Gecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi.

Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki, rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu; ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su süzülürdü.

Sulu qarın şırıltısı elə bil ki, həmin qaranlıq qış gecəsinin canına hopmuş xofun səsi idi.

Və küçədə yavaş-yavaş boğuq addım səsləri eşidildi, sonra qara paltosunun boynunu qaldırıb şlyapasını gözünün üstünə kimi çəkmiş bir kişi göründü.

Kişi addımladıqca onun addım səsləri bomboş küçədə əks-səda verirdi.

O, əllərini paltosunun ciblərinə salıb asta addımlarla irəliləyirdi; hərdən ayağı səkidəki sucuğa düşürdü, palçığa, zığa girirdi və bu addımlardan da, onun görkəmindən də belə məlum olurdu ki, bu saat kişinin fikri bu yerlərdən çox-çox uzaqdadı.

Sulu qar elə bil vedrədən tökülürdü, amma həmin qaranlıq gecənin yeganə qonağı bunu heç vecinə almırdı. Külək hərdən qarı onun lap üzünə çırpırdı və o, su damcıları sifətindən axıb tökülənəcən gözlərini açmayıb asta-asta addımlamağında davam edirdi.

Birdən nə isə küt bir səs eşidildi və kişi yerində donub qaldı. Onun gözlərinin hədəqəsi birdən-birə genişləndi və bu gözlərdə birdən-birə də bir dəhşət əmələ gədi. Sonra kişi bir neçə an yerində səndələyib heç əllərini də cibindən çıxarmağa macal tapmadı və üzüstə səkiyə sərildi.

Onun kürəyinin sol tərəfində, paltosunun üstündə yekə bıçaq dəstəyi, həmin qaranlıq qış gecəsində birdən-birə işıldadı.

Dəstəyin altından axan qan, suya qarışıb səki ilə axdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

13. Quzu budu

Gecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi.Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.

198415 min
14. Əbdül Qafarzadə

Əbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.

19841 h 5 min
15. Hər şey keçib gedir...

Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.

