Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.

Yalçın dedi:

– Gördün, Nigar, adam özünü tərlətməz... Çünki adama soyuq dəyər, xəstələnər. Günay da başını tərpətdi, yəni ki, düzdü, Yalçın düz deyir.

Axı, Günay hələ danışa bilmirdi, neyləsin?

Yalçın dedi:

– Günay, sən böyüyəndə, həyətə düşəndə, çox qaçıb özünü tərlətməzsən... Hə? Günay başını tərpətdi, yəni ki, hə.

Yalçın atıla-atıla dedi:

– Gördün, Nigar! Biz özümüzü tərlətməyəcəyik! Biz xəstələnməyəcəyik!

Günay da əlini-əlinə vura-vura atıldı-düşdü, birdən... gurup!... dəydi yerə.

Günay istədi bərkdən ağlasın, amma bu vaxt qapının zəngi çalındı. Yalçın qapıya qaçdı. Günay da tez qapıya tərəf baxdı.

Gələn Dədə idi, Günayın, Yalçının, Nigarın babası.

Yalçın dedi:

– Dədə, Dədə, biz özümüzü tərlətməyəcəyik, Günay da, mən də xəstələnməyəcəyik! Nigar bizdən böyükdü, amma özünü tərlədib, xəstələnib!

Dədə dedi:

– Eybi yox, daha Nigar da bundan sonra özünü tərlətməyəcək, xəstələnməyəcək. Yalçın Nigara baxdı:

– Hə, Nigar?

Günay da Nigara baxdı, istədi o da desin ki, «Hə, Nigar?», amma təkcə bunu dedi:

– I-ı-ı...

Nigar başını yastığın üstündə yavaş-yavaş tərpətdi, yavaş-yavaş da dedi:

– Hə...

Dədə bazardan Nigar üçün qıpqırmızı gilənar alıb gətirmişdi. Anası gilənarı yudu, boşqaba yığıb Nigarın çarpayısının yanındakı balaca kətilin üstünə qoydu. Dədə dedi:

– Nigar, gör nə qəşəng gilənardı, ye.

Nigar yavaş-yavaş dedi:

– İstəmirəm, Dədə...

Dədə dedi:

– Sən bir bax, gör nə dadlıdı...

Dədə gilənardan birini götürüb Nigarın ağzına qoydu.

Yalçın da, Günay da Nigara baxırdı.

Nigar yavaş-yavaş dedi:

– Day istəmirəm... Acıdı...

Dədə dedi:

– Gilənar acı deyil, Nigar, sənin ağzın acı olub. Xəstələnmisən, ona görə ağzın acılaşıb. Keçib gedəcək.

Yalçın gilənara baxa-baxa, udquna-udquna Nigarın lap yanına gəldi. Günay da Yalçının yanına gəldi.

Yalçın soruşdu:

– Gilənar acıdı, Nigar?

Nigar yavaş-yavaş dedi:

– Hə...

Yalçın gilənarın birini ağzına qoyub dedi:

– Hə, acıdı...

Sonra bir gilənar da yedi:

– Hə, acıdı....

Sonra bir gilənar da yedi, bir gilənar da yedi, yedi, yedi:

– Hə, acıdı, acıdı, acıdı...

Yalçın gilənarların hamısını yedi qurtardı. Sonra Dədəyə baxdı, Nigara baxdı, sonra da Günaya dedi:

– Gördün, Günay, gördün mən necə qoçağam?! Acı gilənarın hamısını yedim! Dədə ağzı-burnu qıpqırmızı gilənar şirəsinə bulaşmış Yalçına baxıb güldü. Nigar da Yalçına baxıb güldü. Günay da:

– I-ı-ı – dedi, yəni ki, Yalçın, doğrudan da, sən yaman qoçaqsan! Lap qoçaq!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets