I fəsil
Page 2 of 3 · 33%
– Bağışlayın, – dedi və otaqdan çıxdı.
– Boy!.. Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap... – Sonra Güləndam nənə üzünü Cavanşirə tutdu: – Nədi, a kişi qırığı, nə mısmırığını sallamısan? Cəmi-aləm həyətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyə?..
Cavanşir nənəsinə baxdı, çox mənalı baxdı:
– Sənnən nə danışım e? – dedi və çarpayıdan qalxıb otaqdan çıxdı.
Üç gün idi gəlmişdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı və yeknəsəqliyi barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini, cavan yaşında ikən qocaldığını fikirləşirdi; hamı onu sütül cavan bilirdi, evdə isə onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyanın hər üzünə bələddi; düzdü, Cavanşir dünyanın cürbəcür üzünü özü üçün tam dəqiqləşdirmirdi, yəni bu üzlər nədən ibarətdi, amma hər halda Cavanşirə belə gəlirdi və Cavanşir bütün bunlar barədə fikirləşəndə, özü də hiss etmədən yavaş-yavaş xəyal aləminə gedirdi, gah həyatdan, yaşayışdan sidqi sıyrılmış bir əyyaş görürdü özünü, daha doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş dünyanı dərk eləmiş adamdı; gah hər gün gözəl, təmiz, zövqlə geyinib adamlar arasında tək-tənha gəzən, dinib-danışmayan bir yaraşıqlı kişi görürdü özünü və camaat, o cümlədən qız-qadınlar böyük bir maraqla, həsədlə bu sirli və tənha kişinin hər addımını izləyirdi, dalınca pıçapıç edirdi və hamı çalışırdı ki, onun sirrinə bələd olsun, ürəyindəkiləri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün olmayacaqdı da, çünki həmin tənha kişinin ürəyində heç kimə yer yox idi, çünki heç kim onu başa düşə bilməzdi...
Doppa Dadaşın kamançası yenə qan eləyirdi və bu dəfə məhəbbətin sirlərindən danışırdı, vüsaldan və həsrətdən söz açırdı, aşiq ilə məşuqun intizar və iztirab dolu məhəbbət aləmindən, sevginin təmizliyindən, kövrəkliyindən dəm vururdu və yenə də kaman Doppa Dadaşın usta barmaqlarında sağa-sola gedib-gəldikcə doppa Dadaşın başı da kamanla həmahəng sağa-sola gedib-gəlirdi, kamançanın söylədiklərini təsdiq edirdi, uzun kirpikli, iri qara gözləri yenə də elə bil ki, bütün bu söylənənlərin hamısını görürdü, vüsala sevinirdi, hicrana kədərlənirdi.
Hamı meydançada dövrə vurub Doppa Dadaşın kamançasına qulaq asırdı və bu kamança sədası altında Marusya Nikiforova da Hüsaməddin Alovluya tamam yeni nəzərlərlə baxırdı, hələ mənasını özü də başa düşmədiyi yeni hisslər keçirirdi və düzdü, Marusya Nikiforova bu yeni hisslərin mənasını hələ yaxşı başa düşmürdü, amma bu hisslər Şuşanın bu ab-havası ilə, Şuşanın bu dağları, bu kol-kosları, bu ağacları ilə bir-birinə çox uyuşurdu; Marusya Nikiforovanın Hüsaməddin Alovluya baxan göy gözlərində artıq bir məhəbbət nişanəsi var idi və Doppa Dadaşın kamançası söz söylədikcə bu məhəbbət nişanəsi də elə bil ki, yavaş-yavaş böyüyür, artırdı, açıq-aşkarlaşırdı.
Cavanşir ikimərtəbəli sanatoriya binasının həyət qapısı ağzında dayandı və Güləndam nənə də ikinci mərtəbədəki eyvandan Cavanşirə him elədi ki, yeri get meydana; Güləndam nənənin Cavanşirə sataşmağa, Cavanşiri dolamağa xüsusi azarı vardı və Cavanşir də, qəribə idi ki, hərdən nənəsinin, heç kimin yox, atasının yox, anasının yox, yaşlı dayılarının, əmilərinin yanında yox, Güləndam nənənin yanında özünü hərdən, doğrudan da, uşaq hiss edirdi, özünü aciz, köməksiz bilirdi, elə bil bəzən nənəsi çeşməyinin altından bic-bic gülümsəyən gözləriylə Cavanşirə deyirdi ki, a kişi qırığı, özünü yekə kişiliyə vurma, sənin hələ yekə kişi olmağına çox qalıb və dünyadan da xəbərin yoxdu sənin; amma bu, hərdənbir olurdu.
