Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı
Page 2 of 5 · 20%
... gör sənə nələr yazıram?..
... amma fikirləşdiyimi və duyduğumu yazıram və təbii ki, bu fikirlər, duyğular yalnız mənimkidir, ikimizinki (yəni mənimlə onunku) deyil...
... bizim aramızda heç vaxt yaddan çıxmayacaq (o yoxdur, bunlar heç vaxt mənim yadımdan çıxmayacaq, məndən sonra isə, o hisslərdən bizim bu vəfalı dünyamızda heç nə qalmayacaq və mən əlli iki yaşa gəlib çatmışam, amma bu – və digər!– məlum məsələ(lər) ilə heç cürə barışa bilmirəm, başımdan çıxara bilmirəm...) hisslər aləmi var idi və eyni zamanda o vaxt mənə elə gəlirdi ki, o gənc bir ailə idilliyasındadı, bəlkə də səhv edirdim, bilmirəm, amma onda mənə elə gəlirdi ki, o ailə idilliyasını pozmağa heç kimin, hətta (!) mənim də ixtiyarım yoxdu... mən qıymırdım... ona, yoxsa özümə?..
Sonralar, bir dəfə növbəti bir içki dəsgahından sonra, mənim hərdən bir düzəltdiyim və özümdən başqa bu əziz dünyamızda heç kimin içə bilmədiyi bir neçə bokal kokteyl mənim barmaqlarımla onun telefon nömrələrini yığdı və mən o gecə ona zəng elədim. Onda sənin, yəqin ki, dörd-beş yaşın var idi, o da cavan və gözəl bir ana idi. Mən də ondan iki yaş kiçik idim və cidd-cəhdlə yaşımı ondan (və başqalarından!) gizlədirdim. O:
«– Sənsən?»– soruşdu və bu «sənsən?»də duyduğum onun «nə gündəsən ki, birdən-birə bu gecənin yarısı zəng eləmisən?» – nigarançılığı indi də yadımdadı və xatirimdədi, o gecənin səhəri – o on-on beş kəlmədən və bir müddətlik sükutdan ibarət telefon danışığının səhəri fikirləşdiyim kimi, indi də fikirləşirəm ki, o nigarançılığın səbəbi mənim o gecəki içməyimlə bağlı idi, yoxsa, ümumiyyətlə, həyatımla?
İkincisi idi...
Hər halda, mənə elə gəlir ki, ikincisi idi...
Bəlkə mən sadə bir münasibəti dramatikləşdirirəm və sadəlövh hisslər aləminə qapılmışam, dəvəquşu başını qumda gizlətdiyi kimi, mən də başımı o hisslər aləminə soxmuşam, bədənimdən isə xəbərim yoxdu, hə?.. yox... və ikinci dəfə ona yenə də bir əbləh içki məclisindən və mənim cuşa gəlib düzəltdiyim o kokteyldən sonra zəng etdim və o zaman sənin neçə? – səkkiz-doqquz yaşın var idi. Beş-altı ildən sonra üçüncü – sonuncu dəfə gecə yarısı ona zəng eləyəndə nə içki içmişdim, nə də o kokteyl var idi (amma, ürəyimdə o kokteylin ab-havası var idi, sənin isə, onda on iki-on üç yaşın olardı... qəribədi, bunu niyə belə bir mühasib səliqəsiylə hesablayıram?).
«– Yenə kokteyl içmisən?»
«– Hə, – deyə yalan dedim, – bilirsən, mənim bu kokteylim Lamançlı rıtsarı sağaldan, amma bədbəxt Sançonu sancıya salan o maye kimi bir şeydi, yadına gəlir?»
«– Yox, – dedi.» –.
Lamançlı rıtsarın şərəfli həyatındakı o epizodu o gecə yarısı öz əlavələrim və onun (yəni sənin ananın) və mənim tanıdığımız adamlara bənzətmələrimlə danışdım və o xeyli güldü, xüsusən mənim universitetin müəllimlərinə, başqa tanışlarımıza bənzətmələrim ona ləzzət etdi, sonra isə, bir müddət susub birdən-birə soruşdu:
«– Sən kimsən?»
