15. Hər şey keçib gedir...
Page 10 of 11 · 82%
Həmin yeri maşınla tapmaq bir o qədər də asan olmadı, Məlik Əhmədli «Jiquli» ilə iki dəfə dövrə vurub İbrahimgilin evinin qabağından ötdü, nəhayət, dünən gecə getdiyi küçəni tapdı və maşını həmin küçə ilə üzüyuxarı, tramvay dayanacağına tərəf sürdü.
Buralar, görünür, Bakının ən az adamlı yerlərindən biri idi və indi də, küləyin tamam zəifləməsinə baxmayaraq, bütün bu tərəflərdə heç kim yox idi. Məlik Əhmədli gəlib tramvay dayanacağına çatanda saat ona iki dəqiqə işləyirdi və hər şey çox gözlənilməz oldu, həm də bircə anın içində baş verdi: «Jiquli»nin qapısı açılmadı, amma dünənki sərnişin qabaq oturacaqda, Məlik Əhmədlinin yanında oturdu və həmin dəqiqə də o qədər tez-tələsik deyinməyə başladı ki, Məlik Əhmədlinin yenə də təəccüb etməyə, heyrətlənməyə vaxtı qalmadı:
– Niyə gecikirsiz, axı? Nə üçün?.. Tez eləyin!.. Mənim vaxtım yoxdur!.. Tez eləyin!.. Mən bütün vaxtımı sizə həsr edə bilmərəm ki!.. Hə!.. Bilmirəm!.. Ola bilər!.. Tez eləyin!.. Gözləyə bilmirəm mən!..
Sərnişinin üçbucağa oxşayan sifəti də, geyimi də, iri qara gözlərinin ifadəsi və işıltısı da – hər şey dünənki kimi idi, təkcə səsi, elə bil ki, daha artıq xırıldayırdı və burnunun ucundan da bir damla su sallanmışdı.
Sərnişin eyni tələsikliklə makintojunun cibindən kiçik «Biseptol» paketi çıxartdı, axırıncı həbi paketdən qoparıb tələsik uddu, burnunu çəkdi və:
– Deyin!.. – dedi. – Deyin istəyinizi!.. Mənim işlərim var axı!.. Yaxşı!.. Tez eləyin!.. Deyin!..
Məlik Əhmədli bütün gün ərzində – laboratoriyada qurumuş kəpənəkləri bərpa edərkən də, maşın sürərkən də, evdə nahar vaxtı da daima bu gecə görüşünü gözlərinin qabağına gətirmişdi və indi sərnişinə deyəcəyi sözləri, azı, min dəfə öz-özünə təkrar etmişdi:
– Mənim... Mənim ikinci istəyim odur ki,.... dünənki birinci istəyimi ləğv edəsiniz!
Araya dərin bir sükut çökdü və həmin sükut içində soyuqlamış sərnişinin tez-tez burnunu çəkməyi eşidilirdi; Məlik Əhmədlinin ürəyi yenə də şiddətlə döyünürdü və o sərnişin də indi dünyanın ən məzlum adamına oxşayırdı; bir-iki dəfə öskürdü, burnunu çəkdi, elə bil, tamam özünü itirmişdi, bilmirdi nə eləsin, sonra o sərnişinin yadına düşdü ki, tələsir.
– Yaxşı!.. Oldu!.. Oldu!.. – dedi. – Mən getdim!.. İşim çoxdur!.. İşim çoxdur!.. İnsandan baş açmaq çətin məsələdir!.. – Sərnişin bu dəfə, elə bil ki, özü özü ilə danışırdı. – Çox çətindi!.. Çox!.. Çox!.. Gəl, baş aç də!.. Özün gəl!.. Özün gəl, baş aç!.. Mən deyirəm!.. Həmişə deyirəm!.. Deyirlər ki, belə... – Və o sərnişin dünən tramvayda olduğu kimi, yüngülcə Məlik Əhmədliyə toxundu, sonra bayaq maşına girdiyi kimi yox, soyuq dəymiş adi adamlar kimi burnunu çəkə-çəkə, öskürə-öskürə «Jiquli»nin qapısını açdı, maşından düşdü, yorğun addımlarla tramvay yolu boyunca uzaqlaşıb gözdən itdi və o sərnişin uzaqlaşdıqca, qaranlıqda gözdən itdikcə Məlik Əhmədli bütün bədənində bir dəyişmə hiss edirdi, elə bil, qanını dəyişirdilər və bu dəyişməni duyduqca, Məlik Əhmədlinin ürəyinin döyüntüsü azaldı, tamam kəsdi, bütün bədəninə bir rahatlıq gəldi, sonra əlinin, ayağının oynaqlarındakı o gözəl, o əziz, o sevimli ağrılar geri qayıtdı və Məlik Əhmədli burasını da hiss etdi ki, ürəyi bir balaca sancdı.
