Page 5 of 5 · 80%

Gecə... Torşer... Canan...

Bir də ki, mənim düzəltdiyim kokteyl...

Mənim düzəltdiyim və özümdən başqa bu gözəllər gözəli dünyamızda heç kimin içə bilmədiyi və sənin də içmədiyin, dadını bilmədiyin, amma sevdiyin kokteyl.

Mənim içimdə sən o kokteyli sevirsən.

Hər halda, sevməlisən.

Və sənin içmədiyin, dadını bilmədiyin o kokteyli o cürə ürəkdən sevməyin (!) mənim üçün dünyanın gözəl bir hadisəsidi...


Haçansa oxuduğum bir kitabın qəhrəmanı deyirdi: Mən insan deyiləm, oyunçuyam...

Mən də insan deyiləm, yazıçıyam?..


Tez-tez xatirələr məni on il bundan əvvələ, iyirmi il, otuz il bundan əvvələ aparırdı və mən də hər dəfə bu sicilləmə xatirələri səninçün maraqlı oldu-olmadı (hər halda, ümid edirəm ki, maraqlısı da var idi), danış ki, danışırdım, amma indi xəyal məni otuz il yox – bu əbləh dünyadan doymaq olmur – düz qırx səkkiz il (ağlıma gəldisə, qoy belə olsun!) bundan sonraya aparır...

Bakı 2049-cu ilin mart ayının 3-ü (bizim 48-ci ildönümümüz, amma o gələcək dünyada bu ildönümündən heç kimin xəbəri yoxdu, bunu heç kim bilmir və bunu daha sən də bilmirsən və mən də bilmirəm...).

Mənsiz və sənsiz (?!) dünyanın istisinin, küləyinin, yağışının, qarının soldurub bozartdığı bir qəbir – o, mənim qəbrimdi.

Bir azdan – düz yetmiş beş gündən sonra, iyunun 25-də mənim 100 illiyim olacaq və yəqin o qəbrin üstünə əklil qoyacaqlar (yəqin bu qədər makina və kampüter arxasında oturub barmaqlarımı döyənək eləyəndən sonra, yazı-pozu dediyimiz bu səfeh işlə məşğul olan hansı bir institutunsa, fakültəninsə yadına düşəcəyəm, bir də ki... bunun indiki mən üçün nə dəxli və nə mənası?..), amma indi mart ayının 3-dür, o qəbir də başqa qəbirlərin arasında tək-tənhadır, çünki qəbir nə qədər qəbirlərin arasında olsa da, tənhadır və yəqin elə ona görə də qəbirdi...

Qəbirstanlığın tamam başqa bir yerində (bəlkə başqa bir qəbiristanlıqda, başqa bir şəhərdə?.. bəlkə İstanbulda? Yusif Borşla bir qəbiristanlıqda? Bəlkə Tamara da – əgər o vaxtacan ölübsə – oradadı?) başqa bir qəbir – sənin qəbrin... və o da yetim bir qəbirdi, uşaqlar çoxdan o qəbirə baş çəkməyə macal tapmırlar, hərə bir yerə səpələnib, hərənin bir dərdi-səri, bir qayğısı... ancaq bu yaxın adamlardan bəlkə kiminsə yadına düşəcək, ağlına gələcək və bir dəstə təzətər qırmızı qərənfil gülü alacaq (fərqi yoxdu hardan alacaq, Bakı passajından, yoxsa Qapalı Çarşıdan...), gətirib o qəbrin üstünə qoyacaq və o qəbir bir müddət gülümsəyəcək, sonra o təzətər qırmızı qərənfil gülləri saralıb-solacaq, quruyub yox olacaq... və bir də kimin, nə vaxt yadına düşəcək, qırmızı qərənfil gülləri alıb bura gətirəcək?..

Haçansa – yox olub dağılanacan bir-birindən uzaq o iki qəbir eləcə lal sükut içində qalacaq, hətta o qəbir daşlarına toxunub əsən küləklər də onları birləşdirməyəcək, çünki o küləklər də müxtəlif səmtə əsəcək...

Dekabr, 2000.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets