Üçüncü hissə, ikinci fəsil
Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.
Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Dərdi az imiş kimi, Elməddinin aparılması da fikrini lap çaşdırmışdı. Əvvəl gizləmişdilər ondan. Neçə gün gəlmədiyini, baş çəkmədiyini görüb nigarançılıq içində onu soruşmuşdu. «Xəstədir»
– demişdilər. Lakin sonra gizləyə bilmədilər, həqiqəti açıb dedilər. Onda Şəfi pis hala düşdü. Məleykədən Simini soruşdu. Məleykə ərini arxayın elədi ki, ondan sarı fikir eləməsin — atası yanındadı, iki bacısı onunla qalır. «Qızın bəxtini görürsən, sən allah?» — deyə yerində qurcuxmuşdu Şəfi. Məleykə onun yanında qətiyyən ağlamırdı. Özünü tox tutur; sağ qaldığına sevindiyini bildirir, kişinin boynunu qucaqlayıb üzündən öpür, «Allah səni bizə təzədən verib, əzizim» deyirdi. Ancaq otaqdan çıxan kimi gözlərinin yaşını saxlaya bilmirdi. Düşməninə nifrinlər yağdırır, söyüb-söylənir, ürəyini boşaldırdı. «Şəkil kimi yaraşıqlı» Şəfinin şikəst olması — sağ gözünün üstünə yapışdırılan əl içi boyda ağ tənzif Məleykənin gözlərinə ox kimi batırdı, ürəyini göynədirdi. Yanına gedəndə o ağ tənzifə baxmamağa çalışırdı, görməmək istəyirdi. Elə bil Şəfi də şikəstliyindən utanırdı, sıxılırdı — baxışındakı xəcaləti Məleykə duyurdu. Məleykə belə anlarda ona təsəlliverici sözlər söyləmək istəyirdi, ancaq heç nə tapıb deyə bilmirdi, təkcə bunu-təkrar eləyirdi:
– Şükür, sağ-salamatsan, əzizim. Allahın bizə yazığı gəlib. — Şəfi mənalı-mənalı baxır, danışmırdı.
Ruznamə Şəfinin həyatına çevrilmişdi — o, öz ömrünü ruznaməsiz təsəvvür eləyə bilmirdi. Yaralanandan bəri ruznamənin nəşri dayanmışdı — elə sanırdı ki, boğulur, nəfəsi çatmır. Ziyaülhəqqin «Pərçəm»in çıxması ilə əlaqədar söylədiyi sözlər onu bir az toxtatdı
– dikəlib oturdu. Fikrində necə işləyəcəyinin planlarını cızmağa başladı. Xəyalında yenə ruznamənin səhifələri xışıltı ilə çevrildi — ruznamə oxucuları ilə danışdı sanki. Şəfi rahat nəfəs alıb Ziyaülhəqqə razılıq hissilə baxdı. Sonra Elməddini soruşdu. Ziyaülhəqq başını qaşıyıb dedi:
– Dünən getmişdim. Hələ şəhər həbsxanasındadı. Görüş vermədilər. Təkcə yemək götürdülər.
– Həbs olunmasının səbəbi barədə bir şey öyrənə bilmədin ki?
– Yox. Məncə səbəbi aydındır. O hekayəyə görə aparıblar — Bəbir belə deyirdi. — «Xurma çərdəyi»nə görə.
– Hm... Elə hekayənin üstündə yatmağa dəyər. Elməddin daha heç nə yazmasa da, bircə o hekayə bəsidir. Yaşadar onu. - Yaşatmağı sonrakı işdir, ustad. Mən qorxuram o hekayənin üstündə öldürələr onu.
