Küləyin, çinarın və qaranquş balasının hekayəti
O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.
O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.
O çinar ağacı heç nədən çəkinmirdi, heç nədən qorxmurdu və iş o yerə çatdı ki, günlərin bir günündə o çinar ağacının yarpaqları xışıldadı:
– Mən o küləkdən də qorxmuram!
Əlbəttə, külək bunu eşitdi, çünki çöllərdə, düzlərdə, dağlarda, meşələrdə, hətta, dənizlərdə, okeanlarda da nə səs olurdu, nə deyilirdisə, külək onu o saat eşidirdi və bütün heyvanların, quşların, bitkilərin dilini bildiyi üçün, o saat başa düşürdü.
Külək bu xışıltını da eşitdi və qəzəbləndi.
Külək çinar ağacının ətrafında fırlandı, fırlandı, sonra daha da bərk əsdi, sonra lap bərkidi, çovğuna çevrildi, qıy vurub bütün ətrafa hücum çəkdi, yer titrədi, göy titrədi, o çinar ağacı silkələndi, yarpaqları qopdu, sonra budaqları qırılmağa başladı və qəzəbli külək o çinarın ətrafında elə bir burulğan yaratdı ki, o boyda ağac uzun-uzun illər bundan əvvəlki o sütül gövdəcik kimi, əsim-əsim əsməyə başladı, lap az qalmışdı ki, torpaqdan qopsun və külək bircə an dayandı ki, yeni bir qıyla çinar ağacını göyə sovursun.
Külək elə həmin bircə anlıq sükut içində qəfil bir civilti eşitdi.
O çinar ağacından kənarda köhnə bir dəyirman var idi və külək, ancaq çinarın ətrafında burulğan yaratsa da, o burulğanın dalğası dəyirmanın taxtapuşunu qoparmışdı. Dəyirmanın eyvanının dərinində, küncdə, tavanın altında isə bir qaranquş yuvası var idi və eləcə zəif-zəif, yazıq-yazıq civildəyən də o yuvadakı qaranquş balası idi. Eyvanın o küncünü hələ külək tutmurdu, amma bayaqdan yer-göy titrəyirdi və o köhnə dəyirman da az qala o taxtapuş kimi, yerli-dibli qopub havaya uçacaqdı.
Qaranquş balası yuvanın içində cıqqılı başını balaca və zəif bədəninə qısmışdı, birdən-birə aləmi bürümüş qasırğadan o qədər qorxmuşdu ki, təkcə öz ürəyinin döyüntüsünü eşidirdi, daha başqa heç nə görmürdü, heç nə eşitmirdi. Həmin o bircə anın içində ki, sükut çökdü, külək o saat o cıqqılı ürəyin döyüntüsünü eşitdi, sonra da o quşcuğazın yenicə dil açdığı qaranquş dilində nə civildədiyini eşitdi:
– Mən qorxuram...
Hə, külək bu civiltini eşitdi...
Külək yenidən qıy vurmağa tamam hazır idi və bilirdi ki, o qıydan sonra o çinar ağacı köklü-dibli qopub göyə sovrulacaq, amma külək bu civiltini eşitdi və birdən-birə tamam boşaldı, o qaranquş balasının ürəyinin eləcə tıppıltısı içində daha qıy vura bilmədi...
Külək qıy vursaydı, bilirdi, o çinar ağacı ilə birlikdə bu köhnə dəyirman da, bu köhnə dəyirmanla birlikdə o qaranquş yuvası da, o qaranquş yuvasıyla birlikdə o qaranquş balası da göyə sovrulacaqdı...
Balaca qaranquş balası başını qaldırıb yuvadan iki nöqtə kimi xırdaca və qapqara gözləriylə nigaran-nigaran ətrafa baxdı və ətrafın bu sakitliyi davam etdikcə, o cıqqılı ürəyin tıp-tıp tıppıltısı da azalırdı.
Külək o cıqqılı ürəyin tıppıltısının eləcə azalmasını eşidirdi və heç cürə təzədən qıy vura bilmirdi...
O çinar ağacı isə yavaş-yavaş özünə gəlirdi və qolu-budağı sınsa da, yenə əvvəlki kimi, yer üzünə yuxarıdan aşağı baxa-baxa deyirdi:
– Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi!..
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-kuleyin-cinarin-ve-qaranqus-balasinin-hekayeti
Use ← → keys to move, R for a random poem
More by this author
Qar yağırdı.Altı gündən sonra, təzə – 1985-ci il gəlirdi, bayaq televizorda deyirdilər ki, Tomsk vilayətinin Kolpaşeva rayonunda 38 dərəcə şaxta var, Yakutiyada isə şaxta 55-i keçib, amma Bakıda bu qış birinci dəfə idi ki, qar yağırdı, o da əməlli-başlı qar deyildi, səki boyu düzülmüş tut ağaclarının budaqlarına düşüb su damcısı olurdu, yerdə, yəni asfaltın üstündə də qalmırdı, təkcə ağacların dibindəki torpaqda bir qat çox narın qar ağarırdı.
İkinci fəsilŞair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı və təzədən məclisə qayıtdığı zaman restoran dəhlizinin geniş pəncərəsindən get-gedə bərkiyən qarı görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir rayonda arvad almışdı və anası Səlim Sürəyyanı təkbaşına böyütmüş və Səlim Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını özünə təxəllüs götürmək çoxunun gülüşünə səbəb olurdu, amma Səlim Sürəyya həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı və bu minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının qulağı bu ada öyrəşdi.
Üçüncü fəsilEyvanı, aşağı tərəflərdə görünən binaların damını, həyətdəki ağacların budaqlarını qar bürümüşdü və o qarın ağlığı gecə vaxtı pəncərələrdən düşən, həyətdə yanan işığın altında, nəsə, bir arxayınçılıqdan xəbər verirdi; düzdü, möhkəm qar yağırdı, külək bərkimişdi, amma elə bil ki, hər tərəfi bürümüş o qarın ağlığında heç bir pis iş ola bilməzdi.Bütün bunlar belə idi, o soyuq havanın təmizliyi Züleyxanın içinə bir təzəlik hissi gətirirdi, o qar ağlığında nəsə bir sevinc, bir nikbinlik var idi, amma bütün bunlarla bərabər, Züleyxanın ürəyində yüngül bir nigarançılıq baş qaldırmışdı: Əlipaşa iki saatdan artıq idi ki, evdən çıxmışdı, hesabla rəngli televizoru çoxdan gətirməli idilər, indi dükanlar da daha bağlanmışdı. Gülzar da, Süsən də, məktəbdən qayıdıb gəlmiş Sona da, Suğra da dəqiqədə bir: – «Bu papa harda qaldı e, belə?..» – deyə-deyə rəngli televizoru gözləyirdi və Züleyxa tez-tez başına şal salıb, həyət eyvanına çıxıb aşağı boylanırdı ki, görsün Əlipaşagil gəldilər, yoxsa yox?
Dördüncü fəsilKlarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Poems by other poets
Yol üstündə duran gözəl,Söylə görüm, haralısan?
QəfilBir haray yuxuma güllə boşaltdı,Bir duyğu səsiymiş oyadan məni, –
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.