Page 1 of 2

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:

– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

Kitab mağazasının qarovulçusu küçənin o biri tərəfindən:

– Axşamın xeyir, – deyə cavab verdi.

– Bir bu tərəfə gəlsənə...

Fəttah dayı kətildən qalxıb sırıqlısını düymələyə-düymələyə küçəni keçdi və onların yanına gələndə təzədən dedi:

– Axşamınız xeyir.

Gündüz Kərimbəyli ilə bərabər, prokuror Dadaşlı da kişi ilə ikinci dəfə salamlaşdı və yəqin ki, belə bir havada küçədə ayaq üstdə çox dayanmamaq üçün birbaş mətləbə keçdi:

– Bakıdan qonaq gəlib bizə, a Fəttah dayı, qonaq evində qalacaq.

Fəttah dayı qonağa baxdı:

– Lap əcəb eləyəcək! – dedi.– Gözümüz üstə yeri var.

Dadaşlı bu dəfə də Gündüz Kərimbəyliyə müraciət etdi:

– Fəttah dayının sözlərinə qulaq asmaq təzədən bir universitet qurtarmaq kimi şeydi. Özü də qonaq evinin həm bağbanıdı, həm administratoru, bir sözlə, bizim qonaq evi bu kişiyə baxır. Özü də elə ailəsi ilə orada yaşayır.

Bu ağsaçlı, ağsaqqal şümşad kişi, görünür, mühüm işlər müstəntiqinin də xoşuna gəlmişdi.

Prokuror Dadaşlı Fəttah dayıya dedi:

– Qonağı elə indicə apar rahatlansın bir az. İşi çoxdu. Kitablarından da, qorxma, heç nə olmaz, tez qayıdarsan.

Fəttah dayı da qəlyanını tüstülədə-tüstülədə gülümsəyib:

– Qorxaq gündə yüz yol ölər, igid ömründə bir dəfə, – dedi. – Nədən qorxacağam?!

Fəttah dayının bu sözləri, prokuror Dadaşlıya ləzzət elədi və o gülüb dedi:

– Gördünüz ki, belədi bizim bu Fəttah dayı. Buyurun mənim maşınıma.

Gündüz Kərimbəyli dedi:

– Piyada getsək yaxşıdı.

– Bax, bu yerdə başqa-başqa adamlarıq. Piyada getməklə aram yoxdu mənim. Yaxşı, siz gedin dincəlin. Sabahdan bizim işçilər də, milis də hazırdı sizin qulluğunuzda. Əlimizdən nə gəlir!.. Bilirəm, sizin çoxluqla aranız yoxdur, amma nə lazımsa, biz hazır.

Gündüz Kərimbəyli Dadaşlının əlini sıxa-sıxa:

– Bunu da hüquq fakültəsi deyir? – soruşdu.

Prokuror Dadaşlı:

– Elədir ki, var! – dedi.

Onlar xudahafizləşib ayrıldılar. Gündüz Kərimbəyli Fəttah dayı ilə birlikdə səkiylə üzüaşağı addımlamağa başladı, prokuror Dadaşlı isə səhərdən bəri onu gözləyən «QAZ-69»a tərəf getdi və birdən nəsə çox mühüm bir şey xatırlayıb geri çevrildi, gülümsəyə-gülümsəyə arxadan Gündüz Kərimbəylini səslədi:

– Az qala yadımdan çıxacaqdı sizə deyim! Bax e bir!

Gündüz Kərimbəyli ayaq saxlayıb prokuror Dadaşlıya tərəf döndü.

Prokuror Dadaşlı dedi:

– Şeyx Mahmud Şəbüstərinin qiyamət bir əlyazmasını tapmışam, çox nadir şeydir, XVI əsrdən bu tərəfə deyil! Sizə göstərərəm kitabxanama baxanda.

Bu saat Gündüz Kərimbəylinin beləcə gülümsəməyini prokuror Dadaşlı yəqin ki, feyzbazlıq kimi qiymətləndirdi.

Gündüz Kərimbəyli:

– Mütləq! – dedi.

Prokuror Dadaşlı yüz otuz kiloya yaraşmayan bir çevikliklə «QAZ-69»a mindi və maşın gəlib Gündüz Kərimbəylinin yanından keçəndə qapının şüşəsindən ona əl elədi.

Fəttah dayı qəlyanının başını ovcuna alıb dərindən qullab vura-vura bir balaca irəlidə addımlayırdı. Gündüz Kərimbəyli yenə də isti yerdən çıxdığı üçün kürkün boynunu qaldırıb üşüyə-üşüyə Fəttah dayının yanınca gedirdi və çəkmələri su çuxuruna düşməsin deyə gözlərini ayaqlarının altından çəkmirdi.

Fəttah dayı qəlyanını ağzından götürməyərək, başının işarəsiylə bir az irəlini göstərdi:

– Budu ha bax, buradı.

Gündüz Kərimbəyli təəccüblə Fəttah dayıya baxdı. Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə təmkinini pozmayıb:

– Ay bacıoğlu, – dedi, – balaca rayondu bizim rayonumuz. Həm də deyiblər ki, iynə torbada qalmaz. Sakit yerdi buralar, indi ilin düz vaxtında bu boyda bir əhvalat!... Müəllimin babasının öldürülməsini deyirəm...

Gündüz Kərimbəyli Fəttah kişinin göstərdiyi yerə çatanda ayaq saxladı və gözlərini qıyıb ətrafa baxdı.

Bura rayonun adi küçələrindən idi. Küçəboyu birmərtəbəli, ikimərtəbəli binaların həyət hasarı uzanırdı və hər on beş-iyirmi addımdan bir rəngbərəng darvazalar artıq alaqaranlıqda güclə sezilirdi.

Gündüz Kərimbəyli bir neçə dəfə öskürdü və kürkün içində daha da büzüşdü. Fəttah dayı:

– Gedək, bacıoğlu, gedək, – dedi. – Özünü soyuğa vermisən deyəsən...

Mühüm işlər müstəntiqi Fəttah dayının sözlərini eşitmirmiş kimi, dayandıqları səkiyə bitişik hasarın darvazasına tərəf işarə edib soruşdu:

– Bura kimin evidi?

Fəttah dayı da elə bil bu tərəflərin qonağı idi, əvvəlcə o da darvazaya tərəf boylandı, sonra dedi:

– Bura?.. Bura Fatma arvadın həyətidi.

– Nəçidi Fatma arvad?

Fəttah dayının, qəlyanı sümürən dodaqları qaçdı:

– Nəçi olacaq, qeybətçi.

Gündüz Kərimbəyli də gülümsədi:

– Kimlə qalır bəs burda?

– Bir gədəsi var, şoferdi, onunla...

– Adı nədi oğlunun?

– Cəbi.

Gündüz Kərimbəyli yenə nəsə soruşmaq istədi, amma bu dəfə öskürək ona macal vermədi və o öskürdükcə Fəttah dayı açıq-aşkar narahat olub:

– Soyuqlamısan möhkəmcə, – dedi. – Gəl, gəl gedək. Allah kərimdi, bəlkə hava düzəldi sabah. İndi gedək, dincəl bir az.

Gündüz Kərimbəyli bir-iki dəfə də öskürüb:

– Biri – dedi, – deyirmiş ki, borcun içindəyəm. Deyiblər ki, fikir eləmə, Allah kərimdi. Deyib məsələ burasındadı ki, elə Kərimə də borcluyam...

Gündüz Kərimbəyli bu sözləri deyib gülümsədi və yenə də öskürməyə başladı. Fəttah dayı bu dəfə də onun qolundan tutub:

– Getdik, getdik, – dedi. – Kərimin borcu qalsın sabaha.

Mühüm işlər müstəntiqi də:

– Getdik, – dedi. – Amma birbaş sizə yox, Fəttah dayı, Fazil Qəmərlinski yaşayan evə, sonra sizə.

Fəttah dayı soyuqlamış qonağın bu sözlərinə lap ürəkdən etiraz etdi:

– Yox, bu olmadı, qonaq. O ev rayonun o başındadı, qonaq evi bu biri başında!..