19841 h 10 min
16. Mürşüd Gülcahanı

Ömründə mənə zəng eləyən deyil, o gün gördüm ki, zəng eləyib: «– Nə var, nə yox, ay Mürşüd məllim? Heç görükmürsən...» Guya ki, məni görməkdən ötrü gözünün ucu axır... «– Sağlığın. – dedim. – iş-güc qoyur ki...» « – Əşşi, – dedi, – bəsdi bu qədər yazdın-pozdun da, başuva dönüm sənin!.. Hara baxırsan, maşallah, elə sənin kitablarındı... Fəxrimizsən də!.. Amma bir az istirahət elə, ay Mürşüd, canına bax!» Gərək mütləq bir işarə vursun, heç olmasa, bir balaca sancsın, yoxsa Əbdül Qafarzadə olmaz axı... Bizim nəşriyyatın müdiri İslamzadə ki, var, bunun dostudu, özü də tamahkarın, əliəyrinin biridir, lakin iyirmi ildir o boyda nəşriyyata rəhbərlik eləyir. Əvvəllər heç beş ildə bir dəfə mənim kitabımı plana salmırdı, sarı, seyrək dişlərinin arasından tüpürcək sıçrada-sıçrada: « – Yaxşı deyil! – deyirdi. – Özün nəşriyyatda redaktor işləyirsən. Sonra deyəcəklər ki, özünüz özünüzü çap eləyirsiniz. Yazıların da, bilirsən də, camaatı cəlb eləmir, alan olmur. – Lap elə üzümə beləcə deyirdi vicdansız. – Çıxanda da gözlərinə döndüyüm tənqidçilər başlayırlar bizi tənqid eləməyə ki, istedadlar qalıb bir tərəfdə, nəşriyyatlar Mürşüd Gülcahaninin romanını çap eləyir... İncimə e, sən də kommunistsən, mən də. Sənnən bir kommunist kimi danışıram!» Yalançının atasına lənət! Səndən kommunist olar, ay alçaq?! Əxlaq pozğunusan, bu, day, bütün Bakıya məlumdur, rüşvətxorsan, rüşvətlə kitab buraxırsan, bunu da ki, Allaha şükür, Bakıda bilməyən yoxdur! Lakin nə edəsən, deyəcəkdim bunları üzünə, heç olmasa, yenə beş ildən-bir kitabımı buraxırdı, vicdansız onu da buraxmayacaqdı, özümü də nəşriyyatda pisikdirəcəkdi. Bir qırmızı sifəti var ki, nə abır-həya bilir, nə yaşa baxır. Bir dəfə düz gözlərimin içinə dedi: « – Bilirsən nə var, Mürşüd Gülcahani, istəyirsən sənin kitabını buraxım, onda nəşriyyatdan işdən çıx, bir də buralara gəlmə!» Lakin, elə ki, bununla, bu Əbdül Qafarzadəylə qohum oldum (Allah kəssin belə qohumluğu!), o boyda İslamzadə ki, böyük-böyük yazıçılar əlindən qan ağlayırdı (elə indi də ağlayır!), çönüb oldu başqa adam, hər il kitabımı salır plana. İndi bəs nə olub, ay vicdansız, bəs niyə qorxmursan ki, deyərlər özünüz özünüzü çap eləyirsiniz? Hə? Noldu bəs sənin kommunistliyin, ay riyakar?! İşə bax də, nəşriyyat müdiri hara, qəbiristanlıq müdiri hara, lakin vicdanım haqqı, elə ki, o Ömər binəva Əbdül Qafarzadənin bu atbalaxanım qızına rast gəldi, elə ki, bununla qohum olduq, gördüm ki, o İslamzadə ilə bu Qafarzadə canbir qəlbdirlər, çünki ikisi də bir yuvanın quşudur. Özü də dünyanın işinə bax ki, İslamzadə Qafarzadəyə yaltaqlanır, öz nazirindən elə çəkinmir ki, Qafarzadədən çəkinir. Hərdən görürsən ki, çağırdı məni, İslamzadəni deyirəm, yalandan hal-əhval tutdu, bilirəm axı, fırıldaqdı, gözləyirəm görüm sözünün canı nədi, o da keçir mətləbə, qızımı institutda filan müəllim kəsib, daha mənim üzüm gəlmir (səndə üz varıydı ki, gəlməsin?!), sən Allah, Mürşüd müəllim (əvvəllər mənə müəllim-zad deməzdi, elə-eləcə Mürşüd deyərdi, vicdansız), de Əbdül qardaşımıza, qızı tapşırsın. Mən də gəlib deyirəm. Neyləyim. Neyləyim, özümü alçaldıram, lakin əlac nədir, zəmanə pis zəmanədir, mənim kimi adamı, mənim kimi yazıçını belələrinə möhtac eləyir. Bizdə