Mən də:
«– Hələ indiyə qədər bunu başa düşməmisən?»– soruşdum.
Yenə bir az susdu, sonra:
«– Yox.» – dedi və təkrar etdi: «– Sən kimsən?»
«– Əyyaş!»
İndiyə qədər ürəyimdə gizlənib qalmış bir ifadə ilə:
«– Yox»– dedi və susdu.
Onun o «yox»u , o etirazı bir anın içində məni tamam dəyişdi, elə bil, özümü itirdim və dəstəyi asdım, bir müddət dəstəyi asılmış telefon aparatına baxdım və mənə elə gəldi ki (və indi də elə gəlir ki), o, dəstəyi asmamışdı və mən dəstəyi asılmış telefon aparatına baxdığım qədər də, o, dəstəyi qulağında ment saxlayıb, telefonun qırıq-qırıq səsinə qulaq asdı. Mənim bu sentimental etirafım güman ki, bəsit səslənə bilər, amma olanı budu və bu hələ harasıdı, onun o cürə dayanıb o qırıq-qırıq telefon səsinə qulaq asması indi də bütün dəqiq cizgiləri və təfərrüatı ilə mənim gözlərimin qabağındadı və yox, zənnim, hissiyyatım məni bu qədər aldada bilməz və bu görüntü – yüz faiz deyirəm!– xəstə təfəkkürün ürəyi riqqətə gətirən məhsulu deyil...
Hə, bir müddət o dəstəyi asılmış telefon aparatına baxdım, ey alkaş Yusif bəy, sənin isə, mənim qiymətli həyatımın Flober dühasına layiq bu epizodundan xəbərin yoxdu və təbii ki, heç zaman da olmayacaq.
Tamara isə akkardeonu sinəsinə sıxıb o eybəcər (və gözəl!) səsi ilə «Çiçək pasaj»ı başına götürüb və o piyli ağ, kürən, boz, qara pişiklər də, elə bil ki, haçansa körpə ikən analarının qarnından yox, Tamaranın o yekə akkardeonunun içindən çıxıb bu yerlərə dağılışıblar və indi də tənbəl-tənbəl o akkardeona tərəf baxırlar və o bəd (və gözəl!) səsə qulaq asırlar.
Yusif, beni al!..
Sana vefalı ollam...
Almasan eger
Saralıb-sollam...
Yusif beni a-a-a-al!..
Bu yaxınlarda, «Pera Palas» əlçatmaz, ünyetməz bir uzaqlıqda qaldığı vaxt Bakıda növbəti gözəl iclaslardan birində oturub Leninin sənət haqqında, xüsusən Tolstoy barədə fikirlərində yol verdiyi yaramazlıqlardan danışan məruzəçiyə (mənfur sovet dövründə universitetdə Lenin estetikasından mühazirələr oxuyan adama) qulaq asa-asa səninlə danışırdım:
«– Mən bilirəm, sənin həyatında neçənci kişiyəm.»
Sən iri və zil qara gözlərini mənim gözlərimin içinə zilləyirsən, bir az da tutulmusan, deyəsən, bir az da gərginlik içindəsən.
«– Neçənci?»
«– Dördüncü.»
«– Niyə məhz dördüncü?»
«– Bilmirəm...»
Doğrudan da, niyə dördüncü?
Sənin isə, bizim belə söhbətlərimizdən xəbərin yoxdu...
İçdiyi rakıdan yox, Tamaranın akkardeonla bərabər, bu atəşin məhəbbət izharından sifəti turp kimi alışıb yanan möhtərəm Yusif bəy bütün kiçik vücudu ilə çalışırdı ki, Tamaraya tərəf baxmasın, çünki elə ki, Tamaranın göy gözləri Yusif Borşun dünyanın dərdindən-sərindən, əzab-əziyyətindən, nahaq işlərindən və rakının məhrəmliyindən bozarıb solmuş gözlərinə sataşırdı, onda keçmiş SSRI-də Stalin dövrünün monumental hekayələrinə bənzəyən və sinəsinə akkardeon sıxmış bu əzəmətli sənətkarın sənət və məhəbbət ehtirası xüsusən cuşa gəlib zilə qalxırdı və Tamara ətli boğazının iri damarları şişə-şişə bağırırdı:
Yusif beni a-a-a-al!
