Aydınlıq gecələr
Page 1 of 2
Anara
O sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, küllün, həmin uzaqlığın, əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün camaatın Şərəfbəxş adlandırdığı Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq əbədilik) var idi, bunun müqabilində Şeyx Mustafa Şərəfbəxş həzrətlərinin bu dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü.
O yay gecəsi həyətdəki böyük armud ağacının altında Şeyx cənablarının bədəni torpaqdan nəm çəkməsin deyə, əvvəlcə keçə salınmışdı, keçənin üstündən Şeyxin yaşı qədər sahibinə xidmət etmiş, amma, az qala, bu yüz ildə bircə ilməsi də pozulmamış, bircə naxışı da solmamış Təbriz gəbəsi salınmışdı, gəbənin üstünə də döşəkçə qoyulmuşdu, dirsəklənmək üçün hər iki tərəfdən, bir də ki, o qoca armud ağacının gövdəsinə söykənə bilmək üçün arxadan mütəkkələr düzülmüşdü və Şeyx Mustafa Şərəfbəxş, həmişəki kimi, o döşəkçədə bardaşqurma oturmuşdu, kəhrəba təsbehinin hər biri bir zoğal boyda olan daşlarını çevirə-çevirə başının üstündəki o külli ulduzlara baxır və dodaqaltı gulumsəyirdi və hərgah o anlarda Şeyx həzrətlərindən nə üçün beləcə gülümsədiyini soruşsaydın, çox güman ki, bunun səbəbini deyə bilməzdi – o təbəssümdə o ağappaq saqqala, ağappaq saçlara uyuşmayan bir uşaq, hətta, bir körpə heyrəti var idi.
... Amma o bir günlük ömrü o kəpənəyə kifayət edir...
Şeyx Mustafa Şərəfbəxş yay gecələri, yazın, payızın havası məqbul gecələri o armud ağacının altında oturub gözlərini göyə zilləyəndə, yaxud əlində çevirdiyi təsbehinə baxa-baxa fikrə dalanda, elə bil ki, həyət-bacadakı qurd-quş da donub qalırdı, hərdən yüngülcə meh əsdikcə yarpaqları xışıldayan ağaclar da səsini kəsirdi və o cürə anlarda evdəki oğul-uşaq, qız-gəlin heç vaxt həyətə çökmüş o sükutu pozmağa, o sükuta bir xələl toxundurmağa cəsarət etməzdi – o anlarda Şeyx həzrətlərinə nə çay gətirə bilərdilər, nə meyvə, nə də bir başqa şey.
... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
Həyətin yuxarı başındakı ikimərtəbəli imarətdən gələn səsə, elə bil ki, ilkin olaraq, o qoca armud ağacı təəccüb etdi, ayın, o külli ulduzların işığında işıldayan təzə yarpaqları yüngülcə xışıldadı, sonra Şeyx Mustafa Şərəfbəxş gözlərini o ulduzlardan çəkib evə tərəf baxdı və yer üzündə yaşanmış o doxsan ilin acısının, ağrısının şövqünü söndürə bilmədiyi səsiylə:
– Kimdi? Qoyun gəlsin, – dedi.
Və o adam birinci dəfə o həyətə ayaq basdı, iti və sərt addımlarla Şeyx həzrətlərinin hüzuruna yeridi, amma o zaman ki, ay işığında Şərəfbəxşi yaxından gördü, qocanın yüngülcə işıldayan göy gözlərinin dərinliyini duydu, o aydınlıq gecədə ağappaq ağaran saqqalının, saçlarının arxasındakı doxsan ilin vahiməsini hiss etdi, o adamın qətiliyi birdən-birə tamam yox oldu, ürəyi tez-tez vurmağa başladı və şaşırdı ki, bu gecə vaxtı nə cəsarətlə Şərəfbəxşin hüzuruna buyurub, amma ən qəribəsi də bu oldu ki, o adamı özünə qaytaran da elə həmin baxışlar, həmin dərinlik, həmin ağlıq oldu və o adam onu yüksək hüzura gətirən əvvəlki həyəcanla:
– Ya Şərəfbəxş! – dedi. – Günah işləməkdən özümü güclə saxladım! Əlim qana batacaqdı, xəncəri yerə atıb, sənin hüzuruna qaçdım. Mən qonşuma, yeri düşəndə, yaxşılıqdan başqa heç nə etməmişəm. Amma o, mənə pislik edir. Neyləyim mən, ya Şərəfbəxş? Xisləti xanəbərəndazdı*, mən nə edim?
Şeyx Mustafa Şərəfbəxş diqqətlə o adamın gözlərinin içinə baxdı və o dəm o adama elə gəldi ki, Şeyx həzrətləri onun gözlərinin içindən arxanı da görür, yəni Şeyx həzrətlərinin baxışı onun gözlərinin içindən başını dəlib o tərəfə keçir və yəqin elə bu hissə görə Şərəfbəxşin dediyi sözlər cismani bir yazı kimi o adamın beyninə həkk olundu.
Şeyx Mustafa Şərəfbəxş dedi:
– Get, o qonşuya yaxşılıq elə.
Və o adam başa düşdü ki, indicə bu həyətdən çıxacaq və bundan sonra həmin xanəbərəndaza əlindən gələn yaxşılığı edəcək; fürsət axtaracaq ki, o xanəbərəndaza yaxşılıq eləsin.
Və həmin aylı-ulduzlu yay gecəsi də sona yetdi, sonra yay da tamam bitdi, günlər keçdi, payız sarısı o həyəti bürüdü və hər dəfə də axşam düşüb gecənin qaranlığı bu ətrafa yayılmağa başlayanda o qoca armudun altına yığılmış xəzəl təkcə keçib getmiş o yazın, yayın yox, bu yer üzündə yaşanmış uzun-uzun illərin həmin yay gecəsindəki o ulduzlar qədər bir uzaqlıqda qaldığından və Əvvəldən başlayıb doxsan ildən sonra Axıra yetişməkdə olan bir ömür yolunun əslində gedər-gəlməz yolu olmasından xəbər verirdi, Axır yaxınlaşdıqca Əvvəl uzaqlaşırdı, amma qəribə idi, o mülayim payız gecəsi, payızın sapsarı rəngi gecənin içində əriyib görünməz olmuş o həyətdə, adda-budda yarpaqları (sarısı qaranlıqda əriyib itmiş yarpaqları) çılpaq budaqlarının arasından süzülüb gələn ay işığında qaralan o qoca armud ağacının altında, qalın döşəklərin üstündə oturub, əyninə kürk salmış və gözlərini qarşısında yanan manqalın qıpqırmızı qızarmış közlərinə dikmiş Şeyx Mustafa Şərəfbəxş o uzaq Əvvəli bu köz qızartısı kimi aydın görürdü, o uzaq (və əbədi!) Əvvəlin bütün görümləri – hətta iki-üç yaşlı uşaqlıq çağları belə bütün dəqiqliyi ilə gözlərinin qabağından keçirdi, amma o doğma, mehriban görümlər Şərəfbəxşin ürəyinə ilıqlıq, hərarət gətirmirdi, əksinə, uzun-uzun illərin ayrılığına (əbədi ayrılığına!) bürünmüş o görümlərdə bir payız sazağı, payız sarısı var idi, çünki o görümlər Axıra çataçatda olan o uzun ömür yolunun get-gedə qalınlaşan bir lay kimi yaratdığı soyuq və qalın şüşənin arxasında idi.
Və yenə də həyətdəki xəzəl sükutunun qəfildən pozulmasına, elə bil ki, ilkin təəccüb edən o qoca armud ağacı oldu, daha doğrusu, o anlarda xəfif bir meh ötdü və xəzəlin qurumaqda olan üz qatındakı ən yüngül yarpaqlar o xəfif mehin səmtiylə kiçicik yerini dəyişib, lap yavaşdan xışıldadı və Şeyx Mustafa Şərəfbəxş gözlərini manqalın qızarmış gözündən çəkib, əvvəlcə o quru və yüngül yarpaqlara baxdı – bu xəzəl də, əlbəttə, Axır idi, amma Axırın beləcə yüngüllüyü o payız gecəsi birdən-birə yenə də kəpənəyi Şərəfbəxşin yadına saldı...
... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
... Sonra evə tərəf baxdı və kimliyini duydusa da...