...«Mişranu-cirgənin» iclasları başlamışdı. Şəfi həyəcanlı idi — balaca «sonya» radioqəbuledicisini çarpayısının yanına qoymuşdu— Kabilin radiosu ilə bütün məmləkətə verilən iclasların gedişinə diqqətlə qulaq asırdı. Diktor qadının verdiyi məlumata görə, əlahəzrət-humayun da təşrif gətirmişdi. Yəqin öz lojasında oturub bir-birini əvəz edən natiqləri dinləyirdi. Kimi puştu dilində, kimi dəri dilində danışırdı. Buraya toplaşmış millət nümayəndələri — vəkillər ağayi Nurəhməd Etimadi kabinəsinin — hökumətin fəaliyyətini, gördüyü işləri qiymətləndirir, hər kəs öz nahiyyəsinin, vilayətinin qayğılarından, ehtiyaclarından danışırdı. Nəxost-vəzir cənablarına sual verənlər də vardı. İclaslar çox canlı keçirdi. Şəfi gümrahlaşmışdı. Bəbirin çıxışını səbirsizliklə gözləyirdi. Ancaq o, birinci gün də, ikinci gün də danışmadı. Üçüncü gün, axşam iclasında sədrlik eləyən vəkil ona söz verəndə Şəfinin qulaqları guruldadı:
– Söz verilir Kabil vilayətinin dördüncü nahiyyəsinin vəkili ağayi Bəbir Karməndə.
Kimlərsə salonda əl çaldı. Şəfi hiss elədi ki, əl çalanların sayı az idi. Bu, onun ürəyini ağrıtdı. Kədərlə düşündü: «Azıq, çox azıq məclisdə. Ona görə gücsüzük hələ!»
Bəbirin gur, lakin təmkinli səsi otağı doldurdu. Səsindəki qətiyyət Şəfini ruhlandırdı və yanında oturan Məleykəyə baxıb qımışdı. Bəbir deyirdi:
– Əlahəzrəti-hümayune-möhtərəm. Möhtərəm millət vəkilləri! Biz bu müzəyyən salonda öz doğma hökumətimizin son iki-üç ildə bu millət, bu torpaq üçün-gördüyü işlərin müzakirəsinə toplaşmışıq. Ağayi nəxost-vəzir cənabları özünün hesabat məruzəsində kabinəsinin fəaliyyətindən çox ətraflı məlumat verdi və məndən qabaq çıxış eləyən möhtərəm nümayəndələr iki gündür ki, həmin məruzənin ətrafında danışırlar. Vəkillik səlahiyyətinin və qanuniəsasiyi-möhtərəmimizin mənə verdiyi imkan və ixtiyardan istifadə edərək bildirmək istəyirəm ki, həm ağayi nəxost-vəzir cənablarının, həm vəkil yoldaşlarımın çıxışları bir millət nümayəndəsi kimi məni təmin etmədi.
Salonda səs-küy, çaxnaşma hiss olundu. Ancaq Bəbir buna əhəmiyyət verməyərək sözünə davam etdi:
– Əgər bir əcnəbi bizim bu məclisdə iştirak edərdisə, ağayi nəxost-vəzirin çox bəlağət və fəsahətlə irad etdiyi nitqindən belə başa düşə bilərdi ki, bizim millətimizin tarixində hələ onun başçılıq etdiyi hökumət olmayıb və bəlkə də olmayacaq, bizim məmləkətimiz dünyanın ən abad, ən varlı, yüksək inkişaf mərhələsini yaşayan bir məmləkətidir, xalqımız bolluq, firavanlıq içində yaşayır. Amma ağayi nəxost-vəzir cənabları özü də, dünəndən bəri onun ünvanına mədhiyyələr söyləyən cənab vəkillər də bilməmiş deyil ki, bu, əsl həqiqəti pərdələmək, qaranı ağ göstərməkdir!! Camaatı, ictimaiyyəti, yumşaq desək, aldatmaqdır, xalqın gözündən pərdə asmaqdır! Mən bu sözləri tam məsuliyyətimlə söyləməyi özümə borc bilirəm ki, bizim bu zavallı xalqı, adi insani hüquqlardan, adi iisani yaşayış tərzindən məhrum olmuş bu, zəhmətkeş, ac-yalavac kütləni aldatmağa ixtiyarımız yoxdur, heç kəsin, heç kəsin buna ixtiyarı yoxdur, ağalar! Siz, təkcə sizə inanan, etibar edib bu yüksək məclisə seçən xalqı deyil, eyni zamanda məmləkətin padşahi-müəzzəmini — gecə-gündüz kölgəsinə belə səcdə elədiyiniz möhtərəm şəxsi də aldadırsınız, əsl vəziyyəti, məmləkətin, xalqın dərdlərini deməkdən qorxursunuz. Bu isə cinayətkarlıqdır, ağalar! Mən əlahəzrəti-hümayunun bizim məclisimizdə lütf göstərib iştirak etməsindən istifadə edərək bəzi həqiqətləri onun nəzərinə çatdırmağı lazım və zəruri hesab edirəm, çünki bu həqiqətləri məmləkətin möhtərəm əlahəzrətihümayununun bilməyi vacibdir, ölçü götürməyi vacibdir.