– Havadan qorxursan, Fəttah dayı?

Fəttah dayı bu dəfə hirsləndi və qəlyanı ağzından götürüb:

– Havadan qorxmuram, a kişi! – dedi. – Səndən qorxuram, səndən! Cavanlığına salma. Özün də havanı dəyişmisən. Səni də Bakıda gözləyən var yəqin?

Mühüm işlər müstəntiqi kürkün içində büzüşdü:

– Bunu lap ürəyimdən dedin, Fəttah dayı. Yaman tələsirəm Bakıya! Bilirsən niyə? Qızımın ad günüdü üç gündən sonra...

Fəttah dayının acığı soyumuşdu daha:

– Böyük qız olsun! Uşaqdı yəqin...

– Çox sağ ol, on yaşı tamam olur. On yaş da ki, bilirsən də Fəttah dayı, yubileydi. Getdik?

– Qonaq evinə?

– Əvvəlcə Fazil müəllimin yaşadığı evə tərəf, sonra da evimizə.

Fəttah dayı, deyəsən, daha yəqin elədi ki, Bakıdan gələn bu qonağı fikrindən daşındırmaq çətin məsələdi, başını bulayıb yenə də bir az irəlidə yanpörtü addımlamağa başladı.

Hava yavaş-yavaş tamam qaralırdı daha və bu alaqaranlıq içində taxtapuşların bacası tüstülədikcə, elə bil, bayırın soyuğu bir az da artıq təsir edirdi. Pəncərələr bir-bir yanırdı və mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli Fəttah dayının yanınca addımlaya-addımlaya kirpiklərindən sulu qarın damcıları süzülən gözlərini qıyıb tüstüləyən bacalara, işığı yanan pəncərələrə baxırdı, sonra da ayaqları su çuxuruna düşməsin deyə başını aşağı dikirdi.

Fəttah dayı da qəlyanını tüstülədə-tüstülədə elə bil öz-özünə danışırmış kimi:

– Belədir dünyanın işləri, – dedi. – Ağsaqqal yaşında durub gələsən nəvənə baş çəkməyə, bir namərd səni qanına qəltan eləsin ki, on beş köpük xeyir görəcək!.. Ay gördü, ha!.. Zəhrimar olub töküləcək burnundan...

– Dünyanın işləri deyil bu, a Fəttah dayı, adamların işləridi...

– Dünya da elə adamlardı də, bacıoğlu!.. İnsana cəmi məxluqatın əşrəfi deyiblər! İndi gör bu cəmi məxluqatın əşrəfi olan insan hərdən necə oyun çıxarır... Olacağa çarə yoxdu, bu, düzdü. Kimin alnında nə yazılıbsa da odu. Ölümün də pisi-yaxşısı yoxdu, bu da düzdü, ölüm ölümdü. Amma vəzni var ölümün, ucuzluğu yandırır adamı!..

Fəttah dayı addımlaya-addımlaya pis adamların qarasına deyindikcə, hava da tamam qaraldı – rayona gecə düşdü daha və elə bil sulu qar da fürsəti fövtə verməyib bərkidi; Gündüz Kərimbəyli də daha tez-tez öskürdü və şəhərdən gələn bu qonaq öskürdükcə Fəttah dayı başını buladı:

– Səninki bu saat odu ki, evdə oturub moruq mürəbbəsiylə çay içəsən...

Gündüz Kərimbəyli özünü saxlaya bilməyib:

– Hə, – dedi, – bu saat moruqlu çay dərmandı.

Fəttah dayı qaranlıqda divarları ağaran ikimərtəbəli evin darvaza qapısı ağzında ayaq saxladı və ikinci mərtəbədə işığı yanan pəncərəyə işarə eləyib dedi:

– Budu, burda olur.

Gündüz Kərimbəyli boynunu kürkün içinə qısıb işıq gələn pəncərəyə baxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 min
Küləyin, çinarın və qaranquş balasının hekayəti

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.

3 min
Nigar, Yalçın və onların Dədəsi

Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.

3 min
Mən yaman qoçağam

Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:

2 min

Poems by other poets