Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı
Page 4 of 5 · 60%
Yusif, beni al!..
Vefalı ollam sana...
Onsuz da, he-e-e-ey...
Bakan yok bana!..
O qırmızı qərənfil gülləri indi o boş otaqda, televizorun üstündəki o güldanda qaranlıq içində və tənha idi, onların yetmiş il bundan qabaq Londondan qaçıb gəlib o 411-ci nömrədə «Cənub qatarında qətl»i yazan (dünyada yazı-pozudan da axmaq və mənasız bir şey varmı? – özün özünü aldadırsan, bu azmış kimi, camaatı da aldadırsan... bu da mənim sənin yaşın qədər yazı-pozu əzab-əziyyətlərindən sonra gəldiyim nəticə! nəhayət ki, lap son zamanlarda daha birdəfəlik başa düşdüyüm həqiqət!) Aqata Kristidən də xəbəri yox idi, təbii ki, qırmızı qərənfil güllərinin səndən, Yusif bəy əfəndi, səndən, gözəl Tamara, sizlərdən, ey yer üzünün kök, tənbəl pişikləri, sizdən xəbəri yox idi...
... və sonra...
... bu fikirlərin (fikirləşmələrin!) özü mənə o dərəcədə əbləh və mənasız göründü ki, öz-özümə dedim: əfəndim, canım-gözüm, sevimli sultanım, sən özünü ələ salmısan, yoxsa, bu səfalı dünyanın gül-çiçəklərini?
Qəribədi, mən heç cürə səni ağlayan təsəvvür edə bilmirəm...
Doğurdan da, hərgah bizdən sonra kainatda trilyon illərlə vaxt, zaman keçəcəksə, o qədər illərin müqabilində indi bizim oturub roman yazmaqla məşğul olmağımızdan da mənasız bir iş varmı?
Romanları yaşamaq lazımdı, yazmaq yox – bu sözləri mən özümə deyirəm, yoxsa sən mənə deyirsən?
Doğurdan da, İstanbul romanlar şəhəridi (Bakı da!)...
Gözümün qabağına bir görüm gəlir...
Şərəfsiz bir süquta varmış SSRI zamanı 7 Noyabrda, yaxud 1 Mayda Bakının keçmiş Lenin meydanında, Leninin nəhəng heykəlinin altındakı daş tribunada dayanmış Azərbaycan Kommunist Partiyasının və hökumətin rəhbərləri izdihamlı nümayiş qəbul etdikləri kimi, indi də məşhur məhəbbət fədailəri Leyli və Məcnun, Romeo və Cülyetta, Fərhad və Şirin, Əsli və Kərəm, Ruslan və Lyudmila, Anna Karenina və Emma Bovari, hətta Karmen ilə Xose izdihamlı sevgi nümayişi qəbul edirdilər və Leninin o nəhəng heykəlinin əvəzində, əlində oxu gərilib şikar axtaran yay tutmuş Amurun heykəli idi.
Sadə aşiq və məşuq kütlələri, gələcəkdə aşiq və məşuq olmaq istəyənlər çılğın bir ehtiras və şövq ilə, gur bir izdihamla tribunanın qabağından keçirdilər və həmin tribunadan onlara əl eləyən görkəmli məhəbbət xadimlərini hərarətlə salamlayırdılar.
Mənim tanışım keçmiş kommunist (indi o görkəmli demokrat idi) və Lenin mükafatı laureatı dramaturq da onların arasında idi. Əllərində gül-çiçək tutmuş böyük və rəngarəng bir fahişə dəstəsi də tribunanın qabağından keçmək istəyirdi, amma məhəbbət mühafizəçiləri onları meydana buraxmırdı, çünki demokratiya, əlbəttə, anarxiya demək deyil.
Hər tərəfi bürümüş sevinc və alqış içində təkcə bir nəfər burnunu sallayıb dilxor-dilxor addımlayırdı və o bir nəfər mən idim, əlimdə də etiraz plakatı tutmuşdum və yaxşı ki, bu ucsuz-bucaqsız izdihamın başı məhəbbət alqışlarına elə qarışmışdı ki, plakatdakı o yazıları oxumurdular, yoxsa işlər şuluq olacaqdı, cəzam məhkəməsiz verəcəkdilər, amma mən bundan qorxmurdum və mətanətlə addımlaya-addımlaya dilxorçuluğuma baxmayaraq, taxta dəstəyindən yapışdığım plakatı keçmiş SSRI-nin bayrağı kimi uca tutmuşdum. Həmin plakatda yazılmışdı:
Sevgiyə nifrət! Sevgi – qayğıdır, sevgi – rahatsızlıqdır, məsuliyyətdir. Mən isə, rahat
yaşamaq istəyirəm!