adını cavan yazıçı qoymuş sırtığın biri var, adı Səlim Bədbindir (bir adam ki, təxəllüsünü «Bədbin» qoysun, daha ondan nə gözləyəsən?), utanıb-qızarmır, üzümə hırıldaya-hırıldaya deyir ki, Mürşüd müəllim, Azərbaycanda ən böyük vəzifə nazir-zad deyil, hamısı boş şeydir, ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Nə deyəsən bu vicdansıza? Eh, deyirəm, çölüm yandırır, demirəm, içim. Viranə qalsın belə vəzifə! Mən boyda adamın gedib oğlumun – yeganə ovladımın evində bir stəkan çay içməyə ixtiyarı yoxdur. Gedib otururam, o saat bunun o atbalaxanım qızı: « – Tixo, – deyir. – Abdulçik zanimaetsə!» Özü də yanımızda oturub başlayır kitab oxumağa. Kitab da bir kitab ola, dərd yarıdı! Hamısı cuhudların yazdıqlarıdı... Ömər yazıq cıqqırığını çıxartmağa qorxur, məlul-məlul mənə baxır, mən də ona, sonra da durub çıxıb gedirəm evimə. Uşağa da bunun adını qoyublar, hər dəfə «Abdulçik» eşidəndə, vicdan haqqı, elə bil, başıma bir vedrə qaynar su tökürlər. Kimə deyəsən?.. İş o yerə çatıb ki, heç uşaq da məni vecinə almır, məni görəndə heç oturduğu yerdən tərpənmir də, lakin elə ki, bunu görür: «–Dedulya!» – deyib cumur üstünə. Uşaqda nə təqsir var?.. Bir dəfə uşağın saqqızını oğurladım, aldım qucağıma, oturduq pəncərənin qabağında. Axşam idi, göydə ulduzlar bərq vururdu. Mənim daxili aləmimdə lirik hisslər baş qaldırdı. Uşağa da istədim romantika aşılayım. Dedim: « – Bax, balası, o ulduzları görürsən? O ulduzlardan hansını istəyirsən, göydən götürüm, verim sənə!.. Olsun sənin ulduzun!..» Uşaq ağzını açmağa macal tapmamış, o saat ifritə anası çımxırdı: « – Yaxşı olardı ki, Mürşüd əmi, siz özünüz hökumətdən bir ulduz alıb taxaydınız döşünüzə! Nəvəniz də fəxr eləyərdi ki, babası başqa yazıçılar kimi, geroydur! Heç Allahın medalı da yoxunuzdur! Ona görə də heç kim tanımır sizi!» Uşağın əlindən dartıb götürüb apardı o biri otağa. İfritədir də, ifritə!.. Əbdül Qafarzadənin qızı nə bilir ki, romantika nədir?! İkinci budur ki, düz demir, dörd dənə medalım var, bir dəfə də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını almışam. Üçüncüsü də, indi mənim kimi adamlara, mənim kimi sənətkarlara qiymət qoyan kimdir? Brejnev deyiləm ki, əlimi salım torbaya, ulduz çıxarıb taxım döşümə, ay ifritə! Nə gedib Moskvada oturub redaktorları qonaq edirəm, nə burdan onlara başqaları kimi ərməğanlar göndərirəm, nə də MK-da dostum, tanışım var! Öz vicdanımla və istedadımla yazıram! Lakin indi kimdi vicdana və istedada qiymət qoyan?! Bir ölkədə ki, Stalin boyda bir dahini gorbagor eləyələr, daha kimə nə deyəsən? O Stalin ki, bu ölkəni yaratdı! Bir də ki, niyə məni heç kim tanımır?! Özüm təvazökaram, lakin bunu Əbdül Qafarzadənin qızı hardan başa düşsün? Uşağın istedadını da Ömərdə görmür, atasında görür. Deyir, bu uşaq ki, çalğıya bu qədər meyl göstərir, guya, babasına, yəni Əbdül Qafarzadəyə çəkib, ona görə: «Moy papa oçen muzıkalnıy çelovek! Mı vse v neqo poşli!.. I Abdulçik toje!» Uşağın familini də, deyəsən, dəyişdirib Qafarzadə eləmək istəyir, Ömər bizdən gizlədir. Yazıq Ömər... Bu atbalaxanım, Öməri hər üzünə aldada bilər, bunlardan nə desən çıxar, bəlkə də elə aldadır... Görmürsən gözlərindən cin yağır? O gün o sırtıq Səlim Bədbin nəşriyyatda, camaatın içində mənə deyir: «– Mürşüd müəllim, gəlinivi gördüm...» Özü də çox mənalı-mənalı deyirdi. Mən də daha camaatın içində ucundan tutub, ucuzluğa getmədim. Soruşacağam harda gördün? Nə bilim nə deyəcək? Allah bilir, harda görüb, o ifritədən nə desən çıxar, atasının qızıdır! Soruşacağam sən hardan tanıyırsan mənim gəlinimi, nə bilim nə cavab verəcək?! Üstündən keçdim, guya, mənə heç nə demədi... Yazıq Ömər... Gül kimi tərtəmiz, başıaşağı, üzüyola, fağır uşaqdı, incə qəlblidi, düşüb bu canavarların cənginə... Bunların da, Əbdül Qafarzadəgili deyirəm, bir oğlu varıydı Orduxan adında. Cavan oğlanıydı, lakin arvadbazın biriydi. İşi-peşəsi camaatın arvadını əlindən almaq idi, camaatın arvadına sataşmaq idi. Əbdül İraq konsulunun «Mersedes»ini mənim adıma alıb – beləcə mənim adımdan o qədər istifadə edir ki, heç özümün də xəbərim olmur – vermişdi oğluna, o da maşını Bakının küçələrində 100-lə sürürdü, özü də idmançı idi, voleyboldu – nədi, onnan oynayırdı. Əbdül onu yığma komandaya saldırmışdı, həftə səkkiz, mən doqquz – Türkiyədə idi, Braziliyada idi, Yaponiyada idi. Mən boyda yazıçı ömrümdə bircə dəfə Bolqarıstanda turist olmuşam, lakin bunun o Orduxan oğlu Hindistandan vurub ABŞ-dan çıxırdı. Bir həftənin içində qripdən getdi, çünki göydə Allah gördü bu ədalətsizliyi, atanın da, oğulun da pozğunluğunu, cəzalandırdı onları. Düzdür, mən ateistəm, lakin görünür, hansı bir qüvvəsə var, cəzalandırır... Başımda onun ölməyi haqqında bir roman var, lap hazırdı, oturub qələmə almaq lazımdı, lakin qorxuram, yazaram, Əbdül də oxuyub başa düşə, ondan sonra di gəl də... Lakin daha oxuya bilməyəcək... Orduxan öləndən sonra, Yeni il ərəfəsində ölmüşdü, o atbalaxanım qız, yəni mənim o gəlinim hər il Yeni ildə yazıq Öməri məcbur eləyir ki, yeddi gün səhərdən axşamacan pianinoda ölü havaları çalsın. Kimə deyəsən?.. Nə isə... Hə, o gün zəng eləyib deyir ki, «–Hara baxırsan, sənin kitablarındı». Yəni ki, mənə görə nəşr eləyirlər sənin kitablarını. Mən də yaxşı cavab verdim, belə lap möhkəm cavab verdim, özümün də xoşuma gəldi, dedim: «–Yazıçının gərək kitabı olsun də!»Güldü, lakin budəfəki gülməyində nəsə bir sınıqlıq var idi, yazıçıyam axı, o saat tutdum. «– Mürşüd, – dedi, – axı, sənə bir işim düşüb...» Qulaqlarıma inanmadım, yəni bunun da mənə işi düşə bilər?.. Bu qədər müddətdə birinci dəfəydi mənə belə söz deyirdi... Fikirləşdim ki, yəqin indi bu da bir fırıldaqdı. «– Buyur» – dedim. « – O sənin bir dostun var e, professor...» «– Hansı professor?» – soruşdum. «– Əşşi, Səmədbəylidi, Əhmədbəylidi, nədi?» «– Mürsəlbəylini deyirsən bəlkə?» «– Hə, – dedi. – Mürsəlbəyli. İstəyirəm bir səninlə gedək, özümü ona göstərim». At kimi sağlam adamdı, toyuğun budunu sümüyüylə bir yerdə yeyir, buna nə olub belə? « – Sən hara, həkim hara, ay Əbdül?» – dedim. Güldü, lakin yenə də sınıq güldü – yazıçıyam də!.. « – Yox, – dedi, – elə, bir şey yoxdu. Dünən həkim Bronşteynin yanına getmişdim, məsləhət gördü ki, özümü bir yaxşı mütəxəssisə göstərim...» Şahların saray həkimi olan kimi, həkim Bronşteyn də bunların ev həkimidi. Harayhəşirçinin biridi. Ömərgilə də on beş gündə bir dəfə gəlib o baxır. Tanıyıram, tərifləyirlər, nədi, nədi, yəhudidi... Yəhudi ki, oldu, deməli, yaxşı həkimdi...

198423 min

Poems by other poets