O dəm Məlik Əhmədlinin bütün varlığında həmişə ürək sancısına da, oynaqlarındakı o ağrıya da çox səmimi, hətta çox ərkyana bir minnətdarlıq var idi...
Və bu zaman Məlik Əhmədli qabaq oturacaqda qalmış boş «Biseptol» paketini gördü, qaldırıb baxdı: işlənib qurtarmış adi dərman paketi idi, «Biseptol-480».
...Tahirə bu dəfə tamam rahat yatmışdı.
Məlik Əhmədli də dünyanın xoşbəxt adamlarından biri idi.
O, çarpayısında uzanıb əllərini başının altında çarpazlamışdı və gözlərinin qabağına gələn həmin nar qırmızısı, xəzan sarısı dünyanın ən gözəl kəpənəklərinin rənginə bənzəyirdi.
Məlik Əhmədli iki günün küləyindən sonra o gecə yarısı Bakıya yağan payız yağışının qoxusunu hiss edə-edə fikirləşdi ki, çox-çox əsrlər bundan əvvəl qədim filosof, əslində, dünyanın ən sadə və ən müdrik sözlərini deyib:
... Hər şey keçib gedir.
Və bu ağlasığmaz, bu heyrətamiz əhvalat da artıq keçmişin xatirəsi idi. İllər keçəcəkdi, bu xatirə də tamam keçmişlərdən uzun-uzun illərin arxasında qalacaqdı və Məlik Əhmədlinin yadigar saxladığı o «Biseptol» paketi həmişə bu xatirənin həqiqiliyini, heç olmasa, özü üçün sübut edəcəkdi...
...Hər şey keçib gedir...
Muxtar Xudavəndə gözləmə otağının qapısını açıb özündən son dərəcə razı halda yuxarıdan aşağı tələbəyə baxdı və:
– Keçin içəri... – dedi. – Kişiynən danışdım. Humanist bir insandır, o boyda vücudu var, deyim sənə, amma ürəyi yuxadan da nazikdir!.. Boyun oldu ki, kömək eləyəcək! Elə onun bu humanizmini də, deyim sənə, oçerkin bir epizodu eləyəcəyəm. Rus demişkən, net xuda, bez dobra! Elə yaxşı oldu! Deyim sənə, yaxşı epizod olacaq! Sözümü yerə salmadı! Amma, deyim sənə, onun bu hərəkəti boynuma elə minnət qoyur ki, ömrüm boyu bu minnətin altından çıxa bilməyəcəyəm! – Bu son sözləri deyəndə Muxtar Xudavəndə, nədənsə, tələbə Murad İldırımlıya yox, Xosrov müəllimə baxdı. – Gedin! Gözləyir sizi, gedin yanına!
Xudahafiz, mən tələsirəm...
Tələbə ilə Xosrov müəllim gözləmə otağından girib, o gözəl və cavan katibə qızın və qızarıb şişmiş gözlərini eləcə çap elədiyi kağıza dikmiş makinaçı qadının yanından ötüb, içi pambıqla doldurulmuş qəhvəyi meşin qapını açdılar, tələbə irəlidə, Xosrov müəllim arxada müdirin kabinetinə addımladılar.
Tülkü Gəldi Qəbiristanlığının müdiri mizin arxasında oturub mətbəə iyi verən təzə qəzetləri oxuyurdu və içəri girənləri görüb:
– Hə, sizsiz? – soruşdu. – Mən də deyirəm, görəsən, bunnar kimdi belə? – Sonra çeşməyinin arxasından baxan boz gözlərini zəndlə tələbəyə zillədi. – Nə oldu, sovet qanunlarını gördün?