Salon sükut içində idi. Bəbir danışırdı; O, məmləkətin əsl iqtisadi, siyasi vəziyyətini aydın, məntiqli cümlələrlə — bir güzgü kimi əks etdirirdi. Müxtəlif dəqiq rəqəmlərlə, faktlara əsaslanan bu mülahizələri Bəbir elə qətiyyətlə bəyan edirdi ki, istər məclisin özündə, istərsə də kənarda qulaq asanlar dediklərinin sırf həqiqət olduğuna şübhə edə bilmirdi. Bəbir deyirdi:
—...Bizim oxumuşlarımız, ziyalılarımız çoxdurmu? Yox, azdır, çox azdır. Onlar — bizim savadsızlıq, cəhalət dünyasında elmin, maarifin faydasından məhrum xalqımızın işıq çeşməsidir. Amma onlar nə vəziyyətdə yaşayırlar? Ziyalının, müəllimin günü qaradır, ehtiyac boğur onları. Qələm əhli, bizim ədiblərimiz, şairlərimizlə maraqlanan, onları düşünən varmı? Yoxdur. Mən şair tanıyıram — kiçik bir kitab-füruşi mağazası açıb özünün min zülmlə nəşr etdirdiyi kitablarını, dostlarının kitablarını satmaqla dolanır. İstəyirsiz adını da deyim — Payiz Hənəfi. Özü də dükanı uzaqda deyil — Vəzarəti İttilaat və Kulturun binasının yanındadır, bizim möhtərəm vəzirimiz ağayi Asəf xanın gözünün qabağındadır. Mən şair tanıyıram həyatına sui-qəsd eləyiblər. Adını deyə bilərəm—bu, əlahəzrəti-hümayunun «məmləkətimizin birinci dərəcəli şairi» adlandırdığı Məhəmməd Şəfi Rəhgüzərdir. «Qədrini bilin» demişdiniz, əlahəzrəti-hümayun. Qədrini yaxşı bildilər — güllə ilə vurub gözünü tökdülər. Demək, görən gözlər çıxarılır. Mən buna ancaq belə məna verirəm, başqa cür yox.
Həbsxanalar ağıllı, açıqfikirli, dilinə düz söz gətirməyə cəsarət eləyən cavanlarımızla doludur, ağayi nəxost-vəzir. Bunlardan sizin xəbəriniz yoxdurmu? Əgər yoxdursa, soruşuram, niyə yoxdur? Əgər varsa, yenə soruşuram, niyə belədir. Cənab nəxost-vəzir?
