I fəsil
Ağaclar, kollar, bütün yer qarın içində idi; göy də ağappaq idi və hər tərəfi bürümüş bu qar ağlığında bir təmizlik, şəffaflıq var idi.
Ağacların budaqlarından lopa-lopa qar sallanmışdı, yerin üzü isə tamam hamar idi, heç bir ayaq izi, heç bir ləpir yox idi və belə görünürdü ki, bu yerlərdə qar lap təzəcə dayanmışdı.
Əvvəlcə qarın xırıltısı eşidildi, sonra meşədən bir cüyür çıxıb açıqlıqda dayandı, bir müddət qulaqlarını şəkləyib o tərəf-bu tərəfə baxdı. Cüyürün ağzından, burnunun pərələrindən buğ çıxırdı. Ayaqları qara bata-bata bir neçə addım da irəlilədi və yenə də qulaqlarını şəkləyib o tərəf-bu tərəfə baxdı.
Cüyürün ayaqları altında qalan qarın xırtıltısı bütün bu tərəflərə çökmüş səssizlik içində çox aydın eşidilirdi və bu xırtıltı kəsiləndən sonra yenə də hər tərəfə sükut çökdü; elə bil ki, həmişə belə olmuşdu və həmişə də belə olacaqdı; təbiət həmişə bu cür tərtəmiz, pak, şəffaf olacaqdı və elə bil ki, bütün yer üzündə təkcə cüyür ayağı altında qalan qar xırtıltısı bu yerlərin səssizliyini poza bilərmiş.
Və həmin vaxt uzaqdan gələn qatarın səsi eşidildi. Cüyür də başını qaldırıb uzaqda görünən parovozun tüstüsünə baxdı. Parovozun tüstüsü hər tərəfi bürümüş bu ağlıqda özündən sonra qapqara zolaq buraxa-buraxa irəliləyirdi. Cüyür yenə başını aşağı saldı; belə məlum olurdu ki, parovozun səsi də, görkəmi də onu qorxurtmurdu; elə bil bilirdi ki, parovoz da, qatarlar da heç vaxt yolundan çıxmayacaqdı və onu qabağına qatıb bağrı yarılanacan qovmayacaqdı.
Qatar bu yerlərə uyuşmayan bir sürətlə gəlib-keçdi və parovoz elə bil ki, bayaqkı səssizlikdən intiqam alırmış kimi, birdən-birə fit verdi. Bu parovoz fiti hər tərəfi lərzəyə gətirdi və cüyür də bu eybəcər səsdən ürkdü, ayaqları qara bata-bata qaçıb meşədə gözdən itdi.
Vaqonun pəncərəsi ağzında dayanıb bayıra baxan səkkiz yaşlı qəşəng bir qız bərkdən qışqırdı:
– Ceyran!.. Ceyran!..
Saçına bağlanmış ağ bantları özündən böyük olan bu qəşəng qız qəfil ceyran sevincindən geniş açılmış gözlərini pəncərədən çəkib anasına baxdı:
– Ceyran idi e, mama, ceyran idi! Elə gözəl idi ki! Dayanmışdı, sonra qaçdı...
Anası gözlərini qarşısında tutduğu jurnaldan çəkməyib:
– Yaxşı, yaxşı... – dedi.
Qız başa düşdü ki, anası yenə inanmır ona və belə bir insafsızlıqdan dodağı qaçdı:
– İnanmırsan? – dedi. – Doğru deyirəm...
Anası bu dəfə gözlərini jurnaldan ayırıb təkrar etdi:
– Yaxşı! – Sonra yenə gözlərini jurnala dikdi.
Qız bircə dəqiqənin içində bikeflədi və dünyanın belə bir insafsızlığı onun gözlərindəki parıltını söndürdü.
Yumşaq kupedə dörd nəfər yol gedirdi – bizim bu balaca qız, anası, qəzet oxuyan yaşlı bir kişi və həmin yaşlı kişi ilə üzbəüz oturan cavan bir oğlan.