Mən dalğalanan, təlatümlü qarışqa ordusu içində ağappaq bir böcəyə bənzəyirdim, amma... yaşasın demokratiya!
Məhəbbət mühafizəçiləri bir də işə o zaman qarışmalı oldular ki, mənim tanışım keçmiş kommunist və Lenin mükafatı laureatı dramaturq da tribunaya yaxınlaşarkən dırmaşıb həmin tribunaya qalxmaq, oradakı məhəbbət rəhbərləri ilə bərabər sadə nümayişçiləri salamlamaq istədi, amma nə qədər çığır-bağır saldısa da, buna haqqı olduğunu dedisə də, tələb etdisə də, Azərbaycanda bu dramaturqu yaxşı tanımadıqları, heç bir əsərini səhnəyə qoymadıqları üçün məhəbbət mühafizəçiləri buna imkan vermədilər.
Məndən bir az aralıda, izdihamla bərabər, asta-asta hərəkət edən açıq yük avtomobilinin üstündəki səyyar mətbəxdə almanların nəhəng pivə çəlləyinə bənzəyən və ağ xələt geymiş, başına uzun papaq qoymuş şişman bir aşpaz elektrik plitəsinə tava qoyub cız-cız cızıldayan zeytun yağında spermadan amlet bişirirdi və həmin iri amleti taxta dəstəkli dəmir tavada atıb tuta-tuta tribunadakı məhəbbət liderlərini alqışlayırdı...
bu nə görüm idi belə?
bilmirəm...
sən necə?..
Hələ universitetdə tələbə ikən, o vaxtlar ki, Şekspirə aludə olmuşdum və onu dönə-dönə oxuyurdum, beynimə bir fikir girmişdi və otuz ildən sonra onu yenidən (niyə?) xatırladım: məhəbbət – qatildir, Yaqo o dərəcədə sevməsəydi, Otello Dezdemonanı öldürməzdi...
bunu indi niyə yazıram və ümumiyyətlə, mənə nə olub? bir tərəfdən də o səfeh görüm... o şişman aşpaz...
Bir dəfə sən mənə demişdin, sonra da yazmışdın ki, balkonları çox sevirsən.
İndi, mənə bax də, sənin yanında olmaq, səni sevmək və dünyanın o gözəl balkonlarında səni qucaqlayıb öpmək əvəzinə, Bakının bu istisində tək oturub sənin üçün yazı yazıram...
İdiotizm.
Bilirəm, sən bu yazını oxuyacaqsan, ona görə də içimdə olan və bu yazının səhifələrinə can atan çox şeyi yazmıram (adını yazıçı qoyub, ömrü boyu sovet senzurasının əleyhinə olan və ondan şikayət edən, ona qarşı mübarizə aparan bir qələmçinin aqibətinə bax ki, indi özü öz içində senzura yaradır!), amma birini yazacağam, çünki onu yazmaya bilmirəm. Mən bilirdim ki, o – sənin anan – ölümcül xəstədi, o günlər çox vaxt səhər yerimdən qalxanda onu xatırlayırdım və hər dəfə də bütün halım dəyişirdi. Kimsə mənə demişdi ki, o – sənin anan – kənar adamların gəlib onu yoluxmağını istəmir, istəmir ki, gələnlər xəstəliyin onu nə kökə saldığını görsünlər və mən o günlərdə çox zaman səhər yerimdən qalxanda onu elə o vəziyyətdə görürdüm, yəni xəstəliyin onun sifətini necə dəyişdiyini, nə günə saldığını görürdüm. Mən onun özünü görməmişdim, amma onun o görkəmi mənim gözlərimin qabağındaydı. Və o gün ki, onun ölüm xəbərini eşitdim, o gün – indiki kimi, yadımdadı – Yazıçılar İttifaqının dəvətilə Zaqrebdən gəlmiş bir tərcüməçi dostumla (qələm və badə dostumla) və bir-neçə başqasıyla, elə bil ki, dünyada heç nə olmayıbmış kimi, Buzovna qayalıqlarına gedib dünəndən sözləşdiyimiz kimi, «kapotüstü» elədik, yəni maşının kapotunun üstünə araq, çaxır, yeməli şeylər, o cümlədən, zaqrebli dostumuzun Bakıya gəldiyi gündən, fürsət düşdükcə, müftə təpişdirdiyi qara kürü düzüb gecəynən badə dostluğumuzu ən yüksək mərtəbəyə qaldırdıq...
... yox, mən dəhşətli bir məxluq deyiləm, amma... olanı budu və mən də buyam...