Bəbir danışırdı. Şəfinin sevincdənmi, həyacandanmı gözü yaşarmışdı. Maleykə bunu görüb;
– Söndür onu, sənə həyəcanlanmaq olmaz, əzizim, — dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Elməddinin vəzifəsini icra etmək üçün Sübhanı seçməkdə yanılmadığını Zərrintac xanım elə ilk günlərdən başa düşüb çox sevinmişdi. Sübhan onun gözlədiyindən və təsəvvür elədiyindən qat-qat, zirək, çevik, qılıqlı və işbilən imiş. O, öz öhdəsinə düşən işləri çox tez qavramış, vəziyyətə tez uyğunlaşmışdı. Onun Elməddindən üstün cəhətlərindən biri bu idi ki, şəhərdə böyümüşdü, şəhərin, şəhər camaatının, tacir-tüccarın necə yaşadığını, nə ilə nəfəs aldığını gözəl bilirdi. Nəssaci malları satan tacirlərin yerini-yurdunu, mal dövriyyəsini, müştərilərin çoxluğunu, azlığını Sübhan azca bir əmək sərf etməklə tamam-kamal öyrənmişdi. Halbuki Elməddin bu mətləbləri bilmək üçün xeyli vaxt itirmişdi, xeyli də əsəb. Sübhan isə şəhəri beş barmağı kimi tanıdığından ona bələdçi lazım olmamışdı. Üstəlik ayrıca sürücü saxlamaq xərcindən də Zərrintacı azad eləmişdi. Sən demə, o, lap yeniyetmə vaxtı neçə il klinar işləmiş, maşının dilini beş barmağı kimi öyrənmiş, sürməkdə də ustalaşmışdı.Vaxtilə Əhədullanın sürdüyü və Elməddini gəzdirdiyi maşını o, bircə günün içində yuyub təmizləmiş, sazlamış, qarajdan çıxartmışdı. Yaşadığı evini qonşusunun təzə evlənmiş oğluna kirayə verərək Elməddinin nə zamansa yaşadığı o təkotaqlı, münasib şəraiti olan mənzilə köçmüşdü. Üst-başını dəyişmiş, geyim-kecimnnə fikir verməyə başlamış, tamam centlmen bir oğlan olmuşdu. Bunun üçün o, Zərrintac xanımdan pul istəməmişdi—özünün illərlə evlənmək məqsədilə yığıb topladığı pullardan xərcləmiş, əyin-başını düzəltmiş və tanınmaz dərəcədə dəyişmişdi. Danışdıqları gündən üç gün sonra Dəftərə gələndə Zərrintac xanım az qala onu tanımamışdı. Diqqətlə baxandan sonra onu tanıyıb razı halda gülümsünmüşdü. Bir həftə keçməmiş bütün şəhərdə, Nəcməddinin müəssisələrində hamı— tanıyan da, tanımayan da ancaq Sübhandan danışırdı. Elə bil möcüzə baş vermişdi. Dünənki kasıb, səhərdən-axşamacan əlində kiçik alət çantası toxucu dəzgahları arasında gəzən Sübhan indi par-par parıldayan amerikan maşınında gəzir, bir-bir müəssisələrə baş çəkir, işlərin gedişi ilə əsl sahibkar kimi maraqlanır, lazım olanda kimisə tənbeh edir, kimisə böyüdürdü, hər yerdə ondan danışırdılar:
İkinci hissə, on ikinci fəsilŞəfi son iki günü çox həyəcanlı idi. İşdə də, evdə arvad-uşağının yanında da özünü nə qədər tox tutmağa çalışsa da, daxili bir1 gərginlik, gizli bir təlatüm vardı ürəyində. Srağagün vəzire-dərbar Əli xan şəxsən lütf eləyib zəng çalaraq əlahəzrəti-humayunun onu qəbul etmək arzusunda olduğunu bildirdikdə, Şəfi heç nə düşünməyə imkan tapmadan, tələsik razılıq vermiş, əlahəzrətlə görüşmək səadətinin özü üçün şərəf saydığını söyləmişdi. Vaxtı-vədəsi cümə gününə düşürdü. Bu qəbul nə üçün idi, tək onumu qəbul edəcəkdi əlahəzrət? — Belə şeyləri soruşmaq ədəb dairəsindən