Cavan oğlan soruşdu:
– Üşüyürdü ceyran?
Qız əmiyə baxdı və başa düşdü ki, bu cavan əmi ona inanır, inanır ki, indicə doğruçu ceyran görüb.
– Ağzından, burnundan buğ çıxırdı, – dedi.
Cavan oğlan gülümsədi. Onun qəribə gülümsəməyi vardı – nazik dodaqları qaçırdı, ağappaq dişləri ağarırdı və gözlərində də bir təmizlik parlayırdı – bu təmizlikdə həmişə bir yaxınlıq, doğmalıq hiss edirdin.
Qızın anası yenə də gözlərini jurnaldan çəkib, əvvəlcə bu sadəlövh cavan oğlana baxdı, sonra qızına və başını buladı, yəni ki, dünyada əcəb avam adamlar var.
Qız yenə də bikeflədi və pəncərənin yanından aralanıb anası ilə üzbəüz oturdu. Parovoz hər tərəfi bürümüş qarın içi ilə uzun qatarı ardınca çək ki, çəkirdi.
Qız anasına dedi:
– Şaşki oynayaq, mama?
Qızın qaradinməz anası gözlərini jurnaldan çəkmədi.
– Həbəşistanda iki yüz min adam acından ölüb! Pah atonnan! – Bunu da qəzet oxuyan kişi, guya ki, öz-özünə dedi.
Qız əlini uzadıb anasının çantasından kart çıxartdı və yenə də anasını insafa gətirmək ümidilə:
– Onda gəl kart oynayaq, «duraki»... – dedi.
Anası yenə cavab vermədi.
Cavan oğlan kartı qızdan aldı və sürətlə qarışdırıb:
– Birini götür, bax, – dedi.
Qızın, məlum məsələdir ki, o saat kefi kökəldi və o, bir kart çəkib gizlincə baxdı.
Cavan oğlan əlindəki kartları qızın qabağına sərib:
– Hara istəyirsən qoy, – dedi.
Qız ehtiyatla və bir az şübhə ilə öz kartını qarşısındakı kartların arasına qoydu. Cavan oğlan dedi:
– Götür, özün qarışdır.
Bu lap möcüzə olacaqdı. Qız cidd-cəhdlə kartı qarışdırdı, sonra göydə axtarıb, yerdə tapdığı bu cavan əmiyə uzatdı.
Cavan oğlan kartı qızdan alıb lap gözlərinin qabağına gətirdi və bir-bir baxdı, nəhayət, kartın birini çıxarıb qıza göstərdi:
– Budu?
Qız gözlərini geniş açıb:
– Hə! – dedi. – Necə tapdız? – Və cavab gözləmədən heyrətini anasıyla bölüşdü: – Gördün, mama?
Qızın anası gözlərini jurnaldan çəkib, cavan oğlana baxdı.
– Gör neçə vaxtdır İtaliyada hökumət böhranı davam edir! – Bunu təbii ki, yenə də yaşlı kişi dedi və sonra o da qəzeti büküb cavan oğlana baxdı.
Cavan oğlan əlindəki kartları saya-saya:
– Kartın biri çatışmır... – dedi. – Sən götürməmisən?
Qız sidq-ürəkdən:
– Yox, – dedi. – Hamısı oradadı...
– Bəs bu nədir? – Cavan oğlan bomboş əlini qızın əynindəki yun jaketə uzatdı və onun düymələrinin arasından bir kart çıxartdı, sonra əlini qızın qara saçlarına tərəf aparıb bir kart da ordan çıxartdı. – Biri də burdaymış ki!
Qız heyrətlə anasına baxdı və dünyanın bu cür sirli işlərindən vəcdə gəlib cavan əmiyə dedi:
– Yenə göstərin də!..
Qızın anası şübhəli-şübhəli cavan oğlana baxıb, çantasını özünə tərəf çəkdi – yəqin içində qiymətli şeylər vardı.
Cavan oğlan gülümsədi və:
– Daha bəsdi, – deyib ayağa qalxdı, kupenin qapısını açıb vaqonun darısqal arakəsməsinə çıxdı.
Yaşlı kişi də onun ardınca arakəsməyə adladı və cibindən siqaret qutusu çıxarıb:
– Çəkirsiz? – soruşdu.
– Yox, çox sağ olun.
Yaşlı kişi bir siqaret yandırıb:
– Birinci dəfədir görürəm ki, – dedi – cavan oğlan vaqonda siqaret çəkmir.
Cavan oğlan gülümsədi:
– Siz deyən qədər də cavan deyiləm...
Yaşlı kişi dedi:
– Cavanların adətidir, həmişə istəyirlər ki, yaşlı görünsünlər... İyirmi beş, iyirmi altı yaşınız ancaq olar, cavanlıq deyil bu?
Cavan oğlan bu dəfə güldü:
– Otuz yeddi yaşım var mənim...
Yaşlı kişi lap möhkəmcə heyrət etdi:
– Ola bilməz!..
– Lap doğrusu belədir ki, var!
– Siz foksçusunuz? – Yaşlı kişi yol yoldaşının cavan qalmasını da «foksçuluğa» yozdu.
Cavan oğlan yenə güldü – kişinin bu sualı ona lap ləzzət eləmişdi:
– Yox, canım!
Bu dəfə də yaşlı kişi gülümsədi:
– Amma uşağın anası sizdən qorxdu, çantasını özünə tərəf çəkdi ha... – Sonra ciddiləşib əlavə etdi. – Yazıq neyləsin, nadürüstlər çoxdu hələ...
Cavan oğlan bir az dərindən nəfəs alıb:
– Elədir, – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-ox-kimi-bicaq-i-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
1939-cu ilin qış günlərindən biri idi və havalar uzun müddət mülayim keçəndən sonra, birdən-birə həmin gün bütün gecəni qar yağmışdı, Bakının küçələrini, binaların damını, eyvanını, xüsusən, gediş-gəlişin az olduğu yuxarı məhəllələri (Ələsgər müəllimin ikiotaqlı, mətbəxli mənzili Bakının dağlıq hissəsindəki belə məhəllələrdən birindəki birmərtəbəli kiçik binada idi) qar basmışdı və qəribə idi, bu gözlənilməz soyuq həmişə rahatlığı, istini xoşlayan Ələsgər müəllimi nəinki narazı salmışdı, narahat etmişdi, əksinə, hər tərəfi bürümüş o tərtəmiz qar ağlığı Ələsgər müəllimin bütün içinə bir coşğunluq, bir ruh yüksəkliyi, hətta – nə qədər ağlasığmaz olsa da – bir hərarət gətirmişdi (qar və hərarət!); elə bil ki, o qış günü qarın o tərtəmiz ağlığı, ümumiyyətlə, daha dünyanın qara yox, ağ günlərindən xəbər verirdi, elə bil, o ağlıq, o təmizlik əməllərin bundan sonrakı salehliyindən deyirdi və Ələsgər müəllim mətbəxdə divardan asılıb altına da girdə tas qoyulmuş əlüzyuyanda həmin coşğunluq, həmin gözəl ovqatla əllərini tərtəmiz yuyub:– Gətir o toyuqları bura, mən doğrayım!– dedi.