Dürdanə də ikinci mərtəbədəki öz eyvanlarında idi və oradan oğrun-oğrun Cavanşirə baxırdı və Cavanşir də bilirdi ki, Dürdanə elə ona baxmaqdan ötrü, onu görməkdən ötrü tez-tez eyvana çıxır, amma Cavanşir özünü görməməzliyə vururdu, özünü bilməməzliyə vururdu, heç bu qıza salam da vermirdi, çünki bu qız Cavanşirin tayı deyildi, bu qız uşaq idi, həyatın ağrılarını dadmamışdı, Cavanşirin fikirləri, Cavanşirin hissləri bu qız üçün işığı güclə gəlib yer kürəsinə çatmış bir qalaktika idi.
Dürdanə də universitetdə oxuyurdu, Cavanşirlə bir fakültədə, filoloji fakültədə, Cavanşirdən bir kurs aşağıda – indi ikinci kursa keçmişdi və keçən sentyabr, dərslər təzə başlayanda bu qız universitetin dəhlizində birdən-birə Cavanşirə yaxınlaşdı:
– Sizin adınız Cavanşirdi? – soruşdu.
Cavanşir:
– Hə, Cavanşirdi, – dedi və təəccüb etdi ürəyində ki, bu ortaboylu, qarasaçlı, qaragöz qız onu hardan tanıyır, amma heç nə soruşmadı, sonra, bir neçə gündən sonra Cavanşir handan-hana yadına saldı ki, iki il əvvəl yayda ata-anası ilə birlikdə Kislovodskda istirahət edəndə bu qız da öz ata-anası ilə Kislovodskda idi. Bir küçədə qalırdılar və Cavanşir heyrət elədi ki, o balaca qız necə böyüyüb, necə gözəlləşib və necə yaraşıqlı olub.
Universitet dəhlizindəki həmin sual-cavab Cavanşirlə Dürdanənin birinci və axırıncı söhbəti oldu; əvvəllər Dürdanə Cavanşirə salam verirdi və Cavanşir də başının hərəkətilə Dürdanənin salamını xalaxətrin qalmasın alırdı; sonra yəqin bu «xalaxətrin qalmasınlar» Dürdanəyə təsir etdi və Dürdanə də daha salam vermədi və hər dəfə üz-üzə çıxanda gözləriylə gözləyirdi ki, Cavanşir salamlaşacaq onunla, amma Cavanşir də düz ötüb çıxıb gedirdi.
Dünən səhər yeməkxanada oturub ertə çörəyini yeyəndə Güləndam nənə Cavanşirdən soruşdu:
– O qız kimdi elə bizə salam verir?
Cavanşir başını qaldırıb iki stol qabaqda qoca bir arvadla oturub onlara baxan Dürdanəni gördü və istər-istəməz Şuşa sanatoriyasına təzə gəlmiş bu qızla salamlaşdı və elə bil ki, Cavanşirin bu salamı ilə Dürdanənin sifəti tamam açıldı, gözgörəsi güldü sifəti, elə bil Cavanşirin salamı bir xoşbəxtlik gətirdi bu qıza. Qızın yanındakı qoca arvad da başını qaldırıb bir qıza, bir də Cavanşirgilə baxdı və o da Cavanşirgilə salam verdi.
– Kimdi, ə, bu qız belə, a kişi qırığı?
Cavanşir Güləndam nənənin ona «a kişi qırığı» deməsilə mübarizə aparmaqdan daha zinhara gəlmişdi və daha bu barədə bir söz demirdi; bu dəfə də təkcə:
– Nə bilim kimdi?.. – dedi və burnunu vermişelli boşqaba salladı.