... Kimdi? – soruşdu və: – Qoyun gəlsin, – dedi.
O adamın həmin həyətə ilk dəfə ayaq basdığı o yay gecəsindən sonrakı müddət ərzində özünün özü ilə mübarizə aparması, özünün özünü məcbur etməsi, özünün özünə qalib gəlməsi indi o qoca armud ağacı, o xəzəl kimi aşkar bir həqiqət idi və bunu o adamın baxışı deyirdi, yerişi, duruşu söyləyirdi və yenə də Şeyx həzrətlərinin hüzurunda dayandığı zaman o adamın gözləri Şərəfbəxşin əllərinə sataşdı: hər iki əlini dizlərinin üstünə qoymuşdu, uzun kəhrəba təsbehi sol biləyindən asılı qalmışdı və manqalda qızaran közün işığında qırışları oxunan o əllərlə – o uzun, quru barmaqlarla, ləkələr düşmüş və boşalmış dəri ilə həmin həyəti başına götürmüş xəzəl, elə bil ki, bir-birini tamamlayırdı, amma bu ilk baxışda belə idi və o adam ocağın istisində qızınan o əllərin özünün istisini hiss etdi və başa düşdü ki, onu həmin sazaq payız gecəsi ahənrüba kimi çəkib o həyətə, o hüzura gətirən elə həmin istilikdi.
O adam:
– Ya Şərəfbəxş! – dedi. – Mən əlimdən gələn yaxşılığı əsirgəmirəm. İmkan düşəndə də, düşməyəndə də o qonşuya yaxşılıq edirəm. Amma bunun əvəzində o yenə də mənə pislik edir. O qədər pislik edir ki, mən günaha batmaqdan qorxuram. Xisləti, ya Şərəfbəxş, xisləti xanəbərəndazdı. Mənə bir yol göstər! Nə eləyim mən?
Şeyx Mustafa Şərəfbəxş kiçik maşanı götürüb manqaldakı közü yerbəyer elədi (və o adam o əllərin hərəkətindən diksindi, elə bil ki, o əllər həmişə eləcə diz üstündə donub qalmalı imiş...), araya sükut çökdü və həmin kiçik sükut o adam üçün az qala bir fəsil çəkdi; sonra Şərəfbəxş göy gözlərini manqaldan ayırmadan:
– Get, – dedi, – o qonşuya yenə yaxşılıq elə.
Həmin payız gecəsi o adam üçün gündüzün gün işığı kimi aydın idi ki, əgər Şərəfbəxş belə deyirdisə, deməli, belə olmalıdı, düzdü, bu – o adamı sıxırdı, ona əzab verirdi, amma, bir halda ki, həqiqət axtarırdı, ədalət axtarırdı, günah işləməkdən qorxurdu, deməli, Şərəfbəxşin dediyini eləməli idi, çünki Şərəfbəxşin dili ilə həqiqətin, ədalətin danışdığına o adamın zərrə qədər də şübhəsi yox idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-aydinliq-geceler
Use ← → keys to move, R for a random poem
More by this author
1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Sarı pencəkBelə günlərdə...Evimiz gəmiyə oxşayır,
Qatar. Pikasso. Latur. 1968.Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxudurdu məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi.Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək.
Beş qəpiklik motosiklTolik soruşdu ki, dağ papiros çəkər? Dedim ki, yox, papirosu adam çəkər. Dedi ki, düz demirsən, meymun da papiros çəkir, özüm televizorda görmüşəm. Dedim ki, meymunu da adamlar öyrədib papiros çəkməyə. Mən soruşdum ki, axı, nə dağbazlıqdır salmısan, dağ niyə papiros çəkməlidir? Əlini uzadıb dedi ki, ode, bax də, görmürsən dağ papiros çəkir?Doğrudan da, əcəb papiros çəkirdi Qafqaz sıra dağları: buludlardan qullab-qullab alıb üzük-üzük buraxırdı başının üstündən.
Poems by other poets
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Hey yanarBeş gözəlin aşiqiyəm müttəsil,Könül istər, tapmaz, nara hey yanar.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Bu, xud Vərqayi-məhzunun münacatıdurur həqqəEy payə düzən bu çar taqə,Vey dövr verən bu nöh rəvaqə.