8. QəbulHəmin günün axşamı saat 9 radələrində Azərbaycan K(b) P MK-nın birinci katibi Mir Cəfər Bağırov iş otağında pəncərənin qarşısında dayanıb şəhərə baxırdı. Bakının bütün aşağı hissəsi, dənizkənarı bulvar və dənizin özü buradan yaxşı görünürdü və Mir Cəfər Bağırov səhərdən gecənin yarısına kimi – həddən artıq işləyib yorulanda, xüsusən, yaz çağları, bəzən bu pəncərənin qarşısına keçib dənizə baxmağı xoşlayırdı. Dənizin genişliyi, təmkini və daimiliyi ilə Mir Cəfər Bağırovun yaşadığı və işlədiyi gündəlik həyatın tələsikliyi, sürətlə hadisələrdən hadisələrə adlaması, kompaniyaların, əməliyyatların biri qurtarmamış o birisinin başlanması, əsəb gərginliyi və yorğunluğu arasında elə bir qəribə təzad var idi ki, bu təzad onu qıcıqlandırmaq əvəzinə, əksinə, sakitləşdirirdi. Yoldaş Stalinin iş saatı, az qala, günortadan başlayıb gecənin yarısına kimi davam edirdi və bütün bu müddət ərzində, təbii ki, Mir Cəfər Bağırov da işdə olurdu – lap gecə saat birdə də Stalin zənf eləyə bilərdi; səhərlər isə tezdən durmağı uşaqlıq çağlarından adət etmişdi, iş də çox idi, iş qurtarmaq bilmirdi, Mir Cəfər Bağırov isə iş olan yerdə sakit dayana bilmirdi və buna görə də çox zaman yuxusuz olurdu, dənizin bu pəncərədən görünən o genişliyi, o təmkini, o daimiliyi isə, elə bil ki, bu əsəbi adamın yuxusuzluğuna da təsir edirdi, uzaqdan-uzağa bir dinclik gətirirdi. Amma həmin qış axşamı Mir Cəfər Bağırov Xəzərə yox, küçələrlə ora-bura gedən, dayanacaqlarda tramvay gözləyən adamlara baxırdı və o adamların, əlbəttə, heç ağlına da gəlmirdi ki, bu dəqiqələrdə Mir Cəfər Bağırovun eynəkli gözləri onları müşayiət edir.Bu fikir Mir Cəfər Bağırovun qalın, kobud dodaqlarından bir təbəssüm qaçırtdı və vaxtından xeyli əvvəl ahıllaşmış qırx üç yaşlı bu adam iki əli arasında tutduğu bir dəstə karandaşı şaqqıldada-şaqqıldada bir-birinə sürtdü; onun əllərində ekzema xəstəliyi var idi, buna görə də çox zaman əlində bir dəstə karandaş olurdu və iri əllərini bu karandaşlara sürtdükcə ekzemanın qaşıntısını sakitləşdirirdi; sonra gözlərini o adamlardan çəkib dənizə tərəf baxdı, binaların qar basmış damlarını nəzərdən keçirdi.
9. «Ölüm, ya ölüm?»Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...
10. Dan yerinin şəfəqləriHəmin gün dənizin üzərində üfüq xətti boyunca qıpqırmızı bir səhər açılırdı və dan yerinin o qırmızısı Xəzərin suyunu da qıpqırmızı qızartmışdı, elə bil ki, suyun altında sürü-sürü balıqlar yaralanmışdı, parçalanmışdı və o balıqların qıpqırmızı qanı suyun üzünə çıxmışdı.Qəribə idi, bütün ömrü boyu təzə, qanlı ət həsrətində olmuş Gicbəsər üçün o sübh çağı üfüqün və dənizin o qırmızısında nəsə xoşagəlməz bir cəhət vardı, elə bil ki, o dan qırmızısı o əlçatmaz təzə ət parçasından yox, kin-küdurətdən, hiddətdən qızarmış gözlərdən, vurulan təpiklərdən, atılan daşlardan («– Paşol!»; «– Sürük burdan!») xəbər verirdi və dənizkənarı bulvarda qarnı üstə kol dibində uzanıb çənəsini qabaq pəncələrinə söykəmiş Gicbəsər hələ tam açılmamış yuxulu gözlərini kolun yarpaqları arasından o üfüq və dəniz qırmızısına zilləyib baxırdı. Gicbəsər səksəkə içində yatdığı o bir neçə saat gecə ərzində tez-tez gözlərini açıb qaranlığa baxmış və indi o qaranlıq qırmızıya çevrilmişdi, Gicbəsər də həmin qırmızıya baxırdı...
Poems by other poets
Ey Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.