Güləndam nənə də bu dəfə zarafatsız dedi:
– Hə də, nə tanıyasan onları?.. Evdə otura da bilmirik bu əndamı yanmışların əlindən...
Bakıda qızlar, doğrudan da, Cavanşirə tez-tez zəng eləyirdilər və Cavanşir də doğrudan bu qızların heç birini tanımırdı, bəlkə də görsəydi üzdən tanıyardı – ya universitetin qızları olacaqdı, ya da qonşu qızlar; Cavanşir bilmirdi ki, ona zəng eləyən hansı qızdı və qızlar gülə-gülə Cavanşirlə tanış olmaq istədiklərini deyirdilər; Cavanşir onlarla uzun-uzadı danışmırdı, dəstəyi asırdı, sonra qızlar təzədən zəng eləyib Cavanşirin kobudun biri olduğunu deyirdilər və belə bir kobudluq qiyafəsi həm qızlarla danışmaqdan (axı nə deyəsən?) xilas edirdi, həm də hər halda kişi gərək kişi olsun.
Cavanşir başını qaldırıb yenə Dürdanəyə tərəf baxdı və nədənsə ona elə gəldi ki, Güləndam nənənin «əndamı yanmış» deməsi bu qıza layiq deyil və ən qəribəsi də bu oldu ki, Güləndam nənə də elə bil Cavanşirin fikirlərini oxuyub:
– Bu qızı demirəm ha... – dedi.
Günorta Güləndam nənə Cavanşirə xəbər verdi ki, bu qızın adı Dürdanədi, o da qarabağlıdı, o da nənəsiylə gəlib Şuşa sanatoriyasına, atasını məzuniyyətə buraxmayıblar, anası da qalıb atasıyla Bakıda, nənəsinin də adı kişi adıdı, Bəhlul, Bəhlul arvad.
Gülməmmədin akkordeonu öz məşhur tanqosunu təzədən çalmağa başladı və Hüsaməddin Alovlu yerli cavanların həsəd, qibtə dolu nəzərləri altında yenə Marusya Nikiforovanı rəqsə dəvət etdi, sonra yenə sanatoriyada dincələn gəlmə qızlar bir-biriləriylə, Şuşanın, Şuşaya yaylağa çıxmış Ağdamın, Bərdənin, Ağcabədinin, Füzulinin cavan oğlanları da bir-biriləriylə rəqs eləməyə başladılar.
Bir azdan Şuşanın aşağısında, Ərimgəldi tərəfdəki istirahət evinin həyətində klarnetçi Müslüm orada işini qurtarıb dəstəsiylə – zurnaçı Anuşavan və nağaraçı Məliklə sanatoriyanın həyətinə gələcəkdi, «Avropalı gəlin» İran filmindən «tormoz» Hüseynin havasını çalacaqdı və sanatoriyada istirahət edən əmək qabaqcılı, qəhrəman ana və həddən artıq kök Safurə arvad meydanda ortaya düşüb sındıra-sındıra oynayacaqdı və bununla da sanatoriyanın mədəni-kütləvi tədbirlərinə baxan Sadıq müəllimin iş günü sona yetəcəkdi.
Cavanşir cibindən bir siqaret çıxarıb yandırdı və bunu görən Güləndam nənə eyvanda qeyzlə başını tərpətdi, barmağını yelləyib Cavanşiri hədələdi, yəni ki, qoy gedək Bakıya, gör orda atana deyirəm, ya yox. Cavanşir nənəsinin belə hədəqorxularına adətkərdə idi, amma bu dəfə necə olsa, birdən-birə ürəyinə bir nigarançılıq doldu və tez də Dürdanə tərəfə baxdı ki, görsün bu qız Güləndam nənənin him-cimini görür, yoxsa yox.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-susaya-duman-gelib-i-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların yarpaqları, dibində ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən, əvvəlsizliyindən və axırsızlığından xəbər verdi...... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı:
Araba(Şairin ölümü haqqında)olduqca...
Proloqİlyas Əfəndiyevin «Hökmdar və qızı»faciəsinin motivləri əsasında yazılmışdır.
Birinci hissə, 16 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.İmperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı:
Poems by other poets
Kamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
ریخت خونم که این شراب من استسوخت جانم که این کباب من است