim hepimizin hocası! O koca kahbeye fikir vermeyin. Bu bir şaka...
– Təbii, – dedim və həqiqətən də, mən indi Tamaraya fikir vermirdim, çünki fikrim yenə də keçmişdə idi.
– Kardeş can Azerbaycanın şerefine, efendim! – Yusif bəyi dolamaq həvəsilə zəhmət çəkib gəlmiş o qədəh beləcə sevimli vətənimizin şərəfinə boşaldı.
– Təşəkkür edirəm, – dedim və onunla – sənin ananla son illərdəki görüşlərdən biri gözlərimin qabağına gəldi və bu görüm o qədər real oldu, onun sifətinin cizgilərini və ifadəsini, zil qara gözlərinin işığını o qədər dəqiq gördüm ki, bir anlıq diksindim, mənə elə gəldi ki, onun ruhu burada, bu «Çiçək pasaj»da, bu pivə, rakı qoxusunun içində, bu iri və kök pişiklərin arasında birdən-birə reallaşdı, sonra yox oldu və Yusif bəy diqqətlə mənə baxdı, yox, bu alkaşın, deyəsən, doğrudan da, yazıçılığı var idi, o saat başa düşdü ki, birdən-birə içimdə nəsə oldu.
Sən o görüşü xatırlayırsanmı? sən, anan və mən təsadüfən bulvarda görüşdük (onda səni də birinci dəfə gördüm... yox, səni birinci dəfə görəndə lap balaca idin, onunla teatra gəlmişdin...), sən dağılmaqda olan SSRI-nin çox gənc və gözəl bir komsomol lideri idin (və əlbəttə, o zaman kimin ağlına gələrdi ki, illər keçəcək və biz səninlə ala itdən məşhur olduğumuz və buna görə də heç cürə görüşə bilmədiyimiz Bakıdan çıxıb İstanbula getməyimizin, orada görüşməyimizin xəlvəti tədbirini görəcəyik və buna nail olacağıq?.. bilmirəm... və indi fikirləşirəm ki, bəlkə də, elə o zaman buna bənzər bir şey sənin ağlına gəlirdi?.. axı, sənin ağlına gəlməyən şey yoxdu!..) və onda biz, yəni o və mən sənin yanında bir-birimizlə «siz»lə danışırdıq...
O «siz» niyə indi bir bıçaq soyuqluğu ilə kəsib içimdən keçir, Yusif bəy əfəndi, ey millət qarşısında böyük xidmətləri olan sevimli xocamız, müdrik insan və bir halda ki, belədi, bir halda ki, o soyuq bıçaq eləcə kəsir, bəs, onda qan hanı? Deməli, yalançı bıçaqdı, olsa-olsa, bir bədii obrazdı, bütün bu fikirlər də, vətəndaş Yusif Borş, kəllə suyundan və saqqal darağından və hamam fitəsindən başqa bir şey deyil...
1926-cı ildə Londonda yoxa çıxmış Aqata Kristi «Pera Palas»ın 411-ci nömrəsində oturub «Cənub ekspresində qətl» romanını yazmışdı, bu oteldə Rza şah qalmışdı, Mata Hari yaşamışdı və mən bu dəfə «Pera Palas»ın qapısından içəri girəndə çar Rusiyasının mətin (amma imperatorlarını qoruya bilməyən!) generallarına oxşayan şveysar, kimə oxşamasından asılı olmayaraq, bütün yer üzündəki istedadlı şveysarlara məxsus bir duyğuyla haradan gəldiyimi duyunca, mənim simamda keçmiş sovet vətəndaşı üçün dünyanın ən mühüm sirlərindən birini açdı:
– Burada Trotski yaşamış!
Və «Çiçək pasaj»dakı əhli-sənətin, başqa müştərilərin, iri və kök pişiklərin əhatəsində olduğum o dəqiqələrdə hərdən mənə elə gəlirdi ki, o keçmiş insanların ruhu indi bir yerə toplaşıb «Pera Palas»dakı o qırmızı qərənfil güllərinə tamaşa edirlər və təskinliyi onda tapırlar ki, o güllər də yavaş-yavaş solmağa başlayır və bir azdan tamam öləcəklər... Bu dəm belə bir təskinlikdə mənim üçün bütün məxluqatın əşrəfi olan insanın taleyinə sonsuz kədər və miskinlik gətirən bir çalar var idi və mən:
– Yazıq Rudolf Nuriyev!.. – dedim.
Yusif Borş:
– O da bir yazarmı? – soruşdu.
– Yox. Sovetlərdən çıxmış bir türk rəqqası...
– Əfəndim?
Məni gülmək tutdu – hərdən belə gic gülməyim var və bu gic gülüş bəzən adamları (elə mənim özümü də!) çaşbaş salır.
– Bir türk balet rəqqası. O da «Pera Palas»da yaşamış.
– Nə interasan!..
– Sonra SPID-dən öldü.
– Nə acı!
Əlbəttə, bu dəm Rudolf Nuriyevin kim olduğu, harada yaşadığı və nədən öldüyü əziz və mehriban Yusif bəyin vecinə deyildi və əslində, heç mənim də vecimə deyildi ki, bədbəxt Rudolf Nuriyev haçan ölüb, nədən ölüb? – milyard-milyard insanlar kimi, o da gəlib bu dünyaya, bizə məlum olmayan missiyasını yerinə yetirib (rəqqas kimi yox, məxluq kimi) və köçüb gedib haqq dünyasına.
