Yandırır bu ölüm...
Fikrət Əmirov vəfat etdi...
Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
Düzdür, illər keçəcək, dünyanın böyüklü, kiçikli müxtəlif konsert zallarında, radioda, televiziyada «Azərbaycan», «Azərbaycan qravürləri», «Azərbaycan kapriççiosu» dünən və bu gün olduğu kimi, yenə də Fikrət Əmirovun doğma xalqından, doğma torpağından söhbət açacaq.
Düzdür, illər keçəcək, Sevilin ariyası yenə də insan iradəsindən xəbər verəcək, Balaşın ariyası dərdləri təzələyəcək, «Nəsimi» insan xislətinin böyüklüyündən, «Nizami» insan dühasının ucalığından deyəcək, «Min bir gecə» bu gün olduğu kimi, yenə də etibardan və xəyanətdən söz salacaq, şuxluq gətirəcək, yalnız müəllifin yox, xalqın istedadından söyləyəcək...
Düzdür, bütün bunlar belədir, düzdür, Fikrət Əmirov sənəti heç vaxt ölməyəcək, həmişə bizimlə bir yerdə olacaq, nəvələrimizlə, nəticələrimizlə bir yerdə olacaq, əsrləri adlayacaq, amma yenə də... yenə də yandırır bu ölüm...
İnsan getdi... Bütün ölümlər kimi, bu ölüm də vaxtsız oldu.
Xəstə Qasım hələ dörd əsr bundan əvvəl sazı sinəsinə sıxıb deyirdi:
Neçə qəhrəmanlar gəldi dünyaya,
Köç vaxtı yetişdi, tez oldu getdi...
Əlbəttə, Xəstə Qasım düz deyir, belədir, beyin bunu dərk edir, amma ürək dərk etmir, ürək dərk etmək istəmir.
X ə s t ə Q a s ı m: «Dünya dediyin bir fanidir, fani, əzəl Nuh gəlmişdi, görünmür, hanı?» – soruşurdu və əlbəttə, bu sual cavabsızdır, bunu bilirik, dərk edirik, amma hər dəfə də bu dünyadan bir insan köçəndə sarsılırıq, bütün hisslərimizi, həyəcanlarımızı matəm toranı bürüyür.
Həmin insan yalnız özünə, yalnız öz ailəsinə, yaxınlarına, dostlarına yox, bütün xalqa, vətənə məxsus olanda, o sarsıntı daha dözülməz olur, o toran işıq ucu görünməyən bir zülmətə çevrilir.
Həmin insan sənətkar olanda, öz əzizləri ilə birgə, xalqı, vətəni ilə birgə, kitablar da ağlayır, simfoniyalar, tablolar da ağlayır.
Ağlamaların ən müdhişidi bu.
Dəli könül, məndən sənə əmanət:
Demə bu dünyada qalım yaxşıdı.
Yox, aşıq baba, yox, Xəstə Qasım, qalım yaxşıdı, ölümdənsə qalım yaxşıdı və sən dəli könlünün sözünü kəsmə, bu dünyada qalım yaxşıdı...
Nə təəssüf ki, nə acı ki, «ölüm»lə bağlı, «qalım»la bağlı insanın iqtidarı daxilində bir şey yoxdur.
Və bu yerdə, əlbəttə, insanların ən xoşbəxti sənətkardır, əsl sənətkar.
Fikrət Əmirov kimi sənətkar.
Fikrət Əmirovun sənəti «qalım»lı sənətdir.
O sənətdə Fikrət Əmirovun duyğuları yaşayır, hissləri, həyəcanları yaşayır, Fikrət Əmirovun ürəyi döyünür.
Bu, ömrün vəfasızlığı, sənətin isə, vəfası, ilqarıdı...
Həmin duyğular, hisslər və həyəcanlar, həmin ürək döyüntüsü həmişəlikdir, daimidir...
...amma yenə də... yenə də yandırır bu ölüm...
24 fevral 1984.
Bakı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-yandirir-bu-olum
Use ← → keys to move, R for a random poem
More by this author
Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Iv fəsilO zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.
V fəsilElə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...
Vı fəsilŞuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə- Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.