Və istəyirəm ki, sevimli insan, sən də bunu biləsən.
İnsanlar öləndən sonra onların ruhu qalır, bəs, çiçəklərin, güllərin?
«– Bizim Bakıdakı yoldaş...»– bunu söz düşəndə sən dedin, o yoldaş da özünü doğrultmayan sosializm sistemindən bazar iqtisadiyyatına keçdiyimiz vaxt işləri yaxşı gedən Bakı firmalarından birinin başçısı idi, indi Bakıda idi və İstanbuldakı səndən xəbəri yox idi, hər halda, yüz faiz dəqiqi bu idi ki, o bədbəxt «Pera Palas»dakı o otaqdan, o otaqdakı qırmızı qərənfil güllərindən tam xəbərsiz idi və mən onu əvvəllər üç-dörd dəfə görmüşdüm, amma onun sifətini heç cürə gözümün qabağına gətirə bilmirdim və indi də Yusif Borşla birlikdə bu gözəl «Çiçək pasaj»da oturub pivə içə-içə nə qədər eləyirdim, o «bizim Bakıdakı yoldaşın» sifətini gözümün qabağına gətirə bilmirdim və fikrimi, zehnimi gücə saldıqca, «bizim Bakıdakı o yoldaşın» əvəzinə dünyanın bütün boz pencəkləri, boz ayaqqabıları, boz əşyaları gəlib gözümün qabağından keçirdi və mən onun qarşısında heç bir vicdan əzabı çəkmirdim.
Mənim üçün o bozluqdan böyük bəraət ola bilməz.
Amma o, haçansa məni öldürsə, yəqin ki, onun bəraəti mənimkindən artıq olar...
Cavanlıq vaxtlarında mənim bir pivə dostum var idi, bir-iki parç pivədən sonra romantik (və onun üçün əlçatmaz!) bir xəyala dalırdı və o gözəl xəyalı qısa melodik cümlələrlə ifadə edirdi:
– Gecə... Torşer... Canan...
Hərdən də əlavə edirdi:
– Bir də qəhvə...
Sonralar, o pivə dostumun o romantik (və onun üçün əlçatmaz) xəyalları mənim praktik həyatımın sadə (amma, hər halda, sevimli və xatirələrdə yaşayan...) bir hissəsinə çevriləndə, mən hərdən o badə dostumu və onun o sözlərini yadıma salırdım, içimə bir şuxluq yayılırdı, gülürdüm, bunu bir az da bəzəyib, özümdən cürbəcür əlavələr edib tərəf-müqabilimə danışırdım, birlikdə gülürdük və mən «Pera Palas»ın o nömrəsində, o torşer işığında sənə baxa-baxa o sözləri xatırladım, amma qəribədi, bütün həyatımda ilk dəfə o xatırlamadan sonra məni bir qüssə bürüdü... Niyə? Nə üçün? Bunun səbəbini indiyə qədər başa düşə bilmirəm. O ani qüssə tez-tez yadıma düşür, amma səbəbini heç cürə tapa bilmirəm. Sövq-təbii hiss edirəm ki, nəsə o qırmızı qırənfil gülləri ilə bağlıdı, amma uclarını bir-biri ilə tutuşdura bilmirəm... o qırmızı qərənfil güllərinin ətri bütün otağa yayılmışdı, amma nə olsun?.. bu nə üçün o şux (və sınanmış!) xatirəcikdən sonra qüssə gətirməli idi?.. bu mənim üçün bir Ferma teoreminə dönüb, cavabını tapmıram... bu da cavabsız teoremlər silsiləsinə mənim bir töhfəm... bəlkə sövq-təbiim məni aldadır və o qüssənin qırmızı qərənfil güllərinə heç dəxli yoxdu?.. bəlkə yaş gətirir o qüssəni?... bəlkə həyatımın torşerlərinin sonu yaxınlaşır, yekunu hiss edirəm, ona görə?... yox... bütün bunlar o qüssənin səbəbinə bəsit bir cavabdı... daha dərindən qazmaq lazımdı, amma mən həmişə o dərinləri eşələməkdən qaçmışam... indi, bu sətirləri yazarkən bir hiss gəldi (həmin dərinlərdən?): bəlkə sən mənim üçün o anlarda (yox, indi yox, indi belə fikirləşmirəm, o zaman, o anlarda...) mənim fikirləşdiyimdən və hiss etdiyimdən daha artıq olduğuna görə, o qırmızı qərənfillərin gecikmişliyindən yaranmışdı o qüssə?.. bilmirəm...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qirmizi-qerenfil-gulleri-pera-palas-otelinde-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
İnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:
Yandırır bu ölüm...Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.