Hamı, yəni məni tanıyanlar, oxuyanlar və oxumayıb özünü oxuyan kimi göstərənlər elə bilir ki, mən nasirəm, amma heç kim bilmir ki...
...onda, bəs, sən niyə bunu bilməlisən? qəribədi... ümumiyyətlə, bu yazını yazdıqca hərdən özümə mat qalıram...
...əslində mən vecsiz və uğursuz bir şairəm, tez-tez taxta kimi taq-taq taqqıldayan səfeh şerlər yazıram və nəinki yazıram, hətta bu farmazon quraşdırmalar yaddaşıma da hopur və tamam gözlənilmədən, mətləbə dəxli olmadan, birdən-birə yadıma düşür, beynim, elə bil ki, printerdir, sətirlər dümdüz xətlə və dəqiq hərflərlə beynimdən keçir. Bax, indi də bu «Çiçək pasaj»da sayın dostum Yusif bəyə baxa-baxa o misilsiz sənət nümunələrindən biri fikrimdən keçdi:
dünyanın ən böyük dərdi tək
bir avtomobil səsi
gecə sakitliyini pozub
evimin içində zarıdı (?)
tavandan
gecənin zülməti tək
qapqara qan damcıları damdı
bütün yer
qapqara qanla doldu
mazut kimi qatı qan
qalxdı
çarpayımı da aldı
məni də aldı
laxtalandı
jeleyə döndü
sonra dondu
mən də içində cansız.
Sən vəzifəli bir xanım (vəzifəli gözəl bir xanım! yaşasın gənc və müstəqil və sevimli Azərbaycan dövlətimiz!).
Mən isə vəzifəsiz bir yazıçı.
Amma bir vəzifə var ki, bu gənc və müstəqil və sevimli dövlətimizdə mən onu çox arzulayıram.
Mən çox arzulayıram ki, məni «SEVGI MƏHKUMU (yaxud «SEVMƏYI BACARAN», ya «SEVMƏLISƏN») vəzifəsinə təyin etsinlər və bu, elə ciddi bir təyinat olsun ki, mənim qaçıb aradan çıxmağa, canımı qurtarmağa heç bir imkanım olmasın.
Amma kimdi məni o vəzifəyə təyin edən?!
Və «Pera Palas»ın o birotaqlı (ikinəfərlik çarpayılı!) nömrəsində isə məni qırmızı qərənfil gülləri gözləyirdi və mən qəribə bir hiss keçirirdim: o təzə, o zərif, incə qırmızı qərənfil gülləri elə bil ki, bu əbləh dünyaya gəldiyim gündən bəri balaca və vəfalı bir it kimi, mənə alışmış, məni istəyən bir məxluq kimi yolumu gözləyir, geri qayıtmağıma tələsir, o otel otağının sükutu və müvəqqətiliyi içində elə bilir ki, mən gələndən sonra bütün işləri yaxşı olacaq (daha bilmir ki, fərqi yoxdu, onsuz da, saralıb solacaq, büzüşüb quruyacaq və otel xidmətçisi aparıb onu zibil qutusuna atacaq...)
...Tamara, o qırmızı qərənfillərdən oxu...
Düzdü, o incə, təmiz qırmızı qərənfil gülləri ilə sənin o eybəcər, bədheybət (amma, vallah, çox gözəl!...) səsin arasında elə bir uzaqlıq var ki, bu uzaqlıq mənim əlçatmaz, ünyetməz bir keçmişdə – hamının məni sevdiyi, əzizlədiyi bir keçmişdə qalmış uşaqlıq çağlarımla, indi bu alkoqolik (görmürsən rakını qaldıranda əlləri necə əsir?!) Yusif Borşla «Çiçək pasaj»da oturub, tənbəl-tənbəl ora-bura gəzişən iri, tox və piylənmiş pişiklərə baxa-baxa sənin, Tamara, o dəhşətli dərəcədə eybəcər (və gözəl! billah, gözəl!...) səsinə qulaq asdığım bu dəqiqələr arasındakı məsafəyə bərabərdi.
Bəli, belədi, amma sən, Tamara, buna fikir vermə, o qırmızı qərənfil güllərindən oxu, o zaman bəlkə sənin, Tamara, səsin də öz cinsinə qayıtdı, insan səsi, qadın səsi oldu,.. amma yox... yəqin sən, Tamara, daha bunu istəmirsən (deyəsən heç mən də bunu istəmirəm...).
Və şübhəsiz ki, bu dəm «Çiçək pasaj»da məsgən salmış bu əhli-qələm, əhlifırça, nə bilim, əhli-«sinema» da və boş qalmış yerləri zəbt etmiş turistlər də (Aya Sofiyadan sonra bu piyli pişiklər qalereyası!) bunu istəmirdi.
Tamaranın, aydın məsələdir ki, mənim bu fəlsəfi düşüncələrimdən xəbəri yox idi və yorulmaq bilməyən bu şişman sənətkar boğazını yırta-yırta, köhnə akkardeonunun da olan-qalan canını ala-ala Yusif bəyi məhv etməklə məşğul idi:
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qirmizi-qerenfil-gulleri-pera-palas-otelinde-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
İnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:
Yandırır bu ölüm...Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.