kənar olduğu üçün şair heç nə xəbər almamış, qulaqları guruldaya-guruldaya dəstəyi yerinə qoymuşdu. Əsl təlatümlü anlar, saatlar sonra başlamışdı. Qarşısında oturan Elməddin Şəfinin telefon danışığından məsələnin nə yerdə olduğunu anlayıb mat-mat ustadının üzünə baxırdı. Onun yanında birinci dəfə belə iş baş verdiyindən bilmirdi ki, buna sevinsin, ya kədərlənsin! Hər halda onun fikrincə, bu, balaca məsələ deyildi—əlahəzrət bu məmləkətdə hər şer yazıb adını şair qoyanı hüzuruna çağırmırdı; bildiyinə görə, o, ancaq ən nüfuzlu, görkəmli adamları (onların da hamısını yox!) nadir hallarda, bu və ya digər münasib bir gündə, lazım bildiyi məsələ ilə əlaqədar qəbul edirdi. Ona görə də Elməddin belə hesab etdi ki, bu, ustad üçün də, heç şübhəsiz, bir şərəf olmalıdı, buna ancaq sevinmək olar. Odur ki, Şəfi dəstəyi asan kimi, Elməddin, ani təxirdən sonra, Şəfini təbrik etməyi lazım bilmişdi:
İkinci hissə, on üçüncü fəsilBu, Məhəmməd Şəfinin çoxdankı arzusu idi; ömür yarı olmuşdu, ad-sanı məmləkəti tutmuşdu, onunla oturub-durmaq, kəlmə kəsmək həvəsində olanların sayı-hesabı yox idi—ancaq o, hələ bircə dəfə də, «xalqın atası», «məmləkətin sahibi» sayılan əlahəzrətlə bir məclisə düşmək, onunla üzbəüz əyləşib söhbət eləmək, yaxından gözlərinin içinə baxmaq, bir şair kimi özünü narahat eləyən məsələlər barəsində bu «şəxsi-əvvəlin» nə düşündüyünü anlamaq, nəhayət, camaatın nəzərində sirli-sehrli bir dünyaya oxşayan «Ərkeşahi»nin içərisindəki cah-calallı saraya tamaşa eləmək «səadətinə» nail olmamışdı. Əlahəzrət bu sarayda tez-tez qəbullar düzəldərdi, yüksək məqamlı adamları, generalları, gələn xarici qonaqları qəbul edərdi, lakin heç vaxt Şəfi onların arasında görünməzdi. Sadəcə olaraq onu dərbardakılar «görmürdülər». Bu, bir tərəfdən yaxşı idi— dərbardan uzaq olanlar nadir hallarda qəzəbə düçar olurdular. Yaxın olanlar isə nə zaman harada «günaha batacaqlarını» bilmədiklərindən həmişə nigarançılıq içində yaşayırdılar və Şəfi də bunu çox yaxşı bilirdi. O biri tərəfdən isə pis idi «görünməməzlik» dərdi—çünki bu, sayılmamaq demək idi, adilik demək idi, yüksək məqamlara çatmamaq kimi də qiymətləndirilə bilərdi. Şəfi şöhrətpərəst deyildi, heç vaxt da olmamışdı. Bəzən elə düşünürdü ki, əlahəzrətin ətəyinə əli çatanlar qorxaq və yaltaq olduğundan nə xalqın, nə məmləkətin dərdləri barədə ona heç nə demirlər, deyə bilmirlər. Amma o, bu «şərəfə» nail olsa, mütləq hər şey barədə açıq danışar, başa salar, qorxmadan, çəkinmədən əsl həqiqətləri, əsl dərdləri deyər. Şəfi məhz bu arzu ilə yaşamışdı illər boyu və ona elə gəlmişdi ki, bunları əlahəzrət hümayuna söylərsə, bu, mütləq təsirsiz qalmaz.Şəfi dünən Bəbirlə gecəyarıdan keçənə qədər dərdi-dil eləmişdi, malı bir yerə, gümanı min yerə gedən adam kimi əlahəzrətin bu iltifatından çaşbaş qalan şairi Bəbir xeyli sakitləşdirmiş, dəvətin mümkün səbəbini izah eləmişdi:
İkinci hissə, on dördüncü fəsilİki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!