Tələbə cavab vermədi. Müdirin boz gözləri gülümsədi:
– Day bir də qanunbazlıq eləməyəcəksən ki?
Tələbə cavab vermədi.
– Hə!.. Bax, başuva dönüm sənin, sovet qanunundan dəm vurmağın axırı dünənki kimi olur! Gördün ki?! Qanun, bax, bu qəzetlərdə yazılan döyül e, başuva dönüm! Qanun – adamdır! Bax, mənəm qanun! – Əbdül Qafarzadə sağ əlinin uzun barmağını öz sinəsinə tuşladı və bu adamdan çıxmayan bir açıqlıqla təkrar etdi:
– Mənəm qanun! – Sonra Xosrov müəllimə baxdı. – Bu kimdi belə dedin?
Əlbəttə, nə Əbdül Qafarzadənin ağlına gələrdi ki, indi sükut içində qarşısında dayanmış və gözləri indi nəsə xəstə bir işıltıyla işıldayan bu arıq və uzun kişi vaxtıyla – çox-çox illər bundan əvvəl Xıdırla bir məktəbdə işləmişdi və Xıdırla birlikdə həbs olunmuşdu; nə də Xosrov müəllimin ağlına gələrdi ki, boz gözləri ilə çeşməyinin arxasından diqqətlə ona baxan bu adam bədən tərbiyəsi müəllimi həmin Xıdır Qafarzadənin doğma qardaşıdır – onların ikisi də bunu bilmirdi.
Əbdül Qafarzadə dünənki kimi soruşdu:
– Atondu?
Tələbə yenə cavab vermədi.
Və bu dəfə dünyanın ən gözlənilməz bir hadisəsi baş verdi: Xosrov müəllim yaşına və cansızlığına yaraşmayan bir cəldliklə, heyvani bir ehtirasla Əbdül Qafarzadənin üstünə atıldı və hər iki əlinin arıq və uzun barmaqları ilə kişinin yoğun boynundan yapışıb var gücü ilə boğmağa başladı, boğduqca da gicgahlarının, arıq boğazının damarları şişə-şişə qışqırmağa başladı:
– Sənsən! Bütün müsibətləri başımıza açan sənsən! Məni öldürən sənsən! O tonqalı sən qalamışdın! Sən taunsan! Taun! Taun! Taun!..
Əbdül Qafarzadə xırıldaya-xırıldaya Xosrov müəllimin barmaqlarından yapışdı, dartıb boğazından qoparmaq istədi, Xosrov müəllimin isə barmaqları qopmaq bilmirdi, Xosrov müəllim var gücü ilə sıxırdı və var gücü ilə də qışqırırdı:
– Taun! Taun! Taun!..
Səs-küyə makinaçı qadın, katibə qız qaçıb kabinetə girdilər və ikisi də çığır-bağır sala-sala, yumruqları ilə qara plaşın içindəki sür-sümüyü döyəcləməyə başladı, amma Xosrov müəllimin taxta barmaqları Əbdül Qafarzadənin yoğun boğazından qopmurdu.
– Taunsan sən! Taun! Tanıdım mən səni! Taun! Taun! Taunsan sən!..
Bütün bu gözlənilməz hadisə o qədər qəflətən baş verdi ki, tələbə yerində quruyub nə edəcəyini və nə deyəcəyini bilmirdi. Makinaçı qadın üzünü tələbəyə tutub çığırdı:
– Nə dayanmısan balqabaq kimi?! Gəl kömək elə də! Görmürsən öldürür?!
Tələbə də Xosrov müəllimin qara plaşından yapışıb dartmağa başladı. Xosrov müəllim isə qopmurdu.
– Taun! Taun! Taun!..
Nəhayət, Əbdül Qafarzadə ayağa qalxa bildi, sağ əlinin pəncəsi ilə Xosrov müəllimin sinəsinə zərbə endirdi və o zərbə elə güclü oldu ki, taxta barmaqlar Əbdül Qafarzadənin boğazından qopdu və Xosrov müəllim səndirləyə-səndirləyə dal-dala getdi, kürəyi zərblə divara dəydi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-15-her-sey-kecib-gedir
Use ← → keys to move, R for a random poem
More by this author
Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.
III fəsilProkuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?
IV fəsilGündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
Poems by other poets
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan