Page 11 of 11 · 91%

Əbdül Qafarzadə:

– Əclaf! – dedi. – Ninarmalnı! – Sonra sol əli ilə qıpqırmızı qızarmış boğazını ovxaladı.

Xosrov müəllimin qızdırmalı adamlar kimi işıldayan gözləri böyüyüb az qalmışdı hədəqəsindən çıxsın və dayanmaq bilmədən var gücü ilə qışqırırdı:

– Taun! Taun! Taun!.. – Və beləcə qışqıra-qışqıra da kabinetdən gözləmə otağına, gözləmə otağından Qəbiristanlıq İdarəsinin həyətinə çıxdı. – Taun! Taun! Taun!.. – qışqıra-qışqıra baş alıb getdi.

Qarovulçu Əflatun Qəbiristanlıq İdarəsinin darvazası qabağında ayaq üstə dayana bilməyən üç nəfər – iki kişi və bir qadın – alkoqoliki söyə-söyə, üzlərinə tüpürə-tüpürə içəri buraxmırdı, bu tərəflərdən qovurdu (bunlar həmin iki kişi və həmin qadın idi ki, iki gün bundan əvvəl Dar dalanda Gicbəsərlə görüşmüşdülər və indi fəhmləri onları dartıb Tülkü Gəldi Qəbiristanlığına gətirmişdi). Qarovulçu Əflatun üzünü alkoqoliklərdən çəkib, « – Taun! Taun! Taun!» – deyə qışqıra-qışqıra darvazanın bala qapısından adlayıb küçəyə çıxan uzun və arıq kişiyə baxdı, bu işə çox təəccüb etdi, sonra yenə alkoqolikləri söyməyə başladı.

Xosrov müəllim eləcə:

– Taun! Taun! Taun! – deyə qışqıra-qışqıra gedirdi. Tələbə də Xosrov müəllimin ardınça qaça-qaça Qəbiristanlıq İdarəsinin həyətindən çıxdı və hələ bundan sonra da bir müddət Xosrov müəllimin get-gedə uzaqlaşan səsi eşidildi:

– Taun!.. Taun!.. Taun!..

Küçədən ötənlər, dayanacaqlarda toplaşıb troleybus, avtobus gözləyənlər – kimi təəccüblə, kimi maraqla, kimi də ləzzətlə gülümsəyə-gülümsəyə iti addımlarla qışqıra-qışqıra gedən bu köhnə qara plaşlı, uzun və arıq adama, onun ardınca qaçan gödəkboy, yöndəmsiz oğlana baxırdı və yəqin hamı fikirləşirdi ki, Bakının küçələrində yenə də dəliyə rast gəliblər...

... o gecə yarısı o tonqal isə eləcə yanırdı...

... o tonqal yanırdı, yanırdı...

... o qurbağalar da eləcə quruldayırdı...

Əbdül Qafarzadə isə hələ də öz kabinetində ayaq üstə dayanıb qızarmış və o taxta barmaqların yeri ağrıyan boğazını ovxalaya-ovxalaya, boz gözlərindən dəhşətli bir qəzəb yağa yağa:

– Əclaf! – deyirdi. – Eybi yox!.. O Muxtar Xudavəndənin, oğraşın dalına bir paz soxdurum ki, özü də afərin desin! Neqodyay!

Bədurə xanım tələsik gözləmə otağından bir stəkan soyuq su gətirdi və Əbdül Qafarzadə hirslə stəkanı arvadın əlindən alıb iri qurtumlarla içməyə başladı və birdən-birə bərkdən öskürdü. Su ağzından sıçrayıb ətrafa yayıldı, öskürəyi get-gedə artdı, Əbdül Qafarzadə az qalırdı boğulsun, dizləri titrədi və taqətsiz halda özünü güclə kürsünün üstünə salıb oturdu və bu zaman ağzından qan açıldı, xırıldaya-xırıldaya öskürdükcə qan yaxasına, mizin üstünə töküldü, mizin üstündəki təzə qəzetlər də qıpqırmızı qızardı. Bədurə xanım bərkdən qışqırdı: «Vaxsey!.. Kişi qan qusur!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 min
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 min
IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 min
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 min

Poems by other poets