Dörd-beş illik fasilələrlə o üç gecə zənginin mənim üçün bu gün də sirri-xuda olan cəhəti o idi ki, hər üçündə də telefon dəstəyini özü götürdü və hər üçündə də tək idi, yəni danışmaq imkanı var idi. Bu nə idi? hisslərin bir-birini çağırması, səsləməsi idi, nə idi?.. hətta bu azdı, elə bil ki, həmin dəqiqələrdə o bu telefon zənglərini gözləyirdi də... O üç telefon zənginin arasında isə uzun-uzun illər (sənin böyüdüyün illər!..) təsadüfdən təsadüfə görüşürdük.
O:
«– Necəsən?»
Mən:
«– Əla!»
Mən:
«– Sən necəsən?»
O:
«– Luçşe ne mojet bıt!»
Tamaranın öz ilham pərisini yəhərləyib belinə atılaraq beləcə «Yusifnamə» dastanına başlaması, «Çiçək pasaj»ın gündəlik müştərilərində – yazıçılarda, artistlərdə, rəssamlarda, bir sözlə, tanınan və tanınmayan, həqiqi və yalançı sənət əhlində elə bir mənəvi ehtiyac yaratmışdı ki, bəziləri bu gözəl kefdən özlərini saxlaya bilmirdi, rakı qədəhlərini, yaxud pivə parçlarını əllərinə alıb, kimi artıq səndələyə-səndələyə, kimi hələlik normal halda addımlaya-addımlaya və hamısı da gülə-gülə möhtərəm Yusif bəyə tərəfə gəlirdi ki, bu gecəki «Yusifnamə» dastanına əlavə naxışlar vurub onun sağlığına içsinlər, amma uzaqgörən Yusif bəy onlara ağızlarını açmağa imkan verməyib tələsik məni təqdim edirdi:
– Azərbaycandan gəlmiş ünlü yazar müsafirimizdir!
Yusif bəyə tərəfə uzanmış rakı dolu qədəh, yaxud pivə parçı mənə sarı çönürdü və mən də ürəyimdə: «– Ey əziz Yusif bəy, – deyə bu əvəzsiz insana xitabən müdrik sözlər deyirdim. – Biz hamımız bu gözəlim dünyanın müsafirləriyik, sən də, mən də, səni dolamaq üçün yanımıza gəlmiş bu adam da, o yoğun, kələ-kötür gövdəli, qollu-budaqlı çinar ağacına oxşayan qocaman və möhtəşəm Tamara da, bu iri və piyli pişiklər də və nə yazıq, nə acı ki, «Pera Palas»dakı o qırmızı qərənfil gülləri də...»
Ürəyimdə bu dərin kəlamları söylədim, üzdə isə gülümsədim (mən köhnə ikiüzlüyəm, otuz ildən artıqdı ki, özüm də bunu bilirəm və hərdən, xüsusən gecələr yuxuya getməzdən əvvəl bəzən bunu özümə dərd də eləyirəm, yaxşı ki, səhər yuxudan duranda hər şey yaddan çıxır!.. bir də gecə təzədən yada düşənə qədər...). Yusif bəyi, yəni mənim yeni badə dostumu dolamaq üçün o başdakı mizin arxasından qalxıb yorta-yorta yanımıza gəlmiş bu adam, təbii ki, bir az rəncideyi-hal oldu, amma yəqin ki, sevimli Azərbaycanın xətrinə bunu üzə vurmadı və mənə baxıb:
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qirmizi-qerenfil-gulleri-pera-palas-otelinde-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
İnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:
Yandırır bu ölüm...Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.